Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2269/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1060/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. 1980-1982-ci illər ərzində Ermənistan SSR Sisyan rayonu, Sofulu kəndində (1 il, 11 ay, 18 gün) sovxozda fəhlə işləmişdir. 01 sentyabr 1982-ci il tarixindən 19 iyul 1983-cü il tarixinədək Azərbaycan SSR Sumqayıt şəhər 7 nömrəli Texniki Peşə Məktəbində oxumuşdur. 1983-cü ildən 1990-cı ilədək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almışdır. 1990-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildən 1986-cı ilədək Sovet ordusu sıralarında hərbi xidmət etmişdir. xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək X10 İnstitutunda mühəndis-mexanik vəzifəsində çalışmışdır. xx.xx.1991-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək Dövlət Neft Şirkətinin Neftayırma zavodunda müxtəlif vəzifələrdə zərərli iş şəraitində işləmişdir. Hazırda "xxxx" ASC-də mühəndis vəzifəsində çalışır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. 16 mart 2022-ci il tarixli, **********6 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etiraz iddiaçıya verilən imtina məktubu ilə eyni məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim olunan sənədlərdən göründüyü kimi iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (22 il 10 ay 20 gün (xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1986, xx.xx.1986-xx.xx.1990, xx.xx.1990-xx.xx.1991, xx.xx.1991xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan əlavə, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1060/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddianın təmin edilməsi, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1060/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsinə, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Mərkəzi Filiala təqdim olunan sənədlərdən göründüyü kimi iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (22 il 10 ay 20 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Lakin birinci instansiya məhkəməsinin mövqeyinə əsasən iddiaçının 1980-1982-ci illərdə Sisiyan rayonu Sofulu kənd kolxozunda işlədiyini iddia etdiyi dövrlər də sosial sığorta stajına daxil edilərək 25 il 1 ay 10 gün sosial sığorta stajının olduğu müəyyən edilmişdir. İddiaçının qeyd olunan dövrlərdə Sisiyan rayonu Sofulu kənd kolxozunda əmək fəaliyyətini təsdiq edən hər hansı sənəd yoxdur. Bundan əlavə, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 57840 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 49989,50 manat təşkil edir. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən iddia tələbi təmin edilə bilməz. İddiaçı apellyasiya şikayətinə etirazla məhkəmə kollegiyasına müraciət edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1060/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Ermənistan, Sisyan rayonunda doğulmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr.72, 112 ünvanında qeydiyyatdadır; Б 697995 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1983-cü illərdə Sumqayıt şəhər 7 nömrəli Texniki Peşə Məktəbində təhsil almışdır; ГР 052642 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1984-xx.xx.1986-cı illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir; HB № 015318 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1983xx.xx.1990-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin dəlillərindən biri iddiaçının 1980- 1982-ci illərdə Sisiyan rayonu Sofulu kənd kolxozunda işlədiyini iddia etdiyi dövrləri təsdiq edən hər hansı sənədin olmaması və həmin dövrlərin nəzərə alınmamalı olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dövr nəzərə alınmadan iddiaçının mübahisələndirilməyən sığorta stajı 22 il 10 ay 20 gündür (xx.xx.1982xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçının əmək kitabçasında “ГИПРОМОРНЕФТЕГАЗ” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutu tərəfindən 1 il 11 ay 18 gün iş stajı ilə bağlı qeyd aparılmışdır. Həmin qeydin aparılmasına əsas kimi ali təhsil müəssisəsinin arayışı göstərilmişdir. Həmin arayışın əldə edilməsi ilə bağlı “Neftqazelmitədqiqatlayihə” İnstitutuna birinci instansiya məhkəməsi tərəfindən sorğu verilsə də, əldə edilməsi mümkün olmamışdır. İddiaçının əmək kitabçasında aparılmış həmin qeydin əsaslılığının yoxlanılması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X4 ifadələrində Sisyan rayonu, Sofulu kənd sovxozunda iddiaçı ilə birlikdə işlədiklərini təsdiq etmişlər. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının 1980-1982-ci illərdə Sisiyan rayonu Sofulu kənd kolxozunda işlədiyi dövrün iddiaçının stajına daxil edilməklə, xx.xx.2006-cı il tarixə qədər həqiqi hərbi xidməti, təhsili və əmək kitabçasındakı qeydlər nəzərə alınmaqla ümumi əmək stajı 25 il 1 ay 10 gündür. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir. 14 dekabr 1962-ci ildən sonrakı dövr əgər əmək kitabçasını verən idarə, müəssisə və təşkilata işə daxil olana qədər hansı idarə, müəssisə və təşkilatda, hansı vaxtda, hansı vəzifələrdə işləməsi barədə əmək kitabçasında konkret qeyd aparılmışsa. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən həmin inzibati orqanın yalnız mülahizələrə əsaslanan bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı olduğundan, o birinci tələbi ödəyir. Beləliklə, apellyasiya şikayətində iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının olması mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqe ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-xx.xx.2007-ci ilədək işlədiyi vəzifələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə “2130301a-18547”, “2130301b-23187” və “2130301b-22177” kod ilə ilə uyğunluq təşkil etməsi "xxxx" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Heydər Əliyev adına X9 01 oktyabr 2021-ci il tarixli arayışı ilə öz təsdiqini tapmışdır. Bundan başqa, apellyasiya şikayətinin digər bir dəlili hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 57840 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 49989,50 manat təşkil etməsidir ki, bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. İşin hallarından görünür ki, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, hərbi xidmət keçdiyi və təhsil aldığı dövrlər daxil olmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 25 il 1 ay 10 gün olmaqla 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət, 14 il 8 ay 13 gün ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (Qanunun 11.2-ci maddəsi). Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1060/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1060/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2269/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2269/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver