Məhkəmə qərarları › İş №2-1(103)-2260/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2260/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2260/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, ona təyin edilmiş pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Ləman Ceyhun qızı Şükürovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, iddiaçının pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1043/2023 saylı 15 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1951-ci il təvəllüdlüdür. İddiaçıya xx.xx.1999-cu il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. İddiaçı ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə yığılan kapitalından onun pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli “pensiyanın yenidən hesablanmaması haqqında” məktubda qeyd edilmişdir ki, Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının lik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq “bu Qanunun 20-ci maddəsində (qulluq stajına görə əmək oensiyalarına əlavələr müəyyən edilmiş şəxslər) nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda indeksləşdirildikdə) və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Göründüyü kimi, əmək pensiyasına qulluq stajına əlavələr müəyyən edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək artırıldıqda qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği həmin artımlar qədər azaldılır. Yəni, əmək pensiyalarının indeksləşməsi nəticəsində qulluq stajına görə əlavələr müəyyən edilmiş şəxslərin əmək pensiyasının ümumi məbləği dəyişmir, yalnız əmək pensiyasının tərkibi dəyişir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin **********3 saylı xx.xx.2022-ci il tarixli "Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarının ləğv edilməsi, iddiaçının pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddət Sərhəd Qoşunlarında xidmətdə olmuşdur. xx.xx.1999-cu ildən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin B bəndinə əsasən xidmətdən xaric edilmişdir. Daha sonra və hazırda da başqa işlərdə əmək fəaliyyəti ilə məşğuldur. İddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda da həmin pensiya ödənilməkdədir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edilərək onun pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması, eyni zamanda ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 2013-cü ildən etibarən dövlət pərakəndə satış qiymətlərinə uyğun pensiyasına hesablanmasına, orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq pensiyasının 2013-cü ildən etibarən indeksləşdirilməsinə və cənab Prezidentin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən aylıq vəzifə maaşının 20 %-i məbləğində artımın (əlavənin) pensiyasına hesablanması xahiş edilmişdir. Lakin cavabdeh həmin müraciətlərə baxarkən qüvvədə olan qanunvercilik normalarına və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında əks olunun göstərişləri nəzərə almadan öz bildiyi kimi həmin normaları yozmuş və hesab etmişdir ki, dolayısı ilə iddiaçının pensiyası yenidən hesablana bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqan 29.2-ci maddəyə istinad etməklə düzgün qənaətə gəlməmişdir. Belə ki, 29-cu maddə Əmək pensiyalarının indeksləşdirilməsi adlanır. 29.2-ci maddədə istinad olunan 29.1-ci maddə isə yalnız ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi məsələsini tənzimləyir. Yəni sadə dildə desək il ərzində ölkə üzrə orta aylıq əmək haqqı artırıldıqda vətəndaşların pensiyası həmin artım tempinə uyğun olaraq indeksləşdirilməlidir. Hazırkı halda isə vətəndaş pensiyasının 29.2-ci maddə ilə deyil 37.3.1 -ci maddəsi ilə yenidən hesablanmasını tələb edir. Cavabdeh inzibati orqan isə ən ali məhkəmə hakimiyyəti orqanı olan Konstitusiya Məhkəməsinin qərarını icra etməkdən yayınır. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Eyni zamanda, ərzaq pulunun indeksləşdirilməsi və vəzifə maaşına əlavələrlə bağlı qeyd olunmalıdır ki, “Hərbi qulluqçuların statusu haqqında” qanunun 10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq, hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait varadır. İddiaçıya ərzaq payı əvəzinə pul kompensasiyası qanunsuz şəkildə 64 manat olaraq ödənilir ki, bu da heç bir halda Nazirlər kabinetinin Qərarı ilə təsdiq edilmiş l №li ümumqoşun ərzaq normasının pərakəndə satış qiymətlərinə uyğun deyil və həmin normanın real dəyəri bundan dəfələrlə artıqdır. Cavabdeh qurumun iddiaçıya ərzaq payı əvəzinə pul kompensasiyasının dəyərini dövlət pərakəndə satış qiymətlərinə uyğun ödəməkdən imtina etməsi qanunsuzdur. Cavabdeh orqandan daxil olmuş cavab məktubunda ümumiyyətlə bu məsələyə toxunulmur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə uyğun olaraq hesablanması ilə əlaqədar bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq, xidmətdə olan hərbi və xüsusi rütbəli şəxslərin 1 yanvar 2022-ci il tarixindən aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində ödənilən əlavə xidmətdə olarkən iddiaçının aldığı təminat xərcliyinə aid edilən Ödənc sayılmadığı və məcburi dövlət sosial sığortasına cəlb edilmədiyi üçün qanunvericiliyin tələbləri baxımından əmək pensiyasının yenidən hesablanmasına əsas vermir. İddia tələbində qeyd edilən ərzaq payı əvəzinə verilən pul kompensasiyasının müəyyən edilməsi məsələsi ilə əlaqədar bildirilir ki, Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fonda təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Mərkəzi Filiala göndərilməlidir. Müvafiq pul kompensasiyasının artırılması ilə əlaqədar Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına hər hansı məlumat daxil olmadığından həmin pul vəsaitinin əmək pensiyası ödənilən hərbi qulluqçuların və ya onlara bərabər tutulan şəxslərin təminat xərcliyinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əmək pensiyasına qulluq stajına əlavələr müəyyən edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək artırıldıqda qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği həmin artımlar qədər azaldılır. Yəni, əmək pensiyalarının indeksləşməsi nəticəsində qulluq stajına görə əlavələr müəyyən edilmiş şəxslərin əmək pensiyasının ümumi məbləği dəyişmir, yalnız əmək pensiyasının tərkibi dəyişir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1043/2023 saylı 15 fevral 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********3 saylı xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, İddiaçı pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 18093,03 manat pensiya kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, 18093,03 manat pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək (18093,03:72=251,29 manat) əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 494,59 (251,29+243,30) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (869,02 manat) həmin artımlar qədər (251,29 manat) azaldılıb. Nəticə etibarilə xx.xx.2022-ci il tarixə əmək pensiyasının sığorta hissəsi 494,59 manat, qulluq stajına görə əmək pensiyana əlavənin məbləği isə 617,73 (869,02-251,29) manat müəyyən edilmişdir. 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-111,23 manat maddi yardım ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir. İnzibati orqan inzibati icraatın sonunda inzibati akt qəbul edir ki, inzibati akt dedikdə, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. İddiaçı inzibati orqana xx.xx.2022-ci il tarixli ərizəsi əsasında inzibati icraat aparılmış və xx.xx.2022-ci il tarixli **********3 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********3 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar da inzibati icraat aparılan zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvədə olan normalarına tam riayət olunaraq qəbul edilmiş və iddiaçının pensiyası onun sığorta kapitalı əsasında yenidən hesablanmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq İddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “cavabdehin **********3 saylı xx.xx.2022-ci il tarixli "Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarının ləğv edilməsi, iddiaçının pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının müraciətinə baxılan və əmək pensiyası hesablanan zaman cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun “Əmək pensiyalarının indeksləşdirilməsi” haqqında normaların tətbiq edilməməli olduğu halda tətbiq edilməsinə, bunun da cavabdeh tərəfindən iddiaçı barədə əlverişsiz qanunsuz inzibati aktın qəbul edilməsilə nəticələnməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, şəxsi sığorta hesabında toplanan pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh qurum yuxarıda adı çəkilən Qanunun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasının sığorta hissəsinin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin artımlar qədər azaldılmaqla yenidən hesablanmasına istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Məhkəmə icraatı dövründə məlum olmuşdu ki, cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında **********3 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanaraq 1112.32 manat təşkil etmişdir. Belə ki, onun təminat xərcliyi - vəzifə maaşı 810 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə əlavə 30% olmaqla 240 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, cəmi 1264 manat təşkil etmişdir. İddiaçı hazırda cavabdehin bu hesablaması ilə razılaşmır və cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməklə ona təyin edilmiş əmək pensiyasının topladığı pensiya kapitalı əsasında yenidən hesablanmasını, lakin bu zaman qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin azaldılmamasını xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29- cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından: -Hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki onrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi). -Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddədə “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu” sözlər “Bu” sözü ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir. Beləliklə, müvafiq dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin redaksiyası aşağıdakı kimi olmuşdur: - 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyasçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı hesablanmış, iddiaçıya pensiya təyin edildiyindən hazırki halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edildiyindən və göstərilən hal iddiaçının vəziyyətini yüngülləşdirdiyindən iddiaçının Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını və bu zaman qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını tələb etməkdə haqlıdır. Lakin işdən görünür ki, iddiaçı işləyən əmək pensiyaçı kimi toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının qulluq stajına görə əlavəsinin məbləğinin deyil, sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan hallardan (indeksləşdirmə və ya vəzifə maaşının artımı) hər hansı biri olmamasına baxmayaraq, iddiaçıya təyin edilmiş əmək pensiyasını, daha doğrusu, pensiyanın sığorta hissəsini Qanunun 37-ci maddəsinə əsasən yenidən hesablayarkən həm də ona ödənilən qulluq stajına görə əlavənin məbləğini də yenidən hesablamış və iddiaçıya ödənilən qulluq stajına görə əlavənin məbləğini azaltmışdır. Lakin iddaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən məhkəmə iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqini qanuni hesab etməmişdir. Qeyd edilməlidir ki, cavabdehin iddiaçıya təyin edilmiş əmək pensiyasını mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarda göstərilən qaydada hesablayarkən istinad etdiyi Qanunun 29.2-ci maddəsi (Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır.) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627VİQD nömrəli Qanunu ilə ləğv edilmişdir. Həmin Qanun xx.xx.2023-cü il tarixdən qüvvəyə minsə də, Kollegiya qeyd edir ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Məhkəmə həmin normanın ləğv edilməsinin iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi akt olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək və bu zaman qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını irəli sürmək hüququ mövcuddur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi, iddiaçının pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1043/2023 saylı 15 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X3 Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar