Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-227/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1960-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3016/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 04.02.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 30.08.2012-ci il tarixdən, yəni 52 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. Hal-hazırda ünvan 2 ünvanında yaşayır. İddiaçı H3 ******* nömrəli hərbi biletə əsasən 18.11.1978-ci il tarixdən 08.11.1980-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. İT-İ ******* saylı əmək kitabçasına əsasən 22.04.1981-ci ildə Leyt.Şmidt adına xxxxnun preventr sexinin çilingər yığma bölməsinə elektrik qaynaqçısı şagirdi peşəsinə işə qəbul edilmişdir (əmr N 135/k, 20.04.1981-ci il). 04.01.1982-ci il tarixdə preventr sexinə 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir (əmr N 450/k, 29.12.1981-ci il). 01.12.1991-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürmə yolu ilə “Kotan” KM-nə keçdiyi üçün işdən azad edilmişdir (əmr N 123/k, 09.12.1991-ci il). 01.02.1991-ci il tarixdə “Kotan” kiçik müəssisəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmişdir (əmr N 04/k, 03.12.1991-ci il). 01.01.1993cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürmə yolu ilə Səttərxan adına zavoda keçdiyi üçün işdən azad edilmişdir (əmr N 36/k, 30.12.1992-ci il). 01.01.1993-cü il tarixdə Səttərxan adına zavodun 21 saylı çilingər yığma sexinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmişdir (əmr N 01/k, 04.01.1993-cü il). 24.12.2004-cü il tarixdə işdən azad edilmişdir. Leyt.Şmidt adına xxxx 23.12.1992-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 688 saylı Qərarına əsasən “Səttərxan” adına xxxx adlandırılmışdır. “xxxx” X5 Cəmiyyəti 05.01.2010-cu il tarixdən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 22.12.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən “xxxx” X5 Cəmiyyəti adlandırılmışdır. Beləliklə, onun 2006cı il tarixədək, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qəbul edildiyi tarixədək 25 il 7 ay 23 gün ümumi stajı və eyni zamanda zərərli iş sahəsində güzəştli stajı olmuşdur. Onun işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda Xİ. Metal emalı bölməsinin (1100000), 5. Metal emalı üzrə sair peşələr hissəsinin 5 (********), a) fəhlələr bəndinə aiddir (1110400a-19906). “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 17.12.2019-cu il tarixdə 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlətlə Təyinat İdarəsinə müraciət etmişdir. Həmin İdarədən ona ünvanlanmış 08 yanvar 2020-ci il tarixli cavab məktubunda ərizəsinə imtina edilmişdir. İddiaçı inzibati orqanın imtinasını əsassız və qanunsuz hesab edir. 26.07.2020-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3016/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, İddiaçı 30.08.2012-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 12.10.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” ASC “xxxx” TASC ancaq 1982-1991-ci illər ərzində iddiaçı tərəfindən görülən işləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993cü il 21 iyun tarixli 320 nömrəli Qərarının 1 saylı Siyahısının metal emalı bölməsinə (şifr - 1110400a-19906) aid edir. Bu səbəbdən də iddiaçının güzəştli staj illəri 10 ildən azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlanmamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətinə etiraz etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 izahat verərək, apellyasiya şikayətinə etiraz etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Əhmədov Cavid Nazim oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3016/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - İddiaçı xx.xx.1960-cı il tarixdə Ağsu rayonunda anadan olmuşdur (AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi) - notarial qaydada təsdiq edilmiş NZ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 18.11.1978-ci il tarixdən 08.11.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı ******* nömrəli 27.04.1981-ci il tarixli əmək kitabçasına əsasən İddiaçı 22.04.1981-ci il tarixdən 04.01.1982-ci il tarixdək Leyt.Şmidt adına xxxxnun preventr sexinin çilingər yığma bölməsində elektrik qaynaqçısı şagirdi, 01.10.1981-ci il tarixdə 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir, 04.01.1982-ci il tarixdən 01.12.1991-ci il tarixədək preventr sexində 2-ci dərəcəli elektrik qaynaqçısı, 01.12.1991-ci il tarixdən 01.01.1993-cü il tarixədək “Kotan” kiçik müəssisəsində 4-cü dərəcəli elektrik qaynaqçısı, 01.01.1993-cü il tarixdən 24.12.2004-cü il tarixədək Səttərxan adına zavodun 21 saylı çilingər yığma sexində 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. - “xxxx”ASC “xxxx” TASC-nin 04.12.2013-cü il tarixli, KŞ/10-150 nömrəli izahlı arayışında (sədr E.R.Vəliyev göstərilməklə imzalanmış, Kadrlar şöbəsinin Personnel Division möhürü vurulmuşdur) göstərilmişdir: “Verilir: İddiaçı ondan ötəri ki, həqiqətən də o, 22.04.1981-ci il tarixdə Lenin və X4 ordenli Leyt.Şmidt adına xxxxnun preventr sexinin çilingər yığma bölməsinə elektrik qaynaqçısı şagirdi peşəsinə işə qəbul edilmişdir (əmr N 135/k, 20.04.1981-ci il). 01.10.1981-ci il tarixdə 2-ci (ikinci) dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir (əmr N 337/k, 01.10.1981-ci il). 04.01.1982-ci il tarixdə preventr sexinə 2-ci (ikinci) dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir (əmr N 450/k, 29.12.1981-ci il). 16.09.1982-ci il tarixdə 3-cü (üçüncü) dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir (əmr N 379/k, 16.09.1982-ci il). 01.11.1983-cü il tarixdə oradaca 4-cü (dördüncü) dərəcəli elektrik qaynaqçısı peşəsi verilmişdir (əmr N 410/k, 01.11.1983-cü il). 01.12.1991-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürmə yolu ilə “Kotan” KM-nə keçdiyi üçün işdən azad edilmişdir, (əmr N 123/k-a, 09.12.1991-ci il) 01.02.1991-ci il tarixdə “Kotan” kiçik müəssisəsinə 4-cü (dördüncü) dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir (əmr N 04/k, 03.12.1991-ci il). 01.01.1993-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq köçürmə yolu ilə Səttərxan adına zavoda keçdiyi üçün işdən azad edilmişdir, (əmr N 36/k, 30.12.1992-ci il) 01.01.1993-cü il tarixdə Səttərxan adına zavodun 21 N-li çilingər yığma sexinə 4-cü (dördüncü) dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir (əmr N 01/k, 04.01.1993-cü il). 24.12.2004-cü il tarixdə Azərbaycan Respublikası ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən üzürsüz səbəbə görə iş buraxdığına görə işdən azad edilmişdir, (əmr N 358/k, 27.12.2004-cü il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 20 saylı qərarına əsasən elektrik qaynaqçısı 1 №li siyahının Metal emalı Xİ bölməsinin 5-ci hissəsinin “a” bəndinə aiddir, şifr 1110400a-19906. Bu peşədə zərərli iş şəraitinə görə əlavə məzuniyyət və əlavə əmək haqqı verilir. Lenin və X4 ordenli Leyt.Şmidt adına xxxx 23.12.1992-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 688 saylı Qərarına əsasən “Səttərxan” adına xxxx adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.03.2001-ci il tarixli, 649 saylı Fərmanına əsasən “xxxx” X5 Cəmiyyəti adlandırılmışdır. “xxxx” X5 Cəmiyyəti 05.01.2010-cu il tarixdən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 22.12.2009-cu il tarixli 170 saylı sərəncamına əsasən “xxxx” X5 Cəmiyyəti adlandırılmışdır.” - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçının müraciətinə verilən 08.01.2020-ci il tarixli, **********9 nömrəli imtina məktubunda göstərilmişdir: “Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın metal emalı bölməsinin (11) metal emalı üzrə sair peşələr bəndində (5) məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz 27 aprel 1981-ci il tarixli MT- İ ******* nömrəli əmək kitabçanızda 22.04.1981-24.12.2004-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” TASC-də elektrik qaynaqçısı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz vəzifə Siyahıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 10 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakılar qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan “xxxx” ASC “xxxx” ASC tərəfindən verilmiş 06.08.2020-ci il tarixli, SM-10/171 saylı arayışda göstərilmişdir ki, 1982-1991-ci illərdə zavodun preventor sexində görülən işlər məmulatları qızdırmaqla elektrik qaynaq işləri əl ilə elektrik qaynaqçıları tərəfindən icra edilir. Həmin illərdə fəaliyyət göstərən elektrik qaynaqçıları peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarında 1 №-li Siyahının metal emalı Xİ bölmə 5-ci hissəsinin “a” bəndinə aiddir. Şifr - 1110400a-19906 (məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq ilə elektrik qaynaqçıları) Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən onun 1982-1991-ci illər üzrə (04.01.1982-ci il tarixdən 01.12.1991-ci il tarixədək) işlədiyi dövrləri güzəştli iş stajı hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajı olmadığından ona 30.08.2012-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmadığından hazırkı iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3016/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3016/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 30.08.2012-ci il tarixdən, yəni 52 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-227/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-227/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver