Məhkəmə qərarları › İş №2-1(103)-2271/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2271/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2271/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya” tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1578/2017 saylı 13 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai Rayon Şöbəsinə qarşı iddiaçının «Qum adası» NQÇİ-də (keçmiş Serehrovski) 02.04.1984-cü il tarixdən 28.03.1988-ci il tarixədək və 28 May NQÇİ-də 01.05.1999-cu il tarixdən hal-hazıradək işlədiyi dövrün əmək stajının dəniz şəraitində olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına uyğun olaraq xüsusilə zərərli iş stajı kimi nəzərə alınaraq 30.08.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.03.2017-ci il tarixli 2-1(82)-1578/2017 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1256/2017 saylı 23.05.2017-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.03.2017-ci il tarixli 2-1(82)-1578/2017 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1637/2017 saylı 20.09.2017ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1256/2017 saylı 23.05.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.03.2017-ci il tarixli 2-1(82)-1578/2017 saylı qərarı qanuni qüvvəyə mindikdən sonra 27.10.2017-ci il tarixdə icraya yönəldilmişdir. Daha sonra 26.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəzi Filialı ərizə təqdim edərək qərarın ləğv edilməsini və məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 2017-ci ilin fevral ayınadək ünvan 1 ünvanına rəsmi qeydiyyatda olmuş, pensiya təyinatı aparılması məqsədi ilə 16.02.2017-ci il tarixdən ünvan 2 ünvanına qeydiyyata düşmüşdür. İddiaçı şöbəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək onun "Qum adası” NQÇİ-də 02.04.1984-cü il tarixdən 28.03.1988-ci il tarixədək və 28 may NQÇİ-də 01.05.1999-cu il tarixdən halhazıradək işlədiyi dövrün əmək stajının dəniz şəraitində olduğundan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli Qərar, 21.06.1993-cü il) güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısına uyğun olaraq xüsusilə zərərli iş stajı kimi nəzərə alınaraq 30.08.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.03.2017-ci il tarixli (İş № 2-1(82)-1578/2017) qərarı ilə iddiası təmin edilmişdir. Şöbə tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı xeyrinə qəbul edilmiş 27.03.2017-ci il tarixli qərarından apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 23.05.2017-ci il tarixli qərarı (İş № 2-1(103)-1256/2017) ilə şikayət təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 20.09.2017-ci il tarixli qərarı ilə (İş № 2-1(102)-1637/2017) şöbənin şikayəti təmin olunmamışdır. Məhkəmə qərarlarından göründüyü kimi, İddiaçı “Qum adası” NQÇİ-də 02.04.1984-cü il tarixdən 28.03.1988-ci il tarixədək və 28 may NQÇİ-də 01.05.1999-cu il tarixdən hal-hazıradək işlədiyi dövrün əmək stajının dəniz şəraitində olması nəzərə alınmaqla və 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilmişdir. Lakin hər üç instansiya məhkəmələrində vətəndaşın istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələrdə çalışması barədə arayışın alınması təmin edilməmiş və ya tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, pensiyanın hansı təşkilatın əmək haqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, məhkəmə orqanları yalnız işə tikilmiş materiallara baxmaqla kifayətlənmiş, onun zərərli iş şəraitində işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Birinci instansiyanın qərarında vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında, habelə Nazirlər Kabinetinin 320 nömrəli 21.06.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və 2 №-li Siyahılarında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) əsaslandırılmamış, ümumi mülahizələr əsasında qərar qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsində isə 1 №-li Siyahıda qeyd olunmuş “Kod11000000- Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “Kod-1100000a-11292-quyuların əsaslı təmirinin qazmaçıları” və “Kod-1100000a-15824-neft və qaz hasilatı üzrə operatorlar” vəzifəsini əsas göstərməklə şöbənin apelyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası da ikinci instansiyanın əsaslı hesab etdiyi vəzifələri uyğun hesab etməklə vətəndaşın xeyrinə qərar qəbul etmişdir. Məhkəmə baxışı formal olaraq keçirilmiş, qərarın tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının təyin edilməsi deyil, yenidən hesablanması vəzifəsinin qoyulması olmuşdur. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı" ilə müəyyən edilir. 2017-ci ilin 1 iyulundan Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Siyahı qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunan zaman tətbiq edilir. Siyahıda nəzərdə tutulan işləri Qanunun 9.1-ci və 9.8-ci maddəsindəki şərtlər üzrə tam iş günü ərzində yerinə yetirən işçilər güzəştli şərtlərlə pensiya hüququ qazanırlar. Məhkəmə qərarlarına əsasən Fondun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən 30.08.2007-ci il tarixdən 52 yaşının tamam olduğu gündən Qanunun 9-cu maddəsinin şərtlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısına istinad etməklə əmək kitabçası üzrə 01.01.2006-cı ilədək hesablanmış 28 il 4 ay sosial sığorta stajı, 28 may Neft və Qazçıxarma İdarəsinin təsdiq və təqdim etdiyi 07.11.2016-ci və 09.11.2016-ci il tarixli 2003-2005-ci illərin əməkhaqqı arayışları üzrə orta aylıq əməkhaqqı əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 30.08.2007ci il tarixdən 485,24 manat məbləğində hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və pensiyasının baza hissəsi artırılmaqla 01.01.2017-ci il tarixdən 981,61 manat müəyyən edilmiş və 01.11.2017-ci il tarixdən ödənişinə başlanılmışdır. Beləliklə, Fondun Xətai rayon şöbəsi tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyasının yenidən hesablanılması və 01.02.2020-ci il tarixədək ödənilməsi nəticəsində ona dövlət büdcəsi hesabına külli miqdarda əsassız məbləğ ödənilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 fevral 2019-cu il tarixli **********2 nömrəli Əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırda eyni adlı Mərkəzi Filial) yaradılmış və İdarənin Əsasnaməsi təsdiq edilmişdir. Əsasnaməyə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələrinə əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi İdarəni səlahiyyətlərinə aid edilmişdir (Əmrin surəti əlavə olunur). Eyni zamanda Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 30 aprel 2019-cu il tarixli **********7 nömrəli məktubuna əsasən 2019-cu ilin 10 may tarixinədək Fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun qeyd olunan maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin Mərkəzi Filiala təhvil verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. 13.07.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai Rayon Şöbəsinin əsl cavabdeh (ərizəçi) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X2 ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1578/2021 saylı 13 iyul 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. (hakim: E.Əliyev) Həmin qərardaddan İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və yeni açılmış hallarla bağlı ərizənin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadında yeni açılmış halların və ya faktların nədə ifadə olunduğunu habelə onların nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Məhkəmə ərizəçi inzibati orqanın ərizəsində qeyd etdiyi absurd və cəfəngiyatdan ibarət olan yanaşmasını qəbul etdiyi qərardada köçürərək ərizəni təmin elmişdir. Ərizəçinin ərizəsində qeyd etdiyi və guya yeni açılmış hal hesab etdiyi xüsusatlar isə aşağıdakılardır: 1. iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl yaşayış yeri üzrə qeydiyyatını dəyişməsi; 2. İddia tələbinin pensiyanın yenidən hesablanması kimi yazılması: 3. İşə baxan məhkəmələr tərəfindən məhkəmə tədqiqatının aparılmaması, iddiaçının işlədiyi yerlərin zərərli olub-olmamasının araşdırılmaması; 4. Məhkəmə baxışının formal olaraq keçirilməsi, qərarın tərtıbi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilməsi. Bu taktlarla bağlı aşağıdakıları qeyd etmək işləyir. Belə ki, əvvəla hamıya məlumdur ki, ölkə vətəndaşları sərbəst şəkildə və istənilən vaxtda qanunvericiliyin yol verdiyi qaydalar və vasitələr ilə öz yaşayış yerini dəyişmək hüququna (Bu hüquq hər bir Azərbaycan Respublikası vətəndaşının Konstitusiyası ilə təsbit edilmiş hüququdur) malikdirlər. İddiaçının 2017-ci il tarixdə öz yaşayış yerini məhkəmə mübahisəsinə başlamasına az qalmış dəyişməsi şəxsin məhkəmə mübahisəsi ilə heç bir əlaqəsi ola bilməz. Hətta bunun əksini sübut edən mötəbər sübutu cavabdeh orqan məhkəməyə təqdim edə bilməz. Belə bir əsasın DSMF kimi mötəbər bir oran tərəfindən öz ərizəsində qeyd etməsi onlarda təəssüf hissi yaratmaqdan savayı ərizəni tərtib edən şəxsin məntiqi düşüncəsinin inkişaf etməməsinə şübhələr yaranır. Məhkəmə tərəfindən iddiaçının tələbinə baxılmış hər üç instansiya məhkəməsinin hakimin tərəfindən məhkəmə tədqiqatı aparıldıqdan sonra yekun qərar qəbul edilmişdir. Məhkəmə tədqiqatının aparılmasına dair iradların bildirilməsi ən azından dövlətin adından qəbul edilmiş məhkəmə qərarına hörmətsizlik kimi qəbul edilməlidir. Bununla da dövlət orqanı icrası məcburi olan və qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməkdən yayınma məqsədi güdmüşdür. İşin xronoloji ardıcıllığından görünür ki, hazırkı ərizə qanunsuz və əsassız olaraq dayandırılmış pensiya ödənişinin daha da uzadılması və yekun olaraq həmin qərarın icrasından yayınma məqsədi daşıyır. Göründüyü kimi heç bir yeni sübutdan söhbət gedə bilməz. Ərizədən də göründüyü kimi cavabdehin qeyd etdiyi hallar ən geci ona 01.02.2020ci il tarixdə bəlli olmuşdur. Belə ki, DSMF orqanı 01.02.2020-ci il tarixdən pensiya ödənişini dayandırmış və bunu ərizədə qeyd etdiyi hallarla əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin məcəllənin 103.3-cü maddəsinə görə, Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Bundan başqa ərizəçinin öz ərizəsində yeni açılmış hal kimi əsas gətirdiyi sübutlar və hallar işə baxılarkən DSMF orqanına məlum olduğundan İPM-nin 103.l-ci maddəsi üzrə müəyyən olunmuş üç aylıq müddət də buraxılmışdır. Göründüyü kimi DSMF orqanı 08 aydan sonra məhkəməyə ərizə ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi təhlükəli bir məhkəmə praktikası yaratmaqla hüququn müəyyənliyi prinsipini pozmuşdur. Belə ki, bu mövqe ilə çıxış etsək o zaman istənilən inzibati orqan və ya vətəndaş hazırda ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və ya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən vaxtı ilə onun tərəf olduğu iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktından yeni açılmış hallar ilə bağlı ərizə verə bilər. Tərəf həmin ərizədə əsas kimi ləğv edilmiş məhkəmələrin mübahisəyə tam şəkildə araşdırma aparmadan baxılmadığını əsas göstərə bilər. Göründüyü kimi bu hal gülünc olmaqla yanaşı qəbul edilməzdir. İlk öncə qeyd olunmalıdır ki, yeni açılmış hallar bağlı ərizənin hüquqi təbiəti nəyə xidmət edir. Mübahisəyə baxılarkən tərəfin onun iradəsindən asılı olmayan səbəblər üzündən məhkəməyə təqdim edə bilmədiyi mötəbər sübutun hazırki vəziyyətdə əldə edilərək məhkəməyə təqdim edilməsi. Həmin halla bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliyin imperativ şəkildə təsbit etdiyi müddətlərə riayət edilməsinin məcburiliyi. Lakin hazırkı mübahisə üzrə məhkəmənin qəbul etdiyi qərardadda hamin iki hal nəzərə alınmamış və bununla da qanunvericilik normalarının (xüsusilə də prosessual normaların) kobud şəkildə pozulması ilə əlaqədar qərardad qəbul edilmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yeni açılmış hallarla bağlı ərizə mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qərarını apelyasiya və kassasiya instansiya məhkəmələri qüvvədə saxlamış və birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün 27.10.2017-ci il tarixdə cavabdehə göndərilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində istinad etdiyi hallar barəsində həmin qərarları əldə edən zaman məlumatlı olsa da yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunvericiliklə nəzərdə tutulmuş 3 ay müddəti ötürməklə məhkəməyə təqdim etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03.07.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apelyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Konstitusiyanın 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminat əksər hallarda yalnız məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1578/2017 saylı 13 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar