Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2267/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “cizginin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Xumar Afət qızı Mərdanovadan və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “cizginin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1790/2024 saylı 20 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 267 nömrəli sərəncamının arxiv surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 445 saylı sərəncamına əsasən Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə kollektiv qaraj tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin sahədə tikilən əlavə qaraj tikintisi üçün texniki imkan olduğunu nəzərə alaraq fərdi avomaşının saxlanması üçün X2 da qaraj tikintisi üçün icazə verilmiş, naturada qarajın ölçüləri 5,6m x 3,8m təyin edilmişdir. Arxiv idarəsinin qeydinə əsasən sərəncama akt və cizgi əlavə edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1835 nömrəli sərəncamının arxiv surətindən görünür ki, İddiaçı müraciəti əsasında Qaraçuxur qəsəbəsi, Kirov küçəsi 91 saylı evin qarşısında yerləşən Şahin Hümbətəliyeva məxsus qaraj İddiaçı adına keçirilmişdir. İddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin 21 iyun 2023-cü il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, iddiaçının onun adına ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi barədə ərizəsinə baxılmış və Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi (keçmiş: Kirov küçəsi ) 91 saylı mənzilin qarşısında yerləşən və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il 1835 №-li sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş 94 №-li qaraja dair plan-sxem, cizgi (texniki pasportun) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 21 oktyabr 1998-ci il tarixli, 1835 №li sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş 94 №li qarajın altında olan torpaq sahəsinin plan-sxem, cizginin (texniki pasportu) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə “Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 21 oktyabr 1998-ci il tarixli, 1835 №li sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş 94 nömrəli qarajın altında olan torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) tərtib olunaraq verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə fərdi avtomobillərin saxlanılması üçün kollektiv müraciət edilərək qeyd edilən ərazidə qarajların tikinitisinə icazə verilməsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə rəsmi müraciət edilmişdir. Bakı şəhəri Suraxanı rayon icra hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 267 №-li sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 445 №-li sərəncamına əsasən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə fərdi avtomobillərin saxlanılması üçün kollektiv qaraj tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahələrindən biri də X2 olmuşdur. Qarajın tikintisi üçün ayrılmış torpaq sahəsinin naturada ölçüləri 5,6 m x 3,8 m təyin edilmişdir. Bir müddət sonra X1 adından həmin qarajın iddiaçının adına keçirilməsini cavabdehdən xahiş etmiş və nəticədə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1835 №-li sərəncamı ilə qeyd edilən qaraj iddiaçının adına rəsmiləşmişdir. Qaraj hal-hazırda iddiaçı tərəfindən istifadə olunur. Lakin qarajın hüquqmüəyyənedici sənədi olmadığından müəyyən hüquqi hərəkətləri edə bilmir, bu səbəbdən cavabdehə, tərəfindən ayrılmış torpaq sahəsi üzrərində inşa edilmiş qarajın plan sxeminin, cizginin (texniki pasportunun) verilməsi üçün rəsmi müraciət etsə də, cavabdeh birmənalı formada müraciətinə xx.xx.2023-cü il tarixli məktub əsasında imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, xx.xx.1995-ci ildə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 267 №-li sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 445 №-li sərəncamına əsasən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə fərdi avtomobillərin saxlanılması üçün kollektiv qaraj tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Cavabdeh tərəfindən ayrılmış torpaq sahəsinin plan sxemi cavabdeh tərəfindən tərtib edilmiş və vətəndaşların istifadəsinə verilmişdir. Ayrılmış torpaq sahəsinin naturada ölçüləri 5,6 m x 3,8 m təyin edilməsi ilə bağlı xx.xx.1995-ci ildə Bakı şəhəri Suraxanı rayon icra hakimiyyəti Başçısının 267 №-li sərəncamının 3-cü bəndində qeyd edilməsi, ölçülərin cavabdeh tərəfindən öncədən müəyyən edilməsi, plan-sxem cizgi əsasında vətəndaşların istifadəsinə verilməsini göstərilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən qeyd edilən qaraj ilə bağlı sərəncam verib, torpaq sahəsi ayırıb və əgər torpaq sahəsi ayrılmışdırsa deməli plan-sxem də hazırlanmış olmalı idi. Lakin cavabdeh imtinada səlahiyyətinin olmadığını qeyd edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Eyni zamanda cavabdeh bildirir ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Qeyd olunanlara və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “cizgi sxemin verilməsi" tələbinə dair iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1790/2024 saylı 20 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 21 oktyabr 1998-ci il tarixli, 1835 №li sərəncamı ilə İddiaçı ayrılmış 94 №li qarajın altında olan torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) tərtib olunaraq verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə inzibati işə baxılarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə və digər hüquq normalarına istinad edilmədən qərar qəbul edilmişdir. Belə ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin dövrdə qaraj və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə dair yerləşmə cizgisi (plan-sxem) RİHB-nin sərəncamları ilə birlikdə onun ayrılmaz hissəsi olaraq vətəndaşlara təqdim edilmişdir. 1998-ci ildə ayrılmış qaraj sahəsinə 26 il ötdükdən sonra cizginin verilməsi ilə bağlı RlH-ə müraciət etməsi və ya məhkəmədə iddia qaldırması cavabdeh tərəf olaraq ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1835 saylı sərəncamı ilə qeyd olunan ünvanla sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi başa düşülür. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı cizginin (ayrıc aktının) verilməsi” tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməliydi. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 21 iyun 2023-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 445 saylı sərəncamına əsasən Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə kollektiv qaraj tikintisi üçün X2 ayrılmış torpaq sahəsi sonradan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1835 nömrəli sərəncamı ilə İddiaçı adına keçirilmişdir. Qeyd olunan ərazidə torpaq sahəsinin yerinin göstəricilərini əks etdirən plan cizgisinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmadığından iddiaçıya imtina cavabı verilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunmasının cavabdehin öhdəliyinə aid edilməsinə istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. 10-cu maddəsinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; 2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün; 3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün; 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; 5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq vətəndaşların xüsusi mülkiyyətinə digər məqsədlər üçün də verilə bilər. 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. 73-cü maddəsinə əsasən şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində kooperativ qaraj tikintisi üçün torpaqlar Qaraj-tikinti kooperativləri üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə kooperativin üzvlərinin şəxsi avtomobillərinin, digər nəqliyyat vasitələrinin saxlanılması üçün verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 267 nömrəli və xx.xx.1998-ci il tarixli 1835 nömrəli sərəncamları və onlara əlavə edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdə torpaq sahəsinin cizgisi və akt aşkar edilməmişdir. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin həmin dövrdə vətəndaşa verilməsi səbəbindən onun verilməsindən hazırda imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Hazırki iş üzrə aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Həmin cizginin sərəncamın verildiyi dövrdə vətəndaşa təqdim edilməsi barədə cavabdehin dəlili isə iş materialları ilə təsdiqini tapmır və bu dəlilini cavabdeh əsaslandıra bilmir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki işdə iddiaçının istədiyi inzibati aktın qəbulundan imtina edən cavabdeh inzibati orqanın həmin inzibati aktın qəbulunu istisna edən halları əsaslandıra bilməməsini nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (2-1(102)-831/2024 saylı xx.xx.2024-cü il tarixli qərar). Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “iddianın mümkün sayılmaması” dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, hazırki mübahisəli inzibati hüquq münasibəti yaranan zaman hal hazırda qüvvədən düşmüş Torpaq Məcəlləsinin müddəalarına əsasən qaraj-tikinti kooperativləri üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə verilirdi. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 372 nömrəli, 18 oktyabr 1991-ci il tarixli Fərmanına əsasən rayon, şəhər xalq deputatları Soveti hazırki halda yerli icra hakimiyyətlərinə aid olduğundan hazırki iş üzrə Suraxanı rayon İcra Hakimiyyətinin cavabdeh kimi icraata cəlb edilməsi qanuni olmuşdur. Odur ki, “iddianın mümkün sayılmaması” barədə cavabdehin dəlili əsassızdır və qəbul edilmir. Həmçinin cavabdehin “birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1835 saylı sərəncamı ilə qeyd olunan ünvanla sözügedən ərazinin uyğun gəlib-gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iddiaçının tələbi onun göstərdiyi hansısa yerə plan sxem sənədinin verilməsi ilə bağlı deyil, onun tələbi müvafiq qərarla ona ayrılmış torpaq sahəsinin cizgisinin çəkilib ona verilməsi ilə bağlıdır. Hansı ki, belə cizginin çəkilməsi də qanunla cavabdeh inzibati orqanın vəzifəsinə aid edilmişdir və həmin cizgi məhz torpağın ayrıldığı dövrdə, yəni XDS qərarı qəbul olunan zaman çəkilib verilməliydi, halbuki hazırki işdə cizginin həmin dövrdə çəkilib verilməsi nə qərarın məzmunundan müəyyən olunur, nə də cavabdehin dəlilləri ilə sübuta yetirilir. Belə olan halda torpaqayıran orqan kimi cavabdeh ayırdığı torpağın hansı ərazidə yerləşdiyinə uyğun olan cizginin çəkilib verilməsi öhdəliyini daşıdığından, bu vəzifəni vaxtında icra etməməsi hazırki vəziyyətdə vaxtında çəkilməmiş cizgiyə görə məsuliyyət məsələsinin iddiaçının üzərinə qoyulması üçün əsas ola bilməz. Odur ki, apelyantın həmin dəlili birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün də heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1790/2024 saylı 20 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1790/2024 saylı 20 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Xumar Mərdanova İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2267/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2267/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver