Məhkəmə qərarları › İş №2-1(103)-2260/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2260/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2260/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: “ qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Şərafət Asif qızı Məmmədovadan (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X7 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4046/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı əlillik vəziyyəti Şuşa Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında qiymətləndirilərək ona birinci dərəcə əlillik müddətsiz verilmişdir. Həmin qiymətləndirmədə qeyd olunur: “Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar. X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 130-152 - Ürəyin digər xəstəlikləri => 142 - Kardiomiopatiya => 142.0 - Genişlənmiş Təsnifatı: kardiomiopatiya. Diaqnozun mətni: Dilatasion kardiomiopatiya.ÜQDÇ İV f.s. Səyrici artimiya.Sağ tərəfli hemiplegiya.Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanması. Sağ baldırın orta 1/3-nin kor qəlpə ilə yaralanması və yad cism.Hipertoniya xəstəliyi İİ f.s. Meyar: 22.1 Birinci dərəcə əlillik => 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez...”.

2. İddiaçının minik avtomobili ilə bağlı müraciəti əsasında cavabeh tərəfindən aparılan əlavə əyani müayinə nəticəsində aşağı ətraflarında sümük əzələ patologiyası, nevroloji defisit, dayaq-hərəkət funksiyasının pozulması aşkar edilməmişdir. Əlillik təyinatına əsas verən xəstəliyin tam reabilitasiya olunması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

3. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-17670/2023 nömrəli qərarında qeyd olunur: 1. Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0348003AABFR nömrəli xx.xx.2018-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.8 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 1767 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “So/ diz oynağın odlu silah qəlpə yaralanması nəticəsində bud sümüyün kənari sınığı, sol diz oynağın artroz-artrit. Sol diz oynağın birincili cərrahi əməliyyatda yara işlənməsi, mülayim dərəcədə funksiya pozğunluğu ilə. Yaralanma nəticəsində sağ baldırın orta 1/3-nin dəri çapığı.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qoltuqaltı ağac ilə daxil olmuş, hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik olaraq iki dəfə miokard infarktı keçirdiyini bildirmişdir. Müayinə zamanı sol ayaqarxasında, hər iki baldırın orta 1/3-də, sol diz, sol sağrı, alın, sağ saidin aşağı 1/3 nahiyələrində çapıq toxumalar izlənilmiş, aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Müayinə zamanı vətəndaşda təngnəfəslik, avazıma, periferik ödem müşahidə edilməmiş, təqdim olunmuş tibbi sənədlərin doğruluğuna şübhə yaranmışdır. Şuşa Mərkəzi rayon Xəstəxanasının xx.xx.2022-ci il tarixli X6 müayinəsinin nəticəsi “Müayinə səyrici fonunda aparıldı. Nəticə: Sol mədəciyin sistola-diastolik ölçüləri böyümüşdür, Sistolik funksiyası ciddi azalmışdır. EF=20% diastolik funksiya relaksativ tipdə pozulub. Sağ kameralar normaldır. Sol qulaqcığın ölçüsü böyümüşdür. Qlobal hipokineziya fonunda apex akin etik, anterior, lateral ciddi hipokinetikdir. SPAP=50 mm HG. Rəngli doppler: TÇ /-// dərəcə MÇ-İ dərəcə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi "Aorta sərtləşib. Çıxan aorta cüzi genişlənib (3.5 sm). Sol qulaqcıq genişlənib (5.3 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, segmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=55%). Aortal və Mitral qapaqlar fibrotikdir. 2 Mitral Requrqitasiya. 1 Aortal Requrqitasiya. Perikard təmizdir. Müayinə səyirci aritmiya fonunda aparıldı" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reablitasiya olunması barədə qərar qəbul edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası"na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir.

4. İddiaçı əlillik vəziyyəti Şuşa Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş, xx.xx.2023-cü il tarixdə müayinə edilərək “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 130-152 - Ürəyin digər xəstəlikləri => 142 - Kardiomiopatiya => 142.0 - Genişlənmiş Təsnifatı: kardiomiopatiya. Diaqnozun mətni: Dilatasion kardiomiopatiya.ÜQDÇ İV f.s. Səyrici artimiya.Sağ tərəfli hemiplegiya.Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanması. Sağ baldırın orta 1/3-nin kor qəlpə ilə yaralanması və yad cism.Hipertoniya xəstəliyi İİ f.s. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Tam reabilitasiya olması – X12 olması – X9ması barədə qərar qəbul edilmişdir.” müddətsiz əlilliyi ləğv olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

5. İddiаçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdən 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

6. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə iddiaçıya hüquqi yardım göstərmiş və iddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-17670/2023 nömrəli qərarı İddiaçı “tam reabilitasiya olması” hissəsində ləğv edilsin və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun” kimi nəzərə alınmışdır.

7. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci il iyul ayında 816 saylı özünümüdafiə taburunda hərbi xidmətdə olmuşdur. May ayı 1992-ci il tarixində erməni separatçıları tərəfindən Şuşa şəhəri işğal olunmuşdu və Füzuli rayonun N saylı hərbi hissəsində hərbi xidmətini davam etdirdi. 1994-cü il tarixində hərbi tapşırığı yerinə yetirərkən ayağından yaralanmışdır və uzun müddət müalicə olaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Tibbi Sosial Ekspert komissiyası tərəfindən Qarabağ müharibəsinin 1-ci dərəcəli əlil statusu verildi. 2004-cü il tarixindən 1-ci dərəcəli Qarabağ müharibəsi əlili kimi əmək pensiyası alırdı. Mart ayı 2019-cu il tarixdən Dövlət Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə avtomobil qeydiyyatına düşmək üçün ərizə ilə müraciət etmişdir. 2019-cu ildən 2023-cü il iyul ayına qədər avtomobil qeydiyyatına düşmək üçün dəfələrlə TSEK-ə müraciət etdi. Oradan imtina cavabı aldı. Halbuki, o, 4-cü dərəcəli ürək qan dövrü çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Bununla bağlı Bakı İnzibati məhkəməsinə iddia ərzəsi ilə müraciət etdi. Oktyabr ayı əmək pensiyası almaq üçün bankomata gəldi. Onun hesabına əmək pensiyası köçməmişdir. İddiaçı dərhal Xüsusi Şərtlərlə Təyinat üzrə Agentliyə zəng etdi. Bildirdilər ki, onun əlilliyi dayandırılıb. İddiaçı bununla əlaqədar Dövlət Sosial Ekspertiziya və Reabilitasiya Xidmətinə müraciət etdi. Bildirildi ki, onun əlilliyi yararsızdır və imtina cavabını DOST mərkəzindən ala bilər. Cavabda qeyd olunub ki, iddiaçı tam reabilitasiya olunmuş və diaqnozda göstərilən ürək qan dövrü çatışmazlığı yoxdur. 1-ci qrup əlillik ləğv olunub. Baş verən çətinliklər 2019-cu ildə Dövlət tərəfindən verilən minik avtomaşın üçün qeydiyyata düşməyi ilə bağlıdır. 3 ildən artıqdır ki, sənədləri toplayıb maşın əldə etmək üçün Tibbi Sosial Ekspertiza Komissiyasına müraciət edirdi. Orada imtina edib, cavab olaraq isə ona maşın düşmədiyini bildirildi. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C. Abdullayev adına X10 institutuna müayinədən keçmək üçün müraciət etdi. Exokordioqrammada Atın fraksiya qrafasında ürəyin normal işlənməsi 53-75% göstərilməli halda onda 30% göstərici aşkar olundu. xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Mərkəzi Klinik xəstəxanasında yenidən exokordioqrammada Atın fraksiyasında göstərici 28% aşkar olundu. xx.xx.2023-cü ildə göstərici 30% aşkar olundu. Bu bir daha göstərir ki, iddiaçının ürək qan dövrü çatışmazlığı göstərilən (53- 75%) normadan aşağıdır. Belə ki, 2004-cü ildən 2023-cü ilin oktyabr ayına kimi müddətsiz İ qrup Qarabağ əlili kimi əmək pensiyası alırdı. Müraciətinin əsas səbəbi maşınla təmin olmaq idi. Heç bir əsas olmadan müayinədən keçirtdilər və qanunsuz olaraq əlillik statusundan məhrum etdilər. 20 oktyabr 2023-cü il tarixində (Hakim H. Ağalarov) məhkəmə tərəfindən minik maşını ilə bağlı iddiasının təmin olunması barədə qərar qəbul olunmuşdu. Həmin gün bildi ki, əmək pensiyası dayandırılıb və əlilliyi ləğv olunub.

8. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Şuşa Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış “Tam reabilitasiya olunması" barədə qərar qəbul edilmişdir. Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0348003AABFR nömrəli xx.xx.2018-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.8 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 1767 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol diz oynağın odlu silah qəlpə yaralanması nəticəsində bud sümüyün kənari sınığı, sol diz oynağın artroz-artrit. Sol diz oynağın birinci cərrahi əməliyyatda yara işlənməsi, mülayim dərəcədə funksiya pozğunluğu ilə. Yaralanma nəticəsində sağ baldırın orta 1/3-nin dəri çapığı.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qoltuqaltı ağac ilə daxil olmuş, hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik olaraq iki dəfə miokard infarktı keçirdiyini bildirmişdir. Müayinə zamanı sol ayaqarxasında, hər iki baldırın orta 1/3-də, sol diz, sol sağrı, alın, sağ saidin aşağı 1/3 nahiyələrində çapıq toxumalar izlənilmiş, aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Müayinə zamanı vətəndaşda təngnəfəslik, avazıma, periferik ödem müşahidə edilməmiş, təqdim olunmuş tibbi sənədlərin doğruluğuna şübhə yaranmışdır. Şuşa Mərkəzi rayon Xəstəxanasının xx.xx.2022-ci il tarixli X6 müayinəsinin nəticəsi “Müayinə səyrici fonunda aparıldı. Nəticə: Sol mədəciyin sistoladiastolik ölçüləri böyümüşdür. Sistolik funksiyası ciddi azalmışdır. EF=20% diastolik funksiya relaksativ tipdə pozulub. Sac kameralar normaldır. Sol qulaqcığın ölçüsü böyümüşdür. Qlobal hipokineziya fonunda apex akinetik, anterior, lateral ciddi hipokinetikdir. SPAP=50 m m HG. Rəngli doppler: TÇ /- // dərəcə MÇ-İ dərəcə ” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Çıxan aorta cüzi genişlənib (3.5 sm). Sol gulagcıg genişlənib (5.3 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, segmentar divar hərəkət pozğunluğu geyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=55%). Aortal və Mitral gapaglar fibrotikdir. 2 Mitral Regurgitasiya. 1 Aortal Regurgitasiya. Perikard təmizdir. Müayinə səyirci aritmiya fonunda aparıldı" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reablitasiya olunması barədə qərar qəbul edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4046/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-17670/2023 nömrəli qərarı İddiaçı “tam reabilitasiya olması” hissəsində ləğv edilməsi və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi qərara alınmışdır.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının cavabdehə müraciəti əlilliyin qiymətləndirilməsi ilə bağlı deyil, ona minik avtomobilinin verilməsi ilə bağlı olmuşdur. Cavabdeh orqan isə bu halda iddiaçıya reabilitasiya vasitəsi olan minik avtomobilinin verilməsinə dair tibbi göstərişlərin mövcud olub-olmamasını yoxlamalı və buna müvafiq olaraq məhz iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunub-olunmaması barədə qərar qəbul etməli olduğu halda, xx.xx.2023-cü il tarixli 3- 17-4/3-3-17670/2023 nömrəli qərarı ilə “minik avtomobilinə tibbi göstərişin olmaması”, eyni zamanda “tam reabilitasiya olması” barədə nəticəyə gəlmişdir.

Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4046/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə nə əyani müayinə qərardadı, nə də nə də ki, məhkəmə tibbi ekspert rəyi olmadan məhkəmə iddianı təmin etmişdir.Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.

ç) Prosses iştirakçılarının izahatları

14. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

15. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan): 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. ....

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya):

1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır.

3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

18. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilmişdir: “28. Əlilliyin müəyyən edilməsindən diaqnozun əlilliyə əsas verməməsi səbəbi ilə imtina edildiyi zaman məhkəməyə müraciət edən şəxslərin iddialarına baxılarkən, məhkəmələr tərəfindən bir sıra hallarda İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati orqana şəxsin əyani müayinəyə cəlb edilməklə müvafiq inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edilir.

29. Təcrübədə rast gəlinən əsas problemlərdən biri məhz həmin əyani müayinələrlə bağlıdır. İşlərdən görünən odur ki, bir sıra hallarda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verməyən şəkildə aparılır. Nəticə etibarilə, bəzən məhkəmələr inzibati orqanın şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnozlarına əsaslanmayan mövqeyinə uyğun qərar verməklə işi yekunlaşdırırlar.” ....

37. Şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıbtapmadığı, diaqnozun X1na uyğunluğu və sairə) suallar qoyula bilər. .....

45. Sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxması göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

23. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İPM-in 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

24. Cavabdeh qurum tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-17670/2023 nömrəli qərarı ilə “tam reabilitasiya olması” barədə qərar qəbul edilmiş, iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur, iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir.

25. Beləliklə, iddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

26. Məhkəmə Kollegiyası iddia tələbinin mahiyyəti və cavabdehin apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir:

27. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Şuşa Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında qiymətləndirilərək ona birinci dərəcə əlillik müddətsiz verilmişdir. Həmin qiymətləndirmədə qeyd olunur: “Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar. X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 130-152 - Ürəyin digər xəstəlikləri => 142 - Kardiomiopatiya => 142.0 - Genişlənmiş Təsnifatı: kardiomiopatiya. Diaqnozun mətni: Dilatasion kardiomiopatiya.ÜQDÇ İV f.s. Səyrici artimiya.Sağ tərəfli hemiplegiya.Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanması. Sağ baldırın orta 1/3-nin kor qəlpə ilə yaralanması və yad cism.Hipertoniya xəstəliyi İİ f.s. Meyar: 22.1 Birinci dərəcə əlillik => 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez...”.

28. İddiaçının minik avtomobili ilə bağlı müraciəti əsasında cavabeh tərəfindən aparılan əlavə əyani müayinə nəticəsində aşağı ətraflarında sümük əzələ patologiyası, nevroloji defisit, dayaq-hərəkət funksiyasının pozulması aşkar edilməmişdir. Əlillik təyinatına əsas verən xəstəliyin tam reabilitasiya olunması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

29. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının cavabdehə müraciəti əlilliyin qiymətləndirilməsi ilə bağlı deyil, ona minik avtomobilinin verilməsi ilə bağlı olmuşdur. Cavabdeh orqan isə bu halda iddiaçıya reabilitasiya vasitəsi olan minik avtomobilinin verilməsinə dair tibbi göstərişlərin mövcud olub-olmamasını yoxlamalı və buna müvafiq olaraq məhz iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunub-olunmaması barədə qərar qəbul etməli olduğu halda, xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-17670/2023 nömrəli qərarı ilə “minik avtomobilinə tibbi göstərişin olmaması”, eyni zamanda “tam reabilitasiya olması” barədə nəticəyə gəlmişdir.

30. Hansıkı, cavabdeh orqan iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunubolunmamasını yoxlayarkən onun cavabdeh orqanın qərarı ilə təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyi mövcud olmuş, habelə əlilliyinin qiymətləndirilməsi barədə göndəriş olmamışdır. Bu hal isə cavabdeh inzibati orqan tərəfindən iddiaçının tam reabilitasiya olunması barədə qərarı ilə əlilliyinin ləğv edilməsinin qanunsuz və əsassız olduğunu təsdiq edir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”: 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X3 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X5 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X3 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X4 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir.

33. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə isə əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri əks olunmuşdur.

34. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh xx.xx.2018-ci il tarixli göndəriş əsasında qəbul edilmiş xx.xx.2018-ci il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir.

35. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixli inzibati akt qüvvədə olmuşdur. İş materiallarına əlavə olunmuş əlillik altsistemindən çıxarışa əsasən görünür ki, əlilliyin təyinat tarixi xx.xx.2018-ci ildən olmaqla müddətsiz göstərilmişdir.

36. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;

37. Cavabdeh isə “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada xx.xx.2018-ci il tarixli inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.

38. Odur ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3- 3-17670/2023 nömrəli qərarı İddiaçı “tam reabilitasiya olması” hissəsində ləğv edilməli və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

39. Məhkəmə Kollegiyası işin yuxarıdakı faktiki hallarına tətbiq edilmiş hüquq normalarından çıxış edərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamağa əsaslar görmür.

40. Bununla belə, məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin iş üzrə nə əyani müayinə qərardadı, nə də nə də ki, məhkəmə tibbi ekspert rəyi olmadan məhkəmənin iddianı təmin etməsi, göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etməsi kimi dəlillərini, həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda qeyd edilənləri nəzərə alaraq xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə-tibbi ekspertiza keçirilməsini məqsədəuyğun hesab etmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X11” X14 ekspertlərinə həvalə edilmişdir.

41. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X11” X14 xx.xx.2024-cü il tarixli, T592/2024 saylı ekspert rəyində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı hazırda müəyyən edilmiş diaqnoz ona Şuşa Rayon Mərkəzi Xəstəxanasının verdiyi xx.xx.2018-ci il tarixli göndərişdə qeyd edilmiş diaqnozlarla ümumən eynidir.İddiaçının sağlamlıq vəziyyəti (xəstəlik və ağırlaşmalar ) tam bərpa olunan deyil.

42. Məhkəmə Kollegiyası ekspert rəyini digər yuxarıda sadalanan sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) xx.xx.2024-cü il tarixli, T592/2024 saylı saylı ekspert rəyi ilə razılaşmamağa əsaslar görmür.

43. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı saymayaraq diqqətə çəkir ki, iddiaçı barəsində sonuncu dəfə verilən tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları iş üzrə apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertiza ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ekspert rəyindən də göründüyü kimi, aparılmış kliniki və instrumental müayinələrin əsasında müəyyən olunmuşdur.

44. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4046/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4046/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar