Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2266/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “adın dəyişdirilməsi və sair” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11555/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli, 13/2023 saylı qərarının ləğv edilməsini və övladları xx.xx.2016-cı il təvəllüdlü X2 adının dəyişdirilərək “Abdulla”, yəni X1 göstərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsində qeyd edilmişdir ki, o, və həyat yoldaşı İddiaçı2 xx.xx.2023-cü il tarixdə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik Komissiyasına müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü övladları X2 adının “Abdulla" adına dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Lakin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik Komissiyası tərəfindən övladları X2 adının dəyişdirilməsinə dair xx.xx.2023-cü il tarixli, 5-10/1-Ə-98-164/2023 saylı ərizəyə baxılmış və Komissiyanın xx.xx.2023-cü il tarixli, 13/2023 saylı qərarı ilə xx.xx.2016-cı il təvəllüdlü X2 adı dəyişdirilmədən saxlanılmışdır. X6 doğulanda ona “Abdulla" adını qoymaq istəmişlər, lakin “ASAN xidmət" mərkəzində olarkən qanunvericilikdə uşağa həmin adın qoyulmasına icazə verilmədiyi deyildiyi üçün oğlunun adını “Yusif’ olaraq yazdırmışlar. Buna baxmayaraq, evdə uşağa “Abdulla" olaraq müraciət etmişlər, uşaq da özünü “Abdulla” olaraq tanıyır və “Yusif” adını qəbul etmir. Övladının psixoloji gərginlik yaşamasını istəmirlər, belə ki, o, özünü “Abdulla” kimi tanıyır. İddiaçılar daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının əsl cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ilə əvəz edilməsini, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli, 13/2023 saylı qərarının ləğv edilməsi və xx.xx.2016-cı il təvəllüdlü X2 adının “Abdulla” adına dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, vətəndaşlar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixli 5-10/1-Ə- 98- 164/2023 saylı müraciətinə baxılmasının nəticəsi olaraq, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli 13/2023 saylı Qərarda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” nın 1.4-cü bəndinin tələbləri izah edilmişdir. Qərarda uşağın hal-hazırda daşıdığı “Yusif” adının müsbət mənası olan ad olması, uşağın mənafeyinə ziyan gətirməməsi, habelə cinsinə uyğun gəlməyən və ya gülünc ad olmaması və uşağın maraqlarına zidd olan digər hər hansı əsasların olmaması nəzərə alınaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 adının dəyişdirilməsinin məqsədəmüvafiq hesab edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 54.1-ci maddəsinin müddəalarına əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun mənafeyi baxımından adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları’nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11555/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2023-cü il tarixli, 13/2023 saylı qərarı ləğv edilmiş və xx.xx.2016cı il təvəllüdlü X2 adının “Abdulla” adına dəyişdirilməsinə icazə verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11555/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZ-İ №868249 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və Əlifova (nikahdan sonra Əliməmmədova) Nərgiz Rizvan qızı 19 iyul 2013-cü ildə nikah bağlamışlar. - AZ-İİİ №850644 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı1, anası İddiaçı2dır. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2023.2021-ci il tarixli 13/2023 saylı Qərarından görünür ki, yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X2 adı dəyişdirilmədən saxlanılmışdır. Qərar bununla əsaslandırılmışdır ki, uşağın daşıdığı adın onun mənafeyinə ziyan gətirməməsi və 18 yaşına çatdıqdan sonra uşağın öz adını dəyişmək hüququunun olması, habelə cinsinə uyğun gəlməyən və ya gülünc ad olmaması və uşağın maraqlarına zidd olan digər hər hansı əsasların olmaması nəzərə alınaraq xx.xx.2016-cı il təvəllüdlü X2 adının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmədi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, AR Ailə Məcəlləsinin: 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. 54.3. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Qanunvericilik normalarından göründüyü kimi uşağın adının 18 yaşına çatana qədər dəyişdirilməsinə icazə verilməsi üçün iki əsas meyar müəyyən etmişdir:
1. valideynlərin birgə xahişi;
2. uşağın mənafeyinin nəzərə alınması. Hazırkı iş üzrə uşağın adının dəyişdirilməsi üçün valideynlərin birgə razılığının olması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası uşağın mənafeyi ilə bağlı qeyd edir ki, Konstitusiyanın 32-ci maddəsinin İİ hissəsinə əsasən, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Beləliklə, o, ilk növbədə dövlətin neqativ öhdəliyi kimi ifadə olunur. Lakin burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna edilmir. Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Qeyd etmək lazımdır ki, ad təkcə şəxsin fərdiləşdirilməsi və eyniləşdirilməsi məqsədlərinə xidmət etmir, eyni zamanda onun sosiallaşmasına, yəni cəmiyyətə inteqrasiya olunmasına istiqamətlənmişdir. Nəzərə almaq lazımdır ki, müvafiq şəxsi addan təkcə onun sahibi tərəfindən deyil, həm də yaşadığı ictimai mühitdə digərləri tərəfindən geniş istifadə olunur. Buna görə də, şəxs adları ilə bağlı məsələlər, cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarının müdafiəsi baxımından da nizamlanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X9rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X3rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıb-aşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8-ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (X5rşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar,§76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64-69). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019-cu il 25 iyun tarixli Qərar, § 47) (bax: “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərarı) Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik uşağın mənafeyinin həm ad qoyulması, həm də adın dəyişdirilməsi zamanı nəzərə alınmasının müəyyən etmişdir. Yəni inzibati orqan uşağın adının dəyişdirilməsi barədə ərizəyə baxarkən də yeni adın onun mənafeyinə uyğun olub olmamasını qiymətlənirməli, bu zaman şəxsin hüquqlarına müdaxiləni yuxarıda qeyd olunan askpekdə, yəni çəkişən maraqların mütənasibliyi baxımından dəyərləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçılara imtina cavabı verərkən uşağın hazırkı adının onun mənafeyinə uyğun olduğuna istinad etsə də, adının dəyişdirilməsinin və verilən yeni adın onun mənafeyinə zərər yetirib yetirməməsini qiymətləndirməmiş, formal olaraq iddiaçıların bu hüququnun məhdudlaşdırılmasına gətirib çıxaran qərar qəbul etmişdir Baxmayaraq ki, iddiaçılar ərizələrində doğulduğu anda uşağa “Abdulla" olaraq müraciət etdiklərini, uşağın özünü “Abdulla” olaraq tanıdığını və “Yusif” adını qəbul etmədiyini bildirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, dəyişdirilməsi xahiş edilən “Abdulla” adı uşağın mənafeyinə xələl gətirə biləcək ad deyil, həmçinin onun cinsinə uyğun gəlməyən və ya gülünc ad deyildir. Belə olan halda aydındır ki, hazırkı halda həmin adla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə nəzərdə tutulan məhdudliyyətlər mövcud deyil. Həmçinin həmin adın digər əsaslara görə uşağın mənafeyinə uyğun olmaması, həmin adın verilməsi ilə cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarına müdaxilə edilməsi işin halları ilə müəyyən edilmir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11555/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11555/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.