Məhkəmə qərarları › İş №2-1(103)-2271/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2271/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2271/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilərək vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4198/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı Bаkı İnzibаti Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq Azərbaycan Respublikasının Müdafiə Nazirinin birinci müavini – SQ-nin Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli, 075gm nömrəli əmrinin ləğv edilməsinə dair qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-ci ildən xx.xx.2018-ci ilə qədər, xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə qədər N nömrəli hərbi hissədə nizami hissənin məsul icraçısı vəzifəsində, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər N nömrəli hərbi hissədə məsul icraçı vəzifəsində xidmət etmişdir. İddiaçı xidmət etdiyi müddət ərzində komandirləri tərəfindən verilən tapşırıqları ən yüksək səviyyədə yerinə yetirmiş, xidmət etdiyi müddət ərzində Təşəkkürlər və Fəxri Fərmanlar almışdır. Verilən tapşırıqları layiqincə yerinə yetirdiyinə görə xx.xx.2019-cu ildə ƏBİ ŞHB rəisi tərəfindən, xx.xx.2019cu ildə Yeni il münasibəti ilə hərbi hissə komandiri tərəfində iddiaçıya Təşəkkürnamə verilmişdir. İddiaçı xx.xx.2021-ci ildə 183 nömrəli əmrlə 26 iyun Silahlı Qüvvələrin yaranmasının ildönümü münasibətilə, xx.xx.2021-ci ildə 191 nömrəli əmrlə Qurban bayramı münasibətilə Fəxri Fərmanla təltif olmuşdur. İddiaçının xidmət etdiyi müddət ərzində bəzi səhvləri də olmuşdur. Bununla bağlı lazımınca cəza tədbirləri görülmüşdür. xx.xx.2020-ci ildə xidməti otağında hərbi geyimdə qız övladının hadisə baş verən gün məktəbdə tədbiri olduğu üçün və iddiaçı xidmətdə olduğuna görə gələ bilmədiyini göstərmək məqsədilə çəkdiyi və iddiaçı tərəfindən azyaşlı qızına göndərilmiş şəkil, daha sonra Facebook sosial şəbəkəsində paylanmışdır. Bu paylaşma onun tərəfindən edilməmişdir. Şəkil çəkilən zaman İddiaçı məqsədi hər hansısa dövlət və hərbi sirri pozmaq olmamışdır. Bu məsələyə N nömrəli hərbi hissənin gizir və miçmanlarının şərəf məhkəməsində baxılmış, iddiaçının tutduğu əməldən peşman olduğu, himayəsində azyaşlı qız övladının olmasını və anasının xəstə olmasını nəzərə alaraq iddiaçı barəsində ictimai töhmət elan edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Bunun əsasında hərbi hissə komandiri tərəfindən ona şiddətli töhmət verilmişdir. xx.xx.2020-ci ildə İddiaçı N nömrəli hərbi hissə komandirinə raportla müraciət edərək, xidmət yerində mənzillə təmin edilmədiyinə görə özü ailə üzvlərinə müvəqqəti mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsini xahiş etmişdir. xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək aylıq 225 manat olmaqla, cəmi 2700 manat məbləğində pul vəsaitinin maaş kart hesabına ödənlməsinə nail olmuşdur. Bununla bağlı İddiaçı barəsində Müdafiə Nazirliyi tərəfindən araşdırma aparılmış, iddiaçı həmin məbləği tam ödədiyinə və cinayət tərkibi olmadığına görə cinayət işinin rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Buna baxmayaraq xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, iddiaçı haqqında Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinə Təqdimat göndərilmiş, xx.xx.2021-ci ildə Müdafiə Nazirinin birinci müavininin 075gm nömrəli əmrilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.10-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən İddiaçı ilə bağlaşma ləğv edilərək xidmət müddəti başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bunun əsasında N hərbi hissə komandirinin N nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2021-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması haqqında göstəriş verilmişdir. Halbuki eyni əmələ görə iki dəfə cəza verilməsi yolverilməzdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirinin birinci müavini – SQ-nin Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli, 075gm nömrəli əmrinin ləğv edilməsi, iddiaçının N nömrəli hərbi hissənin məsul icraçısı vəzifəsinə bərpa olunması və iddiaçıya məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.2020-ci ildə hərbi hissədə xidməti otağında olduğu zaman fotokameralı telefon vasitəsi ilə hərbi geyimdə öz şəkilini çəkərək qohumlarına internet vasitəsilə göndərmiş və bu da onun hərbi geyimdə hərbi hissənin ərazisində çəkilən fotoşəkilinin sosial internet şəbəkəsində paylaşmasına səbəb olmuşdur. Halbuki, iddiaçı hərbi xidmətə qəbul olunarkən smartfon tipli telefondan istifadə olunması və sosial şəbəkələrdə hərbi geyimdə fotoşəkil video və digər yazıların paylaşmasının qadağan olunması barədə məlumatlı olduğu halda, xidmət yerinə smartfon tipli telefon gətirərək məxfilik rejimini kobud şəkildə pozmuşdur. Qeyd olunan məsələ ilə bağlı iddiaçı qizir və miçmanların şərəf məhkəməsində dinlənilmiş və ona ictimai töhmət elan edilmişdir. Bundan əlavə xx.xx.2021-ci ildə İddiaçı müvəqqəti mənzil kirayəsinə görə pul kompensasiyası verilməsi üçün raportla N nömrəli hərbi hissə komandirinə müraciət edərək xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək qanunsuz olaraq hər ay 225 manat olmaqla, cəmi 2700 manat kirayə pulu alaraq cinayət əməli törətməklə, dövlətə maddi ziyan vurmuşdur. İddiaçının dövlətə vurduğu maddi ziyan tam sübuta yetirilərək dövlətə dəymiş 2700 manat maddi ziyan iddiaçı tərəfindən tam şəkildə dövlət nəfinə ödənilmişdir. Bunlara görə İddiaçı ilə bağlaşma ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4198/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdehin hazırda mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 075gm nömrəli əmri ilə İddiaçı xidmət vaxtı başa çatmamış ehtiyata buraxma növündə cəza verilməsi zamanı Azərbaycan Respublikası Silahlı X1 88-ci və 93-cü maddələrinin tələbləri pozulmuşdur, habelə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, iddiaçı barədə aparılmış sonuncu təhqiqat başa çatdıqdan sonra iddiaçının xidmətini davam etdirməsi zamanı xx.xx.2021-ci ildə döyüş hazırlığı, ictimaisiyasi hazırlığının yüksəldilməsində, hərbi nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə “Fəxri fərman” ilə və xx.xx.2021-ci ildə “Döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə “Fəxri Fərman” ilə təltif olunması kimi hallar (xidmətində dönüş yaratması) nəzərə alınmamışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eyni məzmunda əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən iddiaçının barəsində bəraətverici əsaslar olmadan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərarın qəbul olunmasından 10 iş günü ərzində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin müdafiə nazirinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportunun qanunvericiliyə uyğun yazıldığı nəzərə alınmamışdır. Halbuki, Müdafiə Nazirliyi tərəfindən Məhkəmənin qeyd etdiyi 10 gün müddətini buraxmamış, təhqiqatın qurtarmasından sonra qanunvericilikdə nəzərdə tutulmuş 10 iş günü ərzində Müdafiə Nazirliyi tərəfindən qərar qəbul olunmuşdur. 10 gün ərzində iddiaçının ehtiyata buraxılması haqqında müvafiq əmrin verilməsi ağlabatan deyil, çünki məhkəmənin qərarda qeyd etdiyi kimi qərar qəbul edilsəydi, Müdafiə Nazirliyi tərəfindən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 161-ci maddəsinin (Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış xəbərdar edilirlər) tələblərinin pozulması ilə nəticələnə bilərdi. Göründüyü kimi sübutlar Məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. Həmçinin, Məhkəmə qərarında qeyd edilmişdir ki, iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi barədə məhkəmə hökmü mövcud olmadığı üçün cavabdehin etirazının hüquqi əsası yoxdur. Bununla bağlı bildirilir ki, Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərara əsasən İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət işinin başlanması CM-nin 73-1.1-ci və CPM-nin 39.1.11 və 40.3-cü maddələrinə əsasən rədd edilmişdir. Həmin maddələr isə cinayət təqibinin bəraətverici əsaslarla xitam verilmədiyini sübut edir (CPM-nin 39.3-cü maddəsi). Bu da, iddiaçının Müdafiə Nazirliyini aldatmaqla maddi vəsaiti mənimsəmə faktını təsdiq edir. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı mövqeyini əlavə olaraq bununla əsaslandırır ki, təhqiqat başa çatdıqdan sonra mübahisələndirilən əmr verilənə qədər iddiaçı xidmətini davam etdirmiş, xx.xx.2021-ci ildə döyüş hazırlığı, ictimai-siyasi hazırlığının yüksəldilməsində, hərbi nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə “Fərxi fərman” ilə və xx.xx.2021-ci ildə “Döyüş və ictimaisiyasi hazırlıqda fərqləndiyinə görə Fəxri fərman” ilə təltif olunmuşdur. Məhkəmə həmin həvəsləndirilmələrlə bağlı mövqeyini əsaslandırarkən, təhqiqat başa çatandan sonra 10 iş günü ərzində, yəni xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin rəhbərliyi səviyyəsində iddiaçının ehtiyata buraxılması haqqında qərarın qəbul olunmasını nəzərə almamış, subordinasiya baxımından aşağı orqan tərəfindən tərbiyə məqsədi ilə verilmiş həvəsləndirilmə əsas götürülmüşdür. Belə ki, İntizam Nizamnaməsinin 20-ci maddəsində həvəsləndirmələrin hərbi qulluqçuların tərbiyə edilməsi üçün mühüm vasitə olması qeyd edilmişdir. Bununla da, iddiaçının törətdiyi qanunazidd əməlindən sonra verilmiş həmin həvəsləndirmənin xidmətində dönüş yaratdığına görə deyil, məhz dönüş yaratması üçün verildiyini təsdiq edir. Məhkəmə qərarında iddiaçıya xx.xx.2020-ci il tarixdə smartfon telefon işlətməsinə görə ikinci dəfə də - artıq bu dəfə mübahisələndirilən əmrlə cəza verildiyi qeyd edilmişdir. Halbuki iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əsas olan onun smartfon tipli telefonu xidməti otağında istifadə etməsi deyil, hərbi qulluqçuya yaraşmayan əməli törədərək, Müdafiə Nazirliyini aldatmaqla dövlətə ziyan vurması olmuşdur. xx.xx.2022-ci il tarixli raportda, bu əsasla yanaşı, iddiaçını xarakterizə edən əlavə məlumat kimi onun hərbi geyim formasında fotoşəklinin sosial şəbəkədə yayılması qeyd edilmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisələndirilən əmr 12 oktyabr 2021-ci i tarixli olmaqla, cavabdeh tərəfindən sözügedən əmrin iddiaçıya təqdim edilməsi ilə bağlı sübutlar təqdim edilməmiş, iddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2021-ci il tarixdə poçt zərfinə qoyulmaqla məhkəməyə ünvanlanmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Hazırkı iş üzrə iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.10-cü maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən bağlaşma ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmrin ləğv edilməsi, iddiaçının N nömrəli hərbi hissənin məsul icraçısı vəzifəsinə bərpa olunması və iddiaçıya məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinin üzərinə qoyulması xahiş edir. Məhkəmə kollegiyası mübahisələndirilən əmrin qanuniliyi ilə bağlı aşağıdakı qanunvericilik normalarına diqqəti çəkir: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: 36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1: 61-ci bəndinə əsasən gizirlərə və miçmanlara:a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa); ə) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; z) gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə; i) sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər. Həmin Nizamnamənin 85-ci bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. Həmin Nizamnamənin 88-ci bəndinə əsasən eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır. Həmin Nizamnamənin 93-cü bəndinə əsasən hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən — bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən — 10 sutka keçənə qədər verilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. İş materiallarında olan N nömrəli hərbi hissənin gizir və miçmanlarının şərəf məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1 nömrəli qərarından çıxarışa əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, iddiaçı haqqında Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinə Təqdimat göndərilmişdir. -N nömrəli hərbi hissənin gizir və miçmanlarının şərəf məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli qərarından çıxarışa əsasən, smartfon tipli mobil telefon istifadəsi ilə bağlı tələbləri pozması faktı ilə əlaqədar iddiaçının tutduğu əməldən peşman olduğu, himayəsində azyaşlı qız övladının olmasını və anasının xəstə olmasını nəzərə alaraq iddiaçı barəsində ictimai töhmət elan edilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. - Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərara əsasən, iddiaçı barəsində aldatma yolu ilə dövlətə məxsus 2700 manat pul vəsaitini ələ keçirərək dələduzluq etməsi faktı üzrə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət işinin başlanması CM-nin 73-1.1-ci və CPM-nin 39.1.11 və 40.3-cü maddələrinə əsasən rədd edilməsi qərara alınmışdır. - N nömrəli hərbi hissə komandirinin raportuna əsasən iddiaçının ehtiyata buraxılmasına dair təqdimat müdafiə nazirinə məruzə olunmuşdur. -xx.xx.2021-ci ildə Müdafiə Nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, 075gm nömrəli əmrinə əsasən iddiaçı tərəfindən Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin tələblərini kobud şəkildə pozması əsası ilə 55-ci Əlahiddə Rabitə taborunun (N nömrəli hərbi hissə) nizami hissənin məsul icraçısı gizir İddiaçı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.10-cu maddəsinə və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “ə” bəndinə əsasən bağlaşma ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır; - N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə xx.xx.2021-ci ildən gizir İddiaçı bütün təminatlardan çıxarılmışdır. İşin araşdırılmış hallarından göründüyü kimi İddiaçı ilə cavabdeh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyi arasında imzalanmış müqavilənin (bağlaşma) ləğv edilməsi barədə hal-hazırda mübahisələndirilən əmrin verilməsi üçün əsas iddiaçının xx.xx.2020-ci ildə hərbi hissə ərazisində smartfon tipli telefondan istifadə etməsi və hər ay 225 manat olmaqla cəmi 2700 manat kirayə pulu alması olmuşdur, cavabdeh iddiaçının sonuncu hərəkəti ilə bağlı etirazında göstərmişdir ki, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək qanunsuz olaraq hər ay 225 manat olmaqla, cəmi 2700 manat kirayə pulu alaraq cinayət əməli törətməklə, dövlətə maddi ziyan vurmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının qanunsuz olaraq hər ay 225 manat olmaqla, cəmi 2700 manat kirayə pulu alaraq cinayət əməli törətməsi və iddiaçını xarakterizə edən hal kimi isə həmçinin xx.xx.2020-ci ildə hərbi hissə ərazisində smartfon tipli telefondan istifadə etməsi ilə bağlıdır. Məhkəmə kollegiyası tərəfindən inzibati orqanın mübahisələndirilən inzibati aktın qəbulu ilə bağlı malik olduğu diskresion səlahiyyətini mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirilib-keçirilməməsi, həmçinin diskresion səlahiyyətlərinin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı araşdırılmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Bilindiyi kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Beləliklə, aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdeh iddiaçının xidmətə uyğun olmaması nəticəsinə gələn zamanı diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya baxışı zamanı iddiaçıya məxsus şəxsi iş materiallarının əslinə baxış keçirilmişdir. Surətləri iş materiallarında olan xidmət vərəqəsindən aydın görünür ki, İddiaçı tərəfindən hərbi hissə ərazisində xx.xx.2020-ci ildə smartfon tipli telefon işlətməyinə görə xidmət vərəqəsinin “B.Cəzalar” bölməsindəki qeydə əsasən ona xx.xx.2020-ci ildə xidmət etdiyi N nömrəli hərbi hissənin rəhbərliyi tərəfindən 341 nömrəli əmrlə “Şiddətli töhmət” intizam cəzası verilmişdir. Həmçinin, xidmət vərəqəsinin A.Həvəsləndirmələr bölməsindən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 424 nömrəli əmri ilə “31 dekabr- Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı” münasibətilə əvvəl verilmiş intizam cəzası götürülmüşdür. Bundan əlavə Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyi Hüquq İdarəsinin Təhqiqat Şöbəsinin baş zabiti – təhqiqatçı X3 xx.xx.2021-ci il tarixli qərarından (cinayət işinin başlanmasının rədd edilməsi barədə) göründüyü kimi İddiaçı aldatma yolu ilə dövlətə məxsus 2700 manat pul vəsaitini ələ keçirərək dələduzluq etməsi faktı üzrə iddiaçı barəsində AR CM-nin 178.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə qanunsuz kirayə pulu aldığına görə iddiaçıya məxsus xidmət vərəqəsinin “B.Cəzalar” bölməsindəki qeydə əsasən ona xx.xx.2021-ci ildə N nömrəli hərbi hissənin rəhbərliyi tərəfindən 207 nömrəli əmrlə “Töhmət” intizam cəzası verilmişdir. Həmçinin, xidmət vərəqəsinin A.Həvəsləndirmələr bölməsindən görünür ki, N nömrəli hərbi hissə komandanlığı tərəfindən xx.xx.2021-ci il tarixli 183 nömrəli əmrə əsasən “26 iyun Silahlı Qüvvələrin yaranmasının 103-cü il dönümü” ilə əlaqədar olaraq, xx.xx.2021-ci il tarixli 191 nömrəli əmrə əsasən “Qurban bayramı münasibətilə şəxsi heyətin mükafatlandırılması barədə iddiaçıya “fəxri fərman”lar verilmişdir. Göründüyü kimi, cavabdehin mübahisələndirilən əmrinin qəbuluna əsas olan 2 məqam üzrə iddiaçıya müvafiq intizam cəzaları verilmiş, ilk intizam cəzasından sonra hərbi hissə komandanlığının əmrinə əsasən əvvəl verilmiş intizam cəzası götürülmüş, digər intizam cəzasından sonra isə iddiaçı iki dəfə fəxri fərmanla təltif edilmişdir. Bununla bağlı Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 88-ci bəndindən göründüyü kimi eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək qadağan olunmuşdur. Məhkəmə kollegiyası o halı da nəzərə çatdırır ki, yalan məlumat təqdim etməklə hər ay 225 manat olmaqla cəmi 2700 manat kirayə pulu iddiaçının alması və sonradan barəsində təhqiqat aparılan zaman dövlətə qaytarması faktı inzibati iş materialları ilə öz təsdiqini tapsa da iddiaçıya həmin hərəkətə görə intizam cəzası kimi mübahisələndirilən əmr Azərbaycan Respublikası Silahlı X1 93-cü maddəsinə görə təhqiqatın qurtardığı gündən (xx.xx.2021-ci ildən) sonra 10 sutka keçənə qədər verilə bilərdi ki, həmin qaydaya da cavabdeh Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyi tərəfindən əməl edilməmiş, təhqiqat qurtardığı gündən 4 ay keçdikdən sonra cavabdehin hazırda ləğv edilməsi tələb olunan xx.xx.2021-ci il tarixli, 075gm nömrəli əmri ilə İddiaçı xidmət vaxtı başa çatmamış ehtiyata buraxma növündə cəza verilmişdir. Halbuki təhqiqat başa çatdıqdan sonra mübahisələndirilən əmr verilənə qədər İddiaçı xidmətini davam etdirmiş, xx.xx.2021-ci ildə döyüş hazırlığı, ictimai-siyasi hazırlığının yüksəldilməsində, hərbi nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə “Fəxri fərman” ilə və xx.xx.2021-ci ildə “Döyüş və ictimaisiyasi hazırlıqda fərqləndiyinə görə “Fəxri Fərman” ilə təltif olunmuşdur. Cavabdeh apellyasiya şikayətində xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərarın qəbul olunmasından 10 iş günü ərzində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin müdafiə nazirinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportunun yazıldığını bildirsə də, Azərbaycan Respublikası Silahlı X1 93-cü maddəsində təhqiqatın qurtardığı gündən sonra intizam cəzasının təyin edilməsinin (10 sutka keçənə qədər) dəqiq vaxtı müəyyən edilmişdir. Hansi ki, mübahisələndirilən əmr təhqiqat başa çatdıqdan 4 ay keçdikdən sonra verilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə ətraflı araşdırmanın nəticəsində qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirməsi zamanı qanunvericilik normaları pozulmuş, iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4198/2022 saylı, 19 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar