Məhkəmə qərarları › İş №2-1(103)-2273/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2273/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2273/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün ödənilməmiş pensiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1710/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində Cavabdehna qarşı iddia qaldıraraq “2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün ödənilməmiş pensiyanın bərpa edilərək iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən xx.xx.2015-ci ildən İİİ dərəcəli əlillik verilmişdir. Əlilliyin müddəti xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilə qədər müəyyən edilmiş və ona 276,08 manat (iki yüz yetmiş altı manat səkkiz qəpik) pensiya təyin edilmişdir. xx.xx.2019-cu ildə, birinci yoxlamadan 5 (beş) il keçməmiş o vaxt işlədiyi Məşğulluq Xidmətinin rəhbərliyinin göstərişi ilə təkrar tibbi yoxlamadan keçmiş və xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər X6 müalicə olunmuşdur. xx.xx.2019-cu ildə Elmi-Tədqiqat Kardiologiya institutunun rəyini TSEK-ə təqdim edərək təkrar 3-cü qrup əlillik təsdiq olundu. Bundan sonra qanunvericiliyin tələbinə görə o, xx.xx.2024-cü ildə yoxlamadan keçməli idi. Lakin 2021-ci ilin sonlarında ona verilən müavinəti ödəniməsi dayandırılmışdır. İzah olunmuşdur ki, beş il tamam olduğundan təkrar komissiyadan keçməlidir.İddiaçının gözlərində də qüsur olduğundan 2021-ci ilin oktyabr ayında Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə olunmaq üçün növbəyə dayanmış, həmin Mərkəzdən növbənin 21 yanvar 2022- ci ildə çatacağını bildirdilər. O, həmin günü müayinədən keçmiş və sənədlərini xx.xx.2022- ci ildə götürmüş və xx.xx.2022-ci ildə yaşadığı yer üzrə 6 saylı şəhər poliklinikasına təqdim etmişdir. Poliklinikada onu 2022-ci ilin may ayına qədər yubandırdılar ki, TSEK icazə vermir, struktur dəyişikliyi olacaq və bildirdilər ki, Milli Oftolmologiya Mərkəzində əlilliyin təyin olunduğu vaxtdan müavinət veriləcək. xx.xx.2022-ci ildən mənə təyin olunmuş 3-cü qrup əlillik bərpa olundu. Lakin keçən 8 ay üçün pensiya ödənilmədi. Ona təyin olunmuş 3cü qrup əlillik sənədlərindən yanaşı xəstəlik kimi, 09 iyul 2015-ci ildə ürəklə bağlı əliliyin təyin olunduğu xəstəliyin daha da şiddətləndiyi qeyd edilmişdir. O, bu problemin həll olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, sonuncunun 24 iyun 2022-ci il tarixli, **********3 saylı cavab məktubunda əsasız olaraq keçən müddət üçün pensiya ödənişinin mümkün olmadığı bildirilmişdir. Eyni zamanda məktubda göstərilir ki, pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir. Müraciətdə qeyd olunan dövrdə əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı yoxlamanın əsassız olaraq gecikdirilməsinin öz günahı olmadığını, görə zərər çəkməli olmadığını bildirmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, iddiaçıya ilkin olaraq ümumi xəstəlik səbəbindən xx.xx.2015-ci il tarixdə bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Sonradan iddiaçının əlilliyi xx.xx.2016-cı il tarixdə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır (növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il olmaqla). Buna uyğun olaraq iddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli 310 nömrəli qərarı ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır (sonuncu pensiya ödənişi xx.xx.2021-ci il tarixdə 365.14 manat məbləğində müəyyən edilməklə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyqun olaraq əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsi ilə həyata keçirilir. Buna müvafiq olaraq Bakı 38 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 4118003AAEVW nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2019-cu ildə təkrar tibbi yoxlamadan keçdiyini, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər X8 müalicə olunduğunu, xx.xx.2019-cu ildə X1 rəyini TSEK-ə təqdim etdiyini, təkrar İİİ dərəcə əlilliyinin təsdiq edildiyini qeyd etsə də, qeyd edilən dövrdə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə iddiaçıya dair göndəriş daxil olmamışdır. Qeyd olunanlara əsasən iddiaçının pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir (bərpadan sonra ilk ödəniş xx.xx.2022-ci il tarixdə 365.14 manat məbləğində edilməklə). İddiaçının müraciətində və iddia ərizəsində qeyd etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından yə yeni əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 8 ay ərzində müəyyən edilmədiyindən (əlilliyin müddətinin bitmə tarixi - xx.xx.2021-ci il; əlilliyin yenidən müəyyən edilmə tarixi - xx.xx.2022-ci il; keçən müddət 10 ay) iddiaçı ötürülmüş müddətdə əlilliyi olan şəxs hesab edilmir və bu səbəbdən həmin dövr üzrə ona pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1710/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik müddəti bitdiyi tarixdən sonra 6 ay ərzində əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində yenidən əlilliyi müəyyən edilmədiyindən iddiaçı ötürülmüş müddətdə əlilliyi olan şəxs hesab edilmir və bu səbəbdən həmin dövr üzrə ona pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyil deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikasının Konstitusiyasının: -38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. -11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. -32.2.-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. -33.1-ci maddəsinə əsasən ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. -36.1.-ci maddəsinə əsasən, orqanizmin funksiyalarının pozulması faizi dəyişdikdə, əmək pensiyasının məbləği orqanizmin funksiyalarının pozulması faizinin dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir. -36.2.-ci maddəsinə əsasən, təkrar müayinədən keçirilən əmək pensiyaçısı əmək qabiliyyətli hesab edildikdə, əmək pensiyasının verilməsi əmək qabiliyyətli hesab edildiyi aydan sonrakı ayın 1-dən dayandırılır. -41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar ... 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4 Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları

2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: -3-cü maddəsinə əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

Apellyasiya şikayətinin dəlilinə münasibət: İş materiallarından görünür ki, iddiaçıya ilkin olaraq ümumi xəstəlik səbəbindən xx.xx.2015-ci il tarixdə bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Sonradan iddiaçının əlilliyi xx.xx.2016-cı il tarixdə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır (növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il olmaqla). Buna uyğun olaraq iddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli 310 nömrəli qərarı ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır (sonuncu pensiya ödənişi xx.xx.2021-ci il tarixdə 365.14 manat məbləğində edilməklə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsi ilə həyata keçirilir. Buna müvafiq olaraq Bakı 38 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 4118 003AAEVW nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə yenidən qiymətləndirilmiş və ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qeyd olunanlara əsasən iddiaçının pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir (bərpadan sonra ilk ödəniş xx.xx.2022-ci il tarixdə 365.14 manat məbləğində edilməklə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbаусаn Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi, iddiaçının əlillik müddəti bitdiyi tarixdən sonra 6 ay ərzində əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində yenidən əlilliyi müəyyən edilmədiyindən (əlilliyin müddətinin bitmə tarixi - xx.xx.2021-ci il; əlilliyin yenidən müəyyən edilmə tarixi xx.xx.2022-ci il; keçən müddət 9 ay 9 gün) iddiaçı ötürülmüş müddətdə əlilliyi olan şəxs hesab edilmir və bu səbəbdən həmin dövr üzrə ona pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. İş materiallarında olan 6 nömrəli şəhər poliklinikası xx.xx.2022-ci il tarixdə 90 nömrəli məktubu ilə bildirmişdir ki, vətəndaş İddiaçı 2015-ci ildən 6 nömrəli şəhər poliklinikasında qeydiyyatdadır. ÜİX,Gərginlik stenokardiyası İİİ f.s. QDÇ İİ dərəcə, OD-Görmə sinirinin atrofiyası diaqnozları ilə dispanser qeydiyyata götürülüb. 2015-ci ildən İİİ qr. əlildir. Xəstə əlillik müddətinin bitməsi ilə əlaqədar təkrar müayinə üçün xx.xx.2022-ci ildə Z.Əliyeva adına MOM—a göndərilmişdir. xx.xx.2022-ci il tarixdə MOM-da müayinədən keçmişdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixədək poliklinikanın elektron sistemində dəyişikliklərlə əlaqədar TSERAS reyestri bağlandığı üçün xəstə xx.xx.2022-ci il tarixdə əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə göndərişlərin verilməsi qaydasına əsasən həkim müayinəsindən keçirilmiş və xx.xx.2022- ci il tarixdə xəstənin 88 saylı forması təsdiq olunaraq TSEK-in 38 nömrəli şəhər poliklinikasında yerləşən HMK-na göndərilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən, Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi xx.xx.2022-ci il tarixdə 1029 saylı məktubu ilə bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə X7 adına Milli Oftalmologiya Mərkəzinin X4 müayinədən keçmişdir. X4 pasientlər canlı növbə ilə müayinə olunurlar. Yalnız müraciət sayının normadan artıq olduğu zamanlarda vaxt məhdudiyyətini nəzərə alaraq, müayinə günü şifahi olaraq digər tarixə keçirilə bilər. Birinci instansiya məhkəməsi yekun qərar çıxararkən ona əsaslanmışdır ki, iddiaçının əlilliyi müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra əlilliyinə əsas olan xəstəliklə bağlı müalicə və müayinələr aparılmış, əlilliyi müəyyən edən dövlət orqanına dövlət tibbi müəssisə tərəfindən müvafiq elektron sənədlər göndərilmiş, nəhayət 2022–ci ilin may ayında ona əvvəlki diaqnoz ilə yanaşı digər ağırlaşmalar və xəstəliklər də əlavə olunaraq “Görmə sinirinin atrofiyası, OD-Görmə sinirinin atrofiyası VİS OD=işıq duyğusu. VİS OS=0.8 k/etmir (onda səkkiz). Ağırlaşma H54.4 Monokulyar korluq,. Ağırlaşma H26.2 Ağırlaşmış katarakta, OD-Fəsadlı katarakta. OS- Başlanğıc katarakta. Yanaşı xəstəliklər H50.1 Müştərək xarici çəpgözlük, OD-Xarici çəpgözlük. Yanası xəstəliklər 125.1 Ürəyin aterosklerotik xəstəliyi, Aterosklerotik kardioskleroz. Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], flıpertoniya xəstəliyi İİİ dər. Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit,. Yanaşı xəstəliklər 120.8 Stenokardiyanın digər formaları, ÜİX: Stabil gərginlik stenokardiyası İİİ f.s. Yanaşı xəstəliklər K86.1 Digər xroniki pankreatitlər, Xr. pankreativ” diaqnozu qoyulmuş və gözdən İİİ dərəcə əlillik müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının əlilliyinə səbəb olan xəstəlikləri mübahisəli dövrdə də mövcud olmuş, iddiaçı sağalmamış, əksinə onda əlavə xəstəliklər aşkar olunmuş, bunun nəticəsində ona yuxarıda qeyd olunan diaqnoz ilə müddətsiz əlilliyi müəyyən edilmişdir. İşdə olan sənədlərdən (X7 adına Milli Oftalmologiya Mərkəzinin məktubundan və s.) aydın olur ki, müvafiq səbəblərdən iddiaçının müayinələrinin vaxtında keçirilməsi mümkün olmamışdır, əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edilmiş, 6 ay müddətin ötürülməsi iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Beləliklə, cavabdeh imtinasında haqlı olmamış, iddiaçının ötürülmüş dövrdə sağlam olmasını təsdiqləyən sübütedici sənədləri də məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçı ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab olunmalı, bu dövrlə bağlı əlilliyə görə əmək pensiyası iddiaçıya ödənilməlidir. Kollegiya qeyd edir ki, iddiaçının əlilliyinə əsas olan xəstəliklə bağlı müalicə və müayinələr aparılmağı, müvafiq sənədlər göndərilməsi iddiaçının avtomatik olaraq ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilməsinə əsas vermir. Çünki bu halda gəlinmiş nəticə müvafiq inzibati orqanın həyata keçirdiyi kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Hazırki iş üzrə iddiaçının əlilliyinin yenidən qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli həmin qərar qüvvədə olduğu və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı pensiya ödənişini “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinə uyğun olaraq həyata keçirdiyi halda, məhkəmə yanlış olaraq iddiaçının ötürüİmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab olunması və bu dövrlə bağlı əlilliyə görə əmək pensiyası ödənilməli olması qənaətinə gəlmişdir. Halbuki, iddiaçı sonuncu qiymətləndirməyə qədər müvafiq inzibati orqanın əlilliyin təyini ilə bağlı imtinalarını mübahisələndirməmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda 6 aylıq müddət imperativ tələb olmaqla birbaşa tənzimlənmiş, müddətin buraxılmasının üzrlü hesab edilməsi şərtləri isə nəzərdə tutulmamışdır. Buna görə də müddətin iddiaçıdan asılı olmayan səbəblərdən ötürülməsi belə özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və iddiaçının qeydşərtsiz həmin ötürülmüş müddət daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsinə səbəb olmur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin qərarlarında da hüquqi mövqe bu cür olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-864/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı):

29. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin 2.12.2020-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 11 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırmış olduğu iddia tələbində qeyd olunan dövrlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (İPM-87.6).

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1710/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2021-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üçün ödənilməmiş pensiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar