Məhkəmə qərarları › İş №2-1(103)-2267/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2267/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2267/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bilgəh Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “hüquqların dövlət qeydiyyatına alınaraq reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı keçirilmədən yazılı qaydada baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 4 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, X1 ərazisi, Mir Cəlal küçəsi döngə 2, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,303 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-694/2022 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra, məhkəmə tərəfindən 2-1(112)- 5639/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan sonra, xx.xx.2022-ci il tarixində əvəz olunmuş həmin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə ünvanlanmış yazılı etirazında bildirmişdir ki, birincisi, iddia tələbi ilə bağlı iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamış, ikincisi, sözügedən daşınmaz əmlaka xx.xx.2022-ci il tarixdə yerində aparılmış müayinə (baxış) zamanı və elektron kadaastr baza məlumatlarəna əsasən ərazinin Abşeron İnzibati ərazi vahidinin sərhədləri daxilində yerləşir və X1 əraziləridir. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair dövlət reystrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. 1 saylı Bakı Ərazi İdarəsinin bu etirazından sonra, Bakı İnzibati Məhkəməsi 2-1(112)- 5639/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş materialları, ərazi aidiyyəti ilə bağlı fikir ayrılığının həll edilməsi məqsədilə, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının tələbindən göründüyü kimi, iddiaçı Abşeron rayonu, X1 ərazisi, Mir Cəlal küçəsi döngə 2, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,303 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Birincisi, həmin torpaq sahəsinin yerləşdiyi X1 ərazisinin Abşeron rayonuna aid olduğu, elə adıçəkilən ünvanın özündən bəllidir. İkincisi, işdən görünür ki, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeyd alınması barədə müraciətinə baxılarkən, 4 saylı Abşeron Ərazi İdarəsi özünü səlahiyyətli hesab edərək, torpağın ayrılmasına dair bələdiyyə qərarına dair alqısatqı aktının, AR DTXK-nin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəylərinin ərizəyə əlavə edilmədiyini əsas gətirərək imtina cavabı vermişdir. İş materiallarından da görünür ki, mübahisəli torpaq sahəsinin və onun üzərindəki tikilinin (fərdi yaşayış evinin) planı da Abşeron RDTİ və MHQİ tərəfindən tərtib olunmuş və xx.xx.2014-cü il tarixində isə fərdi yaşayış evinə dair 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” haqqında Qanunun 13.7-ci maddəsindən də görünür ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Qanunun qeyd olunan tələbi baxımından da, X1 ərazisində yerləşən fərdi yaşayı evinə dair qeydiyyat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən aparıldığı halda, eyni ünvanda yerləşən torpaq sahəsinin də birlikdə qeydiyyatı həmin Xidmətin Abşeron rayonunda yerləşən sözügedən qurumu tərəfindən aparılmalıdır. Çünki, qeyd edildiyi kimi torpaq sahəsi X1 ərazisi Abşeron rayonu ərazisindədir. Məhz, həmin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin qeyd olunan etirazından da görünür ki, xx.xx.2022-ci il tarixdə yerində aparılmış müayinə (baxış) zamanı və elektron kadastr baza məlumatlarəna əsasən ərazinin torpaq sahəsinin Abşeron İnzibati ərazi vahidinin sərhədləri daxilində yerləşən X1 ərazisi olmaqla, həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair dövlət reystrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Beləliklə də qeyd olunanlar birmənalı olaraq onu deməyə əsas verir ki, X1 ərazisində yerləşən mübahisəli torpaq sahəsi Abşeron rayonu ərazisinə aidddir. İPM-in 8.1.1-ci maddəsindən isə görünür ki, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli 4 №-li qərarı ilə Abşeron rayonu ərazisi – Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Bakı İnzibati Məhkəməsi isə iş materialları hərtərəfli araşdırılmamış, mübahisənin ərazi aidiyyətini dəqiqləşdirmədən, Bakı İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadı ilə Abşeron rayonuna aid olduğu halda, səhvə yol verərək, iş üzrə əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsini, əsl olmayan cavabdehlə - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin PHŞ 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz etmiş, bununla da, prosessual qanunvericilyin ərazi aidiyyət qaydalarını pozmuşdur. Halbuki, İPM-in 8.2-ci maddəsinin tələbinə görə ərazi aidiyyəti onun səlahiyyətinə aid olub-olmamasını, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirməyə, zəruri hesab etdikdə isə, iş üzrə ərazi aidiyyətinin yuxarı məhkəmə instansiyası tərəfindən müəyyənləşdirilməsi üçün, həmin Məcəllənin 9.1-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərindən vaxtında istifadə etməli idi. Beləliklə qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin cavabdehin əsl cavabdehlə əvəz olunması barədə 2- 1(112)-5639/2022 saylı xx.xx.2022-ci tarixli qərardadı ləğv edilməli və iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və İPM-in 8-9 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5639/2022 saylı xx.xx.2022-ci tarixli qərardadı ləğv edilsin. İş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar