Məhkəmə qərarları › İş №2-1(103)-2261/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2261/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2261/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cavid Vaqif oğlu Hüseyn və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3507/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi olan iş stajının nəzərə alınmaqla, ona hüququ yarandığı 52 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, 1992-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin, təhsil və hərbi müddəti nəzərə alındıqda, onun iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabintinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin”1“-li Siyahısında təsdiq edilmiş XXİ Nəqliyyat bölməsinin 3 maddəsinin 12003000-17541 bəndinə müvafiq olaraq hərəkəti idarəetmə dispetçeri vəzifəsinə uyğundur. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3507/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1992-xx.xx.1997-ci il tarixləri arasında “Azneft” Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin 7 nömrəli bölməsində atıcı işlədiyi dövrlə xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasında “Azalavia” Bakı Nəqliyyat Aviaşirkətində, “Aeronoviqasiya” müəssisəsində və "xxxx" “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində Hava hərəkəti idarə edilməsi dispetçeri vəzifəsində işlədiyi dövrlər üst-üstə düşdüyündən qeyd edilən dövrlər güzəştli iş stajına daxil edilməmişdir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (19 il 22 gün (xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-ci il və xx.xx.1993- xx.xx.2005ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. - “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericilik normalarının təhlilindən görünür ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Sadalanan qanunvericilik müddəasının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajı; 2) xx.xx.2006-cı ilə qədər azı 10 güzəştli iş stajı. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı xx.xx.1969-cu il təvəllüdlü olmaqla xx.xx.2021-ci ildən 52 yaşı tamamlanmışdır. İşin mübahisəli halı iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajının 20 ildən az olması ilə bağlıdır. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.2006-cı ilə qədər cəmi 19 il 22 gün iş stajını yəni, xx.xx.1984-cü ildən xx.xx.1988-ci il tarixədək 84 №-li orta texniki peşə məktəbində təhsil aldığı dövrü, xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək hərbi xidmət illərini, xx.xx.1993-cü il tarixdən “Azalavia” Bakı Nəqliyyat Aviaşirkətində, “Azəraeronaviqasiya” müəssisəsində və "xxxx" QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində dispetçer vəzifəsində işlədiyi dövrləri mübahisəsiz qəbul edir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərində də mübahisələndirdiyi hal iddiaçının dispetçer vəzifəsində işlədiyi müddətin atıcı vəzifəsində işlədiyi müddət ilə üst-üstə düşdüyü üçün iddiaçının güzəştli iş stajının müəyyən edilməsinin mümkün olmaması ilə bağlı, həmçinin “Azərneft” Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində atıcı vəzifəsində işlədiyi dövrün ümumi iş stajı kimi nəzərə alınmaması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ümumi stajının 20 ildən artıq olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, iddiaçıya məxsus ИT-l № ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2021-ci il tarixədək “Azalavia” Bakı Nəqliyyat Aviaşirkətində, “Azəraeronaviqasiya” müəssisəsində və "xxxx" QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində dispetçer vəzifəsində işləmişdir (xx.xx.2006-cı il tarixədək 12 il 07 ay 12 gün). Əmək kitabçasında olan müddət nəzərə alındıqda iddiaçının ümumi iş stajının 19 il 04 ay 25 gün olması müəyyən olunur. İddiaçının “Azərneft” Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində işləməsi barədə məlumat əks olunmasa da, həmin dövr mövcud olan arxiv arayışında və əmək haqqı cədvəllərində öz əksini tapmışdır. İş materiallarında olan Socar Baş ofisi Mərkəzi Arxivinin məktubuna əsasən SOCARın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərindən vət.İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Azərneft” Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində atıcı vəzifəsində işlədiyi və həmin illərdə əmək haqqı cədvəllərində əmək haqqı hesablanması müəyyən olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə nəzər yetirdikdə məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsasən əmək stajı, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar elecə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsində işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının “Azərneft” Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində atıcı vəzifəsində işlədiyi xx.xx.1992-xx.xx.1997-ci il müddət “Azalvia” Bakı Nəqliyyat Aviaşirkətində, “Azəraromaviasiya” müəssisəsində dispetçer vəzifəsində işlədiyi xx.xx.1993-xx.xx.2005-ci il müddət ilə üst-üstə düşdüyündən məhkəmə iclasında iddiaçı ilə müzakirə aparılmış, aparılmış müzakirə nəticəsində ona “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinin tələbləri əsasında seçim etmək hüququ izah edilmişdir. Bunun müqabilində iddiaçı dispetçer vəzifəsinin güzəştli olmasını nəzərə alaraq, onun güzəştli iş stajını məhz dispetçer vəzifəsində işlədiyi müddət əsasında müəyyən olunmasını xahiş etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının atıcı vəzifəsində çalışdığı dövrün xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək olan müddətini (01 il 01 ay 20 gün) ümumi iş stajı kimi nəzərə almaqda haqlı olmuşdur. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı (xx.xx.1984-xx.xx.1988; xx.xx.1988-xx.xx.1991; xx.xx.1992-xx.xx.2006= 20 il 06 ay 14 gün ) mövcuddur. Eyni zamanda, iddiaçının “Azalvia” Bakı Nəqliyyat Aviaşirkətində, “Azəraromaviasiya” müəssisəsində və "xxxx" Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində işlədiyi dispetçer vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin”1“-li Siyahısında təsdiq edilmiş XXİ Nəqliyyat bölməsinin 3 maddəsinin 12003000-17541 bəndinə müvafiq olaraq hərəkəti idarəetmə dispetçeri vəzifəsinə uyğun olduğundan, həmçinin həmin dövr xx.xx.1993-xx.xx.2005-ci illəri əhatə etdiyindən, iddiaçının xx.xx.2006-cı il tarixə güzəştli iş stajı 10 ildən çox olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3507/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3507/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cavid Hüseyn Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar