Məhkəmə qərarları › İş №2-1(103)-2271/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2271/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2271/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X7 və adi cəlbetmə qaydasında üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “texniki pasporta qismən dəyişiklik edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-464/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək digər şəxsin texniki pasportu 11/942 saylı, xx.xx.2017-ci il tarixdə verilmiş və “şərti” sərhəd hissəsi kimi yazılan hissədə iddiaçıya məxsus torpaq sahəsinin bərpasını nəzərə almaqla texniki pasportda qismən dəyişiklik edilməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və N.Vəzirov küçəsinin kəsişməsində yerləşən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 18/03-8/1167 saylı sərəncamına əsasən təsdiq olunmuş qeyriyaşayış sahəsi iddiaçıya məxsusdur. Lakin həmin torpaq sahəsinin təxminən 300 kv.m. hissəsi 11/942 saylı, xx.xx.2017-ci il tarixli digər şəxsin adına tərtib olunmuş texniki pasportda şərti sərhədlə əlavə edilmişdir. İddiaçı qeyd edir ki, həmin torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən iddiaçıya verilmişdir. Digər şəxsin texniki pasportu 11/942 saylı, xx.xx.2017-ci il tarixdə verilmiş və “şərti” sərhəd hissəsi kimi yazılan hissədə iddiaçıya məxsus torpaq sahəsinin bərpasını nəzərə almaqla texniki pasportda qismən dəyişiklik edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə mücaciət etmişdir. Lakin müraciətə baxılmış və iddiaçıya bildirilmişdir ki, torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamış, iddia olunan sahənin bir hissəsi yol kənarı yaşıllıq cərgəsi, bir hissəsi isə (234.0 kv.m.) digər fiziki şəxsin mülkiyyətindədir. İddiaçı hesab edir ki, digər şəxsə verilmiş texniki pasport hüquqmüəyyənedici sənəd deyil. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən baş planda təsdiq olunmuş və ölçüləri göstərilmiş torpaq sahəsi 2013-cü ildə iddiaçıya verilmişdir. İddiaçıya məxsus olan torpağın digər şəxsin texniki pasportuna əlavə olunması barədə müvafiq icra hakimiyyəti orqanının torpağın ona verilməsi barədə heç bir hüquqmüəyyənedici sənədi (sərəncam) yoxdur. Cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazda qeyd edilmişdir ki, ilkin özəlləşmə zamanı iddia olunan torpaq sahəsi dövlət torpağı olmuşdur. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Məcəllə) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Yuxarıda göstərilənləri nəzərə alaraq işin hallarının obyektiv araşdırılması məqsədilə qeyd edilən inzibati iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-464/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmayıb. İddia olunan sahənin bir hissəsi yol kənarı cərgəsi, bir hissəsi isə (234.0 kv.m) digər fiziki şəxsin mülkiyyətindədir. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 369 nömrəli Sərəncamına əsasən vət.İddiaçı Nəsimi rayonu, Azadlıq prospekti ilə H.Vəliyev küçəsinin kəsişməsində yerləşən boş istifadəsiz ərazidə, ətraf ərazinin abadlaşdırılması və həmin ərazidən istifadə etmək məqsədilə ticarət və ofis binasının tikintisinə icazə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 76 ünvanında yerləşən 2188,8 kv.m qeyri-yaşayış binası və 1784,7 kv.m torpaq sahəsinin özəlləşdirilməsi barədə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na, həmçinin Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq 31 mart 2017-ci il tarixdə qərar qəbul edilmiş, icarəçi X8 ilə 6559 nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanaraq satılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin arxivindən əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 76 ünvanında yerləşən qeyri-yaşayış binası (“Dostluq” kinoteatrı) və torpaq sahəsi üzrə 6559 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən məlumatlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən qeyri-yaşayış binasına aid sənədlərdə sözügedən torpaq sahəsinin koordinatları müəyyən edilməmişdir. Mədəniyyət Nazirliyi yanında X16, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Dövlət Xidmətində “Dostluq” kinoteatrının inzibati binasına və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədlər (texniki pasport və s.) mövcud deyildir. xx.xx.2017-ci il tarixli, 6559 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən müqavilənin predmetini “Alıcı”nın (X8) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı xx.xx.2017-ci il tarixli 9468 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 2188,8 kv.m qeyri-yaşayış binası və 1784,7 kv.m torpaq sahəsi təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 11/942 nömrəli, xx.xx.2017ci il tarixli texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda iddiaçıya məxsus torpaq sahəsinin təxminən 300 kv.m. hissəsi “şərti” sərhəd hissəsi kimi əlavə edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən baş planda təsdiq olunmuş və ölçüləri göstərilmiş qeyd olunan torpaq sahəsi 2013-cü ildə iddiaçıya verilmişdir. Bu hal Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə H.Vəzirov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinin yerləşmə mövgeyini göstərən cizgi və əraziyə dair ortofoto görüntüsü ilə təsdiq olunur. Buna görə 11/942 saylı, xx.xx.2017-ci il tarixdə digər şəxsin adına tərtib olunmuş texniki pasportda “şərti” sərhəd hissəsi kimi yazılan hissədə texniki pasportda qismən dəyişiklik edilməsi ilə bağlı əvvəlcə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, inzibati orqanın imtinasından sonra isə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası sonuncu iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-464/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, 11/942 nömrəli, xx.xx.2017-ci il tarixli texniki pasport tərtib edilmiş qeyri-yaşayış binası ilkin olaraq dövlət əmlakı olmuşdur. “Dostluq” kinoteatrı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan xx.xx.2017-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən ümumi sahəsi 2188,8 kv.m 3 mərtəbəli qeyri-yaşayış binası və yerləşdiyi 1784,7 kv.m torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq icarəyə verilməsi və özəlləşdirilməsi məqsəduyğun hesab edilmiş və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2017-ci il tarixli, 54 nömrəli Sərəncamına əsasən xüsusi mülkiyyətə verilmişdir. Qeyri-yaşayış binası bir neçə dəfə özəlləşdirildikdən (daşınmaz əmlakın alqı-satqı müqaviləsi və daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında) sonra hazırda X1 adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən qeydə alınmışdır. Odur ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2017-ci il tarixli, 11/942 nömrəli texniki pasport xüsusi mülkiyyətdə olan qeyri-yaşayış binasına münasibətdə tərtib edilmişdir. Qeyri-yaşayış binasının xüsusi mülkiyyət kimi qeydiyyata alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2017-ci il tarixli, 54 nömrəli Sərəncamı olmuşdur. İddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüquqların qeydiyyatı üçün əsas olmuş ilkin hüquqmüəyyənedici sənədin mübahisələndirilməsidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iş üzrə faktiki və hüquqi hallar tərəflərin iştirakı ilə müzakirə edilmiş, xx.xx.2017-ci il tarixli, 11/942 nömrəli texniki pasport tərtib edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən qeyri-yaşayış binasının xüsusi mülkiyyətə verilməsi ilə bağlı ilkin hüquqmüəyyənedici sənəd (sərəncam) olduğu təqdirdə həmin hüquqmüəyyənedici ilkin sənədin (sərəncamın) mübahisələndirilməsi ilə bağlı iddiaçıya hüquqi yardım göstərilmişdir. Sonuncu məhkəmə iclasında iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. İstənilən halda məhkəmə hazırkı iddia tələbi çərçivəsində həmin dəqiqləşməni mümkün hesab etmir. Belə ki, qeyd edilən tələb yeni tələb olmaqla (sərəncamın mübahisələndirilməsi) fərqli cavabdehə (Əmlak Məsələləri Dövlət Xİdməti) yönəlmiş olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, işdə olan sənədlərdən görünür ki; -“Dostluq” kinoteatrı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan xx.xx.2017-cü il tarixli məktubda qeyd edilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Dostluq” kinoteatrı uzun müddətdir öz profili üzrə fəaliyyət göstərmir və hal-hazırda “Dostluq” kinoteatrının balansında olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən ümumi sahəsi 2188,8 kv.m 3 mərtəbəli qeyri-yaşayış binası və yerləşdiyi 1784,7 kv.m torpaq sahəsi səmərəsiz istifadə olunur. Dövlət əmlakından səmərəli istifadənin təşkili və özəlləşdirilməsi məqsədilə “Dostluq” kinoteatrının balansında olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən ümumi sahəsi 2188,8 kv.m 3 mərtəbəli qeyri-yaşayış binası və yerləşdiyi 1784,7 kv.m torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq icarəyə verilməsi və özəlləşdirilməsi məqsəduyğun hesab edilir. - “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 9468 nömrəli İcarə Müqaviləsinə əsasən “İcarəyəverən” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2017-ci il tarixli, 54 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 (registr № ***-*******9-000) ünvanında yerləşən, ümumi sahəsi 2208,2 kv.m təşkil edən AR Mədəniyyət və Turizm Nazirliyi, “Dostluq” kinoteatrının balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə “İcarəçi”nin (X2) müddətli istifadəsinə vermişdir. - xx.xx.2017-ci il tarixli, 6559 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən müqavilənin predmetini “Alıcı”nın (X8) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı xx.xx.2017-ci il tarixli 9468 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 2188,8 kv.m qeyri-yaşayış binası və 1784,7 kv.m torpaq sahəsi təşkil edir. - Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 11/942 nömrəli, xx.xx.2017-ci il tarixli texniki pasport tərtib edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən sahəsi 2188,8 kv.m olan qeyri-yaşayış binası və 0.17847 ha torpaq sahəsi X2 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən X8 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən sahəsi 2188,8 kv.m olan qeyri-yaşayış binasını və 0.17847 ha torpaq sahəsini hədiyyə alan X9 mülkiyyətinə vermişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən sahəsi 2188,8 kv.m olan qeyri-yaşayış binası və 0.17847 ha torpaq sahəsi X9 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən X13 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən sahəsi 2188,8 kv.m olan qeyri-yaşayış binasını və 0.17847 ha torpaq sahəsini hədiyyə alan X1 mülkiyyətinə vermişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən sahəsi 2188,8 kv.m olan qeyriyaşayış binası və 0.17847 ha torpaq sahəsi X1 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İlk öncə qeyd etmək lazımdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və N.Vəzirov küçəsinin kəsişməsində yerləşən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 18/03-8/1167 saylı sərəncamına əsasən təsdiq olunmuş qeyri-yaşayış sahəsi iddiaçıya verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən ümumi sahəsi 2188,8 kv.m 3 mərtəbəli qeyri-yaşayış binası və yerləşdiyi 1784,7 kv.m torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq icarəyə verilməsi və özəlləşdirilməsi məqsəduyğun hesab edilmiş və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2017-ci il tarixli, 54 nömrəli Sərəncamına əsasən X2 icarəsinə verilmiş, sonuncu həmin əmlakı özəlləşdirmiş və son nəticədə əmlak hazırki iş üzrə üçüncü şəxs X14 mülkiyyətinə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı tərəfindən 1784,7 kv.m torpaq sahəsinin X1 mülkiyyətinə verilməsi mübahisələndirilmir. İddiaçı üçüncü şəxs X1 adına verilmiş xx.xx.2017-ci il tarixli, 11/942 nömrəli texniki pasportda ona məxsus torpaq sahəsinin bi hissəsinin göstərilməsini mübahisələndirir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2017-ci il tarixli, 54 nömrəli Sərəncamının mübahisələndirilməli olması qənaətinə gəlməmişdən öncə iş üzrə müvafiq ekspertiza təyin etməmiş, Sərəncamlar əsasında iddiaçı və X3 ayrılmış torpaq sahəsinin faktiki olaraq necə yerləşməsi (biri digəri ilə hansı hissədə üst-üstə düşməsi) ilə bağlı hər hansı araşdırma aparmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları araşdırmaqla iddianın mümkünlüyü məsələsini yenidən müzakirə edərək müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-464/2025 saylı, 18 fevral 2025-ci il tarixli qərardadlı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar