Məhkəmə qərarları › İş №2-1(103)-2265/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2265/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2265/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(112)-1981/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək məcburi iş buraxmaya görə yəni xx.xx.2016cı il tarixdən xx.xx.2020-ci il tarixə kimi əmək haqqının ödənilməsinə, maddi ziyanın ödənilməsi üçün 5.000 manat, mənəvi ziyanın ödənilməsi üçün 50.000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2016-cı il tarixli 11/974 saylı əmri ilə işdən azad olunmuşdur. Həmin əmri məhkəmə qaydasında mübahisələndirmiş, çoxsaylı məhkəmə çəkişmələrindən sonra Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 5 fevral 2018-ci il tarixli, 2-1(104) 155/2018 saylı qərarı ilə barəsində verilmiş sözügedən əmr ləğv edilmişdir. Məhkəmənin qərarı hüquqi qüvvəyə mindikdən sonra Təhsil Nazirliyi yenidən işə bərpa olunmağına dair 22 may 2018-ci il tarixdə F372 saylı əmr imzalamışdır. Ancaq Təhsil Nazirliyinin işə bərpa barədə verdiyi əmri faktiki olaraq icra edilməmişdir. Yenidən çoxsaylı şikayətlər, çoxsaylı müxtəlif tələblərlə məhkəmə çəkişmələrindən sonra, nəhayət, xx.xx.2020-ci il tarixdə məhkəmə qərarı əsasında Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli F372 saylı əmr defakto icra edilmişdir. Göründüyü kimi Təhsil Nazirliyinin əsassız əmri ilə 3 il 7 ay işsiz qalmışdır. O, ilk dəfə yalnız Təhsil Nazirliyinin işdən azad etmə əmrini mübahisələndirmiş, haqlı olduğunu, əmək müqaviləsinə qanunsuz və əsassız xitam verildiyini məhkəmənin qanuni qüvvəyə mindiyi qətnaməsi ilə sübut etdikdən sonra Əmək Məcəlləsinin 195, 197-ci maddələrinin tələblərinə əsaslanaraq əldən çıxan gəlirini, yəni buraxılmış müddət üçün əmək haqqının ödənilməsini hüquqi baxımdan (de-yure) işdə faktiki olaraq (de-fakto) isə şə bərpa olunmasa da cavabdehdən xx.xx.2018-ci il tarixli ərizəsi ilə tələb etmişdir. xx.xx.2019cu il tarixdə cavabdeh şəxsən ərizəsini alsa da cavab verməmişdir. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixə kimi məcburi iş buraxmaya görə əmək haqqı tələb etməkdə haqlıdır. Cavabdehin xx.xx.2016-cı il tarixli əmrini məhkəmə qaydasında mübahisələndirməyi ilə bağlı vəkil tutmağını, bununla bağlı hüquq mühafizə orqanlarına, aidiyyəti dövlət orqanlarına çoxsaylı müraciətlər etmək məcburiyyətində qaldığı üçün çəkdiyi poçt xərclərini, məhkəmə iclaslarında iştirak üçün Gəncə-Daşkəsən, Daşkəsən-Gəncə, Bakı-Daşkəsən, Daşkəsən-Bakı gediş gəliş haqlarının ödənilməsi üçün o, 5 (beş) min manat maddi ziyan çəkmiş və bu ziyanın ödənilməsi tələbində də haqlıdır. Məktəb direktoru olaraq 3 il 7 ay işsiz qalmış, hətta məhkəmə qərarı icra edilməmiş, Təhsil naziri işə bərpa əmrinin icrasını uzun müddət təmin etməmişdir. Bu isə onda uzun müddət davamlı psixoloji gərginlik, ümidsizlik, ədalətsiz bir ölkədə yaşadığı kimi mənfur və pessimist hisslərə qapılma kimi təsirlər yaratmış, bütün ali orqanlara, ölkə Prezidentinə yazdığı şikayətlərin nəticəsiz qalması, Təhsil Nazirliyinin bütün orqanlara “guya onun işə bərpa edilməyi” barədə yalan məlumat verməsi, onu intihar etmək haqda fikirləşməyə vadar etmişdir. Hesab edir ki, cavabdehin təqsirindən hüquq pozuntusuna məruz qalmaqla uzun müddət mənfi-psixoloji sarsıntı və gərginlik təsiri altında yaşamağa məcbur qalmışdır. Ona görə də mənəvi ziyan tələbi hissəsində də iddia tələbi əsaslı və qanunidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Daşkəsən rayon Təhsil şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə işin ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(112)-1981/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: O.Həsənov) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mahiyyəti üzrə araşdınlmasından ötrü Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsi qərardadda mümkünlük məsələsini həll edərkən iddiaçı tərəfindən əvələr Gəncə İnzibati Məhkəməsində iddia qaldırılmasını, Gəncə İnzibati Məhkəməsinin qərarı ilə bu iddia tələbinə mülki qaydada rayon məhkəməsində baxılması nəticəsinə gələrək iddianı mümkünsüz hesab etmək barədə qərar çıxarmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxan Gəncə Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası şikayəti təmin etməmiş və qərardadın dəyişdirilmədən saxlanması barədə qərar çıxarmışdır. Bundan sonra iddiaçı mülki qaydada rayon məhkəməsində eyni iddianı qaldırmış, mülki qaydada işə baxan birinci, apelyasiya və Ali Məhkəmə isə iddianın İnzibati Məhkəməyə aid olması barədə qərar çıxarmışlar. Bakı İnzibati Məhkəməsi qərarda qeyd edir ki, hazırkı mübahisənin inzibati məhkəmədə baxılmalı olmasına dair Ali Məhkəmənin qərarı olsa da Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının mümkünsüzlüklə bağlı qanuni qüvvəyə minmiş qərardadı vardır və hazırda bu mübahisəyə yenidən İnzibati Məhkəmədə baxılması mümkünsüzdür. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı inzibati orqan Təhsil Nazirliyi tərəfindən ona münasibətdə əmək haqqının ödənilməməsi, maddi və mənəvi ziyanın dəyməsi ilə nəticələnən hərəkətlərə görə müvafiq kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, ərizənin məzmunundan göründüyü kimi iddiaçının iddia tələbi iki hissədən ibarətdir: 1. Məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi; 2. Maddi və mənəvi ziyanının ödənilməsidir. Tələbin birinci hissəsinin mümkünsüzlüyü ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı bir neçə dəfə Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəmələrə müraciət etmişdir. İlkin olaraq iddiaçı işə faktiki bərpa edilməklə əmək haqqı alacağı tarixədək olan müddət üçün əmək haqqının ödənilməsi ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsi iddiaçının bu tələbinə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə deyil, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmasını bildirmiş və iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Məhkəmə bu mövqeyə gələrkən iddiaçının “Dövlət qulluğu haqqında” Qanuna görə dövlət qulluqçusu hesab edilmədiyinə, hazırda bərpa olunduğu direktor-müəllim vəzifəsinin inzibati və yardımçı vəzifələrinin təsnifatında nəzərdə tutulmadığına əsaslanmışdır. Bundan sonra iddiaçı həmin qərardaddan şikayət vermiş və Gəncə Apellyasiya Məhkəməsinin qərardadı ilə Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi hazırda irəli sürülən iddia tələbi ilə bağlı digər bir inzibati məhkəmə hüquqi mövqe nümayiş etdirərək həmin iddianın inzibati icraat qaydasında baxılmalı olmaması barədə yekun məhkəmə aktı qəbul etmişdir ki, həmin yekun məhkəmə aktı yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə tələblə əlaqədar ləğv edilməmiş məhkəmə qərarları mövcuddur ki, həmin qərarların ləğv edilmədiyi müddətdə həmin məsələyə yenidən inzibati icraat çərçivəsində başqa inzibati məhkəmədə baxılmasını məhkəmə yolverilməz hesab edir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, mülki iş üzrə işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin mübahisəyə dair işin inzibati məhkəmədə baxılmalı olmasına dair mövqeyi də işin hazırkı vəziyyətdə Bakı İnzibati Məhkəməsində baxılmasını mümkünsüz edən şəraiti aradan qaldırmır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı hazırki iddia ilə eyni məzmunda ümumi məhkəməyə müraciət etmiş, ümumi məhkəmə tərəfindən iddiaçının tələbinə mahiyyəti üzrə qiymət verilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. Sözügedən məhkəmə qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinin əsasında duran hal odur ki, tərəflər arasında yaranmış bu mübahisəyə baxılması inzibati məhkəmənin səlahiyyətindədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçının “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” ilə bağlı irəli sürdüyü tələbə dair məhkəmələr arasında inzibati və ya mülki məhkəmə icraatı qaydasında baxılması ilə əlaqədar müxtəlif mövqelər qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, hər iki icraat qaydasında işə baxıla bilməməsi ilə bağlı ləğv edilməmiş məhkəmə qərarlarının mövcudluğu iddiaçının hüquq müdafiə vasitələrinin tükənməsi mənasına gəlmir, nə qədər ki, Gəncə Apellyasiya Məhkəməsinin iddianın göstərilən hissədə baxılmasının inzibati icraat qaydasında yolverilməzliyi ilə bağlı yekun məhkəmə aktı mövcuddur, həmin qərarın qanuniliyinə qiymət verilmədən işə Bakı İnzibati Məhkəməsində baxılması yol verilməzdir. Bu səbəbdən məhkəmə məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddianı Məcəllənin 78-ci maddəsinə əsasən uyğun olaraq mümkün saymamışdır. İddia tələbinin ikinci hissəsinə münasibətdə birinci instansiya məhkəməsi bildirmişdir ki, hazırkı iddia həmin hissədə (maddi və mənəvi zərərin ödənilməsi) növ etibarı ilə AR İPMnin 2.2.7-ci maddəsində göstərilən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia hesab edilir. Məhkəmə hesab etmişdir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilir ki, qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmişdir. Həmcinin məhkəmə bununla bağlı hesab etmişdir ki, həmin tələb üzrə müraciətlə bağlı şərt yerinə yetirilsə belə iddia birinci hissədə məhkəmə tərəfindən mümkünsüz sayıldığından əsas tələbə münasibətdə əlavə tələb kimi vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə iddianın da hazırkı mərhələdə baxılması mümkünlük şərtlərini ödəməyəcəkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.” Beləliklə, birinci instansiya məhkəməsi xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etdiyindən iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının qeyri-mümkün hesab olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2-1(112)-1981/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar