Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2263/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-485/2023 nömrəli 10 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, koronavirus (Covi-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə xüsusi karantin rejiminin Şəki şəhəri üzrə tətbiq edildiyi dövr, yəni 2020-ci ilin aprel, may, iyun, iyul və sentyabr ayları üzrə (5 ay), işsiz statuslu şəxs qismində hər aya 190 manat, ümumilikdə 950 manat məbləğində birdəfəlik ödəmənin ona verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-485/2023 nömrəli 10 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya ancaq və ancaq, peşə təhsilinə cəlb olunduğu müddət ərzində, yəni 2020-ci ilin 01 oktyabr və 29 dekabr intervalında, yəni 3 ay müddətində, hər aya minimum əməkhaqqı, yəni 250 (iki yüz əlli) manat, ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğində təqaüd ödənilmişdir və qeyd edilən müddətin birdəfəlik ödəmə verilmiş aylara (aprel, may, iyun, iyul və sentyabr) heç bir aidiyyəti yoxdur. İddiaçı məhkəmədən, Nazirlər Kabinetinin Qərar və Sərəncamları ilə, Şəki şəhəri üzrə MAS-də qeydiyyatdan keçmiş işsiz şəxslərə təyin olunmuş və ödənilmiş aprel, may, iyun, iyul və sentyabr ayları üçün birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Qərar qəbul edilməsini xahiş etmişdir ki, Məhkəmə ilin oktyabr, noyabr və dekabr aylarının, aprel, may, iyun, iyul və sentyabr aylarından fərqli aylar olmasına diqqət yetirmədən və ya ayları bir-birinə qarışdırmaqla Qərar qəbul etmişdir. Qeyd edilənlərdən əlavə; 1. İddiaçı ünvanlı dövlət sosial yardımı alan ailə üzvü deyil. 2. İddiaçı əmək pensiyaçısı deyil. 3. O, aylıq müavinət almır. 4. O, aylıq təqaüd də almır. 5. Özünü məşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxs deyil. 6. İşsizlikdən sığorta ödənişi də almır. 7. Heç vaxt kənd təsərrüfatı üzrə subsidiya almamışdır. 8. Subaydır. 9. Aktiv VÖEN-i və MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi də yoxdur. 10. Birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə deyildi. 11. Birdəfəlik ödəmə üçün müraciət tarixində yaşı 18-dən aşağı deyildi. 12. Adına qeydə alınmış daşınmaz əmlak və ya torpaq sahəsi heç vaxt olmayıb.
13. Adına qeydə alınmış nəqliyyat vasitəsi heç vaxt olmayıb. 14. Adına kənd təsərrüfatı təyinatlı maşın-traktor heç vaxt olmayıb. 15. Fərdi qaydada əmək fəaliyyəti heç vaxt olmayıb. 16. Birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun 2 mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olan şəxs deyil. 17. Birdəfəlik ödəmə üçün müraciət tarixinə peşə hazırlığına görə təqaüd almayıb. Qeyd edilən təqaüd, iddiaçıya 2020-ci ilin oktyabr ayından, yəni peşə hazırlığı kursuna cəlb edildiyi vaxtdan 3 ay (oktyabr, noyabr, dekabr) müddətində ödənilmişdir. Qeyd edilənlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən, iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə, aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və məsələnin həllindən MAS-nin müvafiq informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən peşə təhsilinə cəlb olunması əsası ilə imtina etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DMA-nin məktubundan görünür ki, iddiaçı Agentliyin müvafiq filialı tərəfindən xx.xx.2020-ci il tarixində 1 saylı Şəki Peşə Məktəbində təşkil olunan “Turanimator" peşəsi üzrə hazırlıq kursuna cəlb olunmuş və qeyd edilərı peşə hazırlığı kursunu xx.xx.2020-ci il tarixində bitirmişdir. Agentlik tərəfindən sözügedən peşə hazırlığı kursu üzrə 3 (üç) aylıq tədris müddəti ərzində iddiaçıya aylıq 250 (iki yüz əlli) manat məbləğində təqaüd ödənilmişdir. Göründüyü kimi, iddiaçı “Koronavirus (Covid-19)” pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar Şəki şəhərində işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödənildiyi 2020-ci ilin aprel, may, iyun, iyul və sentyabr aylarında işsiz kimi qeydiyyatda olmuş və heç bir peşə hazırlığı kursuna cəlb edilməmiş, həmin dövrdə ona aylıq 250 (iki yüz əlli) manat məbləğində təqaüd ödənilməmişdir. Cavabdehin imtinanın əsası kimi göstərdiyi kursun başlanılması xx.xx.2020-ci il tarixinə planlaşdırılsa da, qeyd edilən tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum Qərarı ilə başlanmamış, kursa xx.xx.2020-ci il tarixindən başlamaqla xx.xx.2020-ci il tarixinə qədər davam etmiş və iddiaçı həmin kursda iştirak edərək iştirak etdiyi 3 ay müddəti üzrə aylıq 250 (iki yüz əlli) manat məbləğində təqaüd almışdır. Yəni iddiaçının kursa cəlb edilməsi ilə “birdəfəlik ödəmənin verilməsi” arasında zaman baxımından heç bir əlaqə mövcud olmamış və buna görə cavabdehin imtinası əsassız olmaqla, məhkəmə iddiaya düzgün qiymət verməmişdir. Məhkəmə iş üzrə cavabdehin iddiaçıya qarşı qəbul etdiyi birdəfəlik ödəmənin verilməsindən imtina Qərarının hüquqi əsaslarını və prinsiplərini düzgün müəyyən etməmiş və bununla iddiaçının məhkəmə praktikasına etimadını qorumamışdır. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ƏƏSMN-nin MEİS-nin MAS-də, işsiz kimi qeydiyyatda olan şəxslərə, koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi və “Koronavirus (Covid-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsinin şərtləri və qaydası”-nın təsdiq edilməsi barədə xx.xx.2020-ci il tarixli 127 saylı Qərarını məcburi şərt kimi qəbul etməmiş, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə iddiaçının haqlı tələbinin, rədd edilməsinə dair əsassız Qərar qəbul etmişdir. Məhkəmə iş üzrə ƏƏSMN-nin imtinasını iş üzrə iddiaçının hüquqi statusuna (işsiz) müdaxiləni nəzərdə tutan tədbir olaraq, güddüyü qanuni məqsədə mütənasib olmadığını nəzərə almamışdır. Məhkəmə iş üzrə iddiaçı və cavabdeh tərəfindən nəhkəməyə təqdim edilmiş sənədlərin mötəbərliliyini qəbul etdiyi Qərarla heçə endirmişdir. Belə ki, iş materiallarına cavabdeh tərəfindən iddiaçının 2020-ci ilin aprel, may, iyun, iyul və sentyabr aylarında, nəinki təqaüd, ümumiyyətlə hər hansısa ödənişi alıb-almamasına dair heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı olduğu halda, bunu etməmiş, iddiaçının xeyrinə olan hallar araşdırılmadan və nəzərə alınmadan Qərar qəbul edilmişdir. Qərardan göründüyü kimi, iş üzrə iddiaçı faktiki maddi zərər görmüşdür. İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası ƏƏSMN yanında DMX-nin Şəki rayonu üzrə MM-də işsiz kimi qeydiyyata düşməklə, həmin qurumda “Turanimtor”-luq (turizm) peşəsi üzrə “peşə təhsili”-nə cəlb olunmağı üçün ərizə ilə müraciət edərək qeydiyyata alınmışdır. İş üzrə cavabdehin planı ilə “Turanimtor”-luq (turizm) peşəsi üzrə kurs xx.xx.2020-ci il tarixdə başlanmalı, xx.xx.2020-ci il tarixində başa çatdırılmalı və qeyd edilən 3 aylıq tədris müddəti üzrə müdavimlərə hər aya 250 (iki yüz əlli) manat təqaüd ödənilməli idi. Azərbaycan Respublikasının Prezidenti “Koronavirus (Covid-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Ölkənin iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2020-ci il tarixdə 1950 saylı Sərəncam imzalamış, sərəncamın 10.5-ci bəndinin və AzR NK-nin xx.xx.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirus (Covid-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1950 saylı Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı tədbirlər planı”nın İİ hissəsinin 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixdə “Koronavirus (Covid- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”-na dair 127 saylı Qərar qəbul etmişdir. Beləliklə, yuxarıda qeyd edilən Sərəncam və Qərarlar əsasında Şəki şəhərinin bütün təhsil müəssisələrində tədris prosesləri dondurulmuş və aydındır ki, iş üzrə cavabdehin xx.xx.2020-ci il tarixinə planlaşdırdığı kursun başlanması da təxirə salınmışdır. Yəni qısacası, başlamalı olan kursun tədrisi başlamamışdır. Başlamamış kurs üzrə də aydındır ki, heç bir təqaüd ödənilməmişdir. Əgər ödənilmiş olsa idi cavabdeh müvafiq sənədi məhkəməyə təqdim edərdi. İş üzrə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixinə planlaşdırılmış kursun başlanılmasının təxirə salınmasına rəğmən, kursa ərizə vermiş və qəbul olunmuş bütün müdavimlərin adları kurs üzrə silinməmiş, yəni onların adları Azərbaycan Respublikası ƏƏSMN-nin MEİS-nin MAS-də kursa cəlb edilmiş müdavimlər kimi saxlanılmışdır. İddiaçının adının Azərbaycan Respublikası ƏƏSMN-nin MEİS-nin MAS-də kursa cəlb edilmiş müdavim kimi saxlanılması isə iddiaçıya cavabdeh tərəfindən “əlavə araşdırmalar nəticəsində Siz peşə təhsilinə cəlb olunduğunuza görə 190 manat birdəfəlik ödəmədən imtina edilmiş və müvafiq hüququnuz araşdırılarkən məlumatlarınız ƏƏSMN-nin informasiya bazasından əldə edilmişdir”-cavabı verilməsinə səbəb olmuşdur və bu fakt Məhkəmə tərəfindən düzgün araşdırmamışdır. Cavabdeh tərəfindən kursun başlanmasının yenidən, karantin müddəti bitdikdən sonra başlanacağı elan edilmişdi. Deməli, kursun başlamasının yenidən, karantin müddəti bitdikdən sonra başlanacağı müəyyən idisə, cavabdeh orqan kursa qəbul edilmiş müdavimlərin adlarını informasiya bazasında təqaüd alanların siyahısından çıxarmalı idi. O, bunu etməmişdir ki, bu da öz növbəsində yenə də cavabdeh orqanın öz səhvidir. Heç olmasa cavabdeh orqan iddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsi üçün ilk müraciət etdiyində, öz səhvini düzəltməli idi ki, o, bunu etməmişdir. Qeyd edilənlərdən əlavə, Şəki şəhərində karantin tətbiq edildiyi dövrdə, yəni 2020-ci ilin aprel, may, iyun, iyul və sentyabr aylarında iddiaçıya iş üzrə cavabdeh orqan tərəfindən hər hansı ödəniş edilməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, tam və hərtərəfli baxmamış, sübutlara tətbiq edilməli hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçı üçün əhəmiyyətli olan işin faktiki hallarını cavabdeh tərəfindən təqdim edilmiş sənədlər üzrə düzgün qiymətləndirməmişdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir, məhkəməyə ərizə göndərərək məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Xidməti Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, işsiz kimi qeydiyyata alınmış iddiaçıya peşə təhsilinə cəlb olunmasına görə 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Alt Sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı göndərilmiş SMS məlumatının surətindən görünür ki, peşə təhsilinə cəlb olunduğuna görə ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixə uçot məlumatlarına əsasən İddiaçı vergi ödəyicisi kimi qeydiyyatda olması barədə məlumatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, DİN-in Baş X8 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə xx.xx.1995ci il təvəllüdlü İddiaçı adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 1 nömrəli Şəki Peşə Məktəbi tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, özünüməşğulluq proqramı çərçivəsində müvafiq ixtisaslar üzrə peşə təlimi kurslarının keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 12 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı ilə 1 nömrəli Şəki Peşə Məktəbi arasında bağlanılmış 26 fevral 2020-ci il tarixli 01 saylı müqaviləyə əsasən 12 saylı Ərazi Məşğulluq Filialı tərəfindən 15 nəfər müdavim cəlb olunmaqla xx.xx.2020-ci il tarixində 3 aylıq «Turanimator» peşə təlimi kursu keçirilmişdir. Müdavimlərdən 13 nəfəri kursu başa vurduqdan sonra Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilən sertifikatlarla təltif olunmuşdur. İddiaçı da təlim kursunun sonunda AS006425 nömrəli sertifikat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “Turanimator” peşəsi üzrə hazırlıq kursuna cəlb olunmuş, hazırlıq kursunun müddəti üç ay olmuş və ona “Məşğulluq haqqında’’ Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq təhsil aldığı dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilmişdir. «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun: 29.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə bu Qanunun 20.2.1-ci və 20.2.2-ci maddələrinə uyğun olaraq peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir (xx.xx.2021-tarixli Qanunla maddədə “peşə hazırlığı aldığı dövrdə işsiz şəxsə” sözləri “bu Qanunun 20.2.1-ci və 20.2.2-ci maddələrinə uyğun olaraq peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə” sözləri ilə əvəz edilmişdir). 29.2-ci maddəsinə əsasən işsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir. 29.3-ci maddəsinə əsasən peşə hazırlığına cəlb olunan şəxsə verilən təqaüdün ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir (xx.xx.2021-tarixli Qanunla 29-cu maddənin adından və 29.3-cü maddədən “işsiz” sözü çıxarılmışdır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 may tarixli 251 nömrəli Qərarı ilə təsdiq edilmiş «Peşə hazırlığına cəlb olunan şəxsə verilən təqaüdün ödənilməsi Qaydası»nın: 1.1-ci bəndinə əsasən Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən hazırlanmışdır və peşə hazırlığına cəlb olunduğu dövrdə işsiz, habelə həmin Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxsə verilən təqaüdün ödənilməsi qaydasını müəyyən edir. 1.2-ci bəndinə əsasən işsiz (bu Qaydanın 1.1-ci bəndində göstərilən halda isə işaxtaran) kimi qeydiyyata alınmış şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra – Agentlik) yerli qurumları və “DOST” mərkəzlərinin göndərişi ilə peşə hazırlığı aldığı dövrdə aylıq təqaüd almaq hüququna malikdirlər. 1.3-cü bəndinə əsasən işsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda, ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir. 1.4-cü bəndinə əsasən peşə hazırlığı dövründə təqaüdün məbləği minimum aylıq əməkhaqqı məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın təsdiq edilməsi barədə» 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın: 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınmışdır. İddiaçı peşə təhsilinə cəlb olunmuş və ona təhsil aldığı dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilmişdir. İddiaçı koronavirus (Covi-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə ona birdəfəlik ödəmənin verilməsi üçün cavabdehə müraciət etsə də, iddiaçı peşə təhsilinə cəlb olunduğuna görə ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işsiz kimi 2020-ci ilin fevral ayında qeydiyyata alındıqdan sonra mart ayında peşə hazırlığı kurslarına cəlb edilmişdir, lakin koronavirus pandemiyası səbəbindən kursun başlama vaxtında dəyişikliklər edilmişdir. Yəni kursun dayandırıldığı müddətdə iddiaçı peşə hazırlığına cəlb edilmiş işsiz şəxs statusunda olmuşdur. Daha sonra iddiaçıya təhsil aldığı dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan “Məşğulluq haqqında” Qanunun istinad olunan 29-cu maddəsinin əvvəlki redaksiyasında işsiz şəxsin peşə hazırlığına cəlb edildiyi dövrdə təqaüd almaq hüququnun olması nəzərdə tutulduğundan ona eyni zamanda birdəfəlik ödəmə də verilə bilməzdi. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 2.3.7-ci bəndinin tələblərindən də görünür ki, peşə hazırlığına görə təqaüd alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-485/2023 nömrəli 10 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.