Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2276/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3247/2022 saylı, 09 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixə qədər Mingəçevir şəhərində yerləşən "xxxx" X6 Cəmiyyətində (əvvəllər X3) müxtəlif vəzifələrdə işləmişdir: xx.xx.1979-cu ildən - xx.xx.1980-ci ilədək Tikinti sahəsinin təmir briqadası, 2-ci dərəcəli fəhlə, xx.xx.1980-cı ildən - xx.xx.1982-ci ilədək Təmir briqadası, 2ci dərəcəli suvaqçı rəngsaz, xx.xx.1982-ci ildən - xx.xx.1984-cü ilədək Tıkinti sahəsinin Təmir briqadası, 3-cü dərəcəli suvaqçı rəngsaz, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək Baş mexaniki şöbə, 5-ci dərəcəli çilingər, xx.xx.1984-cü ildən - xx.xx.1985-ci ilədək Təmır briqadası, 4-cü dərəcəli suvaqçı rəngsaz, xx.xx.1985-ci ildən - xx.xx.1986-ci ilədək Tikinti təmir briqadası, usta, xx.xx.1986-cı ildən - xx.xx.1988-ci ilədək X8 Zavodunun taxta sexi, 6-cı dərəcəli təmir çilingəri, xx.xx.1988-ci ildən - 03.08 1992-ci ilədək Tikınti briqadası, usta, xx.xx.1992-ci ildən - xx.xx.1998-ci ilədək Tikinti sahəsinin təmir briqadası, 4-cü dərəcəli suvaqçı rəngsaz. Daha sonra xx.xx.1999-cu il tarixdən xx.xx.2005-cı il tarixə qədər KBE şirkətində plastik qapı-pəncərə sexində usta vəzifəsində işləmişdir. xx.xx.2018ci ildə "xxxx" MMC-yə mühafizəçi kimi işə qəbul olunmuşdur. Hal-hazırda həmin şirkətdə işini davam etdirir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. cavabdehin imtinası əsassızdır. Çünki əmək stajı faktını təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir. Əmək kitabçası uzrə ümumilikdə onun 26 ildən çox stajı vardır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona pensiya almaq hüququ yarandığı xx.xx.2020-ci il tarixdən (64 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh apellyasiya şikayətinə dair yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçının sığorta stajı 15 il olmaqla tələb olunan müddətdən, yəni 25 ildən azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 12 il 5 ay sığorta stajına əsasən 9204,62 manat, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 2501,64 manat olmaqla, ümumilikdə 11706,26 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən Akvilon ASC xx.xx.1979-cu il tarixinə dair əmr kitabını təqdim etmədiyindən iddiaçının işə qəbul edilmə faktını yoxlamaq mümkün olmamışdır. Eyni zamanda "xxxx" ATSC-nin xx.xx.2021-ci il tarixli № 01 saylı məktubuna əsasən Akvilon ASC-nin xx.xx.1981-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək əmək haqqı cədvəlləri saxlanmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi imkan xaricindədir. Bununla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın Monitorinq və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən KBE şirkətinin rəhbərliyi xx.xx.1999-cu il tarixindən xx.xx.2008-ci il tarixinədək olan arxiv sənədləri təqdim edə bilmədiyi üçün həmin dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinin tələblərinə əsasən qanunvericilik xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Yəni əmək kitabçasında qeydə alınmış xx.xx.2006-cı il tarixə qədər olan dövr müvafiq qaydada yoxlanılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-347/2022 saylı, 09 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən (64 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yarandığı 64,5 yaşda, yəni xx.xx.2020-ci il tarixdə qanunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28800 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-347/2022 saylı, 09 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial - Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin arayışının surətinə və əmək kitabçanıza əsasən sığorta stajınız 15 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 12 il 5 ay sığorta stajına əsasən 9204,62 manat, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 2501,64 manat olmaqla ümumilikdə 11706,26 manat təşkil edir kı, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı ıl tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Əlavə olaraq bildiririk kı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən Akvilon ASC xx.xx.1979-cu il tarixinə dair əmr kitabını təqdim etmədiyindən işə qəbul edilmə faktınızı yoxlamaq mümkün olmamışdır. Eyni zamanda "Akvilon” ATSC-nin xx.xx.2021-ci il tarixli № 01 saylı məktubuna əsasən Akvilon ASC-nin xx.xx.1981-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək əmək haqqı cədvəlləri saxlanmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi imkan xaricindədir. Bununla yanaşı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın Monitorinq və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən KBE şirkətinin rəhbərliyi xx.xx.1999-cu il tarixindən xx.xx.2008-ci il tarixinədək olan arxiv sənədləri təqdim edə bilmədiyi üçün həmin dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk kı, "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən adınızda aktiv VOEN (**********) olduğu üçün Sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 4/22 saylı məktubdan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (X4) və "xxxx" şirkətinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və “KBE" Şirkətinin qeydiyyat məlumatları barədə müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, dövlət reyestrində hüquqi ünvanı AZ 4500, Mingəçevir şəhəri, ünvan 1yyətinin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə 10/24 nömrə ilə və hüquqi ünvanı AZ 1025, ünvan 2 Şirkətinin (VÖEN: **********) xx.xx.1999-cu il tarixdə 1988 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdikləri arayışlara əsasən uçot məlumat bazasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2017-ci il tarixdən, "xxxx" Şirkətinin xx.xx.2017-ci il tarixdən fəaliyyətinin dayandırılması barədə qeyd aparılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: xx.xx.2022-ci il tarixə uçot məlumatlarına əsasən müraciətdə göstərilmiş "xxxx" X9 Cəmiyyətinə xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN verilərək vergi uçotuna alınmış və Cəmiyyətin müraciətinə əsasən xx.xx.2012-ci il tarixindən xx.xx.2022-ci il tarixədək fəaliyyəti dayandırılmışdır. “KBE" Şirkəti xx.xx.1999-cu il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və inventarlaşdırmadan keçərək vergi orqanı tərəfindən xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN verilmişdir. Şirkətin müraciətinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fəaliyyəti dayandırılmışdır. - Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" QTSC-nin 15 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixə qədər 11 saylı X1 (indiki “Akvilon ” X6 Cəmiyyətində) işləmişdir. Cəmiyyətin arxivində baş verən yanğın zamanı bir cox sənədlər, o cümlədən mühasibat sənədləri, əmək haqqı cədvəlləri yanmışdır. Buna görə də əmək haqqı barədə heç bir sənəd verilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 10/24 saylı xx.xx.1998-ci il tarixli qərarı və cəmiyyətin xx.xx.1998-ci il tarixli 01 saylı protokoluna əsasən 11 saylı X2 adı dəyişdirilərək "xxxx" X6 Cəmiyyəti olduğu üçün verilən sənədlər yeni ştamp və möhürlə təsdiqlənir. -İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildə X3 tikinti sahəsinin təmir briqadasına 2-ci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1980-ci ildə Təmir briqadasına 2-ci dərəcəli suvaqçı rəngsaz keçirilmiş, xx.xx.1982-ci ildə 3-cü dərəcəli suvaqçı rəngsaz keçirilmiş, xx.xx.1984-cü ildə Baş Mexaniki Şöbəyə 5-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.1984-cü ildə Təmir Briqdasanına 4-cü dərəcəli suvaqçı rəngsaz keçirilmiş, xx.xx.1985-ci ildə Tikinti təmir briqadasına usta təyin edilmiş, xx.xx.1986-cı ildə İPE Zavodunun taxta sexinə 6-cı drəcəli təmir çilingəri keçirilmiş, xx.xx.1988-ci ildə 11 saylı protokola əsasən Tikınti briqadasına usta təyin edilmiş, xx.xx.1992-ci ildə Tikinti sahəsinin təmir briqadasına 4-cü dərəcəli suvaqçı rəngsaz keçirilmiş, xx.xx.1998-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir (İdarənin adı dəyişdirilib "xxxx" X6 Cəmiyyəti olduğu üçün əmək kitabçasında aparılan qeydiyyatlar yeni möhürlə təsdiq olunur), xx.xx.1999-cu ildə KBE Şirkətində plastik qapıpəncərə sexinə usta vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2005-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2018-ci ildə "xxxx" MMC şirkətinə mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur, xx.xx.2021-ci il tarixli qeydə əsasən əmək müqaviləsi qüvvədədir, halhazırda işləyir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd etmişdir ki, “iddiaçı 25 ildən artıq sığorta stajına, yəni yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr xx.xx.2019 xx.xx.2020, kişilər üzrə pensiya yaşı 64 il 6 ay. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 64 yaşı 6 ayının tamam olduğu vaxtdan - xx.xx.2020-cu il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979cu ildə X3 tikinti sahəsinin təmir briqadasına 2-ci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1980ci ildə Təmir briqadasına 2-ci dərəcəli suvaqçı rəngsaz keçirilmiş, xx.xx.1982-ci ildə 3-cü dərəcəli suvaqçı rəngsaz keçirilmiş, xx.xx.1984-cü ildə Baş Mexaniki Şöbəyə 5-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.1984-cü ildə Təmir Briqdasanına 4-cü dərəcəli suvaqçı rəngsaz keçirilmiş, xx.xx.1985-ci ildə Tikinti təmir briqadasına usta təyin edilmiş, xx.xx.1986-cı ildə İPE Zavodunun taxta sexinə 6-cı drəcəli təmir çilingəri keçirilmiş, xx.xx.1988-ci ildə 11 saylı protokola əsasən Tikınti briqadasına usta təyin edilmiş, xx.xx.1992-ci ildə Tikinti sahəsinin təmir briqadasına 4-cü dərəcəli suvaqçı rəngsaz keçirilmiş, xx.xx.1998-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir (İdarənin adı dəyişdirilib "xxxx" X6 Cəmiyyəti olmuşdur), xx.xx.1999-cu ildə KBE Şirkətində plastik qapı-pəncərə sexinə usta vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2005-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2018-ci ildə "xxxx" MMC şirkətinə mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur, xx.xx.2021-ci il tarixli qeydə əsasən əmək müqaviləsi qüvvədədir, hal-hazırda işləyir. Göründüyü kimi, iddiaçı hərbi xidmət dövrü də daxil olmaqla pensiya yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə 29 il 20 gün staja malikdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası cavabdehin imtinasının, eyni zamanda apellyasiya şikayətinin dəlilini təşkil edən iddiaçının "xxxx" QSC-də və "xxxx" şirkətində işlədiyi dövrlərin sığorta stajına əlavə edilməsinin mümkün hesab olunmaması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə 10/24 nömrə ilə və "xxxx" Şirkətinin (VÖEN: **********) xx.xx.1999-cu il tarixdə 1988 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Bundan başqa, "xxxx" QTSC-nin 15 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixə qədər 11 saylı X1 (indiki “Akvilon ” X6 Cəmiyyətində) işləmişdir. Göründüyü kimi əmək kitabçasında göstərilən məlumatların və məhkəməyə təqdim edilmiş qeyd olunan məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilmədiyindən qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ yarandığı 64 yaş 6 ayda, yəni xx.xx.2020-ci il tarixdə qanunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına malik olması iş materialları ilə öz təsdiqini tapdığından iddiaçının tələbi əsaslı olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Eyni zamanda cavabdehin apellyasiya şikayətinin dəlili kimi iddiaçının 25 il sosial sığorta stajına və 28800 manat pensiya kapitalına malik olmamasını əsas gətirməsi ilə bağlı qeyd edilməlidir ki, qanunvericiliyin müddəalarından göründüyü kimi şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə, onun 25 il sığorta stajına malik olması pensiya hüququnun yaranması üçün kifayətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2020-ci il tarixə 25 il ümumi iş stajı mövcudluğu iş materialları ilə müəyyən edildiyindən, 28800 manat pensiya kapitalına malik olmaması iddiaçıya pensiya təyin edilməsinə mane ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3247/2022 saylı, 09 mart 2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2276/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2276/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver