Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2262/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və artıq ödənilmiş verginin geri qaytarılması” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-4190/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə hesablanmış 5.751,14 manat vergi borcunun silinməsi və artıq ödənilmiş verginin qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhəri LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********239500 saylı, 28.11.2019-cu il tarixli qərarın ləğv edilməsi və ödənilmiş verginin İddiaçı MMC-yə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Bakı şəhəri LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********239500 saylı, 28.11.2019-cu il tarixli qərarın ləğv edilməsi və artıq ödənilmiş 8.512,60 manat verginin İddiaçı MMC-yə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin avqust-sentyabr aylarında bir neçə hüquqi şəxs təsis edib ticarət fəaliyyətinə başlamışdır. Həmin hüquqi şəxslərdən biri də "xxxx" MMC olmuşdur. 22.10.2018-ci il tarixdə Ukrayna Respublikasından ilk və son dəfə idxal etdiyi mebel olan yuku Gömrükdən keçirib satışa çıxartdıqdan sonra qazanc az olduğuna görə qərara gəlmişdir ki, şirkətin fəaliyyətini dayandırsın və 20.11.2018-cil tarixdə şirkətin fəaliyyətini dayandırmışdır. 22.10.2018-ci il tarixdə gömrük və digər xərclərdən başqa 11.060,43 manat artıq ödəniş etmişdir. 21.08.2019-cu il və 13.09.2019cu il tarixlərdə cavabdehə ərizə yazıb artıq ödənilmiş vergilərin qaytarılmasını tələb etmişdir. 29.11.2019-cu il tarixdə artıq ödəmələr silinmiş, bununla yanaşı 5.738,09 manat borc bildirişi göndərilmişdir. 06.09.2019-cu il tarixdə həmin səbəblərlə artıq ödəmədən 2.409,82 manat pul silinmişdir. Təqdim etdiyi sənədlər sübut edir ki, cavabdeh eyni əsaslarla 2 dəfə artıq ödəmədən vəsait silmişdir. Bakı şəhəri LGBİ tərəfindən 5.751,14 manat vergi borcunun hesablanması qanunsuz və əsassız hesab edilərək həmin vergi borcu silinməli və artıq ödənilmiş vergi qaytarılmalıdır. Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-4190/2021 saylı qərardadı ilə iddia tələbi artıq ödənilmiş 8.512,60 manat verginin İddiaçınə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi hissəsində mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru İlham Əmirəliyev tərəfindən vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə 28.11.2019-cu il tarixli **********239500 saylı qərarın ləğv edilməsinə və Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2-1(112)4190 saylı qərardadının ləğv edilməsinə və “ET-ES LTD MMC-yə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru İlham Əmirəliyev tərəfindən vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə 28.11.2019-cu il tarixli **********239500 saylı qərarı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə və aşağıda göstərilən digər qanunvericilik aktlarına yuğun şəkildə tərtib edilməmişdir. Belə olan halda Vergi Məcəlləsinin yuxarıda göstərilən tələblərinə əsasən inzibati orqanın (cavabdehin) qəbul etdiyi qərarlar iddiaçıya (vergi ödəyicisinə) lazımı qaydada qanunvericiliyin tələblərinə əsasən çatdırılmadığından həmin qərarların vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını, Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru İlham Əmirəliyev tərəfindən vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə 28.11.2019-cu il tarixli **********239500 saylı qərarın ləğv edilməsinə və Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2-1(112)4190 saylı qərardadının ləğv edilməsinə və “ET-ES LTD MMC-yə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-4190/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-4190/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan İddiaçı MMC-nin təsis sənədlərindən görünür ki, cəmiyyət Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə 21.08.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçisi X2r. İddiaçı MMC-nin direktoru X3 15.11.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamentinə ərizə ilə müraciət edərək, 21.10.2018-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirilməsini xahiş etmişdir. Yük-gömrük bəyannamələrindən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən 23.10.2018-ci il tarixdə ümumilikdə 61.566,81 manat məbləğində mallar (hamam üçün mebel dəstləri) idxal olunmuşdur. Bakı şəhəri LGD tərəfindən İddiaçı MMC-yə ünvanlanmış “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” məktubda göstərilmişdir ki, 20.11.2018-ci il tarixli ərizəsinə əsasən fəaliyyətinin 20.11.2018-ci il tarixdən 20.11.2023-cü il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC üzrə 2018-ci ilin mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmiş, yoxlama zamanı, cəmiyyət tərəfindən bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2.407,83 manat məbləğində mənfəət vergisi hesablanmış və buna dair cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********700400 № li 06.09.2019-cu il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC üzrə dekabr 2018-ci ilin əlavə dəyər vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmiş, yoxlama zamanı, cəmiyyət tərəfindən bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 13.002,29 manat məbləğində əlavə dəyər vergisi hesablanmış və buna dair cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********239500 № li 28.11.2019-cu il tarixli qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 23.02.2001-ci il tarixli 48 №li Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 3-cü bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Qeyd olunan normalara əsasən müəyyən olunur ki, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına müraciət etməlidir. Baxılan iş üzrə iddiaçı artıq ödənilmiş vergilərin qaytarılması üçün vergi orqanına mürəciət etmədiyindən, O, iddianın mümkünlük şərtlərinə riayət etməmişdir. Belə olan halda 1-ci instansiya məhkəməsi haqlı olaraq iddianın artıq ödənilmiş 8.512,60 manat verginin İddiaçınə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi hissəsində mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-4190/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2262/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2262/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver