Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2269/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(112)-1506/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin evin yerləşdiyi torpaq sahəsinin qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim olunmuş və etiraz onunla əsaslandırılmışır ki, fərdi yaşayış evi və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, təqdim edilmiş texniki pasport barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Elektron kadastr məlumatına əsasən texniki pasportla faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1506/2025 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edlməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci intansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 30 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Gənclər prospekti küçəsindəki 73 nömrəli mənzil iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli Torpaq sahəsinin plan və ölçüsü sənədi vardır. Bu, müəyyən bir torpaq sahəsinin qanuni və texniki xüsusiyyətlərini əks etdirən rəsmi sənəddir. Bu sənəd torpaq sahəsinin dəqiq ölçülərini, formasını, yerləşdiyi ərazini, hüdudlarını və digər məlumatları təsdiq edir. Bu sənədi Dövlət Əmlak Məsələləri Komitəsi verir. Həmin sənəd iddiaçıya verilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, küçəsində yerləşən 73 saylı mənzil və xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən X1 məxsus olan 73 nömrəli mənzil iddiaçıya satılmışdır. Yəni, ilkin sənədlərdə də həmin yaşayış sahəsi mənzil kimi qeydiyyatdan keçmişdir. Həmin torpaq sahəsi 30-ildir iddiaçının, ondan əvvəl isə iddiaçıya satan X1 məxsus olmuşdur. Habelə, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli Torpaq sahəsinin plan və ölçüsü sənədi vardır. Kadastr planı mövcuddur. Kadastr sistemi torpaq mülkiyyətini təsdiqləyən əsas hüquqi sənədlərdən biridir. Bu sistem vasitəsilə torpaq mübahisələri həll edilir. Bundan əlavə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına verilmiş kadastr planının məlumatı mövcuddur. Kadastr planı xx.xx.1995-ci il tarixli 30/2713 saylı Qeydiyyat Vəsiqəsi əsasında tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçının hazırda yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi deyil, mənzil kimi qeydiyyatdan keçmişdir. Həmçinin həmin dövrdə qeydiyyat vəsiqəsi blankda çap edililərək 1 nüsxədə vətəndaşa verilirdi. Bu səbəbdən də "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində veyqiyyat vəsiqəsinin əlavə nüsxəsi mövcud deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəfi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM - 85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM - 85.2, 85.3). İddia mümkün iddiadır və mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə isə əsaslı olmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçı ilə X3 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, küçəsində yerləşən və xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqsinə əsasən X1 məxsus olan 73 nömrəli mənzil iddiaçıya satılmışdır. Yəni, ilkin sənədlərdə də həmin yaşayış sahəsi mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin yerləşdiyi torpaq sahəsi ilə bağlı isə ilkin sənədlərdə hər hansı məlumat mövcud deyildir. Birinci instansiyası məhkəməsində işə baxılarkən cavabdehin xx.xx.202024-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, torpaq sahəsinin üzərində ümumi sahəsi 53,5 kv.metr (3 otaq yaşayış sahəsi 33,8 kv.m) olan yaşayış evi mövcuddur. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzil bir mərtəbəli yaşayış binasının bir hissəsidir. Mənzilin yerləşdiyi tikintialtı və mənzil ətrafı torpaq sahəsi 1117 kv.metr təşkil edir. Mənzilə bitişik və həyətyanı sahədə köməkçi tikililər inşa olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmış əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Daşınmaz əmlaka dair təqdim edilmiş texniki pasport barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən texniki pasportla faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Bundan əlavə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçı X2 adına verilmiş kadastr planının məlumatı mövcuddur (kadastr planı xx.xx.1995-ci il tarixli 30/2713 saylı Qeydiyyat Vəsiqəsi əsasında tərtib edilmişdir). Beləliklə, iddiaçı torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən nə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda, nə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda göstərilən hər hansı sənədə istinad etməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, yaşayış sahələri mənzil hüququnun obyektidir. Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə görə, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Mənzil Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə müvafiq olaraq, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Mənzil Məcəlləsinin 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə, mənzil və fərdi yaşayış evinin hər ikisi bir və ya bir neçə otaqdan, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət yaşayış sahəsidir, aralarındakı fərq ondan ibarətdir ki, fərdi yaşayış evi yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş evdir, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədir. Hal-hazırda ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan daşınmaz əmlak ilkin sənədlərinə əsasən daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmış və həmin qeyd mülkiyyətçi tərəfindən mübahisələndirilməmişdir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı vəziyyətdə inzibati orqanın imtinası və birinci instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.5 və 178.6-cı maddələrinə istinadı hazırkı iş çərçivəsində qəbuledilən deyil. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun "S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “ ... Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və qüvvədə olan MM-in təhlilindən görünür ki, həmin Məcəllənin 178.6, 335.2 və 567-ci maddələrinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir. Konstitusiya Məhkəməsinin Qərarının da məzmunundan göründüyü kimi, Mülki Məcəllənin 178.6-ci maddəsinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilə bilməz". 178.5-ci maddəsinin isə ümumiyyətlə hazırkı işə aidiyyəti yoxdur. Belə ki, həmin maddəyə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1506/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2269/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2269/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver