Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2267/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “Bakı şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********15704 nömrəli qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-535/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “Bakı şəhər X1 Rayonlararası Bölməsi” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********15704 nömrəli qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təsərrüfat hesablı müəssisədir və o dövrdə olan ağır pandemiya şəraitində və maliyyə böhranı olması ilə əlaqədar bu qərar öhdəliklərin yerinə yetirilməsinə maneədir. Cavabdeh qurum tərəfindən xərclərə yönəlmiş qeyri-ciddi hesab olunan alış sənədləri və mütəmadi sərəncamlarla bağlı dövlət qurumu olaraq vəsaitin nağdlaşdırılmasına yönəlmiş əməliyyatlar mübahisə mövzusudur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4-cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. Bildirilir ki, Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.7-ci bəndinə əsasən vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin edən orqandır. Bundan başqa, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145283 saylı qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticələrinə dair xx.xx.2021-ci il tarixli **********145316 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmiş və cəmiyyətin direktoru aktın bir nüsxəsini imzalamaqla qəbul etmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2021-ci il tarixli **********150704 nömrəli “Vergi ödəyicisinin və ya sıgortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılmış və xx.xx.2021-ci il tarixli **********606500 nömrəli “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Cəmiyyətin elektron poçt ünvanına xx.xx.2021-ci il tarixli **********460500 nömrəli məktubla göndərilmişdir. Yoxlama ilə əhatə edilən dövr üzrə iddiaçı dezinfeksiya fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlamanın gedişatında iddiaçı xx.xx.2021-ci il tarixli **********145317 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi üçün sənədlərin təqdim olunması haqqında” Tələbnamə və xx.xx.2021-ci il tarixli **********146182 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" qərar çıxarılmışdır. İddiaçı tərəfindən sənədlər qismən təqdim edilmişdir. Sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2021-ci il tarixli “Akt və sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli protokollar təqdim edilmişdir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədləri, o cümlədən xərc sənədləri qismən təqdim edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq edilərək mənfəət vergisi hesablanmışdır. 2018-ci il üzrə, 2019-cu il üzrə və 2020-ci il üzrə (18884,25+21152,83- 4435,08)= 35602,00 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. 2018-ci il üzrə əmlak vergisinin 1,27 manat azaldılması aşkar edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) təqdim edilmiş ilkin mühasibat sənədlərinə əsasən müqayisəli şəkildə yoxlanarkən müəssisə tərəfindən işçilərə ödənilməli əmək haqqları bank hesabından işçilərin plastik kart hesablarına ödənilərkən hesabatda göstərilən əmək haqqından çox əmək haqqı ödənildiyi müəyyən edilmişdir. Həmin əmək haqqı hesabata daxil edilərək əlavə olaraq muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hesablanmışdır. Nəticədə Vergi Məcəlləsinin 98.1-ci maddəsinin tələbləri pozularaq, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığortanın 61934,18 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 40037,08 manat azaldılma Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və ya vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. İddiaçı iddia tələbinin əsasları ilə bağlı bildirmişdir ki, “Bakı şəhər X1 Rayonlararası Bölməsi” MMC barəsində cavabdehin tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktda 2 istiqamət üzrə hesablama aparılması təklif olunmuş və onun əsasında mübahisələndirilən inzibati akt qəbul edilmişdir. Mənfəət vergisi üzrə: Aktın 1.1-ci bəndində qeyd olunduğu kimi, Cəmiyyət 2018 və 2019-cu illərdə mənfəət vergisi bəyannaməsini kassa metodu ilə, 2020ci ildə isə hesablama metodu ilə təqdim etmişdir. Aktın 2.1-ci bəndinə əsasən müəyyən olunur ki, 2018-ci ilin mənfəət vergisi üzrə 18884,25 manat, 2019-cu ilin mənfəət vergisi üzrə 21152,83 manat əlavə hesablama aparılmış, 2020-ci ilin mənfəət vergisi üzrə isə 4435,0 manat Cəmiyyət tərəfindən artıq hesablama aparılmışdır. Aktın 9-10-cu səhifələrindən göründüyü kimi, cavabdeh tərəfindən birbaşa Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə istinad olunaraq şərti rentabellik norması tətbiq olunmuş və real vergi öhdəliyini müəyyən etmək imkanı olduğu halda, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri gözlənilməmişdir. Belə ki, xərc sənədlərinin qismən təqdim edildiyi bildirilmiş, hansı sənədlərin təqdim edilmədiyi və ümumiyyətlə təqdim edilməli olan sənədlərin hansılardan ibarət olması göstərilməmiş, sənədlərin əldə olunması ilə bağlı hansı addımların atıldığı, Vergi Məcəlləsinin 43-cü maddəsinin tələblərinə əməl olunması ilə bağlı sənədləşmələrin aparıldığı qeyd olunmamışdır. Həmçinin, sənədlərin qismən olması halında niyə birbaşa şərti rentabellik norması tətbiq olunduğu, Vergi Məcəlləsinin 67.1.1- 67.1.9-cu maddələrində əks olunan əlaqəli məlumatlardan istifadə olunub-olunmaması, bu mümkün olmadıqda həmin Məcəllənin 67.3 və 67.4-cü maddələrinə əsasən analoji vergi ödəyicisinin məlumatlarından istifadə edilib-edilmədiyi barədə heç bir qeyd aktda əks olunmamışdır. Bütün bunlardan isə aydın olur ki, cavabdeh qeyd olunan normaların tələblərinə əməl etmədən birbaşa Məcəllənin 67.14-cü maddəsini tətbiq etmişdir. İddiaçının 2018-ci və 2019-cu illər üzrə xərc sənədləri tamlıqla qaydasında olmuşdur, lakin cavabdeh tərəfindən həmin sənədlərin bir qismi qəbul olunmadığı üçün qanunvericiliyin imperativ tələbləri pozulmaqla şərti rentabellik norması tətbiq olunaraq əlavə vergi yükü yaradılmışdır. Cəmiyyətin həmin dövrlər üzrə xərclərini təsdiq edən sənədlər təqdim olunmuşdur. Məhkəmə tərəfindən həmin sənədlər araşdırıldığı təqdirdə xərclərin tam olaraq sənədlə təsdiq olunduğu müəyyən ediləcəkdir. Həmçinin bildirilmişdir ki, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddəsində əks olunan əlaqəli məlumatlar, həmçinin Vergi Məcəlləsinin 67.3 və 67.4-cü maddəsinə əsasən analoji vergi ödəyicisinin məlumatları əsasında vergilərin hesablanması mümkün olmadığı halda şərti rentabellik norması tətbiq oluna bilər. Cavabdeh tərəfindən isə birbaşa Vergi Məcəlləsinin 67.14-cü maddəsi tətbiq olunmuşdur ki, bunun da qanunazidd olmasına dair bir neçə yekun məhkəmə aktı təqdim olunacaqdır. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (vahid bəyannamə) üzrə: Cavabdeh tərəfindən aparılan digər hesablama vahid bəyannamə üzrə 61934,18 manat məbləğində olmuşdur. Bununla bağlı yoxlama aktında olan qeyd (səh.14) yalnız ondan ibarətdir ki, müəssisə tərəfindən işçilərə ödənilməli əmək haqları bank hesabından işçilərin plastik kart hesablarına ödənilərkən hesabatda göstərilən əmək haqqından çox əmək haqqı ödənildiyi müəyyən edildi. Lakin hansı işçilərin kart hesabına hansı məbləğdə ödəniş olunduğu və hesablanan vergi məbləğinin hansı qaydada müəyyən olunduğuna dair aktda heç bir qeyd aparılmamışdır. Bu səbəbdən ilk növbədə cavabdeh inzibati orqan apardığı hesablamanı təsdiq edən sənədləri və hesablama qaydasını məhkəməyə təqdim etməlidir. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, mənfəət vergisinin hesablanmasının hüquqi əsasları Vergi Məcəlləsinin 104.1, 105.1, 108, 129, 130.1 və 130.2-ci maddələrində, habelə iddiaçının müvafiq mühasibatlıq sənədlərinin uçotunun aparılması vəzifəsi 16.1.3, 16.1.7 və 16.1.9-cu maddələrində müəyyən edilmişdir. Həmin müddəaların ümumiləşdirilmiş mənasına görə, vergi ödəyicisinin mənfəət vergisinin hesablanması üçün ilk olaraq onun mənfəəti müəyyən edilməlidir. Mənfəət isə gəlirdən çıxılan xərc arasındakı fərqdir. Beləliklə, mənfəət vergisinin hesablanması üçün zəruri olan şərtlər kimi gəlirlər və xərclərin dəqiq müəyyən edilməsidir. Bunun üçün isə vergi ödəyicisi müəyyən edilmiş qaydada mühasibatlıq sənədlərinin uçotunu düzgün aparmalıdır. Çünki onlara əsasən əldə etdiyi gəlirlər və onların əldə edilməsi ilə bağlı çəkdiyi xərclər hesablanmalıdır. Gəlirlərlə xərclər arasında fərq müsbət olduqda, ondan 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanmalıdır. Maddələrin tələbləri baxımından iddiaçının təqdim etdiyi bəyannamədə gəlirin məbləği mübahisə olunmamışdır. Mübahisəli hal xərc məbləğlərinin iddiaçının bəyannamədə göstərildiyi məbləğlərlə bağlıdır. İddiaçı hesab etmişdir ki, onun tərəfindən sənədlərin təqdim edilməsindən imtina edildiyi təqdirdə cavabdeh Vergi Məcəlləsinin 43.11-ci maddəsinin tələblərinə riayət etməli olduğu halda, bunu etməmişdir. Bu isə cavabdehə Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edilməklə əlaqəli məlumatlardan istifadə edilməklə vergilərin hesablanması üçün qanuni əsas olmamışdır. Bildirilir ki, Vergi Məcəlləsinin 42-ci maddəsi “Sənədlərin tələb edilməsi” adlandırılmaqla, aşağıdakı qaydaları müəyyən etmişdir: 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisınə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir; 42.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədıkdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır: 42.3-cü maddəsinə əsasən, (...) bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Bu maddələrin tələblərinin ümumiləşdirilmiş qaydasına görə ilk olaraq vergi ödəyicisindən sənədlərin təqdim edilməsi tələb olunur, sənədlər təqdim edilmədikdə bu barədə müvaviq akt tərtib edilməlidir. Akt tərtib edildikdən sonra müvafiq sənədlərin digər mənbələrdən əldə edilməsi imkanları təftiş olunmalıdır. Bu mənbələrdən də sənədlərin əldə edilməsi mümkün olmadıqda vergi orqanına aşağıdakılardan birinin və va hər ikisinin yerinə yetirilməsi hüququ verilmişdir: Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada vergiləri hesablamaq; həmin sənədlərin Vergi Məcəlləsinin 43-cü maddəsində müəyyən edilmiş qaydada götürülməsini həyata keçirmək. Bununla bağlı bildirilmişdir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlamasının aparılması ilə bağlı xx.xx.2021-ci il tarixli **********145317 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi üçün sənədlərin təqdim olunması haqqında” Tələbnamə və xx.xx.2021-ci il tarixli **********146182 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" qərar çıxarılmışdır. Lakin, iddiaçı tərəfindən sənədlər qismən təqdim edilmişdir ki, həmin sənədlər iş üzrə etiraza əlavə edilmişdir (məhkəmə materiallarında mövcuddur). Həmçinin, sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2021-ci il tarixli akt və sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli protokollar təqdim edilmişdir. Onu da qeyd etmək lazımdır ki, həmin sənədlər iddiaçı tərəfindən imzalanmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən tələbnamələrlə iddiaçıya ilkin mühasibatlıq sənədlərinin təqdim olunması təklif edilmiş, lakin həmin sənədlər tam təqdim edilməmişdir. Odur ki, cavabdeh orqan Vergi Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulan hərəkətləri yerinə yetirmişdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Habelə, bu Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Hazırkı halda vergi ödəyicisi mühasibat uçotunu lazımı qaydada aparmadığı üçün onun gəlirinə dair məlumatlar əlaqəli məlumatlar əsasında müəyyən edilmişdir. Bununla yanaşı, iddiaçının xərclərini qanunauyğun qaydada tərtib edilmiş sənədlərlə, eləcə də, həmin sənədlərin digər mənbələrdən əldə edilməsi mümkün olmamışdır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsassən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Səyyar vergi yoxlamasının aparılması üçün zəruri olan sənədləri, o cümlədən xərc sənədləri qismən təqdim edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq edilərək mənfəət vergisi hesablanmışdır. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) təqdim edilmiş ilkin mühasibat sənədlərinə əsasən müqayisəli şəkildə yoxlanarkən müəssisə tərəfindən işçilərə ödənilməli əmək haqqları bank hesabından işçilərin plastik kart hesablarına ödənilərkən hesabatda göstərilən əmək haqqından çox əmək haqqı ödənildiyi müəyyən edilmişdir. Həmin əmək haqqı hesabata daxil edilərək əlavə olaraq muzdlu işə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hesablanmışdır. Məlumat üçün bildirilir ki, iş üzrə yoxlama zamanı iddiaçının rəhbəri izahat verərək bildirmişdir ki, nağdlaşdırmaq məqsədi ilə işçilərə əlavə əmək haqqı məbləği hesablanmış və həmin məbləğlər onların kart hesablarına köçürülmüşdür. Nəticədə Vergi Məcəlləsinin 98.1-ci maddəsinin tələbləri pozularaq, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığortanın 61934,18 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta bəyannaməsi (hesabatı) yoxlanarkən göstərilən vergi məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındırılmış 61934,18 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 30967,09 manat, məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən işsizlik sığortası (hesabatı) yoxlanarkən göstərilən vergi məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındırılmış 295,89 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 147,94 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əmlak vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 1,37 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 0,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.7-1.4.-cü maddəsinə əsasən qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin, yəni 10320,00 manat məbləğin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faiz, 1032,00 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Bundan başqa, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4-cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Göründüyü kimi vergi orqanı tərəfindən iddiaçı “Bakı şəhər X1 Rayonlararası Bölməsi” MMC-də keçirilən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərinə tam riayət olunmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraza təkrar əlavə təqdim edilərək bildirilmişdir ki, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) təqdim edilmiş ilkin mühasibat sənədlərinə əsasən müqayisəli şəkildə yoxlanarkən müəssisə tərəfindən işçilərə ödənilməli əmək haqqları bank hesabından işçilərin plastik kart hesablarına ödənilərkən hesabatda göstərilən əmək haqqından çox əmək haqqı ödənildiyi müəyyən edilmiş və həmin əmək haqqı hesabata daxil edilərək əlavə olaraq muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hesablanmışdır. Məlumat üçün bildirilir ki, iş üzrə yoxlama zamanı iddiaçının rəhbəri izahat verərək bildirmişdir ki, nağdlaşdırmaq məqsədi ilə işçilərə əlavə əmək haqqı məbləği hesablanmış və həmin məbləğlər onların kart hesablarına köçürülmüşdür. Nəticədə Vergi Məcəlləsinin 98.1-ci maddəsinin tələbləri pozularaq, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığortanın 61934,18 manat azaldılması müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, 61934,18 manat azaldılmış məbləğin yalnız 27775,00 manatı əlavə 55000,00 min manat əmək haqqının hesabata daxil edilməsi nəticəsində yaranmışdır. (61934,18 - 27775,00)=34159,18 manat azaldılmış məbləğin müəssisənin özü tərəfindən 2020-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) vergi orqanına təqdim edərkən özünün hesablamalarını səhv hesablaması nəticəsində yaranmışdır (bu barədə 2020-ci il üzrə əmək haqqı cədvəllərinin təsdiq edilmiş surətləri əlavə olunur). Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icabari tibbi sığorta bəyannaməsi (hesabatı) yoxlanarkən göstərilən vergi məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındırılmış 61934,18 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 30967,09 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən işsizlik sığortası (hesabatı) yoxlanarkən göstərilən vergi məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə, azaldılmış və ya yayındırılmış 295,89 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 147,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.7-1.4.-cü maddəsinə əsasən qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin, yəni 10320,00 manat məbləğin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faiz - 1032,00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. İddiaçı təqdim edilən etiraza əlavə üzrə yazılı mülahizə təqdim edərək bildirmişdir ki, yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilsə də, həmin maddəyə uyğun olaraq Cəmiyyətin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərini cavabdeh hansı mənbəyi bəlli məlumat əsasında əldə etdiyini nə yoxlamanın təyin edilməsi barədə qərarda, nə də səyyar vergi yoxlaması aktında əsaslandırmamışdır. Qeyd olunan hal dəfələrlə kassasiya instansiyasının qərarlarında pozuntu kimi qiymətləndirilərək qərarın ləğv olunmasının əsası kimi göstərilmişdir. Əlavə olunan AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1969/2022 saylı (sədrlik edən X.Məmmədov), xx.xx.2022-ci il tarixli 2-1(102)-669/2022 saylı (sədrlik edən S.Kərimov), xx.xx.2022-ci il tarixli 2-1(102)-1480/2022 saylı (sədrlik edən R.Nəbizadə), xx.xx.2022-ci il tarixli 2-1(102)-1255/2022 saylı (sədrlik edən N.Rəsulbəyova), xx.xx.2022-ci il tarixli 2- 1(102)-23/2022 saylı (sədrlik edən K.Bədəlov) qərarlarından göründüyü kimi, formalaşmış vahid məhkəmə təcrübəsi yoxlamanın təyin edilməsinin əsaslandırılmadığı hallarda bu formada həyata keçirilən inzibati icraatın qanunsuz olduğunu təsbit etmişdir. Cavabdeh isə hazırki yoxlamanı 2019-cu il üzrə kameral qaydada hesablamadan verilən şikayət təmin olunduqdan sonra qərəzli olaraq başlamışdır. Belə ki, əlavə olunan sənədlərdən göründüyü kimi, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası müraciəti təmin edərək kameral qaydada hesablamanı ləğv etmiş, xx.xx.2021-ci il tarixdə həmin qərarı təqdim etmiş, üzərindən qısa müddət sonra, xx.xx.2021-ci il tarixdə **********145283 nömrəli qərarla cavabdeh heç bir əsas olmadan səyyar vergi yoxlaması başlamışdır. Əlavə olaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına görə səyyar vergi yoxlaması 90 təqvim gününədək həyata keçirilə bilərdi. Lakin cavabdeh xx.xx.2021-ci il tarixdə başlanılan yoxlamanı (31 gün dayandırma müddəti və 31 gün aktın tərtibi müddəti istisna olmaqla) xx.xx.2021-ci il tarixdə başa çatdırmışdır ki, bu da 108 təqvim günü edir. Göründüyü kimi cavabdeh Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan pozuntu kassasiya instansiyası tərəfindən dəfələrlə yekun məhkəmə aktlarında əks olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, kassasiya instansiyasının vahid mövqeyinə görə əgər inzibati akt formalhüquqi baxımdan qüsurludursa (yəni inzibati orqan həmin inzibati aktı qəbul edənədək inzibati icraatın prinsip və qaydalarına əməl etməmişdirsə) həmin inzibati aktın mahiyyəti üzrə araşdırılmasına zərurət yoxdur və qüsurlu olduğundan inzibati akt hər bir halda ləğv olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-535/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia qismən təmin edilmiş, vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********150704 nömrəli qərarı 2018-ci il üçün mənfəət vergisi üzrə 18.884,25 manat və həmin məbləğə 9442,13 manat maliyyə sanksiyası, 2019-cu il üçün mənfəət vergisi üzrə 21152,83 manat və həmin məbləğə 10576,42 manat maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-535/2023 saylı qərarının iddianın təmin olunmayan hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********15704 nömrəli qərarının tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-535/2023 saylı qərarının iddianın təmin edilmiş hissədə ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə səyyar vergi yoxlamasının təyin olunmasına münasibətdə formalaşmış vahid məhkəmə təcrübəsini pozmuşdur. Belə ki, hazırki iş üzrə səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilsə də, həmin maddəyə uyğun olaraq Cəmiyyətin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri hansı mənbəyi bəlli məlumat əsasında əldə edildiyi nə yoxlamanın təyin edilməsi barədə qərarda, nə də səyyar vergi yoxlaması aktında, nə də inzibati aktda əsaslandırılmamışdır. Qeyd olunan hal dəfələrlə kassasiya instansiyasının qərarlarında pozuntu kimi qiymətləndirilərək qərarın ləğv olunmasının əsası kimi göstərilmişdir. Əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1969/2022 saylı (sədrlik edən X.Məmmədov), xx.xx.2022-ci il tarixli, 2-1(102)-669/2022 saylı (sədrlik edən S.Kərimov), xx.xx.2022-ci il tarixli, 2-1(102)-1480/2022 saylı (sədrlik edən R.Nəbizadə), xx.xx.2022-ci il tarixli, 2-1(102)-1255/2022 saylı (sədrlik edən N.Rəsulbəyova), xx.xx.2022-ci il tarixli, 2- 1(102)-23/2022 saylı (sədrlik edən K.Bədəlov) qərarlarından göründüyü kimi, formalaşmış vahid məhkəmə təcrübəsi yoxlamanın təyin edilməsinin əsaslandırılmadığı hallarda bu formada həyata keçirilən inzibati icraatın qanunsuz olduğunu təsbit etmişdir. Cavabdeh hazırki yoxlamanı 2019-cu il üzrə kameral qaydada mənfəət vergisi üzrə hesablamadan verilən şikayət təmin olunduqdan sonra xidməti məruzə əsasında qərəzli olaraq başlamışdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası müraciəti təmin edərək kameral qaydada hesablamanı ləğv etmiş, xx.xx.2021-ci il tarixdə həmin qərarı təqdim etmiş, üzərindən qısa müddət sonra cavabdehə xx.xx.2021-ci il tarixdə məktub ünvanlamış, xx.xx.2021-ci il tarixdə **********145283 nömrəli qərarla cavabdeh heç bir əsas olmadan səyyar vergi yoxlaması başlamışdır. Məhkəmə iddiaçının inzibati şikayətini təmin etmiş qurumun məktubunu yanlış istiqamətdə qiymətləndirərək guya yoxlamanın başlamasının əsası kimi qəbul etmişdir. Halbuki, inzibati şikayət üzrə sənədləri iddiaçı özü məhkəməyə təqdim etmişdir ki, cavabdehin qərəzli yanaşması müəyyən olunsun. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə növbədənkənar səyyar vergi yoxlamasının başlanması əsası olduqca konkretdir - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. Lakin İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının məktubunda iddiaçının göstərilən normaya uyğun olaraq gəlirlərinin gizlədilməsinə dair hər hansı mənbəyi bəlli məlumat əks olunmamışdır. Həmin məlumat əsasında yerli vergi orqanı özü araşdırma apararaq mənbəyi bəlli məlumatı müəyyən etməli və həmin halı aşkar etdikdən sonra onun əsasında yoxlama təyin edə bilərdi. İş materiallarından müəyyən olunur ki, cavabdeh bu istiqamətdə heç bir tədbir görmədən birbaşa növbədənkənar səyyar vergi yoxlaması təyin etmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına görə səyyar vergi yoxlaması 90 təqvim gününədək həyata keçirilə bilərdi. Lakin cavabdeh xx.xx.2021-ci il tarixdə başlanılan yoxlamanı (31 gün dayandırma müddəti və 31 gün aktın tərtibi müddəti istisna olmaqla) xx.xx.2021-ci il tarixdə başa çatdırmışdır ki, bu da 108 təqvim günü edir. Göründüyü kimi, cavabdeh Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan pozuntu kassasiya instansiyası tərəfindən dəfələrlə yekun məhkəmə aktlarında əks olunmuşdur (xx.xx.2022-ci il tarixli 2- 1(102)-2486/2022 saylı iş - sədrlik edən R.Nəbizadə). Cavabdeh həmçinin, xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinin ərazisinə baxış keçirərək **********145654 saylı protokol tərtib etsə də, həmin məlumatı yoxlamaların vahid məlumat reyestrinə daxil etməmişdir. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü və 3.4.9-cu bəndlərinə əsasən həmin məlumat reyestrə daxil edilməli idi. Bundan əlavə, xx.xx.2021-ci il tarixli qərarla yoxlama aktının tərtibi müddəti əsassız olaraq uzadılmışdır. Göründüyü kimi, yalnız iki hal aktın tərtibi müddətinin uzadılması üçün əsas ola bilər. Lakin cavabdeh qeyd olunan halların heç biri olmadığı halda aktın tərtibi müddətini uzatmış, məhkəmə isə qeyd olunan hala ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə cavabdehin yol verdiyi bu pozuntulara ümumiyyətlə münasibət bildirməmişdir. Kassasiya instansiyası məhkəməsinin vahid mövqeyinə görə əgər inzibati akt formal-hüquqi baxımdan qüsurludursa (yəni inzibati orqan həmin inzibati aktı qəbul edənədək inzibati icraatın prinsip və qaydalarına əməl etməmişdirsə) həmin inzibati aktın mahiyyəti üzrə araşdırılmasına zərurət yoxdur və qüsurlu olduğundan inzibati akt hər bir halda ləğv olunmalıdır. Cəmiyyətin rəhbəri X6 yoxlama zamanı ifadəsində bildirmişdir ki, müəssisənin bank hesabları bağlı olduğu üçün hesabdakı vəsaitin bir hissəsi özünün və bəzi işçilərin əmək haqqı kartlarına vurularaq nağdlaşdırılmış və sonra ona təqdim olunaraq lazım olan kimyəvi məhsullar alınmışdır. Bu barədə məhkəmə də qərarın 18-ci bəndində qeyd etmişdir. Göründüyü kimi, işin mübahisəsiz halıdır ki, həmin vəsaitlər işçilərin bank hesablarına əmək haqqı niyyəti ilə deyil, görülən işlərdə istifadə olunacaq məhsulların alınması məqsədilə köçürülmüşdür. Cavabdeh əmək haqqı olmayan vəsaitə görə gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı hesablamış, məhkəmə isə qeyd olunan məsələnin mahiyyətinə deyil, formal şəkildə kart hesabına vəsait daxil olmasına əmək haqqı kimi yanaşmışdır. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki, hesablama aparılarkən yalnız Cəmiyyətin rəhbəri X2 hesabına daxil olan vəsaitə vergi və sosial sığorta haqqı hesablanmışdır. Lakin cavabdeh hesabladığı rəqəmlərə uyğun olaraq bu məbləğləri əsaslandırmamış, məhkəmədən həmin rəqəmləri yazılı şəkildə təqdim etməsi dəfələrlə xahiş olunsa da, məhkəmə müvafiq məlumatın yazılı qaydada alınmasına səy göstərməmişdir. Əgər kart hesabına köçürülən vəsaitə görə aparılan hesablama əsaslı olsaydı belə, iddiaçıya heç bir halda maliyyə sanksiyası tətbiq oluna bilməzdi. Belə ki, Vergi Məcəlləsinin 37.6-cı maddəsinə görə, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Səyyar vergi yoxlaması aktından göründüyü kimi, iddiaçıya belə bir imkan yaradılmamışdır. Halbuki, əgər qeyd olunan halı vergi orqanı pozuntu kimi görürdüsə, bank hesabından çıxarış əldə etməklə kameral vergi yoxlaması ilə müəyyən etmək imkanına malik idi. Mübahisələndirilən qərar üzrə keçirilən səyyar vergi yoxlaması mənbəyi bəlli məlumat olmadan başlamış, yoxlama Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq 90 gün müddətdən artıq aparılmış, həmin maddədə əks olunan əsaslar olmadan aktın tərtibi müddəti uzadılmış, obyektə baxış keçirilməsi reyestrə daxil edilməmiş, həmçinin, kimyəvi məhsulların alınmasına xərclənən vəsaitə əmək haqqı kimi yanaşılmış, qərar üzrə hesablanmış gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı məbləğinin rəqəmlərlə açıqlaması verilməmiş və Vergi Məcəlləsinin 37.6-cı maddəsinin tələbləri gözlənilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verərək həmin şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh aşağıda qeyd olunan səbəblərə görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-535/2023 saylı xx.xx.2023-cü il tarixli qərarını, iddianın təmin edilmiş hissəsində əsassız və qanunsuz hesab edir. Belə ki, məhkəmə qərarında cavabdeh inzibati orqanın muzdlu işlə ələqadar ödəmə mənbəyində verginin hesablanması qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyini qeyd etmişdir. Odur ki, qərarın o hissəsi ilə bağlı xüsusi bir açıqlama verilməsini zəruri hesab etmirlər. Qərarın digər təmin edilmiş hissəsi ilə bağlı məhkəmə qərarında dəlil olaraq ifadə edir ki, mənfəət vergisi hesablama hissəsində cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü və Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Belə ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Məlum olduğu kimi, mənfəət vergisinin hesablanmasının hüquqi əsasları Vergi Məcəlləsinin 104.1, 105.1, 108, 129, 130.1 və 130.2-ci maddələrində, habelə iddiaçının müvafiq mühasibatlıq sənədlərinin uçotunun aparılması vəzifəsi 16.1.3, 16.1.7 və 16.1.9-cu maddələrində müəyyən edilmişdir. Həmin müddəaların ümumiləşdirilmiş mənasına görə, vergi ödəyicisinin mənfəət vergisinin hesablanması üçün ilk olaraq onun mənfəəti müəyyən edilməlidir. Mənfəət isə gəlirdən çıxılan xərc arasındakı fərqdir. Beləliklə, mənfəət vergisinin hesablanması üçün zəruri olan şərtlər kimi gəlirlər və xərclər dəqiq müəyyən edilməsidir. Bunun üçün isə vergi ödəyicisi müəyyən edilmiş qaydada mühasibatlıq sənədlərinin uçotunu düzgün aparmalıdır, çünki onlara əsasən əldə etdiyi gəlirlər və onların əldə edilməsi ilə bağlı çəkdiyi xərclər hesablanmalıdır. Gəlirlərlə xərclər arasında fərq müsbət olduqda, ondan 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanmalıdır. Qanunvericiliklə cavabdeh vergi orqanına səyyar vergi yoxlamasını yekunlaşdırmaq üçün hüquq verilmiş və cavabdeh tərəfindən səyyar vergi yoxlamasının aparılması ilə bağlı xx.xx.2021-ci il tarixli **********145317 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi üçün sənədlərin təqdim olunması haqqında” Tələbnamə və xx.xx.2021-ci il tarixli **********146182 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" qərar çıxarılmışdır. Lakin, iddiaçı tərəfindən sənədlər qismən təqdim edilmişdir ki, həmin sənədlər iş üzrə etiraza əlavə edilmişdir. Həmçinin, sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2021-ci il tarixli akt və sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli protokollar təqdim edilmişdir. Onu da qeyd etmək lazımdı ki, həmin sənədlər iddiaçı tərəfindən imzalanmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən tələbnamələrlə iddiaçıya ilkin mühasibatlıq sənədlərinin təqdim olunması təklif edilmiş, lakin həmin sənədlər tam təqdim edilməmişdir. Odur ki, cavabdeh orqan Vergi Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulan hərəkətləri yerinə yetirmişdir. Lakin, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən sənədlərin təqdim edilməsindən imtina edildiyi təqdirdə cavabdeh səyyar vergi yoxlaması zamanı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə riayət etməli olduğu halda, bunu etməmişdir. Bu isə cavabdehə Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edilməklə əlaqəli məlumatlardan istifadə edilməklə vergilərin hesablanması üçün qanuni əsas olmamışdır. İş üzrə və məhkəmə protokolundan da məlum olduğu kimi iddiaçı mühasibatlıq sənədlərinin uçotunu düzgün aparmamışdır. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında nağdlaşdırmaq məqsədi ilə işçilərə əlavə əmək haqqı məbləğin hesablanması ilə bağlı mühasibat uçotunun lazımı qaydada aparılmadığını etiraf etmişdir. Həmçinin, iddiaçının təqdim etdiyi bəyannamədə gəlirin məbləği mübahisə olunmamışdır. Mübahisəli hal xərc məbləğlərinin iddiaçının bəyannamədə göstərildiyi məbləğlərlə bağlıdır. Məlum olduğu kimi Vergi Məcəlləsinin 67.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Əlaqəli məlumatlardan ilki Vergi Məcəlləsinin 67.1.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələridir. Bundan başqa qeyd etmək lazımdır ki, Vergi Məcəlləsində ardıcıllıq nəzərdə tutulduğu hallarda bu şərt müvafiq maddələrdə xüsusi olaraq qeyd olunur (Vergi Məcəlləsinin 13.2.5.1, 88, 89.6-cı maddələri). Əlavə olaraq, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Habelə, bu Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin və iddiaçının verdiyi apellyasiya şikayətinə dair etirazın məzmununa uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qismən, iddianın təmin olunmadığı hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə müəyyən olunur ki, yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmişdir. İddiaçı qeyd olunanlarla bağlı bildirmişdir ki, müəssisə 2019-cu il üzrə olan 42656,10 manat məbləğində kameral hesablamadan yuxarı vergi orqanına, onun təmin olunmayan qərarından isə İqtisadiyyat Nazirliyinin Apellyasiya şurasına şikayət etmiş, sonuncu isə həmin hesablamanı xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edib, cavabdehə xx.xx.2021-ci il tarixli məktubunda səyyar vergi yoxlamasının keçirilməsini məqsədəuyğun hesab edib. Cavabdeh isə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələbləri üzrə mənbəyi bəlli məlumat olmadan göstərişlə yoxlamanı başlayıb. Yoxlama zamanı isə yoxlanılan dövrə əvvəlkindən daha aşağı, 21152,83 manat məbləğdə hesablama aparıb. Bu da onu təsdiq edir ki, cavabdeh əsassız şəkildə səyyar vergi yoxlaması aparıb. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası bildirir ki, vergi qanunvericiliyin tələblərinə görə səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu, onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya instansiyası məhkəməsinin Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad olunmaqla artıq formalaşmış məhkəmə təcrübəsi mövcuddur (xx.xx.2022-ci il tarixli 2-1(102)-1969/2022 saylı (sədrlik edən X.Məmmədov), xx.xx.2022-ci il tarixli 2-1(102)-669/2022 saylı (sədrlik edən S.Kərimov), xx.xx.2022-ci il tarixli 2-1(102)-1480/2022 saylı (sədrlik edən R.Nəbizadə), xx.xx.2022-ci il tarixli 2-1(102)-1255/2022 saylı (sədrlik edən N.Rəsulbəyova), xx.xx.2022-ci il tarixli 2-1(102)-23/2022 saylı (sədrlik edən K.Bədəlov)) İddiaçının digər dəlillərinə görə cavabdeh yoxlamanı 90 gün müddətində deyil, 108 gün müddətində aparmış, xx.xx.2021-ci il tarixdə müəssisənin ərazisinə baxış keçirərək **********145654 saylı protokol tərtib etsə də, həmin məlumatı yoxlamaların vahid məlumat reyestrinə daxil etməmiş, yoxlama aktının tərtib olunması müddətini Vergi Məcəlləsi ilə müəyyən olunmuş əsaslar olmadan uzatmaqla pozuntulara yol vermişdir. Məhkəmə kollegiyası qeyd olunanlarla bağlı bildirir ki, xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktının 1.1-ci bəndinə əsasən yoxlamanın xx.xx.2021-xx.xx.2021 tarixləri aralığında aparıldığı müəyyən olunur. Bu müddət ərzində yoxlama 31 gün müddətində dayandırılmış, 2 dəfə hər biri 30 iş günü olmaqla uzadılmışdır. Yoxlama xx.xx.2021-ci il tarixdə başa çatdıqdan sonra cavabdeh xx.xx.2021-ci il tarixdən 30 gün müddətinə yoxlama aktının tərtib olunması müddətini uzatmış, həmin müddət başa çatmadan xx.xx.2021-ci il tarixdə yoxlama aktını tərtib etmişdir. Yoxlamanın aparılması müddəti ilə bağlı məhkəmə kollegiyası, bildirir ki, yoxlama 2021-ci il ərzində aparıldığı üçün həmin dövr üzrə qüvvədə olan normanın tələbləri əsas götürülməlidir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Cavabdeh qeyd olunan müddət çərçivəsində yoxlamanı həyata keçirmədiyi üçün qeyd olunan normanın tələblərini pozmuşdur. Yoxlama zamanı iddiaçının obyektinə keçirilən baxışın reyestrdə qeyd alınmamasına münasibətdə məhkəmə kollegiyası bildirir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 20.7-ci maddəsinə görə, yoxlayıcılar yoxlama tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın yoxlanılan sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə yoxlanılan sahibkarın fəaliyyət üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirir. Yoxlayıcı baxışın keçirilməsi haqqında protokol tərtib edir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə görə, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 3.4-cü bəndinə görə, reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: ... 3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.). Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası bildirir ki, iddiaçının fəaliyyət obyektinə baxış həyata keçirərək protokolla rəsmiləşdirsə də, qeyd olunan məlumatı yoxlamaların vahid məlumat reyestrinə daxil etməmiş, bununla da yuxarıda əks olunan normaların tələblərinə riayət etməmişdir. Aktın tərtibi müddətinin əsassız uzadılması ilə bağlı iddiaçının dəlilinə münasibətdə isə Məhkəmə kollegiyası bildirir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə, aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Lakin cavabdeh qeyd olunan normanın tələblərinə uyğun şəkildə hər hansı sorğunun verilməsi və ya ekspert, mütəxəssis rəyinin alınması ilə bağlı müraciət edilməsi və nəticəsinə dair məlumatı məhkəməyə təqdim etməmişdir. Bununla da, cavabdeh tərəfindən yoxlama aktının tərtib olunması müddətini əsassız olaraq uzadılması müəyyən edilir. Bundan başqa, birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdeh iddiaçının rəhbəri tərəfindən bank hesabından əmək haqqı kartına köçürmələr edilərək nağdlaşdırıldığını qeyd etmişdir. İddiaçı da həmin köçürmələrin əmək haqqı kimi deyil, vəsaitin dezinfeksiya vasitələri alınması məqsədilə nağdlaşdırıldığını qəbul etmişdir. Yoxlama zamanı cavabdeh həmin vəsaitlərə işçilərin gəliri kimi yanaşaraq onu gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqqına cəlb etmişdir. Qeyd olunanlarla bağlı Məhkəmə kollegiyası bildirir ki, köçürmələrin əmək haqqı kimi deyil, nağdlaşdırılma məqsədilə həyata keçirildiyi işin mübahisəsiz halıdır. Bu isə həmin vəsaitlərin köçürülən işçi(lər)nin sərəncamında qalmadığını təsdiq edir. Cavabdeh yoxlama zamanı “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə uyğun olaraq vəsait köçürülən şəxslərin ifadəsini alaraq qeyd olunan halı dəqiqləşdirməli idi. Hazırki vəziyyətdə cavabdeh qeyd olunan köçürmənin nağdlaşdırma məqsədilə həyata keçirildiyini qəbul etdiyi üçün Məhkəmə kollegiyası hesab edir ki, şəxsin sərəncamında qalmayan vəsaitə görə gəlir vergisinin və məcburi dövlət sosial sığorta haqqının hesablanması vergi qanunvericiliyinin tələblərinə ziddir. Bundan başqa, nə xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktında, nə mübahisələndirilən xx.xx.2021-ci il tarixli Qərarda, nə də cavabdeh tərəfindən təqdim edilən etirazda (etiraza əlavədə) 2020-ci ilin İ-İV rübləri üzrə hesablanmış gəlir vergisinin və məcburi dövlət sosial sığorta haqqının hesablanmasının rəqəmlərlə izahı verilməmiş, qeyd olunan hesablama məbləğlərinin hansı göstəricilərə hansı faiz dərəcələrini tətbiq etməklə alınması göstərilməmişdir. Bununla da, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərini pozmuşdur. Həmçinin, Məhkəmə kollegiyası xx.xx.2021-ci il tarixli inzibati aktla cavabdeh tərəfindən 2018-ci il üzrə 1,27 manat əmlak vergisi, 0,02 manat 2019-cu ilin İ rübü üzrə məcburi dövlət sosial sığorta haqqı, 2018-ci ilin İİİ-İV rübləri, 2019-cu ilin İ rübü üzrə ümumilikdə 295,89 manat məbləğində işsizlikdən sığorta haqqının, həmçinin Vergi Məcəlləsinin 58.7- 1-ci maddəsi ilə tətbiq edilmiş 1032,0 manat maliyyə sanksiyasına münasibətdə bildirir ki, inzibati aktın ləğvi üçün şərtlər artıq icraatla bağlı normaların pozulmasına görə mövcud olduğu üçün, maddi hüquq normaları ilə bağlı məsələlərin yoxlanılmasından asılı olmayaraq, qəbul edilmiş qərar inzibati icraat qaydalarının tələblərinə əsasən artıq formalhüquqi baxımdan qüsurlu hesab edilir və ləğv olunmalıdır. Bundan əlavə, cavabdehin apellyasiya şikayətinə münasibətdə Məhkəmə kollegiyası bildirir ki, 2018-ci və 2019-cu illər üzrə iddiaçı xərclərini təsdiq edən ödəmələr və aktları yoxlamaya təqdim etmiş (xx.xx.2021-ci il tarixli protokola əsasən), cavabdeh isə onları xərc sənədi kimi qəbul etməmiş, digər əlaqəli məlumatları, həmçinin analoji vergi ödəyicilərinin fəaliyyətini araşdırmadan birbaşa şərti rentabellik normasını iddiaçıya tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, bu qaydada aparılmış hesablamaların əsassız olduğuna dair vahid məhkəmə təcrübəsi formalaşmışdır (Ali Məhkəmənin qərarları: xx.xx.2023 tarixli 2-1(102)-438/2023 saylı (R.Nəbizadə), xx.xx.2022-ci il tarixli 2-1(102)-488/2022 saylı (N.Rəsulbəyova), xx.xx.2022-ci il tarixli 2- 1(102)-22/2022 saylı (S.Kərimov)). Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qismən, iddianın təmin olunmadığı hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Bakı şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-535/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarı qismən, iddianın təmin olunmayan hissədə ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********15704 nömrəli qərarı tam ləğv edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-535/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2267/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2267/2023
04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver