Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-226/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6397/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı MMC cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunmaqla “Bolqarıstan Respublikasından iddiaçının adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə iddiaçı ilə Bolqaristan Respublikasında yerləşən "xxxx" MMC arasında bağlanmış 27/09 AZ saylı alqı-satqı müqaviləsinə əsasən ədədi 1,38 avro olmaqla 4915 ədəd “Edoxen (30 capsules)” adlı qida əlavəsi məhsulu iddiaçıya satılmışdır. Bundan sonra məhsulun dəyər vergisi də daxil olmaqla xx.xx.2020-ci il tarixdə 3.450 avro, xx.xx.2020-ci il tarixdə 3.332,70 avro məbləğində olmaqla bank köçürməsi yolu ilə birbaşa ödəniş edilmişdir. Daha sonra isə məhsulun Bolqaristandan Bakıya daşınması üçün 400 avro vəsait bank köçürməsi yolu ilə birbaşa ödənilmişdir. Qeyd olunan ödənişlər barədə rəsmi sənədlər (invoys və ödəniş tapşırıqları) gömrük orqanına təqdim edilmişdir. Məhsulun alınması ilə bağlı edilən ödənişlər ümumilikdə 7182,70 avro təşkil etmiş və bu barədə gömrük orqanına verilən məlumatlar dəqiq olmaqla bərabər sənədlərə əsaslanmışdır. Buna baxmayaraq, gömrük orqanının əməkdaşı tərəfindən bəyannamədə məhsulun gömrük dəyərinin əsassız yerə 15.977,55 dollar kimi göstərilməsi tələb olunmuşdur. Son nəticədə gömrük orqanı tərəfindən şirkətdən 10.086,18 manat pul tutulmuşdur. Halbuki, məhsulun gömrük dəyəri 6782,70 avro təşkil etmiş və belə bir vəziyyətdə yalnız gömrük orqanına 5582 manat pul ödənilməli idi. Həmçinin, gömrük orqanı əməkdaşlarının bəyannamədə qeyd olunan məbləğin göstərilməsini israrla tələb etməsi və iddiaçı bununla razılaşmayaraq həmin məbləğin real gömrük dəyərini ifadə etməməsi ilə bağlı tərəflər arasındakı danışıqlar və yazışmalar da hazırda mövcuddur. Gömrük orqanının hətəkətləri qanunvericiliyinin tələblərinə uyğun olmamış və məhsulun alış dəyəri mötəbər sənədlərlə təsdiq edildiyi halda nəyə əsasən gömrük dəyərinin daha yuxarı qiymətləndirilməsi zərurəti əsaslandırılmamış, həmçinin hansı səbəbdən malların gömrük dəyərinin əks olunduğu əvvəlki bəyannamədən imtinas edilməsi barədə bizə hər hansı bildiriş də təqdim edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən aparılan gömrük rəsmiləşdirməsi qanunsuz hesab edilməli və artıq alınan vəsait iddiaçıya geri qaytarılmalıdır. Məhz bu halların aradan qaldırılması üçün iddiaçı tərəfindən cavabdeh orqana yazılı qaydada müraciət edilsə də, müraciət cavabsız qalmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəmısinin 11 avqust 2021-ci il tarixli, 2-1(112)-4330/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2021-ci il 23 noyabr tarixli, 2- 1(103)- 2710/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin apellyasiya şikayətini təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməsi, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunmaqla “Bolqarıstan Respublikasından iddiaçının adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə ərizəsinə dair inzibai iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün 1-ci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6397/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və “Bolqarıstan Respublikasından İddiaçı MMC-nin adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsi qanunsuz hesab edilmiş və artıq ödənilmiş 4.504,18 manat pulun qaytarılması vəzifəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6397/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Gömrük tarifi haqqında” Qanunun 7.1. maddəsinə əsasən malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. Həmin Qanunun 8.1.-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra gömrük orqanı) bəyan edilir. Həmin Qanunun 8.3.-ci maddəsinə əsasən gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. Həmin Qanunun 8.4.-ci maddəsinə əsasən gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Həmin Qanunun 10.1.-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 11.1.-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Qanunun 11.2.-ci maddəsinə əsasən aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı artıq ödənişlərin geri qaytarılması barədə 2020-ci il 30 noyabr tarixində rəsmi qaydada müraciət etmişdir. Daha sonra 2021-ci il 21 aprel tarixində ərizədə yol verilən nöqsanları aradan qaldıraraq və bank rekvzitlərini əlavə edərək yenidən cavabdehə müraciət etmişdir. Lakin bundan sonrada artıq ödənilmiş məbləğ cavabdeh tərəfindən geri qaytarılmamışdır. Cavabdeh gömrük orqanı iddiaçı tərəfindən 81 nömrəli invoys üzrə idxal olunan “Edoxen (30 capcules)” adlı qida əlavəsi məhsulunun dəyərinin 15977.55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi barədə tələbə etiraz bildirmişdir. Azərbayan Respublikasının Gömrük Məcəlləsinin 40.2. maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 266.1.-ci maddəsinə əsasən, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Həmin Məcəllənin 267.1.-ci maddəsinə əsasən, Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Həmin Məcəllənin 267.2.-ci maddəsinə əsasən, gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır Məhkəmə kollegiyası qeyd edir ki, gömrük orqanının hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamış, məhsulun alış dəyəri mötəbər sənədlərlə təsdiq edildiyi halda gömrük dəyərinin daha yuxarı qiymətləndirilməsi zərurəti əsaslandırılmamış, malların gömrük dəyərinin əks olunduğu əvvəlki bəyannamədən imtina edilməsi barədə iddiaçıya bildiriş də təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”-nın 1.1. bəndinə əsasən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. Həmin Qaydaların 4.-cü bəndinə əsasən, gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Həmin Məcəllənin 6.1.-ci bəndinə əsasən, gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2.-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6.-ci maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətidir; Həmin Qanunun 5.1. maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Həmin Qanunun 11.1. –ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1.-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2.-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1.-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1.-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2.-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3.-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4.–ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5.-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6397/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Bakı Baş Gömrük İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6397/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-226/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-226/2023
28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver