Məhkəmə qərarları › İş №2-1(103)-2262/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2262/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2262/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3129/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonar mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı pensiyanın təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respubikası, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə 1 nömrəli siyahıda təsdiq edilmiş XXİ Nəqliyyat bölməsinin 3-cü maddəsinin 12003000-17541 nömrəli bəndi nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ona təyin edilərkən 1 nömrəli Siyahının nəzərə alınması və pensiya təyinatının “X2 ” Qanunun 31.1-ci maddəsinə əsasən 52 yaşdan yəni xx.xx.2015- ci il tarixindən aparılması və yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan yəni, xx.xx.2015-ci il tarixindən təyin edilməsi, cavabdehə ilk müraciət etdiyi tarixdən (xx.xx.2021-ci il) əvvəlki dövr üçün ən çoxu 3 il olmaqla yəni, xx.xx.2018-ci ildən 1 nömrəli siyahı nəzərə alınmaqla “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” təyinatının aparılması, əvvəlki dövr üçün nəzərdə tutulmuş qalıq ödənişlər, hazırda təyin ediləcək pensiya məbləğinə bərabər şəkildə hissələrə bölünməklə, təyin ediləcək pensiya məbləğinin üzərinə gəlməklə, ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan yəni, xx.xx.2015-ci il tarixdən təyin edilməsi, cavabdehə ilk dəfə müraciət etdiyi tarixdən (xx.xx.2021-ci il) əvvəlki dövr üçün ən çoxu 3 il olmaqla yəni, xx.xx.2018-ci il tarixindən hesablamanın aparılması, əvvəlki dövr üçün nəzərdə tutulmuş qalıq ödənişlər, hazırda təyin ediləcək pensiya məbləğinə bərabər şəkildə hissələrə bölünməklə, təyin ediləcək pensiya məbləğinin üzərinə gəlməklə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3129/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3129/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan УВ 448171 №-li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı RSFSR Novoçerkask politexnik institutunda 1982-ci ildən 1990cı ilədək elektrik stansiyaları ixtisası üzrə ali təhsil almışdır. İşdə olan iddiaçıya məxsus xx.xx.1980-ci il tarixdə doldurulmuş ИT-İ seriyalı ******* №li əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətindəki qeydlərdən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-ci ildə SSRİ Elektrotexniki Sənaye Nazirliyi, “Bakelektroapparat” “Bakelektroavtomat” zavodunda alət sexinə dəyirmançı (frezerovşik) şagirdi vəzifəsinə qəbul edilmişdir (Əmr № 592, xx.xx.1980); xx.xx.1980-ci ildə ona 2-ci dərəcəli dəyirmançı ixtisası verilmişdir (Əmr № 817, xx.xx.1980); xx.xx.1981ci ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 736, xx.xx.1981); xx.xx.1981-ci ildə NPİnin Şaxtinski filialına gündüz tədris formasında hazırlıq şöbəsinə müdavim olaraq qəbul olunmuş (Əmr № 684, xx.xx.1981); xx.xx.1982-ci ildə buraxılış imtahanı vermiş şəxs kimi hazırlıq şöbəsinə buraxılmışdır (Əmr № 431 1c, xx.xx.1982); xx.xx.1984-cü ildənxx.xx.1986-cı ilədək Sovet Ordusu sıralarında xidmət etmişdir (Əmr № HD № 644555, İşdə olan Rostov Vilayəti, Novoçerkask şəhər hərbi komissarlığı); xx.xx.1990-cı ildə Artyom ad, Şaxtinsk TETS-də əməliyyat xidmətinə stansiyanın növbə rəisi vəzifəsinə qəbul edilmişdir (Əmr № 51-L, xx.xx.1990); xx.xx.1991-ci ildə işdən azad edilmişdir (Əmr № 4-L, xx.xx.1991); xx.xx.1991-ci ildə Bakı aeroportuna İİSP ERTOS Bazasına r/naviqasiya b/k mühəndisi vəzifəsinə qəbul olunmuşdur (Əmr № 28/1, xx.xx.1991); xx.xx.1992-ci ildə Bakı aeroportu yenidən təşkil olunma ilə əlaqədar adı dəyişdirilərək Bakı nəqliyyat aviaşirkəti “Azalaviya” adlandırılmışdır (Əmr № 51, AZAL konserni xx.xx.1992); xx.xx.1993-cü il İİ dərəcəli mühəndisi adı verilmişdir (Əmr № 50/L xx.xx.1993); xx.xx.1994-cü ildə əmək haqqının ödənilməsinin yeni şərtlərinə keçid ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 205-93 saylı qərarına uyğun olaraq İX dərəcəli ETS verilmişdir (Əmr № 7-L, xx.xx.1994); xx.xx.1995-ci ildə İ dərəcəli mühəndis kateqoriyası verilmişdir (Əmr №36-L, xx.xx.1995); xx.xx.1996-cı ildə BNA “Azalavia”nın yenidən təşkili ilə əlaqədar Konserninin Hava hərəkəti sisteminin idarə olunmasının təkmilləşdirilməsi barədə 36 saylı xx.xx.1996-cı il tarixli əmrinə uyğun olaraq “Azəraeronaviqasiya” müəssisəsi yaradılmışdır (Əmr № 24-L, xx.xx.1996); xx.xx.1996-cı ildə “Azəraeronaviqasiya” müəssisəsinə UQD diqanozlu avadanlığa xidmət göstərilməsi işi ilə əlaqədar yerinin BNA “Azalavia”dan dəyişdirilməsi ilə İSP obyektinin BERT OS ETS üzrə İ kateqoriyalı ETS üzrə İ dərəcəli mühəndis vəzifəsinə qəbul olunmuşdur (Əmr № 1- N, xx.xx.1996); xx.xx.2008-ci ildə “Bakıareonaviqasiya” Uçuşların və rabitənin radiotexniki təminatı xidmətinə cihazlarla endirmə sistemi obyektinin VTC üzrə 8-ci dərəcəli radionaviqasiya üzrə mühəndisi vəzifəsinə keçirilmişdir (Əmr № 105/ş, xx.xx.2008); xx.xx.2019-cu ildə Ştat cədvəlinə əsasən 9-cu ödəniş dərəcəsi müəyyən edilmişdir (Əmr № 04 iş, xx.xx.2019); hal-hazıradək tutduğu vəzifədə çalışır. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 238 saylı arayışdan müəyyən olunur ki, İddiaçı “Bakı Aeroportu”nda, “Azalavia” Bakı nəqliyyat aviaşirkətində, “Azəraeronaviqasiya” müəssisəsində və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin "Bakıaeronaviqasiya" Uçuşların və rabitənin radiotexnika təminatı xidmətində işləyir. İşlədiyi müddətdə о, СП- 80 (endirmə sistemi), ELS 420/DME (kurs, qlissada və uzaqlıqölçən radiomayak) və DVOR/DME (azimutal və uzaqlıqölçən radiomayaklar) reqlament işləri qörmüşdür. İş şəraiti HAYT (həddən artıq yüksək tezlik) və UYT (ultra yüksək tezlikli) şüalanma ilə bağlı radionaviqasiya üzrə mühəndisi vəzifəsində çalışır: xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixli 27/ş saylı əmr xx.xx.2021-ci il tarixədək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında təstiq edilmiş XXİ Nəqliyyat bölməsinin 3 maddəsinin 12003000-17541 bəndinə müvafiq olaraq pensiya hüququ verən HAYT(həddən artıq yüksək tezlik) və UYT (ultra yüksək tezlikli) şüalanma ilə bağlı radioavadanlığın xidməti ilə bağlı iş stajı 30 il 04 ay 13 gün təşkil edir. İddiaçının hazırki tələblə bağlı müraciətlərinə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** №li cavab məktubunda göstərilmişdir ki, “X2” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi 18 sentyabr 1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 1 ay 26 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı “X3” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022ci il tarixli 46 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 238 №-li arayış verilmişdir. xx.xx.1963-cü il təvəllüldü İddiaçı “Bakı aeraportunda”, “Azalavia” Bakı nəqliyyat şirkətində,“Azəraeronaviqasiya” müəssisəsində və "xxxx" QSC, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin “Bakıaeronaviqasiya” uçuşların və rabitənin radiotexnika təminatı xidmətində işləmişdir. İşlədiyi müddətdə o, CF1-80 (endirmə sistemi), İLS 420/DME (kurs, qlissada və uzaqlıqölçən radiomayak) və DVOR/DME (azimutal və uzaqlıqölçən radiomayak) reqlament işləri görmüşdür. İş şəraiti HAYT (həddən artıq yüksək tezlik) və UYT (ultra yüksək tezlikli) şüalanma ilə bağlı radionaviqasiya mühəndisi üzrə xx.xx.1991-ci il tarixindən xx.xx.2021-ci il tarixə (Əmr 27/ş) vəzifəsində işlədiyi dövr 30 il 04 ay 13 gün iş stajı vardır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələri və göstəricilərinin 1 №-li siyahı” da XXİ. Nəqliyyat bölməsinin 3-cü yarımbəndində (kod-12003000-17541) “Ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər (dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların rəhbərləri)” vəzifələrindən bir başa olaraq uçuşun idarə edilməsi və rabitənin radiotexnika təminatı xidməti üzrə işləyir, İddiaçı işlədiyi sahə dispetçer və təlimatçı dispetçer vəzifəsi ilə uyğunluq təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki , “X2” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olanşəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““X2” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinə əsasən aşağıdakılar axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir: q) bəndinə əsasən dispetçer şəhadətnaməsi olub hava hərəkətini idarə edən şəxslər: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışarsa. Hava hərəkətini idarə edən işçilərin uçuşu idarəetmə stajlarına bu Qanunun 59-cu maddəsində göstərilən iş müddətləri də daxil edilir; ğ) bəndinə əsasən hava gəmilərinə xidmət üzrə mühəndis-texniki həyət - Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə: kişilər - 55 yaşına çatdıqda və mülki aviasiyada azı 25 il ümumi iş stajı olduqda, bu müddətin azı 20 ilini hava gəmilərinə xidmət işlərində çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və mülki aviasiyada azı 20 il ümumi iş stajı olduqda, bu müddətin azı 15 ilin hava gəmilərinə xidmət işlərində çalışarsa. Mühəndistexniki heyət işçilərinin hava gəmilərinə xidmət-etmə stajlarına bu maddənin “q” hissəsində və bu Qanunun 59-cu maddəsində göstərilən iş müddətləri də daxil edilir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın XXİ Nəqliyyat bölməsinin 3-cü yarımbəndində (12003000-17541) “Ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər (dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların rəhbərləri)” nəzərdə tutulmuşdur. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin iddiaçının iddia ərizəsində (iddianın dəyişdirilməsi barədə ərizələrdə) göstərdiyi kimi 52 yaşdan deyil, onun işlədiyi peşələr üzrə 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 20 il, ümumi iş stajı minimum 25 il olmalı; 3) 20 il xüsusi və 25 il ümumi iş stajı xx.xx.1997-ci il tarixədək mövcud olmalıdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaya dair imtina məktubunda və yazılı etirazda iddiaçının həm xüsusi, həm də ümumi iş stajı mübahisələndirilmişdir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi iddiaçıya işlədiyi peşələrə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin üçüncü şərtinə (20 il xüsusi və 25 il ümumi iş stajı xx.xx.1997-ci il tarixədək mövcud olmalıdır) əməl olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdeh tərəfindən iddiaçının müraciətlərindən qanuni və əsaslı olaraq imtina edildiyindən, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə tələbi əsassızdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Ona görə şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3129/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar