Məhkəmə qərarları › İş №2-1(103)-2274/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2274/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2274/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X8 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxs kimi mənzil növbəsinə qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1581/2025 saylı, 20 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxs kimi onun mənzil növbəsinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar vətən uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Vətənə borcunu yerinə yetirərkən ağır yaralanmış və ona üçüncü dərəcəli əlillik statusu verilmişdir. Hal hazırda üçüncü dərəcə müharibə əlili kimi təqaüd alır. Özünə məxsus yaşayış sahəsi olmadığından hazırda o, ailə üzvləri ilə birlikdə qohumlarına məxsus ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Özünə məxsus heç bir əmlakı yoxdur və müharibə əlili kimi bügünə qədər imtiyazlardan istifadə etməmişdir. İddiaçının özünə məxsus mənzili olmadığından və müvəqqəti olaraq qohum evində yaşadığını nəzərə alaraq qanunvericiliyə uyğun olaraq müharibə əlili kimi mənzil növbəsinə götürülməsi ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. İddiaçıya məktubla rəsmi imtna cavabı verilərək “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalan”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşaması bildirilmişdir və müraciəti RİH tərəfindən nəticəsiz qalmışdır və müsbət həll edilməmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Vətəndaş İddiaçı RİH-ə təqdim etdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan onun Bakı şəhərində 5 il daimi qeydiyyatda olmadığı müəyyən edildiyindən yuxarıda qeyd olunan qaydaların tələblərinə uyğun olaraq bu iş üzrə iddiaçıya imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1581/2025 saylı, 20 fevral 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxs kimi mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətininin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 1581/2025 saylı, 20 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2023cü il tarixdən ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş məlumatlardan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı ailə üzvləri X3, X10 və X7r. - Müayinə məlumatlarından görünür ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə üçüncü dərəcəli əlillik təyin edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli arayışdan görünür ki, İddiaçı və X2 Qaraçuxur bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. - xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən Beyləqan rayonu, Yeni Mil qəsəbəsi, 2.6285 ha təyinatlı torpaq sahəsi İddiaçı ümumibirgə mülkiyyətindədir (8 nəfər). - xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ünvan 3i 1,45 ha təyinatlı torpaq sahəsi (5 nəfər) və ünvan 3i ünvanında yerləşən fərdi yaşayış evi (6 nəfər) X1 ümumibirgə mülkiyyətindədir. - Cavabdeh tərəfidən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Vətəndaş İddiaçı RİH-ə təqdim etdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan onun Bakı şəhərində 5 il daimi qeydiyyatda olmadığı müəyyən edildiyindən yuxarıda qeyd olunan qaydaların tələblərinə uyğun olaraq müraciətin müsbət həlli mümkün olmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********47 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına Beyləqan rayonu, Yeni Mil qəsəbəsində 2,6285 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 0.65712 ha hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1778 nömrəli arayışdan görünür ki, iddiaçı ünvan 4 ünvanda qeydiyyatdadır. 2018-ci ildən 2023-cü ilədək qeyd olunan ünvanda qeydiyyatsız yaşamışdır. Hal-hazırda həmin ünvanda qeydiyyatdadır və yaşayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1.Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 49.4-cü maddəsinə görə, yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 50.1-ci maddəsinə əsasən, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2-ci maddəsinə əsasən, vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçılarına dövlət mənzil fondunun yaşayış və qeyriyaşayış sahələrinin saxlanılması və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı üçüncü dərəcəli əlildir. İddiaçı yaşayış yerinin olmadığını əsas götürərək, qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh iddiaçının Bakı şəhərində 5 il daimi qeydiyyatda olmadığını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. İddiaçı hazırda onun əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını tələb etməkdədir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar əvvəla onun yaşayış sahəsi ilə təmin olunmamasıdır. Şəxsin yaşayış sahəsi olduğu halda isə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Lakin hazırkı tarixədək müvafiq qaydalar qəbul edilməmişdir. 30 iyun 2009-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi təsdiq edilmiş; 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş; 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982-ci il, № 13, maddə 121) qüvvədən düşmüş hesab edilmiş; 4-cü maddəsinə görə, adları çəkilən Azərbaycan SSR Mənzil Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1982-ci il iyulun 8dən etibarən qəbul olunmuş qanunlar (onların müvafiq hissələri) və digər normativ hüquqi aktlar qüvvədən düşmüş hesab edilmişdir. Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi Qaydalar” 30 iyun 2009-cu il tarixli Qanunla ləğv edilməmişdir və hazırda qüvvədədir. X6: 4-cü bəndinə görə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. 5-ci bəndinə əsasən aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. d) bir otaqda və ya, ayırmaq mümkün deyilsə bir neçə bitişik-aralıq otaqda yaşayan, qohumluqda olmayan iki və daha çox ailə; e) 18 yaşınadək uşaqların yaşadığı çoxsakinli mənzillərdə yaşayan və yoluxucu formalarda vərəm xəstəliyi olan vətəndaşlar; j) tərkibində xəstəliklərin SSR İttifaqı qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xronik xəstəliklərin ağır formalarını keçirən xəstələr olan ailələr — əgər xəstəyə ayrıca otaq və ya əlavə mənzil sahəsi ayrıldıqda ailənin qalan üzvləri bu bəndin «a» yarımbəndinə əsasən, müəyyən edilmiş norma üzrə mənzil sahəsi ilə təmin edilməyəcəklərsə; z) fabriklərin, zavodların, başqa istehsal müəssisə və təşkilatlarının, habelə məktəblərin və xəstəxanaların ərazisindəki yaşayış sahələrində yaşayanlar. 11-ci bəndinə görə vətəndaşlar yaşayış yerində yerli xalq deputatları Sovetinin icraiyyə komitəsinə və ya iş yerində müəssisə, idarə, təşkilat müdiriyyətinə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmək haqqında ərizə verirlər. Ərizəçinin yaşadığı mənzildən onunla birlikdə köçməli olan şəxslərin sayı, familiyaları və adları ərizədə göstərilməlidir. Ərizəyə aşağıdakı arayışlar əlavə edilir: a) mənzil-istismar təşkilatından 2 nömrəli forma üzrə; b) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna ailənin yetkin yaşlı digər üzvlərinin dayanmadığı haqqında; v) mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarış. Xəstəliklərin SSRİ qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən xəstələrin ailədə olması haqqında arayış, güzəşt hüququ verən digər sənədlər lazımi hallarda əlavə edilir. 12-ci bəndinə əsasən verilmiş ərizə vətəndaşların ərizələrinin qeydiyyatı kitabında qeyd edilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülmək haqqında ərizə vermiş hər vətəndaş üçün uçot işi açılır və burada vətəndaşın uçota götürülməsinə, ona mənzil sahəsi verilməsinə aid bütün materiallar saxlanır. Azərbaycan SSR-dövründə qəbul edilmiş və hal-hazırda ləğv edilmiş qanunvericilik müddəalarının tələblərində müddətlə bağlı şərtin ödənilməsinin vacibliyi xüsusi olaraq vurğulanmışdır. Həmin normanın məqsədi onunla bağlıdır ki, şəxs mənzil növbəsinə daimi yaşadığı, ailə üzvləri ilə birgə təsərrüfat apardığı ərazi üzrə götürülsün. Belə ki, şəhər və rayon üzrə mənzil növbəsinə götürülən şəxslərə təqdim edilən mənzillərin bazar dəyərinin fərqliliyi nəzərə alınmaqla və eyni ərazi üzrə mənzil növbəsinə götürülmə sayının əsassız artımının qarşısının alınmasına yönəlmiş bu norma Azərbaycan SSR dövründə qəbul edilsə də təkcə hüquqi baxımından yox, həmçinin işin faktiki halları baxımından da öz əhəmiyyətini saxlayır. Lakin Yeni Mənzil Məcəlləsi adıçəkilən Qaydalardan fərqli tənzimləmə müəyyən etmişdir. Məcəllənin: 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Göründüyü kimi maddənin tələbi konkretdir. Uçota alınma məhz yaşayış yeri üzrə üvafiq icra hakimiyyəti orqanına müraciət əsasında həyata keçirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gəlir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, “şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.” Həmin Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Qanunun tələbindən göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsi ilə isə müəyyən edilir ki, onun qeydiyyat yeri, yəni yaşadığı yer məhz Bakı şəhəridir. İddiaçı da buna uyğun olaraq məhz yaşadığı yer üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdehə müraciət etmişdir ki, onun müraciəti Mənzil Məcəlləsinin 51.3-cü maddənin tələblərinə uyğun olaraq məhz yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanına edilmişdir. Məcəllədə isə yuxarıda adıçəkilən Qaydalarda nəzərdə tutulmuş hər hansı istisna müəyyən edilməmiş, 5 illik şərtin tətbiqi göstərilməmiş, müraciət üçün tək şərt şəxsin yaşadığı yer üzrə müraciəti ilə əlaqədar olmuşdur ki, iddiaçı da həmin şərtin tələblərinə uyğun olaraq yaşadığı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etmişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçı rəsmi olaraq Bakı şəhərində 2023- cü ildən qeydiyyatda olsa da, faktiki olaraq o, 2018-ci ildən etibarən Bakı şəhərində yaşamış, bu hal səlahiyyətli olan qurumun arayışı ilə təsdiq olunmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının və ya onun ailə üzvünün Azərbaycan Respublikasının digər bölgəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi olması, şəxsin həmin bölgədə yaşaması məcburiyyətini yaratmır. Digər tərəfdən iddiaçının arvadının özünün digər ailə üzvləri ilə birlikdə paylı mülkiyyətində daşınmaz əmlakın olması onun hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməməlidir. Hər bir şəxs konstitusiya ilə qorunan hüquq və azadlıqları əsasında istədiyi ərazidə yaşamaq hüququna malikdir. Başqa sözlə desək, əgər şəxs hər hansı bölgədə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi olarsa, bu hal onun mütləq qaydada həmin ərazidə fərdi yaşayış evi tikmək və orada yaşamaq kimi bir məcburiyyət nəzərdə tutmur. Vətəndaşa belə bir məcburiyyətin tətbiq olunması, şəxsin yaşayış seçimişi ilə bağlı hüquqlarını məhdudlaşdırmış olar. Nəzərə alınmalıdır ki, həmin daşınmaz əmlaklar paylı mülkiyyətdədirlər. Bu səbəbdən də iddiaçı və ya onun arvadı həmin daşınmaz əmlaklar üzərində tam və sərbəst şəkildə sərəncam vermək hüququna malik deyillər. Eyni zamanda qanunvericilik kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evinin tikilməsi imkanını istisna etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsin əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1581/2025 saylı, 20 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1581/2025 saylı, 20 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar