Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2268/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X8 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12943/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ərizə ilə müraciət edərək, İstanbul Universiteti tərəfindən onun adına verilmiş 484 nömrəli, xx.xx.2023-cü il tarixli diplom üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı İstanbul Universitetinə dissertasiyasız magistr proqramı (Distant təhsil) üzrə qəbul olunmuşdur. İstanbul Universiteti tərəfindən ona verilmiş 484 nömrəli X10 Diplomasından görünür ki, Türkiyə Respublikası İstanbul Universiteti İdarəetmə Fakültəsi İdarəetmə X1ması (distant təhsil) Magistr Proqramını müvəffəqiyyətlə tamamlayaraq, o, magistr dərəcəsini bütün hüquq və səlahiyyətləri ilə birlikdə almağa layiq görülmüşdür. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş imtina qanunvericiliyin tələblərinə zidd olmaqla iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Çünki iddiaçının aldığı təhsil formasından görünür ki, təhsilin yekununda dissertasiya işinin hazırlanması tələb olunmur. Yəni, dissertasiya işi hazırlamaq əvəzinə imtahanlarda iştirak etmək tələb olunur. İddiaçı bütün imtahan zamanlarında şəxsən universitetə gedərək imtahanlarda iştirak etmiş və müvəffəqiyyət qazanmışdır. Aldığı təhsil forması isə Tezsiz (dissertasiyasız) magistr diplomu üzrə dissant təhsil olmuşdur. Universitetdə təhsil almağın formaları, rejimi, imtahan vaxtlarını isə o, təyin etməmişdir. Həmin təhsil rejimi Türkiyə Respublikasında tənzimlənir, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında olan qarşılıqlı müqavilədə həmin təhsil rejimində təhsil almaqla bağlı hansısa məhdudiyyət müəyyən edilməmişdir. “Təhsil haqqında” Qanunda distant (məsafədən) təhsilalma forması bilavasitə təsbit olunmuşdur. Həm də nəzərə alınmalıdır ki, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın, buradan, hazırkı məzmunda iddianın rədd edilməsinin qeydşərtsiz əsası kimi çıxış edə bilməz. Açıq təhsil (açık ögretim) adi ənənəvi təhsil tərzindən fərqli olaraq kampusa (təhsil müəssisəsinə) gəlmək məcburiyyətinin olmadığı, dərslərin kompüter vasitəsilə tam virtual mühitdə keçdiyi, iştirakçının istənilən vaxt onları təkrartəkrar izləyə biləcəyi təhsilin adıdır. Distant (“Uzaktan öğretim”) təhsil “tələbələrə kommunikasiya texnologiyalarından istifadə edərək öyrənməyə imkan verən” müasir təcrübədir. Bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil vasitəsilə, hər yaşdan, gəlirdən və ya peşədən olan insanların öz sürət və imkanlarına uyğun olaraq öz təhsillərini nizamlayaraq, məhsuldarlığını itirmədən təhsillərini davam etdirdikləri bir sistemdir. Müxtəlif yerlərdə tələbələri, müəllimləri və təhsil vasitələrini kommunikasiya texnologiyaları ilə birləşdirən təhsil modellərini özündə birləşdirən distant təhsil çağın texnologiyasından istifadəni təmin edən təhsil fəlsəfəsidir. Distant (məsafədən) təhsilin anlayışı baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıq öyrətim” formasının “distant” (məsafədən) təhsil forması ilə uzlaşdığı qəbul edilməlidir. Belə ki, Türkiyə Respublikasında hər iki təhsil forması oxşar cəhətlərə malik olmaqla eyni təhsilalma imkanlarını və bu formaların tətbiqinin məqsədlərini təmin edir. Türkiyədə təhsil forması kimi “açık öğretim” və “uzakdan eğitim” kimi anlayışların fərqləndirilməsi də vəziyyəti iddiaçının ziyanına dəyişmir. Türkiyə Respublikasında hər iki təhsil forması bir çox oxşar cəhətlərə malik olsa da, həmin təhsil formaları arasında müəyyən fərqlilik mövcuddur ki, Azərbaycan təhsil sistemi üçün isə həmin fərqləndirmə müəyyən edilmir. Belə ki, mövcud, qüvvədə olan qanunvericilik Türkiyədə mövcud olan hər iki təhsil formasını bir formada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Göründüyü kimi, Türkiyə Respublikasında “distant” təhsil forması bir neçə növə ayrılmışdır ki, bu hal da iddiaçının aldığı təhsil formasının “distant” forma hesab edilmə meyarına xələl gətirmir. Distant təhsil forması müstəqil təhsil formasıdır. Distant təhsildə aparıcı və fərqləndirici cəhət informasiya texnologiyalarının tətbiqi ilə bağlıdır. Başqa sözlə, distant təhsil (uzaktan öyretim təhsilalanlarla təhsilverənlər (müəllimlər) arasında bilavasitə kontakt, ünsiyyət olmadan məsafədən əlaqəni təmin edən texnologiyalardan istifadə olunmaqla həyata keçirilən təhsil prosesidir. Yəni distant təhsil tələbələrə kommunikasiya texnologiyalarından istifadə etməklə məsafədən öyrənməyə imkan verən müasir təcrübədir. Həmin təhsil formasında da tədris prosesinə aid bütün komponentlər-tədrisin məqsədi, məzmunu, metodları, tədris vasitələri və sair əhatə olunur. Bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil vasitəsilə, hər yaşdan, gəlirdən və ya peşədən olan insanlar öz bacarıq və imkanlarına uyğun olaraq təhsil almaq və ya təhsillərini davam etdirmək imkanı qazanmışlar. Müxtəlif yerlərdə tələbələri, müəllimləri və təhsil vasitələrini kommunikasiya texnologiyaları ilə birləşdirən təhsil modellərini özündə birləşdirən distant təhsil çağın texnologiyasından istifadəni təmin edən təhsil fəlsəfəsidir. Distant təhsilin xüsusi forması olan açıq təhsil - tədrisin onlayn formada həyata keçirildiyi təhsil formasıdır. Təhsilə münasibətdə açıq termini təhsil prosesində iştirak imkanlarını məhdudlaşdıran halların aradan qaldırılmasını ifadə edir. Açıq təhsil təhsilə çatım imkanlarının genişləndirilməsi məqsədlərinə xidmət edir. Belə ki, açıq təhsil (açık ögretim) adi ənənəvi təhsil formasından fərqli olaraq kampusa (təhsil müəssisəsinə) gəlmək məcburiyyətinin olmadığı, dərslərin kompüter vasitəsilə tam virtual mühitdə keçdiyi, iştirakçının istənilən vaxt onları təkrar-təkrar izləyə biləcəyi təhsil formasıdır. Bununla bağlı iddiaçı hesab edir ki, qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxımından təhsilin internet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıq öğrətim” formasının "distant” təhsil formasına aid olması təkzibolunmaz haldır. Həmçinin qeyd olunmuşdur ki, TKTA tərəfindən verilmiş cavabın əsassız olmasını təsdiq edən ən mühüm faktlardan biri imtina məktubunda təhsilin forması barədə yalnışlığa yol vermələri ilə bağlıdır. Belə ki, hazırda əlavə olunan ali təhsil diplomundan görünür ki, iddiaçı “Uzakdan Oğretim” üzrə təhsil almışdır. Lakin verilmiş imtina məktubundan isə təhsil səviyyəsinin “Açıq öğretim” olması öz əksini tapmışdır. Göründüyü kimi verilmiş cavab məktubu formal olmaqla bərabər həqiqəti əks etdirmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Lakin verilmiş imtina iddiaçının konstitusion hüququmun pozuntusu hesab edilməlidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12943/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM –nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12943/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Türkiyə Respublikası İstanbul Universiteti İdarəetmə fakültəsi X2 tərəfindən verilmiş 484 №-li, xx.xx.2023-cü il tarixli dissertasiyazı magistr diplomundan görünür ki, İddiaçı X2 Ümumi idarəetmə kafedrası Biznes idarə olunması (Distant təhsil) Dissertasiyazı Magistr proramını müvəffəqiyyətlə tamamlayaraq, magistr dərəcəsini bütün hüquq və səlahiyyətləri ilə birlikdə almağa layiq görülmüşdür. Diplom Türkiyə Respublikası Şişli İcra Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə apostil olunmuşdur. - İstanbul Universiteti İdarəetmə fakültəsi X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymət cəvdəlindən görünür ki, iddiaçı 2021-2023-cü illərdə tədris almışdır. - Cavabdeh tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, aparılmış icraat zamanı ərizəçinin xarici dövlətin ali təhsil müəssiəsində magistratura səviyyəsi üzrə distant (məsafədən) təhsilalma formasında təhsil aldığı və kvalifikasiya əldə etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 1.4-cü bəndinə əsasən Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Hazırki icraat nəticələri və qanunvericiliyə əsasən magistratura səviyyəsində formal təhsilin distant (məsafədən) təhsilalma formasında təşkilinin olmadığı müəyyən olunur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; 1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; 1.5.8. tanınma şəhadətnaməsi – “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəd; 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli, 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi Qaydaları”na əsasən: 1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” 1.6....Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”na görə: Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. 5.4. ali təhsil pilləsi üzrə: bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime); magistratura səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, rezidentura səviyyəsində - əyani; doktorantura səviyyəsində - əyani; Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı Türkiyə Respublikası İstanbul Universiteti İdarəetmə fakültəsi X2 tərəfindən verilmiş 484 №- li, xx.xx.2023-cü il tarixli dissertasiyazı magistr diplomu əsasında aldığı ali təhsil kvalifikasiyasının tanınmasına nail olmaq istəyir. Cavabdeh iddiaçının ali təhsil üzrə kvalifikasiyasının mümkünsüzlüyünü onunla əsaslandırır ki, magistratura səviyyəsində formal tədrisin yalnız əyani və qiyabi formada həyata keçirilməsi mümkündür. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, Azərbaycan Respublikasında distant (məsafadən) təhsil, təhsilalma formalarından biri kimi ümumən, tanınmışdır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi bu təhsil formasının bakalavriat səviyyəsi üzrə tədrisin təşkilində tətbiqini nəzərdə tutsa da, magistratura səviyyəsi üzrə distant (məsafadən) təhsilalma formasını yol verilən hesab etməmişdir. Nəzərə almaq lazımdır ki, dünyada mövcud olan ayrı-ayrı təhsilalma formalarını qəbul etmək, eləcə də ali təhsilin müxtəlif pillələrinə münasibətdə həmin formalardan hər hansı birini (və ya bir neçəsini) qəbul etməmək hər bir dövlətin həyata keçirdiyi təhsil siyasəti və bundan irəli gələn mülahizə sərbəstliyi ilə sıx bağlı olan məsələdir. Dövlətlər özlərinin bu sahədəki siyasətlərini və mülahizə sərbəstliyi imkanlarını müxtəlif amilləri nəzərə almaqla formalaşdırır və həyata keçirirlər. Bir qayda olaraq, belə mülahizə sərbəstliyi daxilində edilmiş seçimlər məhkəmə nəzarətindən kənardırlar. Çünki, konkret təhsilalma formasının, eləcə də ali təhsilin müxtəlif pillələrinə münasibətdə həmin formalardan hər hansı birinin (və ya bir neçəsinin) tanınmasına qiymət vermək son nəticədə hüquqilik yox, məqsədə müvafiqlik dəyərləndirilməsinin aparılmasına gətirib çıxarır. İnzibati məhkəmələrin inzibati orqanların fəaliyyəti üzərindəki məhkəmə nəzarəti isə məqsədə müvafiqliyin yoxlanılmasını nəzərdə tutmur. Kollegiya qeyd edir ki, ümumən magistratura səviyyəsi üzrə distant (məsafadən) təhsilalma formasının Azərbaycan Respublikasında tanınmamasına qiymət verilməsi, hazırkı işin halları baxımından məhkəmə qaydasında yoxlanılmalı və qiymətləndirilməli məsələni təşkil edə bilməz. Qanunvericinin mülahizə sərbəstliyi çərçivəsində etdiyi bu seçim Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartı kimi qəbul edilməlidir. Müvafiq olaraq xaricdə distant formada magistratura səviyyəsində alınmış təhsil, təhsilalma forması ilə bağlı dövlət standartına uyğunsuzluq halı yaratdığı üçün ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtinaya əsas təşkil edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının mövcud təhsil sistemində magistratura təhsil pilləsi üzrə distant təhsil forması üzrə tədrisin aparılması nəzərdə tutulmadığından, iddiaçının magistratura pilləsi üzrə aldığı ali kvalifikasiyanın tanınmasından cavabddeh tərəfindən imtina olunması əsaslı olmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12943/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12943/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.