Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2272/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi və s. tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3019/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkməyə iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********1 saylı və “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********5 saylı qərarlarının ləğv edilməsi və ona təyin olunmuş əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Filialın üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, iddiaçı 47 yaşı tamam olan tarixdə DSMF-nin Nizami rayon şöbəsi tərəfindən ona müraciətinə əsasən təyyarə bələdçisi kimi topladığı staj əsasında güzəşti şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyinatı zamanı keçmiş SSRİ dövründə topladığı ümumi və güzəştli iş stajı (yəni hüquqi münasibətlərin yarandığı dövrdə qüvvədə olmuş qaydalara əsasən) əsas götürülmüşdür. Lakin cavabdeh onun əmək pensiyasının ödənilməsini dayandırmış, bunun səbəbi nə olduğunu bildirməmiş və indiyədək ona ödənilmiş pensiya məbləğinin geri ödənilməsi barədə qərar çıxarmışdır. O, bununla bağlı cavabdehə müraciət edərək „Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən, təyyarə bələdçisi vəzifəsində topladığı iş stajına görə güzəştli şərtlərlə əmək pensiyasının yenidən təyin edilməsini xahiş etmiş, lakin cavabdeh öz cavab məktubunda ona 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılmasının qanunvericiliyə zidd olmasını bildirmiş, eyni zamanda ona 52 yaşının tamam olduğu tarixdə pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan vermədiyi üçün həmin yaşda belə pensiya təyinatının mümkün olmadığını bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3019/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********1 №li və “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli **********5 №li qərarları ləğv edilmiş, iddiaçı xx.xx.1966-cı il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, Əmək pensiyaları haqqında” Qanunun 9-cu, 9.8-ci və Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 12 saylı Qərarı ilə təsdiq olunmun “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tələbləri pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunmasını, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş materiallarından görünür ki, birincisi, xx.xx.1966-cı il təvəllüdlü iddiaçıya AR DSMF-nin Nizami rayon şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixindən yaşa görə güzətli şərtlərlə əmək pensiyası təyin olunmuş, həmin qərar ləğv olunmamış, qüvvədədir. İkincisi, işin qeyd olunan hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş pensiya təyinatı ilə bağlı araşdırma aparılarkən və ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasının əsassız olduğu aşkar olunaraq iddiaçı barəsində əlverişsiz “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli **********1 saylı və xx.xx.2021-ci il tarixli “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” **********5 saylı qərarlar qəbul olunarkən, inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət olunmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Üçüncü bir tərəfdən, cavabdehin mübahisələndirilən qərarları ilə iddiaçıya ödənilən əmək pensiyasının dayandırılaraq ödənilmiş əmək pensiyasının geri qaytarılmasının konkret halda tələb olunması, ümumiyyətlə, əsassızdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinin tələbindən görünür ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Konkret halda da, pensiyaçının etimad göstərdiyi DSMF-nin Nizami rayon şöbəsinin qeyd olunan qərarı ilə ona təyin olunaraq ona ödənilmiş pensiya məbləğin xərclədiyi və hazırkı aşkar ahıl dövrünü yaşadığı və ona 2013-2020-ci illər ərzində ödənilmiş 15.621,16 manat məbləğində pensiya vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********5 saylı qərarı ilə həmin vəsaitin iddiaçıdan geri qaytarılmasının tələb olunması qanunsuz hesab edilməlidir. Ən azından ona görə ki, sözügedən Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Konkret halda, pensiyaçı tərəfindən Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməsinə dair cavabdeh pensiya təyin edən orqanın heç bir əsaslandırması yoxdur. Ümumiyyətlə, iş materiallarına əsasən pensiyaçı tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallara yol verilməməsi mübahisə mövzusu deyildir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki: «… etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Göründüyü kimi, cavabdehin iddiaçıya ödənilən pensiyanın dayandırılması və ona ödənilmiş pensiya vəsaitinin geri qaytarılmasının ondan tələb olunması barədə qərarlarının əsassız olduğu sübuta yetirilir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə cavabdehin mübahisələndirilən qərarlarının ləğv edilməsi və üzərinə iddiaçının əmək pensiyasının bərpa olunması vəzifəsinin qoyulması işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3019/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3019/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2272/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2272/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver