Məhkəmə qərarları › İş №2-1(103)-2264/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2264/2022

18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2264/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 4158/2022 saylı 25 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1985-ci il təvəllüdlüdür. Sonuncu müayinəyə dair məlumatdan görünür ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AACTV saylı Göndərişinə (Forma 88) əsasən İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İİ dərəcəli əlillik təyin edilmişdir. 2128 saylı arayışdan görünür ki, İddiaçı xəstəliyi hərbi xidmət dövründə alınmışdır. Əlillik təyinatlarının etibarsız edilməsi barədə siyahıdan görünür ki, İddiaçı adına rəsmiləşdirilmiş 4110003AACTV saylı göndəriş etibarsız hesab edilmişdir. Bundan sonra İddiaçı əlilliyinin bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin edilməsindən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddaçıya ünvanlanmış **********1 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AACTV saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qymətləndirilmiş və hərbi xidmət dövrü ilə əlaqədar gözdən əlil səbəbdən 5 il müdddətinə ikinci dərəcəli əlillik təyini barədə qərar qəbul edilmişdir. Aparılmış əlilli təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə İddiaçı dair rəsmiləşdirilmiş 4110003AACTV saylı göndəriş etbarsız hesab edilmiş və bu səbəbdən də həmin göndəriş əsasında təyin olunmuş əlillik təyinatı “Əlillik” altsistemində etibarsız hesab edilmişdir. İddiaçı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən müayinə olunacağı və ona göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlilllik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 4110003AACTV saylı göndəriş əsasında xx.xx.2018-ci il tarixdə təyin edilmiş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2018-ci il tarixli Forma 88 əsasında ikinci dərəcəli əlillik təyin edilmiş və əlilliyin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İddiaçıda olan və Forma 88-lə göstərilən xəstəliklər X11 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş rəydə öz əksini tapmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. İddiaçı əlilliyin etibarsız hesab edilməsini əsassız hesab edir və onun sosial təminat hüququnun pozulmasına səbəb olduğunu bildirir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli 4110003AACTV saylı göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik=>gözdən əlil; X1: . Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı : sanın xəstəlikləri => H35 - Tor qişanın digər xəstəlikləri => H35.3 - Arxa qütbün və ləkənin degenerasi...; Diaqnozun mətni: Arxa qütbün və ləkənin degenerasiyası. OU-Mərkəzi seroz xororetinopatiya. Mürəkkəb miopik astiqmatizm. Zəif dərəcəli miopiya. Astiqmatizm. Mürəkkəb - epik astiqmatizm. Zəif dərəcəli miopiya. Prediabetik qlukozaya qarşı tolerantlığın pozuntusu. Vis OS=0,05 k/etmir (yüzdə beş). Vis OS=0,07 k/etmir(yüzdə yeddi); Meyar: 2.2 İkinci dərəcə => 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə səviyyəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9,H47-H47.5,H52-H53.9)” əsası ilə 5 il müddətinə əillik dərəcəsi verilmişdir. Daha sonra, Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli, 001-5719-219 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları olmuş (X6, İddiaçı və X2) daxili işlər orqanlarında xidmət etməmiş və onların sağlamlıq vəziyyəti Nazirliyin Xüsusi Həkim Komissiyası tərəfindən şəhadətnamələndirilmədiyi üçün barələrində göndərişlər ssassız olaraq tərtib edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçının əlillik müayinəsi xx.xx.2019-cu ildən etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətiəndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində aid qiymətləndirmə etibarsız edilmişdir. Bundan əlavə, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 65.1,2-ci maddəsinə uyğun olaraq, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş bundan sonra - göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya missiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki oöyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan başqa yuxarıdan göründüyü kimi, iddiaçı barəsində qərar 2019-ci il may ayında verilsə də, o, 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Belə ki, İPM-nin 38-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçı tərəfindən mümkünlük şərtlərinə də əməl edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4158/2022 saylı 25 fevral 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 4110003AACTV №-li göndəriş əsasında təyin edilmiş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qərarı ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərardadı ilə Daxili İşlər Nazirliyi Tibb İdarəsinin işə 3-cü şəxs qismində cəlb edilməsi səhv olduğundan onun cəlbetməsi ləğv edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia inzibati orqan tərəfindən müvafiq inzibati aktın qəbulu ilə bağlı deyil, mövcud inzibati aktın bərpa edilməsi istiqamətində hərəkətin edilməsi ilə bağlıdır, yəni öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “ona 4110003AACTV saylı göndəriş əsasında xx.xx.2018-ci il tarixdə təyin edilmiş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı 16 yanvar 2020-ci tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na və İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanununa istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İİ dərəcəli əlillik təyin edilmişdir. Əlillərin sosial müdafiəsi siyasəti şöbəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mmüdafiəsi Nazirliyinin Aparatının rəhbərinə ünvanlanmış Xidməti məruzə məktubunda göstərilmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları (X6, İddiaçı və X2) daxili işlər orqanlarında xidmət etməmiş və onların sağlamlıq vəziyyəti Nazirliyin xüsusi Həkim Komissiyası tərəfindən şəhadətnamələndirildiyi üçün barələrində göndərişlər əsassız olaraq tərtib edilmişdir. Bununla əlaqədar olaraq hər üç şəxsin əlillik müayinəsinin etbarsız edilməsi məqsədilə Nazirlik yanında Dövlət Tibbi - Sosial Ekspertiza və Reablitasiya Xidmətinə və təyin edilmiş pensiya, mavinət və ya təqaüd ödənişinin dayandırılması və artıq ödənilmiş vəsaitin bərpası istiqamətində Nazirlik yanında DSMF-ə tapşırıq verilməsi xahiş edilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıya Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin göndərişi əsasında xx.xx.2018-ci il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar” (gözdən əlil) səbəbi ilə 05 illik müddətə İİ dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məktubu ilə iddiaçı barəsində tərtib edilmiş göndərişlər əsassız olaraq tərtib edildiyindən iddiaçıya təyin edilmiş əlillik cavabdeh tərəfindən etibarsız sayılmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş əlillik alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə təyin edilmiş İİ dərəcəli əlillik şəxsin müayinəsi aparılmadan, yalnız Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məktubu məktubu əsasında xx.xx.2019-cu il tarixdən etibarsız hesab edilmişdir. Bununla bağlı iddiaçıya təyin edilmiş əlilliklə bağlı müavinətin verilməsi də dayandırılmışdır. Göründüyü kimi, iddiaçıya xx.xx.2018-ci il tarixdə təyin edilmiş İİ dərəcəli əlilliyin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ sadəcə yuxarıda göstərilmiş yazışmalarla (məktublarla və yazılı cavablarla) həll olunmuş, yəni bu məsələyə dair işdə hər hansı bir rəsmi qərar yoxdur. Bu baxımdan Kollegiya hesab edir ki, iddiaçıya verilmiş əlillik cavabdeh inzibati orqan tərəfindən etibarsız hesab olunarkən aşağıda sadalanan maddi hüquq normalarının müddəalarına, yəni müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X7 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.1-ci bəndinə görə əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə görə isə əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində iddiaçıya təyin edilmiş İİ dərəcəli əlilliyin qüvvədə olduğu halda həmin əlilliyin altsistemdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubu əsasında etibarsız hesab edilməsi məsələsi inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Kollegiya onu da qeyd edir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas vermir. O ki qaldı cavabdeh inzibati orqanın apellyasiya şikayətində göstərdiyi “iddiaçı barəsində qərarın 2019-cu il may ayında verildiyi halda, onun tərəfindən 30 günlük müddət ötürülməklə hazırki iddia ilə məhkəməyə 2021-ci ildə müraciət edilməsi” barədə dəlilinə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu dəlili əsassızdır. Belə ki, əvvəla cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab olunması barədə inzibati akt qəbul etməməklə, faktiki xarakterli hərəkət etməklə bu barədə iddiaçını məlumatlandırmadığından iddiaçının bundan nə vaxt məlumatlı olması iş materiallarından müəyyən olunmur. Digər tərəfdən, yuxarıda da qeyd olunduğu kimi, iddiaçının hazırki iş üzrə qaldırdığı iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir ki, bu iddia növü üzrə də iddia müddəti qanunvericilikdə müəyyən edilməmişdir. Odur ki, iddia bu səbəblərdən düzgün olaraq mümkün sayılmışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4158/2022 saylı 25 fevral 2022-ci il tarixli qərarı “əlilliyin bərpa edilmə tarixi xx.xx.2019-cu il” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Həmid Həmidov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar