Məhkəmə qərarları › İş №2-1(103)-227/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-227/2020

16.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-227/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Seyidova Səriyyə Seyid qızı və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Suraxanı rayon şöbəsinin nümayəndəsi X2 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-694/2019 nömrəli iş üzrə 21 yanvar 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 25.11.1983-cü il tarixdən 01.11.1995-ci il tarixədək “Artemneftqaz” neft və qazçıxarma idarəsində, 01.11.1995-ci il tarixdən “28 May” neft və qazçıxarma idarəsində işlədiyi dövrün iş stajının AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 13.05.2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21.01.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəflərin bərabərliyini pozaraq, düzgün olmayan qənaətə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1174/2019 nömrəli iş üzrə 16.05.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 21.01.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-2485/2019 nömrəli iş üzrə 13.11.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16.05.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08.02.2019-cu il tarixli **********2 nömrəli əmri ilə Dövlət Sosial Müdafiə Fondunun “İri sığortaedənlərlə iş üzrə Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2003-cü il tarixli 133 nömrəli və “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 11.01.2007-ci il tarixli 06 nömrəli əmrlər ləğv edilmiş, “Xüsusi şərtlərlə təyinat İdarəsi haqqında Əsasnamə” təsdiq edilmişdir. Dövlət Sosial Müdafiə Fondu üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən həyata keçirilməsi ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında” 30.04.2019-cu il tarixli **********7 nömrəli əmrdə isə qeyd olunmuşdur ki, 2019-cu il 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılır. Bununla bağlı, məhkəmə kollegiyasının iş üzrə 06.12.2019-cu il tarixli qərarı ilə cavabdeh AR ƏƏSMN DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsi, AR ƏƏSMN DSMF Xüsusi şərtlərlə təyinat idarəsi ilə əvəz edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, iddiaçının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Bü müddəalara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçının 01 avqust 1997-ci il tarixinə zəruri olan 20 il ümumi stajı və onun daxilində 10 il güzəştli şərtlərlə pensiya hüququnun yaradan xüsusi stajı toplanmışdır. Məhkəmə kollegiayası hesab edir ki, apellyasiya məhkəməsinin tətbiq etdiyi müddəalar işin hallarına tam uyğun deyildir. Belə ki, iddiaçının işlədiyi peşə və sahələri apellaysiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 qərarı ilə təsdiq edilmiş 1 saylı siyahısında göstərilmiş peşə və sahələrə uyğun olduğunu müəyyən etmiş, lakin hər bir işlədiyi dövrün siyahının hansı hissəsinə aid olduğunu göstərməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məsələyə ehtimallarla yanaşaraq qiymət vermək məcburiyyətindədir. İddiaçının işlədiyi “Artyomneftqaz” və “28 May” NQÇİ-nin sihayının “11000000 - X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı» bölməsinə uyğun olduğu ilə məhkəmə kollegiyası razılaşır. İddiaçının 28 may 1984-cü il tarixdən 09 oktyabr 1990-cı tarixinədək həmin neftqazçıxarma idarəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis işləməsinə münasibətdə apellyasiya məhkəməsi siyahının “1100000b-17541» kodu ilə (1100000b – b. Rəhbərlər və mütəxəssislər, «quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları») müəyyən edilmiş peşəyə uyğun olduğunu bildirmişdir. Bu hissədə apellyasiya məhkəməsinin müəyyən etdiyi vəzifənin iddiaçının işlədiyi vəzifəyə hansı qaydada uyğun olduğu əsaslandırılmamışdır. Belə ki, istinad edilən siyahıda mədən-geofiziki partiyaların mühəndisləri göstərilmişdir ki, iddiaçının əmək kitabçasında olan qeydə əsasən, o, mədəngeofiziki partiyalarda deyil, idarədə əməyin mühafizəsi və təhlükəsizli texnikası üzrə mühəndis kimi işləmişdir. Qeyd edilən halda iddiaçının vəzifə səlahiyyətlərinin mahiyyəti araşdırmaqla, mədən-geofiziki partiyalarda işlə bağlı olub-olmamasına qiymət verilməli idi. İddiaçının 09 oktyabr 1990-cı il tarixdən 01 avqust 1997-ci il tarixədək əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndisin müavini vəzifəsində, eyni təyinatlı şöbənin rəis müavini vəzifəsində işləməsinə münasibətdə apellyasiya məhkəməsi siyahının «1100000b – 24125» kodu ilə müəyyən olunmuş “1100000b – b. Rəhbərlər və mütəxəssislər, «neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri” vəzifələrinə uyğun olduğuna istinad etmişdir. Lakin bu halda da məhkəmə kollegiaysı hesab edir ki, siyahıda göstərilmiş “sexlərin operativ istehsalat xidmətlərinin” iddiaçının işlədiyi əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə şöbəyə hansı qaydada uyğunlaşdırıldığı tam müəyyən deyildir və bu hissədə hər hansı bir araşdırma aparılmamışdır.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 28.02.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddia əsassızdır. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun «Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər» adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ««Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»nın 2.1.8-ci bəndinə əsasən Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güşəztli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajı Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» (bundan sonra – 1 nömrəli Siyahı) üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsinə mənsub şəxsin 50 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı 01.08.1997-ci il tarixədək mövcud olmalıdır. Lakin işdə olan iddiaçıya məxsus əmək kitabçasında qeyd olunan onun 28.05.1984cü il tarixdən 09.10.1990-cı tarixədək neftqazçıxarma idarəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə işlədiyi mühəndis vəzifəsi və 09.10.1990-cı il tarixdən 01.11.1995-ci il tarixədək əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə çalışdığı baş mühəndisin müavini vəzifəsi 1 nömrəli Siyahıda nəzərdə tutulmamışdır. Bu da o deməkdir ki, iddiaçı 01.08.1997-ci il tarixədək 10 il xüsusi iş stajına malik olmamışdır. Bundan əlavə, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Lakin iddiaçı yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını da təqdim etməmişdir, işin 7-ci vərəqində olan “Abşeronneft” neft və qazçıxarma idarəsinin 22.10.2018-ci il tarixli ümumi iş stajına dair arayış isə ümumi iş stajına dair arayış olduğu üçün belə bir hüquqi əhəmiyyətə malik deyil. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bununla bağlı, məhkəmə kollegiyası bildirir ki, təqdim olunması qanunvericiliklə imperativ qaydada tələb edilən arayışın təqdim edilməməsi də özü-özlüyündə iddianın əsassızlığına dəlalət edir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını cavabdehə təqdim etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulmuş ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. İPM-in 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin, iddiaçının arzuladığı inzibati aktın qəbulundan 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin mümkünlüyü, lakin 50 yaşdan bu pensiyasının təyin edilməsinin mümkün hesab edilməməsi barədə 27.11.2018-ci il tarixli 18/04-5856 nömrəli imtinası qanunvericiliyə əsaslandığı, yəni bu əsas normativ hüquqi aktla tənzimləndiyi üçün, qanuna zidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, imtinası mahiyyətcə qəbul edildiyi anda qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verən cavabdehin üzərinə belə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə təmin oluna bilməz. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-694/2019 nömrəli iş üzrə 21 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı 25.11.1983-cü il tarixdən 01.11.1995-ci il tarixədək “Artemneftqaz” neft və qazçıxarma idarəsində, 01.11.1995-ci il tarixdən “28 May” neft və qazçıxarma idarəsində işlədiyi dövrün iş stajının AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 13.05.2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə təyin edilərək hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Səriyyə Seyidova İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar