Məhkəmə qərarları › İş №2-1(103)-2260/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2260/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2260/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Nəsimi rayon Polis İdarəsinə və "xxxx" ASC-yə qarşı “cinayət işinin başlanılması, maddı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Nəsimi rayon Polis İdarəsinə və "xxxx" ASC-yə qarşı “cinayət işinin başlanılması, maddı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6408/2022 saylı 18 mart 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Nəsimi rayon Polis İdarəsinə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkməyə müraciət edərək 01 iyun 2021-ci il tarixdə plastik kartından 320 manat pulun oğurlanması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin üzərinə öhdəlik qoyulması, ona vurulmuş 320 manat maddi və 5000 manat mənəvi ziyanın cavabdeh orqanlardan onun hesabına qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6408/2022 saylı 18 mart 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun hüquqları xx.xx.2021-ci il tarixdə cinayətkar tərəfindən pozulmuşdur. Həmin vaxtdan sonra isə inzibati orqanların hərəkətsizliyi nəticəsində davamlı surətdə hüquqları pozulur. Onun iddia qaldırdığı məsələ üzrə plastik kartından 01 iyun 2021-ci il tarixdə 320 manat pulun oğurlanması faktı "xxxx" ASC-dən verilmiş arayışla təsdiq olunduğu üçün inzibati orqan birbaşa oğurluq faktına görə AR CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlamalı idi. Çünki həmin maddəyə əsasən talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə oğurluq cinayəti hesab olunur. Bakı İnzibati Məhkəməsinin hakimi özü də yaxşı bilir ki, inzibati orqanın hərəkətsizliyindən inzibati məhkəməyə mütaciət edilməlidir. Sadəcə olaraq Bakı İnzibati Məhkəməsinin yerləşdiyi ərazi Nəsimi rayon Polis İdarəsinin dislokasiyasına daxildir və hakim həmin orqanla münasibətləri müsbət səviyyədə saxlamaq məqsədi ilə iddianı mümkünsüz hesab etmişdir. Nəzarət funksiyasını həyata keçirən məhkəmə cinayət prosesini həyata keçirən orqanın qərarından şikayət edildiyi halda şikayəti təmin edərsə materialda cinayət əlamətlərinin olması barədə yalnız xüsusi qərardad çıxarıb prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək səlahiyyətinə malikdir. Prokurorun xüsusi qərardadda göstərilən xüsusatlara necə qiymət verəcəyi isə məlum deyildir. Bir halda ki, prosessual rəhbərliyi həyata keçirən prokuror ona edilmiş müraciətlərə cavab vermir və qanunla üzərinə qoyulmuş vəzifəni yerinə yetirmir, belə bir nəzarətedici orqanın məhkəmənin çıxardığı xüsusi qərardada da müsbət rəy verəcəyi inandırıcı deyildir. Tərəflərin izahatları xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdehlər Nəsimi rayon Polis İdarəsinə və "xxxx" ASC-yə qarşı tələbi iki hissədən ibarət olmaqla, 01 iyun 2021-ci il tarixdə plastik kartından 320 manat pulun oğurlanması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin üzərinə öhdəlik qoyulması, ona vurulmuş 320 manat maddi və 5000 manat mənəvi ziyanın cavabdeh orqanlardan onun hesabına qoyulması ilə bağlı olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı ilə cavabdeh arasında inzibati hüquq münasibətinin mövcud olmamasına, iddiaçının hazırki tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsinə, eləcə də iddiaçının kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etməməsinə istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qanunun tələbindən də görünür ki, iddiaçının qaldırdığı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında mümkün sayılmasının əsas şərtlərindən biri mübahisənin inzibati orqanın inzibati hüquq fəaliyyətindən əmələ gəlməsi ilə bağlıdır. Lakin hazırki işdən görünür ki, iddiaçının tələbi iki cavabdehə qarşı yönəlməklə, onlardan biri hüquqi şəxsdir, digərinin isə mübahisələndirdiyi hərəkətsizlik onun publik hüquq sahəsində həyata keçirdiyi fəaliyyəti deyil, cinayət təqibi ilə bağlı fəaliyyətinə aiddir. Bu mənada birinci instansiya məhkəməsi düzgün olaraq “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 7-ci maddəsinə istinadən hesab etmişdir ki, Nəsimi rayon Polis İdarəsinin qanunsuz hərəkəti nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı mübahisələrə baxılması mülki qanunvericiliklə tənzimlənir. Əgər belə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olsaydı belə, əvvəlcə iddiaçının həmin tələblə əvvəlcə inzibati orqana müraciət etməsi vacib sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 7.2-ci və 15.3-cü bəndlərində qeyd edilmişdir ki, “......«İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.... Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda da qeyd olunduğu kimi, adı çəkilən Qanunun 3-cü maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bununla yanaşı, bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığı göstərilir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6408/2022 saylı 18 mart 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6408/2022 saylı 18 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Həmid Həmidov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar