Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2275/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3488/2024 saylı 08 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 21 oktyabr 2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixədək Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən hərbi hospitalda N saylı hərbi hissədə əvvəl leytenant, sonra isə baş leytenant rütbəsində səyyar tibb qrupunun cərrahiyə bölməsinin ordinator stomatoloqu vəzifəsində xidmət etdiyi üçün və döyüş əməliyyatlarında bir həkim kimi xidmət vəzifələrini yerinə yetirərək iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 4/3-5024 nömrəli məktubunda bildirilmişdir ki, Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı” adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqlarının yerinə yetirməsində iddiaçının iştirakı müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə onun sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq ona “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini хаhiş еtmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ddiaçı 2-ci Qarabağ müharibəsi zamanı Bakı şəhəri Nərimanov rayon hərbi komissarlığı tərəfindən səfərbərlikdə hərbi xidmətə çağırılmış və 21 oktyabr 2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixədək Ağcabədi rayonu Sarıcalı kəndində yerləşən hərbi hospitalda N saylı hərbi hissədə əvvəl leytenant, sonra isə baş leytenant rütbəsində səyyar tibb qrupunun cərrahiyə bölməsinin ordinator stomatoloqu vəzifəsində xidmət etmiş və döyüş əməliyyatlarında bir həkim kimi xidmət vəzifələrini yerinə yetirərək iştirak etmişdir. Bu barədə müvafiq qeydlər hərbi biletində və şəxsi vəsiqəsində aparılmışdır. İddiaçı hazırki tələb ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Vətən müharibəsi” dövründə iddiaçının xidməti N nömrəli hərbi hissənin dislokasiya məntəqəsi Ağcəbədi rayonunda olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqlarının yerinə yetirməsində iştirakı müvafiq sənədlərlə təsdiqlənməmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı döyüş əməliyyatları aparılan ərazilərdə döyüş tapşırıqlarını yerinə yetirilməsi deyil, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Vətən müharibəsi zamanı yaralı əsgərlərə tibbi yardım göstərmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3488/2024 saylı 08 fevral 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, iddiaçı X3 “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələninin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, o, 21 oktyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək Ağcəbədi rayonu Sancalı kəndində yerləşən hərbi hospitalda N saylı hərbi hissədə əvvəl leytenant sonra isə baş leytenant rütbəsində səyyar tibb qrupunun cərrahiyyə bölməsinin ordinator-stomatoloqu vəzifəsində xidmət etmiş və döyüş əməliyyatlarında iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” üçün adının daxil edildiyi siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi tələbini irəli sürmüşdür. Hərbi hissənin təqdim edilmiş arayış-məlumata əsasən “Vətən müharibəsi” dövründə iddiaçının xidməti N nömrəli hərbi hissənin dislokasiya məntəqəsi Ağcəbədi rayonunda yerləşirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı” adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqlarının yerinə yetirməsində iştirakı müvafiq sənədlərlə təsdiqlənməlidir. Beləliklə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı döyüş əməliyyatları aparılan ərazilərdə döyüş tapşırıqlarını yerinə yetirilməsi deyil, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Vətən müharibəsi zamanı yaralı əsgərlərə tibbi yardım göstərmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarından isə görünür ki, iddiaçı Cəlilov X5 rayonu Sarıcalı kəndində yerləşən hərbi hospitalda həkim kimi xidmət etmiş və xidmət vəzifələrini yerinə yetirmişdir. İddiaçı səfərbərliklə hərbi xidmətə çağırılmış onun N hərbi hissənin tərkibində xidməti döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmamışdır, o, xidməti zərurətlə Ağcəbədi rayonunda həkim kimi xidmət etmişdir. Həmçinin həmin arayışdan görünür ki, iddiaçı bilavasitə döyüş əməliyyatlarında iştirak etməmişdir. Qanunvericiliyinin tələblərinə əsasən döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və vəsəqəsi verilir. İddiaçı N nömrəli hərbi hissədə həkim kimi xidmət etmiş, həmin hərbi hisssə Ağcəbədi rayonunda yerləşmiş və o, ərazilərdə döyüş əməliyyatları aparılmamışdır. Buna görə də, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. Müdafiə Nazirliyi Bakı İnzibati Məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, hesab edir ki, qərar maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qərarında göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli, iddiaçının iddia tələbi rədd olunmalıdır. Məhkəmə iş materiallarına əlavə edilmiş arayışlara və məhkəmə iclasında tədbiq edilmiş sübutlara əsaslanaraq düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qərar qəbul edərək, N nömrəli hərbi hissənin Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil olub-olmamasını araşdırmamış və nəticədə əsassız qərar qəbul etmişdir. Belə olan halda hesab edirik ki, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyula bilməz. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, məhkəmə qərarının ləğvi üçün əsasdır. Tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə 02.111.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “Vətən müharibəsi” dövründə iddiaçının xidmətdə olduğu N nömrəli hərbi hissənin dislokasiya məntəqəsi Ağcabədi rayonunda olduğundan Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqların yerinə yetirməsində iştirakı müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə onun sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “qeyd” hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 2018-ci il tarixə olan dəyişikliyə əsasən) 1-ci bəndinin tələbinə görə “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. İddiaçıya məxsus EZ seriyalı ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.2010cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmış və xx.xx.2010-cu ildə hərbi hissəyə göndərilmiş, xx.xx.2010-cu ildə hərbi and içmiş, AR MNnin 0613 nömrəli xx.xx.2010-cu il tarixli əmri ilə ona leytenant hərbi rütbəsi, AR MN-nin 0195 nömrəli xx.xx.2020-ci il tarixli əmri ilə isə baş leytenant hərbi rütbəsi verilmişdir. Hərbi biletdəki qeydə əsasən iddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçıya məxsus MN seriyalı, ******* nömrəli “Şəxsi Vəsiqə”dən görünür ki, iddiaçıya Müdafiə Nazirinin 31 dekabr 2010-cu il tarixli 0613 nömrəli əmri ilə tibb xidməti leytenantı hərbi rütbəsi verilmiş, Müdafiə Nazirinin 21 oktyabr 2020-ci il tarixli, 0826 nömrəli əmri ilə səyyar tibb qrupunun cərrahiyə bölməsinin ordinator-stomatoloqu təyin edilmiş, Müdafiə Nazirinin 07 dekabr 2020-ci il tarixli, 0195 nömrəli əmri ilə “tibb xidməti baş leytenantı” hərbi rütbəsi verilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N nömrəli, N dekabr 2020-ci il tarixli “təyinat vərəqəsi”nə əsasən tibb xidməti baş leytenantı İddiaçı N dekabr 2020-ci il tarixdə SHXÇDX-nin Nərimanov rayon idarəsinin sərəncamına göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinin xx.xx.2020-ci il tarixli, 600 nömrəli arayışına əsasən İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən xx.xx.2020ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) Ağdam rayonu Çıraqlı, Güllücə, Baş Qərvənd, Novruzlu, Yusifcanlı kəndləri, Tərtər rayonunun Talış kəndi, Suqovuşan qəsəbəsi Ağcakənd yaşayış məntəqəsinin Sibir- Kəpəz yüksəkliklərində yaralılara yerində ilkin tibbi yardım göstərmiş və təxliyyəsini həyata keçirmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli, 15 oktyabr 2020-ci il tarixli “əmr”indən çıxarışa əsasən tibb xidməti leytenantı İddiaçı, səyyar tibb qrupunun cərrahiyyə bölməsinin ordinator-stomatoloqu vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli, N dekabr 2020-ci il tarixli “əmrin”dən çıxarışa əsasən tibb xidməti baş leytenantı İddiaçı, səyyar tibb qrupunun cərrahiyyə bölməsinin ordinator-stomatoloq, “Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli, 2361 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Müdafiə nazirinin 29 dekabr 2020-ci il tarixli 01440 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən tərxis edilmiş, N dekabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Nərimanov rayon İdarəsinə göndərilmişdir. Tibb xidməti baş leytenantı İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli qərarı ilə 2020-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmişdir. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasınlan imtina edən cavabdeh inzibati orqanın əsas dəlili döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqlarının yerinə yetirməsində iddiaçının iştirakının müvafiq sənədlərlə təsdiqlənməməsidir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq X6 İdarəsinin xx.xx.2023cü il tarixli, 3-25-4/2-6044/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə Nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Ordusunun N sentyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixədək Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsində döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus hərbi bileti və şəxsi vərəqəsində olan qeydlər iddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək N saylı hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsini göstərir. İddiaçı əlavə olaraq məhkəməyə döyüş əməliyyatları zamanı tibb təminatın təşkili və gücləndirilməsi tədbirlərinin həyata keçirilməsində, xəstə və yaralıların müalicəsində fəal iştirak etdiyinə görə xx.xx.2020-ci il tarixli Fəxri Fərmanı və 17-18 dekabr 2022-ci il tarixli “Vətən müharibəsi” dövründə göstərdiyi xidmətlərə görə “TƏŞƏKKÜRNAMƏ”ni məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdi ki, iddiaçı xx.xx.2020ci ildən xx.xx.2020-ci ildə N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir və həmin hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixləridə Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “iddiaçının N nömrəli hərbi hissədə həkim kimi xidmət etməsi, həmin hissənin Ağcabədi rayonunda yerləşməsi və o ərazilərdə döyüş əməliyyatlarının aparılmaması” barədə dəlilə münasibətdə bildirir ki, Ağcabədi rayonunun adı sözügedən Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilər sırasında əksini tapmasa da, İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatları aparılan zaman - xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Ağdam rayonu Çıraqlı, Güllücə, Baş Qərvənd, Novruzlu, Yusifcanlı kəndləri, Tərtər rayonunun Talış kəndi, Suqovuşan qəsəbəsi Ağcakənd yaşayış məntəqəsinin Sibir- Kəpəz yüksəkliklərində yaralılara yerində ilkin tibbi yardım göstərməsi və təxliyyəsini həyata keçirməsi faktı təkzibolunmazdır. Həmçinin iddiaçının döyüşlərdə iştirak edən N nömrəli hərbi hissəsinin tərkibində tibbi təminat üzrə tapşırıqları yerinə yetirməsi həmin hərbi hissənin verdiyi müvafiq arayış və hərbi hissələrin müvafiq əmrləri ilə də sübuta yetirilir. Bununla yanaşı, iddiaçının qeyd olunan xidməti yüksək qiymətləndirilərək, ona Fəxri Fərman və TƏŞƏKKÜRNAMƏ də verilməsi bir daha onun Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə edilmiş dəyişikliyə əsasən Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdənçıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi qeyd olunmuşdur. Həmçinin “qeyd” hissədə həmin Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında “döyüş əməliyyatlarının bütün təminat növləri” dedikdə, döyüş təminatı, mənəvi psixoloji təminat, maddi-texniki təminat və tibbi təminatının nəzərdə tutulduğu göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi qərarlarında yuxarıda qeyd olunan qaydada əsaslandırılmışdır (2-1(102)- 1632/2022 saylı xx.xx.2022-ci il tarixli qərar). İddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqan isə imtinanın əsasını təsdiq edən hər hansı sübutu nə birinci, nə də ki apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3488/2024 saylı 08 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3488/2024 saylı 08 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2275/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2275/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver