Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2273/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3205/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə izah verilməsi” barədə ərizəyə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3205/2017 saylı 15 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətinin birinci şöbəsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3205/2017 saylı 14 iyun 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası 2-1(103)-1126/2018 saylı 12 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətininin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılması qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1848/2018 saylı 30 oktyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1126/2018 saylı 12 iyun 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3205/2017 saylı 14 iyun 2017-ci il tarixli qərarı xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini aldığından icraya yönəldilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında məlumat və qərar məhkəməyə daxil olmuşdur. 15 mart 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3205/2017 saylı 14 iyun 2017ci il tarixli qərarına izah verilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3205/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının icrası zamanı məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik normalarına, yoxsa məhkəmə qərarı qüvvəyə mindikdən sonra qəbul edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli 170-7 nömrəli müvafiq Qərarına əsasən icra edilməsinin müəyyənləşdirilməsinə zərurət yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3205/2017 saylı 15 aprel 2022-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3205/2017 saylı xx.xx.2017-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 170-7 saylı 15 aprel 2019-cu il tarixli müvafiq Qərarına əsasən icra edilməli olmasının nəzərə alınması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və icra vərəqəsinin necə icra edilməsinə izah verilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, ona görə də xx.xx.2022-ci il tarixli 2-l(81)-3205/2017 nömrəli qərardadı ləğv edilməli və ərizəçinin icra vərəqəsinin necə icra edilməsinə izah verilməsi barədə yeni qərardad qəbul edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, “Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Mülki Məcəllənin 7-ci maddəsinə görə. “7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz”. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı və icra məmuru məhkəmə iclasında iştirakrını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının və icra məmurunun iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və icra məmurunun iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, inzibati məhkəmə icraatının iştirakçısının izahatını dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur (230.1, 230.3, 230.4). Eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir (maddə 14). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3205/2017 saylı xx.xx.2017-ci il tarixli qərarında İddiaçı təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Xidmətinin İ şöbəsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması öhdəliyi cavabdehə həvalə olunmuşdur. Qeyd olunmalıdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3205/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı qəbul edilərkən və yuxarı instansiya məhkəmələri tərəfindən hazırkı işə baxılarkən iddiaçının işləmiş olduğu vəzifənin mövcud olan digər dövlət orqanının ştat sturukturundakı vəzifələrə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aparılmamışdır. Yalnız həmin məhkəmə qərarları qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 nömrəli müvafiq Qərarı ilə belə uyğunlaşdırma aparılmış və həmin Qərar iddiaçının işləmiş olduğu Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixinədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərə aid edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 nömrəli müvafiq Qərarı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 1 mart tarixinədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarının Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılması aparılmışdır. Həmin Qərara müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətində mövcud olmuş şöbə rəisi vəzifəsi idarənin şöbə rəisi vəzifəsinə 29% nisbətində uyğunlaşdırılmışdır. Buna görə də Kollegiya hesab edir ki, sözügedən icra sənədinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli 170-7 nömrəli müvafiq Qərarına əsasən icra edilməli olması nəzərə alınmalıdır. Kollegiya xüsusi olaraq vurğulayır ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasının məhkəmə qərarına əsasən aparılmalı olması, digər şəxslərə nisbətdə iddiaçıya əlavə üstünlük yaratmamalıdır. Bir halda ki, eyni vəzifədə işləməklə, eyni dövrdə (2017-ci il 1 mart tarixinədək) məhkəmə qərarı olmadan, inzibati orqan tərəfindən pensiya təyin edilmiş şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda istinad olunan Qərarı tətbiq olunursa, iddiaçıya da tətbiq edilməlidir. Məhkəmə qərarının mövcudluğu iddiaçının statusunu həmin vəzifədə işləyən və inzibati orqan tərəfindən pensiya təyin edilmiş şəxslərlə bərabərləşdirmişdir, əlavə üstünlük verməmişdir. Əks yanaşma, qeyri-bərabər vəziyyət yaratmış olar ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş bərabərlik hüququnun pozulmasıdır. İşdən görünür ki, iddiaçı sonradan, hazırkı ərizədə göstərilən eyni məsələ ilə bağlı, yəni Xüsusi Dövlət Mühafizə Xidmətinin İ şöbəsinin rəisi vəzifəsinə uyğun olaraq yeni məlumat vərəqəsinin verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin üç instansiya məhkəməsi də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 nömrəli Qərarına əsaslanmaqla onun iddiasını rədd etmişdir. Qeyd olunan hallar onu deməyə əsas verir ki, hazırkı müraciət olunan məsələyə artıq birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, kassasiya instansiya məhkəməsi tərəfindən 2-1(102)-1834/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında hüquqi mövqe bildirilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, icra məmurunun məhkəmə qərarına izah verilməsi ilə bağlı ərizəsinin təmin edilərək, sözügedən icra sənədinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli 170- 7 nömrəli müvafiq Qərarına əsasən icra edilməli olması barədə verilmiş izahvermə düzgün olduğu üçün 15 aprel 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3205/2017 saylı 15 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Həmid Həmidov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2273/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2273/2022
15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver