Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2275/2025 16.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X3 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-93/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı Cavabdeh qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus yaşayış evində qanunvericiliyin tələbləri pozularaq edilən rekonstruksiya işlərinin dayandırılaraq tikintinin əvvəlki vəziyyətə qaytarılması barədə öhdəliyin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Əliyev X1 rayon İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan Lökbatan qəsəbəsi, 28 May küçəsi, 3 saylı evin 38 saylı 2 otaqlı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişdir. İddiaçı tərəfindən müraciətə xx.xx.2021-ci il tarixli cavab məktubu ilə cavabdehə bildirilmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi zamanı yenidənqurma işləri ilə bağlı məsələyə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq layihə, müvafiq rəylər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verildikdən sonra baxılacaqdır. Lakin Cavabdeh müvafiq icazə sənədlərini almadan binanın birinci mərtəbəsində yerləşən mənzildə özbaşına yenidənqurma işləri aparmış, qəsəbənin mərkəzi yoluna açılan mənzilin iki pəncərəsini sökərək qapı açmış və metal jalüz qapılar qoymuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-93/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus yaşayış evində qanunvericiliyin tələbləri pozularaq edilən rekonstruksiya işlərinin dayandırılaraq tikintinin əvvəlki vəziyyətə qaytarılması barədə öhdəliyi Cavabdeh üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İcra Hakimiyyətinin qeyd edilən iddia tələbini qaldırmaqda subyektiv hüququ olmayan orqandır. Belə ki, tikintiyə nəzarət Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən edilir və əgər ona məxsus mənzildə aparılmış yenidənqurma işləri qonşuların və digər şəxslərin həyat və sağlamlığına təhlükə yaradib-yaradılmama müəyyən edilərsə Fövqəladə Hallar Nazirliyi tərəfindən iddia qaldırıla bilərdi. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilməmiş, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq mütəxəssisi dəvət edilərək qeyd edilən faktlar araşdrılmamış, məhkəmənin özünün də əsassız hesab etdiyi ekspert rəyinə istinad etmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh izahatında apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf isə apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2. bu Məcəllənin 25.1.3- 25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. 27.3. Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə Mənzil Məcəlləsinin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Hazırkı işin hallarından isə müəyyən edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 3 ünvanında yerləşən 38 saylı mənzil Cavabdeh mülkiyyətindədir, həmin mənzil çoxmənzilli binanın 1-ci mərtəbəsində yerləşir və gözəllik salonu kimi istifadə olunur, mənzil təyinatı üzrə deyil qeyri-yaşayış sahəsi kimi istifadə olunur və məhz qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün mənzildə yenidənqurma işləri aparılmış, mənzilin xarici yükdaşıyan divarda mövcud olan pəncərə yeri genişləndirilərək qapı boşluğu açılmış, cavabdeh tərəfindən binanın xarici görünüşünə dəyişiklik edilmişdir, Cavabdeh tərəfindən qeyd edilən işlərin qanunvericilik çərçivəsində aparılmasını təsdiq edən heç bir sübut (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi haqqında inzibati orqanın qərarı və s.) məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-184/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 3 saylı evin birinci mərtəbəsində yerləşən 2 otaqlı 38 saylı mənzildə özbaşına aparılmış yaşayış sahəsinin yenidən qurulmasının razılaşdırılması və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin İddiaçı üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Həmin işə baxan zaman məhkəmə müəyyən etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan 38 saylı mənzildə qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün həyata keçirdiyi yenidənqurmaların tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. Həmçinin qeyd edilən iş üzrə məhkəmənin qərardadı ilə təyin edilmiş mühəndistexniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/441 nömrəli ekspert rəyində göstərilmişdir ki, “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 3 saylı evin birinci mərtəbəsində yerləşən 2 otaqlı, 38 saylı mənzilə gediş-gəliş layihə üzrə pilləkən qəfəsindən olduğunu nəzərə alaraq, həmin mənzilə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün deyildir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə edilən sahənin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi 38 saylı mənzilinin tərkib hissəsi olduğu müəyyən edilir. Tədqiq olunan 38 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə əsasən aparılmalıdır. Belə ki, (bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkili) sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə edəcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Azərdövləttikintikomun qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. İddiaçı Cavabdeh tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən, 3 saylı evin, 38 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün aparılan yenidənqurma və (və ya) yenidən planlaşdırma işlərinə dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmadığından, həmin mənzil üzrə aparılmış tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının və şəhərsalma norma qaydalarına uyğun olmadığı müəyyən edilir. Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün 38 saylı mənzildə aparılmış yenidənqurma və (və ya) yenidən planlaşdırma işləri qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozub-pozmamasının müəyyən olunması tikinti-texniki ekspertin səlahiyyətlərinə aid olmadığından, eləcə də hüquqi xarakterli olduğundan, bu məsələ üzrə tədqiqat aparılmadı. Eyni zamanda qeyd olunur ki, 38 saylı mənzildə aparılmış yenidənqurma və (və ya) yenidən planlaşdırma işləri qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradıbyaratmamasını müəyyən edilməsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən mübahisəli mənzildə müayinə tədqiqat işləri aparıldıqdan sonra müəyyən oluna bilər. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən, 3 saylı evin, 38 saylı mənzili üzrə xarici yükdaşıyan divarda mövcud olan pəncərə yeri genişləndirilərək qapı boşluğu açıldığını nəzərə alaraq, binanın xarici görünüşünə dəyişilik edildiyi müəyyən edilmişdir. Eləcə də 38 saylı mənzildən qapı boşluğunun açılmasına dair hər hansı icazə sənədi olmadığından, həmin qapı boşluğunun açılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının və şəhərsalma norma qaydalarına uyğun olmadığı müəyyən edilir.” Göründüyü kimi, iddiaçının mülkiyyətində olan 38 saylı mənzildə qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün həyata keçirdiyi yenidənqurmaların tikinti norma və qaydalarına uyğun həyata keçirilməmişdir. Cavabdeh tərəfindən yaşayış sahəsinin yenidən qurulması özbaşına aparılmışdır. İddiaçı isə öz vəzifə səlahiyyətlərinə uyğun olaraq həmin mənzilin əvvəlki vəziyyətə qaytarılmasını cavabdehdən tələb etsə də, cavabdeh yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə iddiaçının qanuni və əsaslandırılmış tələbini icra etməmişdir. Həmçinin Kollegiya cavabdehin “İcra Hakimiyyəti qeyd edilən iddia tələbini qaldırmaqda subyektiv hüququ olmayan orqandır” dəllili ilə bağlı aşağıdakı hüquq normalara diqqət çəkir: 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Mənzil Məcəlləsinin 27.2-ci maddəsinə görə, razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: ... 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə ilə yerli icra hakimiyyəti başçısının vəzifələri kimi aşağıda göstərilənlər qeyd edilmişdir: 3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir; 3.11.2. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir; 3.11.5-2. şəhərlərdə, şəhər rayonlarında yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirir, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə ərazi nəzarət bölgüsünü aparır, həmin nəzarət bölgüsü üzrə icra hakimiyyətinin işçilərindən məsul şəxsləri təyin edir, onların əlaqə nömrələrinin və elektron poçt ünvanlarının icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir Habelə həmin Əsasnamədə yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aşağıda göstərilənlər aid edilmişdir: 4.9.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək; 4.9.12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək; 4.9.15. mülkiyyətçilərin üzərinə əlavə vəzifələrin qoyulmaması şərtilə müvafiq ərazidə bina, tikili və qurğuların mülkiyyətçiləri tərəfindən həmin bina, tikili və qurğuların xarici görkəminin abad vəziyyətdə saxlanması ilə bağlı görülən işləri əlaqələndirmək; Göründüyü kimi, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir və razılaşdırmanı həyata keçirən orqan Mənzil Məcəlləsinin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etdikdə, həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Bu qaydaya riayət edilmədikdə isə, məhkəməyə müraciət edir. Odur ki, hazırkı iş üzrə İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi onun qanunla müəyyən edilmiş səlahiyyətlərindəndir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti formal mülahizlərdən ibarət olduğundan və apelyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qərarının qanunsuz və ya əsassız olmasına dair hər hansı sübut və ya hal aşkar edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, cavabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-93/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2275/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2275/2025
16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver