Məhkəmə qərarları › İş №2-1(103)-2263/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2263/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2263/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(112)-2618/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(112)-2618/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(112)-2618/2021 saylı qərardadının ləğv edilməsini, yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəlki məhkəmə qərarlarında qaldırılmış idda ayrılmış 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasının xahiş edilmişdir. Hazırki iddia tələbi isə Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ayrılmış 200 kv.metr torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, bu barədə dövlət reyestirindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədədir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(112)- 2618/2021 saylı qərardadının ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası idiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. İşin materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı 5 mart 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X14, 2-1(82)- 1494/2019 saylı iş) 26 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər Xl2-məruzəçi, X8 və X11, 2- 1(103)-130/2020 saylı iş) 14 yanvar 2020-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar elan olunmaqla iddiaçının Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1324/2020 saylı, 05 avqust 2020-ci il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-130/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının qərarı onunla əsaslandırılmışdır ki, işdə olan sənədlərdən göründüyü kimi iddiaçı 200 kv.m torpaq sahəsinə hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri barədə məhkəmələrə sübut təqdim etməmişdir. İddiaçının və apelyasiya məhkəməsinin istinad etdiyi sənədlərdə, o cümlədən “Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 93 nömrəli, 27 fevral 2009-cu il tarixli sərəncamının 5-ci bəndində iddiaçıya 200 kv.m torpaq sahəsi ayrılmasından bəhs edilməmişdir. İddiaçının bəyan etdiyi 200 kv.m torpaq sahəsi ilə bağlı hər hansı qərar, müqavilə və ya əqd mövcud olmamışdır. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilə (qərar) təqdim etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə də tələbin irəli sürülməsində əsas məqsəd məhz Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.m torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun qeydiyyata alınaraq buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddia tələbinin məzmunundan da məlum olur ki, iddiaçı həmin iddianı yenidən məhkəməyə təqdim etmişdir. Belə ki, hazırki iddianın əsası olan eyni predmet olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması barədə iddiasının təmin edilməməsi barədə qüvvədə olan məhkəmə aktları oldugu halda iddiaçı bu dəfə də mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun qeydiyyata alınması barədə iddia irəli sürmüşdür. Qanuni qüvvəsini almış yekun məhkəmə aktı olmasına baxmayaraq, eyni məsələ ilə əlaqədar təkrarən yenidən məhkəməyə müraciət etməsi ilə bağlı iddiaçının hərəkətlərinə qanunun ona verdiyi imkanlardan sui-istifadə etmək cəhdi kimi qiymət verilə bilər. Lakin məhkəmə qərar qəbul edərkən əvvəlki iddia ilə indiki iddia fərqli olduğunu nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Göründüyü kimi istifadə hüququ mülkiyyət hüququna münasibətdə daha məhdud anlayış olub, onun tərkib hissəsidir. Şəxsin istifadə hüququna malik olması üçün onun əmlakın mülkiyyətçisi olması vacib deyil. Şəxs digər şəxsin mülkiyyətində olan əmlakın da istifadəçisi ola bilər. Eyni zamanda daşınmaz əmlaka dair mülkiyyət və istifadə hüquqlarının əmələ gəlmə əsasları da fərqlidir. Belə olan halda hazırki iş üzrə iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınmasına dair iddiasının təmin olunmaması, iddiaçının həmin daşınmaz əmlaka dair istifadə hüququnun qeydiyyata alınması üçün məhkəmə müraciət etmə hüququnu məhdudlaşdıra bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(112)-2618/2021 saylı qərardadı ləğv olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar