Məhkəmə qərarları › İş №2-1(103)-2261/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2261/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2261/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X10 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) X14, X1 nümayəndəsi X6 və vəkili X7 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4120/2021 saylı, 03 mart 2023-cü il tarixli qərardadından X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinin iddiaçının adına qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4120/2021 saylı iş üzrə 28 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-747/2022 saylı iş üzrə 11 fevral 2022-ci il tarixli qərarı ilə cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 988/2022 saylı iş üzrə 04 iyul 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfin kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinə X8 ərizə ilə müraciət edərək, məhkəmənin iş üzrə 28 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və onun iştirakı ilə mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4120/2021 saylı iş üzrə 03 mart 2023-cü il tarixli qərarı ilə ərizə rədd edilmişdir. Qərardadan narazı qalan X8 apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi X2 rayonu, Hövsan qəsəbəsi, ev 10 V, mənzil 25-də qeydiyyatda olmasına baxmayaraq, ünvan 1 ünvan 0,20 ha torpaq sahəsindən ibarətdir və həmin torpaq sahəsi 1959-cu ildə kolxoz tərəfindən mərhum əri Azər Abdullayevin atası X9 verilmişdir. Onların istifadəsində olan 0,20 ha torpaq sahəsinin 0,10 ha hissəsi oğlu X12 tərəifndən istifadə edilir.Həmin yerin 0,06 ha hissəsinə Daşnmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına reyestrdən çıxarış verilmişdir. Daha sonra məlum olmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2021- ci il tarixli qərarı əsasında ərizəçinin yaşadığı və istifadəsində olan hissəsinin 0,06 hissəsinin İddiaçı adına çıxarış verilməsi hüququ tanınmışdır. Halbuki, ərizəçi həmin məhkəmə qərarından xəbərsiz olmuş və qəbul edilmiş qərar birbaşa onun hüquqlarını pozmuşdur. Ərizəçinin vəkili (nümayəndəsi) şikayətin dəlillərinə istinad edərək, onun təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4120/2021 saylı, 03 mart 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında məhkəmə qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum həmçinin qeyd edir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır. Plenum həmçinin qeyd etmişdir ki, qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. İş materiallarının araşdırılması zamanı təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin X1 nümayəndəsi Şirbala Abdullayevə cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 1886-cı ilə dair Hövsan kəndinin kameral siyahısında aşağıda adları göstərilən şəxslərin adları qeyd olunub:X26-30 yaş, onun qardaşı X25-26 yaş.Onun Hövsan kəndində 192 kv.sajna (1 kv.sajna=4,550 kv.m) bərabər olan torpaq sahəsi olmuşdur. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin ərizəçi X5 cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 1886-cı ilə dair Hövsan kəndinin kameral siyahısında aşağıda adları göstərilən şəxslərin adları qeyd olunub:Yunus Malik oğlu-42 yaş, onun oğlanları: Qasım Yunus oğlu-8 yaş; Dadaş Yunus oğlu-6 yaş; Fəttah Yunus oğlu-1 ½ yaş .Onun Hövsan kəndində 120 kv.sajna (1 kv.sajna=4,550 kv.m) bərabər olan torpaq sahəsi olmuşdur. Ərizəçi bildirir ki, X2 rayonu, Hövsan qəsəbəsi, ev 10 V, mənzil 25-də qeydiyyatda olmasına baxmayaraq, ünvan 1 ünvan 0,20 ha torpaq sahəsindən ibarətdir və həmin torpaq sahəsi 1959-cu ildə kolxoz tərəfindən mərhum əri Azər Abdullayevin atası X9 və yuxarıda adları çəkilən şəxslərdən miras olaraq verilmişdir.Onların istifadəsində olan 0,20 ha torpaq sahəsinin 0,10 ha hissəsi oğlu X12 tərəifndən istifadə edilir. Daha sonra N. C.Babaşov sonuncu dəfə eyni əməlinə -sənədlərin saxtalaşdırılmasına görə Bakı şəhər, Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(011)-60/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddəsi ilə azadlıqdan məhrum edilmişdir. Həmin cinayət işi üzrə zərərçəkmiş X18 öz adına tərtib etdiyi saxta bağ müqaviləsini təqdim etməklə xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəmişdir.Həmin hökmdə qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş məktubla müəyyən edilmişdir ki, X15 təqdim etdiyi N.Babaşovun adına olan bağ müqaviləsi arxiv sənədlərində aşkar edilməmiş,əksinə həmin müqavilə sabunçu rayonunun Pirşağı qəsəbəsində başqa şəxsin adına çıxmışdır. Göründüyü kimi, ərizəçi onun istifadəsində olan torpaq sahəsinə dair arxiv səndlərinə istinad edir, həmçinin iddiaçının adına olan 8160 saylı 05 avqust 2005-ci il tarixli Müqavilədə iddiaçının adının olmadığını əsas gətirərək istifadəsində olan torpaq sahəsi ilə bağlı hüquqlarının pozulduğunu bildirir. Həmçinin, ərzəçinin istifadəsində olduğu iddia etdiyi torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsi ilə -üst-üstə düşüb-düşmədiyi də araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yuxarıda qeyd edilənlər araşdırılaraq hüquqi qiymət verilməklə X4 ərizəsinə yenidən baxlımalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.7-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4120/2021 saylı, 03 mart 2023-cü tarixli qərardadı ləğv edilsin. X3 ərizəsinə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar