Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2271/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7664/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 15 noyabr 2022-ci il tarixli məktubu ilə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. İnzibati orqan aşağıdakıları əsas kimi göstərir: “xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək dövrlərin araşdırılmasına zərurət yaranmışdır. Əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin baxımından mümkün hesab edilməmişdir.” İnzibati orqan qanunsuz olaraq ona yaşa görə əmək pensiyanın təyin edilməsindən imtina edib. İşə əlavə olunmuş əmək kitabçasından göründüyü kimi, onun sığorta stajı qanunvericilikdə göstərilən 25 ildən də artıqdır (sığorta stajı 32 il təşkil edir). Cavabdeh orqan heç bir əsas olmadan aşağıdakı müddətləri onun əmək stajına hesablamır: xx.xx.1992-xx.xx.1995-ci il - bu müddət ərzində o, “İlkin” Gənclər Konserninin vitse-prezidenti vəzifəsində çalışmışdır (bu barədə əmək kitabçasında müvafiq qeydlər var). Həmin vəzifəyə o, Azərbaycan Respublikasının Gənclər İttifaqının Mərkəzi Komitəsinin əmri ilə keçirilmişdir, xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək "xxxx" MMC-də baş direktoru vəzifəsində çalışmışdır (bu barədə əmək kitabçasında müvafiq qeydlər var). Qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd edilməlidir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda iş stajının təsdiqedici sənəd kimi digər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-7664/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Müraciətə aidiyyəti üzrə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən baxılaraq xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya imtina cavabı verilmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, İddiaçı təqdim etdiyi hərbi bilet və əmək kitabçasına əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) 17 il 10 ay 16 gün təşkil edir. Belə ki, əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən “İlkin” Gənclər Konserninin xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və "xxxx" MMC-nin xx.xx.1995-ci il tarixdən xx.xx.2006cı il tarixədək olan arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi üçün həmin müəssisələrdən əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən 180 manata çatdırılmışdır. Bundan sonra İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavdehin üzərinə qoyulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən “İlkin” Gənclər Konserninin xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi üçün həmin müəssisələrdən iddaçının əməkhaqqı alıb-almamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün (rus əlifbası ilə yazılıb latın qrafikalı möhür ilə təsdiq olunub) doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı il 1 yanvar tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı stajı fərdi uçot məlumatları əsasında nəzərə alınmalıdır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Belə ki, məhkəmənin mövqeyinə əsasən cavabdehin qəbul etmədiyi iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “İlkin” Gənclər Konsernində və xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövrlər onun əmək kitabçasında öz əksini tapmış, həmin qeydlər müvafiq vəzifəli şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-07948/2023 nömrəli arxiv arayışından görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan "xxxx" MMC-nin arxiv sənədlərinin əməkhaqqı cədvəllərində İddiaçı 1995-1998-ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə bəzi məlumatlar mövcuddur. “Orxan-TO" MMC-nin 1999-2000-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmə qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Buna baxmayaraq, məhkəmə tərəfindən İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-nin vitse prezidenti vəzifəsində işlədiyi dövrlər tam araşdırılmamışdır. Belə ki, iddiaçının təqdim etdiyi maliyyə-kredit idarələrindəki hesabatlar üzrə əməliyyatların dayandırılması haqqında 012580 saylı xx.xx.2001-ci il tarixli sərəncamdan görünür ki, “Orxan-TO" MMC xx.xx.2001-ci il tarixdən fəaliyyətini dayandırmışdır. Göründüyü kimi, iddiaçının əmək kitabçasında onun xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işləməsi və həmin dövrlərin müvafiq vəzifəli şəxs tərəfindən imzalanması və möhürlə təsdiq edilməsi ilə bağlı qeydlər maliyyəkredit idarələrindəki hesabatlar üzrə əməliyyatların dayandırılması haqqında 012580 saylı xx.xx.2001-ci il tarixli sərəncamla ziddiyyət təşkil edir. Eyni zamanda iddiaçının müəssisənin rəhbər vəzifəli şəxsi olması və bu vəzifədən irəli gələn öhdəliklərdən biri kimi zəruri sənədləri (əməkhaqqı cədvəlləri) tam və vaxtında müvafiq orqana təhvil verməsi onun səlahiyyətində olmuşdur. Belə ki, iddiaçının "xxxx" MMC-də işləməsi yalnız Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-07948/2023 nömrəli arxiv arayışından göründüyü kimi 1995-1998-ci illəri əhatə etməsi, qalan illər üzrə arxiv sənədlərinin müəssisədə səlahiyyətli şəxs qismində fəaliyyət göstərən İddiaçı tərəfindən təhvil verilməməsi həmin dövr üzrə əmək haqqı almasını istisna edir. Beləliklə, iddiaçı pensiya yaşına çatsa da, 25 ildən az sığorta stajına malik olduğundan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddia tələbi təmin olunmamalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Təqdim etdiyiniz əmək kitabçasının və təhsil haqqında diplomunuzun surətlərinə əsasən sığorta stajınız (xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığınız illər nəzərə alınmaqla) 17 il 10 ay 16 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli № 4/1974 saylı məktubuna əsasən “İlkin” Gənclər Konserninin xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və "xxxx" MMC-nin xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi üçün həmin müəssisələrdən əmək haqqı alıb-almadığınızı müəyyən etmək mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normanın tələblərinə əsasən 1 iyul 2020 - 30 iyun 2021-ci il üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 65 ildir. İş materiallarında olan AZE sertiyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. İddiaçının yaşa görə pensiya hüququ 65 yaşının tamam olduğu xx.xx.2021-ci ildə yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun xx.xx.2021-ci il tarixdən (65 il), “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək “İlkin” Gənclər Konsernində, xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" MMC-də olan əmək stajı həmin müəssisələrin arxiv sənədləri təhvil verilmədiyindən əmək haqqı alıb-almadığını müəyyən etməyin mümkün olmadığı bildirilməklə cavabdeh tərəfindən mübahisələndirilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bundan başqa, müəssisənin arxiv sənədlərinin saxlanılmamasına, aidiyyəti üzrə təhvil verilməməsinə, eləcə də əmək kitabçasındakı qeydin rus dilində yazılması halına görə iddiaçı cavabdehlik daşımır. Beləliklə, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək "xxxx" MMC-də işləmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, xx.xx.2023-cü il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin xx.xx.1994-cü il tarixə 1483 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınması barədə məlumat mövcuddur. Vergi uçotuna alınması barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin təsis sənədlərinə əsasən, MMC xx.xx.1994-cü ildə İddiaçı, X10, X5 və X4 tərəfindən təsis edilmiş, nizamnaməsi xx.xx.1994-cü ildə qeydə alınmışdır. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-48-2F/2-07948/2023 nömrəli mktubla məhkəməyə təqdim edilmiş arxiv arayışından görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan “Orxan-TO" MMC-nin arxiv sənədlərinin əmək haqqı cədvəllərində vət.İddiaçı 1995-1998ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə bəzi məlumatlar mövcuddur. “Orxan-TO" MMC-nin 1999-2000-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İşdə olan iddiaçının təqdim etdiyi maliyyə-kredit idarələrindəki hesabatlar üzrə əməliyyatların dayandırılması haqqında 012580 saylı xx.xx.2001-ci il tarixli sərəncamdan görünür ki, "xxxx" MMC xx.xx.2001-ci il tarixdən fəaliyyətini dayandırmışdır. Beləliklə, qeyd olunan hallar "xxxx" MMC-nin mövcud olduğunu, xx.xx.2001-ci il tarixədək aktiv fəaliyyət göstərdiyini tam təsdiq edir. Həmçinin əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək “İlkin” Gənclər Konsernində işləmişdir. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin dövrə dair qeyd əmək kitabçasında mövcuddur, həmçinin iddiaçının Azərbaycanın Tərəqqisi Uğrunda KKM MKdan işdən çıxması ilə bağlı xx.xx.1992-ci il tarixli qeydində onun “İlkin” Gənclər Konsernində vitse-prezident keçməsi ilə bağlı işdən azad olunduğu qeyd olunmuşdur. Cavabdeh iddiaçının Azərbaycanın Tərəqqisi Uğrunda KKM MK-da işlədiyi dövrü və həmin dövrlə bağlı bütün qeydləri qəbul etsə də, hər hansı bir əsas olmadan iddiaçının “İlkin” Gənclər Konsernində xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi dövrü qəbul etməmiş, lakin qeydi şübhə altına alan hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək “İlkin” Gənclər Konsernində, xx.xx.1995-ci il tarixindən müəssisənin fəaliyyətini dayandırdığı xx.xx.2001-ci il tarixinədək "xxxx" MMC-də işlədiyi dövrlər də iddiaçının ümumi stajına daxil edilməlidir. Cavabdeh həmin dövrləri iddiaçının sığorta stajına daxil etməməsini əsaslandıracaq heç bir mötəbər dəlil təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil dövrü də daxil olmaqla ümumi stajı 25 ildən çoxdur (xx.xx.1973-xx.xx.1978 (təhsil), xx.xx.1978-xx.xx.1981, xx.xx.1981-xx.xx.1982, xx.xx.1982-xx.xx.1989, xx.xx.1989-xx.xx.1991, xx.xx.1991xx.xx.1992, xx.xx.1992-xx.xx.1995, xx.xx.1995-xx.xx.2001 - cəmi 26 il 10 ay 23 gün). Göründüyü kimi, iddiaçının xx.xx.2021-ci il tarixdən (65 il) əmək pensiyası hüququ yaranmış və iddiaçı 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7664/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2271/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2271/2024
24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver