Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2265/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə. Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “yaşayış sahəsinin rekonstruksiya işləri aparılmadan qeyriyaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-949/2025 saylı, 11 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, imtinanın qanunsuz hesab edilməsi və Arif Heydərov küçəsi, ev 8, mənzil 4 ünvanında yerləşən mənzil sahəsini yaşayışdan qeyri-yaşayış sahəsinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Arif Heydərov küçəsi, ev 8, mənzil 4 10 may 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən alınmışdır. Həmin ünvandakı mənzil onun xüsusi mülkiyyətindədir. xx.xx.2023cü il tarixdə Nərimanov RİH-ə tərəfindən yuxarıda qeyd olunan ünvanda yerləşən mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müraciət olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş və bildirmişdir ki, iddiaçının müraciətinə əsasən sözügedən sahəyə yerində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Cavabdehin razılığı olmadan tərəfindən mənzildə yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış, küçədən mənzilə əlavə giriş qapısı açılmış və hal-hazırda obyekt kimi fəaliyyət göstərməkdədir. Qeyd olunanlara əsasən, yenidənqurma və yenidən planlaşdırma işləri nəticəsində mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanıqlığının texniki və sanitar normalara uyğunluğu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin rəyinin təqdim edilməsi zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-949/2025 saylı, 11 fevral 2025-ci il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanının rekonstruksiya aparılmadan qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mənzildə aparılmış yenidənqurma işləri Cavabdeh ilə razılaşdırılmadan həyata keçirildiyinə, eyni zamanda RİH-ə təqdim olunmuş texniki pasportda əks olunmadığına görə özbaşına aparılmış hesab olunur. Bu səbəbdən yenidənqurma və yenidən planlaşdırma işləri nəticəsində mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanıqlığının texniki və sanitar normalara uyğunluğu barədə müvafiq rəyin alınması zərurəti yaranmışdır. Sərəncamın verilməsi tələbi cavabdeh tərəfindən yerinə yetirilməsi mümkünsüz hesab olunur, həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq, iddiaçıya mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-949/2025 saylı qərarının 5-ci səhifəsinin 5-ci abzasında qeyd olunmuşdur ki, “Məhkəmə, cavabdehin imtina səbəbinə münasibətdə qeyd edir ki, cavabdeh, iddiaçının istifadəsində olan əmlakın texniki normativlərə uyğun olmadığını yalnız küçəyə açılmış qapının təhlükəli olmasına istinad edərək irəli sürmüşdür. Lakin, məhkəmə araşdırması zamanı təqdim olunan MKİS arayışı və mərtəbəli plan əsasında müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən xüsusi mülkiyyətində olan mənzilə hər hansı dəyişiklik, yenidən planlaşdırma və ya rekonstruksiya işləri həyata keçirilməmiş və mənzil əvvəldən özünə məxsus olan plana uyğun olaraq ayrıca bir girişə malikdir”. Halbuki, cavabdeh tərəfindən təqdim olunan etiraz ərizəsində sözügedən mənzildə yenidənqurma və yenidən planlaşdırma işləri nəticəsində mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanıqlığının texniki və sanitar normalara uyğunluğu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin rəyinin təqdim edilməsi zərurətinin yarandığı qeyd olunmuşdur. FHN Tikintidə X3 Agentliyinin xx.xx.2024cü il tarixli, 3-18-2/2- 8205/2024 nömrəli məktubuna əsasən Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertiza tədqiqatının aparılması üçün Agentlik tərəfindən hazırda hər hansı mütəxəssisin ayrılması imkanları xaricində olduğu qeyd olunmuşdur. Lakin məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, əlavə mütəxəssis və ya ekspert rəyinə ehtiyac duymayaraq yalnız məhkəmə baxışı və təqdim olunan MKİS arayışı və mərtəbəli planına əsasən, mənzildə hər hansı dəyişiklik, yenidən planlaşdırma və ya rekonstruksiya işləri həyata keçirilmədiyi və mənzilin əvvəldən özünə məxsus olan plana uyğun olaraq ayrıca bir girişə malik olduğunu səhvən müəyyən etmişdir. Bundan əlavə, 38 saylı MKİS-in verdiyi arayışın məzmununa nəzər yetirsək, mənzilin iddiaçıya məxsus olması və hal-hazırda, yəni mənzilə baxış keçirilən zaman əsaslı təmir işlərinin aparılması və əlavə tikinti işlərinin aparılması aşkar olunmadığı qeyd olunmuşdur. Daha əvvəl Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrində "tikinti işləri" ilə əlaqədar qeyd olunan əsas anlayışlara nəzər yetirsək "Əlavə tikinti işlərinin aparılmaması" sözügedən mənzildə yenidənqurma və ya yenidən planlaşdırma işlərinin aparılmadığını təsdiq etmir. Bununla da, Bakı İnzibati Məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilməmiş, İddiaçı mülkiyyətində olan mənzilin 1932-ci ildə tikildiyini nəzərə alaraq yükdaşıyan konstruksiyalarının dayanaqlılıq və möhkəmliyini müəyyən edilməmişdir. Sadəcə olaraq iddia ərizəsində göstərilmiş iddia tələbi təsdiq edilmişdir. Hesab olunur ki, iş üzrə müvafiq ekspertiza təyin edilməli və ya mütəxəssis cəlb olunmalı, ekspert və ya mütəxəssis tərəfindən aydın şəkildə mənzilin yükdaşıyan konstruktiv elementlərinin dayanaqlığının texniki və sanitar normalara uyğunluğuna dair müvafiq rəy verilməlidir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 88, 217.1, 217.4, 218.1 və digər maddələrinin tələblərini nəzərə almadan kobud prosessual hüquq pozuntularına yol verərək, işdə olan sübutlara, o cümlədən cavabdehin məhkəməyə təqdim etdiyi sübutlara qeyri-obyektiv, qərəzli, ədalətsiz qiymət verməklə, sübutları ümumiyyətlə görməzdən gələrək qanunsuz və əsassız qərar çıxarmış və hər vəhşlə (ədalət mühakiməsini nüfuzdan salmaq və s.) iddiaçının iddia tələbinin təmin olunması ilə bağlı mövqeyini əsaslandırmağa cəhd göstərmişdir. Birinci instansiya məhkəməsinin öz qərarında mövqeyini əsaslandırmaq üçün göstərdiyi dəlillərin əksəriyyəti iddiaçının iddia ərizəsində də əks olunduğu üçün həmin dəlillərin əsassız olması ilə bağlı konkret sübutlara əsaslanan mövqe birinci instansiya məhkəməsinə Nərimanov RİH tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur. Belə olduğu təqdirdə məhkəmə tərəfindən iş materiallarında olan sübutlara obyektiv şəkildə baxılmadığından iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, aşkar ziddiyyətli məqamların müəyyən edilməməsi sonda qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Bununla da, məhkəmə təqdim olunmuş sənədləri tədqiq etməmiş, təqdim olunmalı olan sənədləri (çatışmayan sənədləri) ümumiyyətlə araşdırmamış və iddia əizəsində yanlış olan arqumentlərə istinad edərək səhv nəticəyə gəlmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan; - xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X6 ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı İddiaçı satmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanı üzərində İddiaçı mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - 38 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Arif Heydərov küçəsi, ev 8, mənzil 4 ünvanı xx.xx.2023-cü il tarixində köhnə mənzil sahibi X6 ilə alqı-satqı yolu ilə bağlanmış müqaviləyə əsasən həmin mənzil İddiaçı məxsusdur. Hal-hazırda həmin mənzildə yaşayış yoxdur, mənzildə əsaslı təmir işləri aparılır. Mənzilə baxış keçirilən zamanı əlavə tikinti işlərinin aparılması aşkar olunmadı. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, yerində baxış zamanı təyinatı dəyişdirilmiş sahədən küçəyə açılmış qapının təhlükəli olması, sahədən istifadənin yaşayış və qeyri-yaşayış sahələri üçün qanunvericilikdə müəyyən olunmuş texniki norma və qaydalara uyğun olmadığı müəyyən edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********06 nömrəli sorğuya cavab məktubuna əsasən ünvan 3 xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2016-cı il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. - FHN Tikintidə X3 Agentliyinin xx.xx.2024-cü il tarixli, 3- 18-2/2-8205/2024 nömrəli məktubuna əsasən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə, verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə Respublikanın bütün ərazisi üzrə müxtəlif vaxtlarda inşa olunmuş qeyriyaşayış binalarının sənədləşdirilməsi ilə bağlı müraciətlərin qəbul edilməsi, həmin binalarda yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından müayinə işlərinin aparılması, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəylərin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi tapşırılmışdır. Həmin işlərin çox böyük həcmli olduğunu, ölkənin müxtəlif şəhər və rayonların ərazisini əhatə etdiyini, bu tədbirlərin həyata keçirilməsi birbaşa Tikintidə X3 Agentliyinə tapşırıldığını və Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertiza tədqiqatının aparılması üçün tərəflərindən hazırda hər hansı mütəxəssisin ayrılması imkanları xaricindədir. Beləliklə işdən müəyyən olunur ki, iddiaçının tələbi Bakı şəhəri, Arif Heydərov küçəsi, ev 8, 4 nömrəli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş və ona istinad edilmişdir ki, cavabdeh iddiaçının istifadəsində olan əmlakın texniki normativlərə uyğun olmadığını yalnız küçəyə açılmış qapının təhlükəli olmasına istinad edərək irəli sürmüşdür. Lakin, məhkəmə araşdırması zamanı təqdim olunan MKİS arayışı və mərtəbəli plan əsasında müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən xüsusi mülkiyyətində olan mənzilə hər hansı dəyişiklik, yenidən planlaşdırma və ya rekonstruksiya işləri həyata keçirilməmiş və mənzil əvvəldən özünə məxsus olan plana uyğun olaraq ayrıca bir girişə malikdir. Eyni zamanda, cavabdeh küçəyə açılan həmin qapının təhlükəli olduğunu iddia etsə də, bu təhlükənin hansı xüsusiyyətlərə malik olduğunu və konkret olaraq hansı hallarda bu təhlükənin yaranacağını dəqiq şəkildə əsaslandıra bilməmişdir. Əlavə olaraq, mübahisə predmetini təşkil edən əmlakla qonşuluqda yerləşən digər əmlakların qeyri-yaşayış sahəsi olaraq təyinatlandırıldığı nəzərə alındıqda, cavabdeh iddiaçının qeyri-yaşayış sahəsinə keçirməyə çalışdığı əmlakın istifadəsinə dair hər hansı məhdudiyyət və ya hüquqi əngəl mövcudluğunu da əsaslandıra bilməmişdir. Məhkəmə, ümumilikdə cavabdehin iddiaçının müraciətini təmin edilməməsinin heç bir hüquqi əsasının olmadığını və iddiaçının tələbinin qanuni və texniki baxımdan məqbul olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. - 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. - 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyriyaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. - 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. - 20.5-ci maddəsinə əsasən mülkiyyətçi tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin İİİ fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur. - 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. - 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. - 21.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. - 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. - 21.6-cı maddəsinə əsasən keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. - 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlili odur ki, sözügedən sahəyə yerində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Cavabdehin razılığı olmadan tərəfindən mənzildə yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış, küçədən mənzilə əlavə giriş qapısı açılmış və hal-hazırda obyekt kimi fəaliyyət göstərməkdədir. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 19 noyabr 2025-ci il tarixli, 10/6303 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Arif Heydərov küçəsində yerləşən 8 saylı evin, 4 nömrəli mənzilinin məhəllə tərəfdən eni təqribən 1.5 metr artırıldığı və sahələri 5.0 kv.metr, 4.0 kv.metr və 3.0 kv.metr olan tikililərin xx.xx.2023-cü il tarixli texniki pasportda öz əksini tapmadığı müəyyən edilmişdir (rəyin tədqiqat hissəsindəki plan-sxemdə ətraflı göstərilmişdir). Bakı şəhəri, Arif Heydərov küçəsində yerləşən 8 saylı evin 4 saylı mənzilinə giriş-çıxış üçün yaşayış binasının həyətyanı sahəsinə tərəf açılan yalnız bir ədəd qapı olduğunu, eləcə də küçə tərəfə baxan 2 ədəd pəncərə boşluğunun olduğunu, həmin hissədə hər hansı qapı olmadğını nəzərə alaraq, küçə istiqamətində hər hansı əlavə giriş qapısının (qapı oyuğu) açılmadığı müəyyən edilmişdir. (rəyin tədqiqat hissəsindəki fotolarda ətraflı göstərilmişdir) “X5” MMC tərəfindən təqdim edilmiş 237 nömrəli, 29 iyul 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilir ki, aparılan tədqiqatlara əsasən, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 8 ünvanında yerləşən 4 saylı mənzilə yerində baxış zamanı mənzildən küçəyə əlavə qapı açılmadığı və ya hər hansı bir qanunsuz konstruktiv dəyişiklik aparılmadığı müəyyən edilmişdir. Mövcud giriş qapısı layihədə nəzərdə tutulmuş əsas girişdir və əlavə qapı kimi qiymətləndirilə bilməz. Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 8 ünvanında yerləşən 4 saylı mənzilin təyinatı üzrə qeyriyaşayış sahəsi kimi istifadəsi Mənzil Məcəlləsinin “Yaşayış sahəsinin qeyri- yaşayış sahəsinə keçirilməsi” qaydalarından irəli gələn tələblərə uyğundur. Bu onunla izah olunur ki: - 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündür və binanın həyətyanı sahəsinə giriş-çıxış qapısı vardır. - Sözügedən sahə mənzilin tərkib hissəsi kimi deyil, ayrıca qeyri-yaşayış sahəsi kimi istifadəsi nəzərdə tutulub. - Həmin sahə xüsusi mülkiyyətdədir. - 20.3. Mübahisəli sahə binanın birinci mərtəbəsində yerləşir. - 20.4 Sözügedən sahə **********14-05101-093005 reyestr nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyətindədir. Yerində aparılmış baxış və müvafiq texniki sənədlərlə müqayisəli təhlil əsasında müəyyən edilmişdir ki, mənzildə tikinti norma və qaydalarının tələblərinə zidd hər hansı əsaslı konstruktiv dəyişikliklər həyata keçirilməmişdir. Aparılmış müqayisəli təhlil nəticəsində, mənzilin ümumi sahəsi üzrə əsas plan göstəricilərinin real vəziyyətlə əsasən üst-üstə düşdüyü müəyyən edilmişdir. Beləliklə, ümumi qiymətləndirməyə əsasən, mənzildə tikinti norma və qaydalarının tələblərinə zidd ciddi konstruktiv dəyişikliklərin aparılmadığı qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş rəylərdən də göründüyü kimi iddiaçı tərəfindən mənzildə hər hansı yenidənqurma və yenidənplanlaşdırma işləri aparılmamışdır. Mübahisə predmeti olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin Mənzil Məcəlləsinin tələblərinə və norma qaydalarına uyğun olduğu müəyyən edilmişdir. Ekspertiza rəyindən görünür ki, sahələri 5.0 kv.metr, 4.0 kv.metr və 3.0 kv.metr olan əlavə tikililər mövcud olsa da, küçə istiqamətində hər hansı əlavə giriş qapısının (qapı oyuğu) açılmadığı müəyyən edilmişdir. Hazırkı halda həm Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 19 noyabr 2025-ci il tarixli, 3-16-16/2-10/5580/2025 nömrəli ekspert rəyində, həm də “X5” MMC tərəfindən təqdim edilmiş 237 nömrəli, 29 iyul 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilənlərin əksini sübut edəcək mötəbər sübutlar cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Mövcud qanunvericilik yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsindən imtinaya yalnız 3 halda yol verir ki, həmin halların hazırkı iş üzrə mövcudluğu öz təsdiqini tapmamışdır. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina haqqında qərar Mənzil Məcəlləsinin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalı olsa da, cavabdeh tərəfindən belə əsaslandırma aparılmamış, iddiaçı tərəfindən konkret olaraq hansı pozuntuya yol verilməsi qeyd edilməmişdir. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı ekspertizanın keçirilməsi ilə bağlı 100 (bir yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri cavabdeh Bakı şəhəri Cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-949/2025 saylı, 11 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı ekspertizanın keçirilməsi ilə bağlı 100 (bir yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri cavabdeh Bakı şəhəri Cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Günel Sevdimalıyeva Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2265/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2265/2025
13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver