Məhkəmə qərarları › İş №2-1(103)-2272/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2272/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2272/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi ilə (məruzəçi); Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)- 1386/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İdarənin rəisi vəzifəsini müvəqqəti icra edən X1 İddiaçı MMC-nin vergi qanunvericiliyinin pozmasına görə məsuliyyətə cəlb edilməsinə dair 28.07.2020-ci il tarixli, **********138460 №-li qərarının ləğv edilməsi, hesablanmış mənfəət vergisinin, mənfəət vergisinin hesablanmasına dair maliyyə sanksiyasının, hesablanmış ƏDV-nin və hesablanmış ƏDV-yə dair tətbiq edilmiş maliyyə sanksiyasının, hesablanmış əmlak vergisinin şəxsi-hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)-1386/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1(112)-1386/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı cavabdeh yazılı ərizə ilə məhkəməyə müraciət edərək baxılan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən mübahisə predmetini təşkil edən qərara 04.06.2021-ci il tarixli, **********147328 saylı qərarla düzəliş edilmiş və iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı müraciət daxil olmamışdır. Hazırki vəziyyətdə mübahisə predmeti mövcud olmadığından iş üzrə icraata xitam verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizəyə uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi izahatında bildrimişdir ki, artıq mübahisəli qərara düzəliş edilərək maliyyə sanksiyasının məbləği azaldılmış, 150.352,53 manat olaraq müəyyən edilmişdir. Artıq həmin məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də mübahisə qalmamışdır. İş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini əlavə etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birgə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinin müddəalarına əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır...(67.1). Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (67.2). Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (67.3). Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan qərara cavabdehin 04.06.2021-ci il tarixli, **********147328 saylı qərarı ilə düzəliş edilərək maliyyə sanksiyasının məbləği azaldılmış, 150.352,53 manat olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən azaldılmış maliyyə sanksiyası artıq ödənilmişdir. Belə olan halda işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığından inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və İPM-in 67, 87 və 89-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş ərizə təmin edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar