Məhkəmə qərarları › İş №2-1(103)-2274/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2274/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2274/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümyəndəsi Vəkil iştirakı ilə İddiaçı “X2 LLC” MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs “İlham Co” firması) qarşı “çıxarışın ləğv edilməsi tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 28/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında araşdırıb m ü ə y y ə n e t d i: İ. İddiaçı “X2 LLC” MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057- 68, 10 nömrəli evin, 1 nömrəli mənzili üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində “İlham Co” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı cavabdehə qarşı digər bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi 9a saylı evin 44 saylı mənzili, Bakı şəhərXəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi 2 saylı evin 100 saylı mənzili, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi 15 a saylı evin 20 saylı mənzilinin mülkiyyət hüquqlarının dövlət reyestrində “İlham Co” firmasının adına aparılmış qeydiyyatın və mülkiyyət hüquqlarına dair çıxarışların ləğv olunması barədə qərar çıxarılması xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-29/2021 nömrəli, 05 yanvar 2021-ci il tarixli qərardadı ilə eyni tərəflər arasında eyni mübahisə predmetləri olan yuxarıda qeyd olunan iddia ərizələri üzrə müstəqil işlər bir icraata birləşdirilmişdir. İddianın əsaslarına görə mübahisəli mənzillər mülkiyyət hüququ ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin törəmə müəssisəsi olan İddiaçı MMC-yə ("xxxx" MMC) məxsusudur. Lakin cavabdeh tərəfindən həmin əmlaklara mülkiyyət hüququ qanunsuz və əsassız olaraq üçüncü şəxs “İlham Co” firmasının adına dövlət qeydiyyatına alınmış və buna dair çıxarışlar verilmişdir. Belə ki, "xxxx" MMC-nin mülkiyyətində olmuş yuxarıda qeyd edilən daşınmaz əmlakların “İlham Co” firmasının adına qeydiyyatdan keçib-keçməməsinə dair onlar tərəfindən xx.xx.2017-ci il tarixdə, 7/197 nömrəli sorğu ilə cavabdehə müraciət edilmiş, cavab olaraq xx.xx.2017-ci il tarixli, **********19 nömrəli məktubla bildirilmişdir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2 inz(81)-58/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra vərəqəsinə və qərarına əsasən həmin mənzillər firmasının adına keçirilmiş və onun mülkiyyətindədir. İstinad olunan qərarla iddiaçı, “İlham Co” firmasının cavabdeh İddiaçı ("xxxx" MMC) MMC və İİ cavabdeh X4 arasında bağlanmış xx.xx.2009-cu il tarixli Barışıq sazişinə əsasən tərəflər arasında "xxxx" MMC-nin “İlham Co” firmasına borcunun ƏDV daxil olmaqla, 210000 manat məbləğində müəyyən edilməsi, həmin borc ƏDV daxil olmaqla 210000 manat məbləğinin "xxxx" MMC-nin hal-hazırki, təsisçilərdən başqa şəxslərə satılması barədə bağlanmış alqı-satqı müqaviləsinin icrasından sonra, 30%-ni 1- ci ayda, 60%-nin – növbəti 3 ay müddətində və qalan 10%-nin isə növbəti ayda ödənilməsi, "xxxx" MMC ilə mövcud olmuş və hazırda məhkəmə qaydasında tələb edilən imzalanmış nəqliyyat ekspedisiya xidmətinin göstərilməsi barədə müqaviləni təzələməklə, gələcəkdə də onunla dostcasına əməkdaşlıq edilməsi, "xxxx" MMC-nin “İlham Co” firmasına və İİ cavabdeh X6 qarşı “Bağlanmış müqavilənin etibarsız hesab edilməsi və vurulmuş ziyanın tutulması haqqında” qarşılıqlı iddia tələbindən imtinanın qəbul edilməsi, X4 üzərinə "xxxx" MMC-nin hal-hazırda, nə də bundan sonra olacaq təsisçilərinə Barışıq razılaşmasının predmetinə və ya digər hallar üzrə mövcud olmuş mübahisələr haqqında iddia tələblərini qaldırmayacağı və "xxxx" MMC ilə bağlı informasiyalaradan istifadə etməyəcəyi və onları yaymayacağı barədə öhdəlik qoyulması razılaşdırılmışdır. Həmçinin xx.xx.2015-ci il tarixdə 2 inz(81)- 58/2009 nömrəli, xx.xx.2009-cu il tarixli eyni məzmunlu icra vərəqəsi verilmişdir. Həmin qərarın və icra vərəqəsinin məzmunundan göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin istinad etdiyi qərarda qeyd edilən daşınmaz əmlaklara dair mülkiyyət hüquqlarının “İlham Co” firmasının adına dövlət qeydiyyatına alınması nəzərdə tutulmamışdır. Cavabdehin bu hərəkətləri nəticəsində "xxxx" MMC-nin qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Qeyd edilən dövlət qeydiyyatının və çıxarışların ləğv edilməsinə dair cavabdehə müraciət edilsə də bundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-28/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsində göstərilən dəlilləri mahiyyəti üzrə və həqiqi olaraq araşdırmadan, mövcud olan məhkəmə qərarına formal olaraq istinad etməklə yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, “İşin faktiki hallarına əsasən cavabdeh iddiaçının ləğv edilməsini tələb etdiyi əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını icra məmurunun qərarı əsasında aparmışdır və icra məmurunun bu hərəkətinə münasibətdə artıq apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi mövcuddur”. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə yanlış olaraq qeyd etmişdir ki, İPM-in 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir”. Lakin, məhkəmə nəzərə almamışdır ki, həmin Məcəllənin 87.9-cu maddəsi bütün apelyasiya instansiya məhkəmələrinin bütün qərarlarının bütün işlər üzrə mütləq qaydada presedent əhəmiyyətli olmaqla məcburi xarakter daşımasını ehtiva etmir. Belə ki, həmin maddə müstəqil mənaya malik olmamaqla, sistemli şəkildə həmin məcəllənin 87.7-ci maddəsində göstərilən hala, yəni məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda apelyasiya instansiyası məhkəməsinin barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərdiyi hallara aiddir. Göründüyü kimi İPM-nin 87.9-cu maddəsinə istinad yanlışdır və iddiaçının iddia ərizəsində göstərilən hallara araşdırma aparılmaqla, mahiyyəti üzrə və həqiqi olaraq qiymət verilməli idi. Qeyd edilməlidir ki, digər məhkəmə qərarının mövcudluğuna formal istinad edilməklə, işə mahiyyəti üzrə baxılmasından imtina edilməsi milli qanunvericiliyin təsbit etdiyi məhkəmə müdafiəsi hüququnun pozulması ilə yanaşı həm də İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinin məhkəməyə çatımlılıq ilə bağlı müddəalarının pozulmasıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1720/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin iş üzrə qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-534/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin həmin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının işin təkrar apellyasiya qaydasında baxılması üzrə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli iclaslarında iştirak edən iddiaçının nümayəndəsi G.Əlizadə apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı və üçüncü şəxsin nümayəndəsi Vəkil iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, birici instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə mülkiyyətində olmuş mənzillərə hüququn “İlham Co” firmasının (icra sənədi üzrə tələbkar) adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və reyestrdən verilmiş çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Lakin iş materialları ilə müəyyən olunan hallardan aydın olur ki, iddiaçının tələbi əsassızdır. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...” Qanunun qeyd olunan tələbindən görünür ki, daşınmaz əmlakın reyestrdə qeydiyyata alınması üçün əsslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarları hesab edilir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olmuş mübahisəli mənzillərin üçüncü şəxsin adına reyestrdə qeydiyyata alınması - icraya yönəldilən qanuni qüvvəsini almış məhkəmə aktına əsasən verilmiş icra sənədinin icra məmuru tərəfindən icra qanunvericiliyinin tələbləri qaydasında icrasından irəli gəlmişdir. Belə ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-58/2009 nömrəli, xx.xx.2009cu il tarixli qərardadından görünür ki, iddiaçı “İlham Co” firması "xxxx" MMC-yə qarşı borcun qaytarılması, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi barədə ilkin iddia ərizəsi, 2-ci də birinciyə qarşı xidmət müqaviləsinin etibarsız hesab edilməsi və s. tələblərinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş, sonradan tərəflər məhkəməyə ərizə ilə müraciət edərək aralarında bağlanmış 29 may 2009-cu il tarixli barışıq sazişinin şərtlərinin təsdiq olunmasını xahiş etmiş və məhkəmənin həmin qərardadı ilə barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilmişdir: "xxxx" MMC-nin “İlham CO firmasına borcu ƏDV daxil olmaqla 210.00 manat məbləğində müəyyən edilmiş və borcun ödənilmə qaydası müəyyən edilsin. ”X2 LLC” MMC-nin “İlham Co” firmasına borcu ƏDV daxil olmaqla 210000 manat məbləğində müəyyən edilsin.Həmin borc daxil olmaqla 210000 manat “X2 LLC” MMC-nin hal-hazırki təsiçilərindən başqa şəxsə satılması barədə bağlanmış alqı-satqı müqaviləsinin icrasından (yəni Satıcı tərəfindən tərtib edilmiş bank ödəmə tapşırığının Alıcı tərəfindən qəbul edildikdən) sonra 30 %-ni 1 ayda, 60%-ni növbəti 3 ay müddətində və qalan 10 %-ni isə növbəti ayda ödənilsin. ”X2 LLC” MMC ilə mövcud olmuş və hazırda məhkəmə qaydasında etibarlığı tələb edilən imzalanmış məqliyyat ekspedisiya xidmətinin göstərilməsi barədə müqaviləni təzələməklə gələcəkdə də onunla dostcasına əməkdaşlıq edilsin. “X2 LLC” MMC-nin iddiaçı “İlham Co” firmasına və ikinci cavabdeh X5 qarşı “Bağlanmış müqavilənin etibarsız hesab edilməsi və vurulmuş ziyanın tutulması haqqında qarşılıqlı iddia tələbindən imtina qəbul edilsin. X5 öhdəlik qoyulsun ki, o, “X2 LLC” MMC-yə nə hal-hazırki, nə də bundan sonra olacaq təsisçilərinə Barışıq Razılaşmasının (Sazişinin) predmetinə və ya da digər hallar üzrə mövcud olmuş mübahisələr haqqında iddia tələbləri qaldırmayacaq və “X2 LLC” MMC ilə bağlı informasiyalardan istifadə etməyəcək və onları yaymayacaq...” Məhkəmənin həmin qərardadına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 23.2015-ci il tarixində icra vərəqəsi verilmiş və icra edilməsi üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. İşə əlavə olunmuş, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin “əmlakın borc əvəzinə tələbkara verilməsi barədə” 04 may 2007-ci il tarixli qərarından (İ cild i.v 99-100) görünür ki: - icra sənədinin icrası borclu tərəfindən təmin edilmədiyinə görə onun adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak növünün olub-olmadığını müəyyənləşdirmək üçün müxtəlif orqanlara sorğular verilmiş; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin şöbəyə təqdim etdiyi məktubuna əsasən borclunun (Catel” MMC) mülkiyyətinədə qeyd olunan mübahisəli mənzillər aşkar edilmiş və icra məmuru tərəfindən həmin mənzillərin üzərinə həbs qoyulması üçün məhkəməyə təqdimat verilmiş; - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 8-1(81)-233/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadı ilə "xxxx" MMC-yə məxsus təqdimatda qeyd edilmiş əmlaklar üzərində həbs qoyulmuş, borcun ödənilməsini təmin etmək məqsədilə müəssisəyə məcburi daxil olmaq və təqdimata əlavə edilmiş borcluya məxsus əmlaklar üzərinə həbs qoyulmuşdur. -həmin qərardaddan borclu "xxxx" MMC tərəfindən verilmiş şikayət 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 8-1(81)-233/2016 nömrəli, xx.xx.2017-cı il tarixli qərardadı ilə təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qeyd edilən xx.xx.2016-cı il tarixli qərardadının nəticə hissəsinin 3-cü abzasının “borcun ödənilməsini təmin etmək məqsədilə müəssisəyə məcburi daxil olmağa” hissəsi çıxılmaqla dəyişdirilmədən saxlanılmışdır. -mənzillərin üzərinə həbs qoyulduqdan sonra "xxxx" MMC-dən alınmış 16-109 saylı xx.xx.2016-cı il tarixli qiymətləndirmə hesabatına əsasən: - Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfər küçəsi 9a saylı evin 44 saylı mənzili- 58.000 manata; - Bakı şəhərXəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi 2 saylı evin 100 saylı mənzili 55.000 manata; - Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi 15 a saylı evin 20 saylı mənzili 65.000 manata; - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 nömrəli evin, 1 nömrəli mənzili – 55.000 manata qiymətləndirilmişdir. - daha sonra, həmin mənzillər borc əvəzinə tələbkara təklif olunmuş və tələbkar göstərilən mənzilləri borc əvəzinə qəbul etməyə hazır olduğunu bildirmişdir. -“İcra haqqında” Qanunun 45.1, 50.2, 53.2-ci tələblri nəzərə alınmaqla qərara alınmışdır ki, adıçəkilən mənzillər borc əvəzinə tələbkar “İlham CO” firmasının adına keçirilməklə rəsmiləşdirilsin və həmin mənzillərin tələbkarın adına həmin rəsmiləşdirilərək dövlət reyestrində müvafiq qeyd aparılmaqla çıxarışın verilməsi vəzifəsi Daşınmaz əlakı Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir.” Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin “əmlakın borc əvəzinə tələbkara verilməsi barədə” 04 may 2007-ci il tarixli qərarından borclu "xxxx"MMC tərəfindən verilmiş şikayət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(81)-58/2019 nömrəli qərardadı ilə təmin edilməmiş, həmin qərardan da verdiyi onun şikayəti də Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-761/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardad ilə ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadı ilə müəyyən olunmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, borclu barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının məcburi icraya yönəldilməsi, icra məmurunun qəbul etdiyi qərarlar və icra hərəkətləri, o cümlədən məhkəmənin əmlak üzərinə həbs qoyulması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8-1(81)-233/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadı barədə məlumatlı olmuş, hüququndan istifadə edərək həmin qərar və qərardadları mübahisələndirmiş, lakin bu müddət ərzində icra sənədinin könüllü icra edilməsi və tələbkara olan borcun ödənilməsi üçün hər hansı tədbir görməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxılan zaman o nəticəyə gəlmişdir ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-58/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qərardadının icrası ilə bağlı həyata keçirilmiş bütün məcburi icra tədbirləri qanunun tələblərinə uyğun olmuşdur. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh qeydiyyat orqanı tərəfindən Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin qanuni qüvvəsini almış qərarı ilə ona həvalə edilmiş öhdəliyini yerinə yetirmişdir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 43.1.4 maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsidir. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. Beləliklə də, qeyd olunanlardan göründüyü kimi, mübahisələndirilən mənzillərin cavabdeh qeydiyyat orqanı tərəfindən üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsaslar mövcud olmamışdır. Qanunun 15-ci maddəsi də məhz, onu nəzərdə tutur ki, hüququn dövlət qeydiyyatına alınmasından o halda imtina oluna bilər ki, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmasın. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən aparılmış qeydiyyat qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, bu zaman iddiaçının hüquqlarını pozan hərəkətlərə yol verilməmişdir. Başqa sözlə, üçüncü şəxsə məxsus reyestrdə təsbit olunan qeydiyyatın və buna müvafiq olaraq verilmiş çıxarışların ləğv olunması üçün fəaktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-28/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddianın rədd olunmasını işin sübutlarla müəyyən edilən hallarına və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin dəlilləri araşdırilmadan, formal olaraq mövcud məhkəmə qərarına istinad etməklə, yekun məhkəmə aktı qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-28/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-28/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar