Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2277/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «köşklərin götürülməsinin təmin edilməsi və iddiaçıya məxsus olmuş köşklərin müvafiq ünvanda yerləşdirilərək fəaliyyətinin bərpa edilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-867/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «köşklərin götürülməsinin təmin edilməsi və iddiaçıya məxsus olmuş köşklərin müvafiq ünvanda yerləşdirilərək fəaliyyətinin bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ RİH başçısının 154 nömrəli 7 fevral 1994-cü il tarixli və 619 nömrəli 9 avqust 1995-ci il tarixli sərəncamları ilə İddiaçı KM-ə Bakı – Salyan yolunun Lökbatan qəsəbəsi ərazisindən 14-cü kilometrində dayanacaq və kommersiya köşklərinin qoyulmasına və kommersiya fəaliyyətinə icazə verilmişdir. İddiaçı KM tərəfindən sərəncamlara uyğun olaraq köşklər quraşdırılmış və fəaliyyət göstərilmişdir. Fəaliyyət göstərən zaman dövlət orqanlarının İddiaçı KM-ə qarşı narazılığı olmamışdır. Həmin sərəncamlar ləğv edilməmiş və hazırda qanuni qüvvədədir. 6 noyabr 2009-cu il tarixdə müəssisəyə əvvəlcədən xəbərdarlıq edilmədən Bakı şəhəri Qaradağ RİH tərəfindən köşklər götürülmüş və bu hal Bakı – Astara yolunun genişləndirilməsi və yolun ətrafında abadlıq işlərinin aparılması ilə əlqələndirilmişdir. Bildirilmişdir ki, yolun təmir işləri başa çatdıqdan sonra köşklərin fəaliyyəti bərpa ediləcəkdir. Lakin sonradan köşklərin faəliyyətinə icazə verilməmiş və bu, abadlaşdırma işləri ilə əlaqələndirilmişdir. Bunda sonra köçkün qoyulmasının yolun təhlükəsizliyi və digər səbəblərlə bağlı mümkün olmadığı bildirilmişdir. Dəfələrlə RİH-ə yazılı və şifahi müraciətlər olunsa da, qurumdan cavab verilməmişdir. Məlum olmuşdur ki, həmin köşklərin yerində Bakı ŞİH Ticarət və Xidmət Departamenti tərəfindən yeni köşklər quraşdırılmışdır. Yenidən bununla bağlı RİHə müraciət olunsa da, nəticəsiz qalmışdır. İddiaçı KM-in nümayəndələri Bakı şəhəri Qaradağ RİH başçısının qəbulunda olmuş və yaranmış vəziyyəti izah edərək ayrılmış yerin qaytarılmasını xahiş etmişlər. Lakin verilən cavab iddiaçı tərəfi qane etməmişdir. Təkidli tələbdən sonra RİH rəsmisi müvafiq ərazidə köşk üçün digər yer ayrılacağına söz vermişdir. Lakin köşk üçün yer ayrılmamışdır. RİH-in 12 fevral 2020-ci il tarixli məktubu İddiaçı KM-ə poçt vasitəsilə 9 mart 2020-ci il tarixdə çatdırılmışdır. Məktubda göstərilmişdir ki, guya İddiaçı KM-ə yer təklif olunmuş və bu təklifi sonuncu qəbul etməmişdir. Bu həqiqətə uyğun deyil. Köşk quraşdırılması üçün digər ərazi təklif olunsa da, köşkün dəqiq yeri bildirilməmişdir. RİH rəsmiləri əvvəlki yerin bərpa olunmamasını izah edə bilməmişlər. Hesab olunur ki, RİH-in imtinası qanunsuz və əsassızdır. Məsələ ilə bağlı Bakı ŞİH Ticarət və Xidmət Departamentinə də müraciət olunmuşdur. Lakin qurumdan aidiyyəti orqanlara müraciət edilməsi tövsiyə olunmuşdur. Göstərilənlərə və İPM-in 2.2.3, 34.1-ci maddələrinə əsaslanaraq, Bakı – Salyan yolunun Lökbatan qəsəbəsi ərazisindən keçən 14-cü kilometrində Bakı ŞİH Ticarət və Xidmət Departamenti tərəfindən quraşdırılmış köşklərin götürülməsinin təmin edilməsi və həmin yerdə əvvəllər fəaliyyət göstərmiş İddiaçı KM-ə məxsus köşklərin qoyularaq fəaliyyətinin bərpa edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Qaradağ RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Bakı şəhəri Qaradağ RİH məhkəməyə iddiaya dair yazılı etiraz ünvanlamış və göstərmişdir ki, İddiaçı KM-in iddiası əsassızdır. Belə ki, Bakı şəhəri Qaradağ RİH başçısının 154 nömrəli 7 fevral 1994-cü il tarixli və 619 nömrəli 9 avqust 1995-ci il tarixli sərəncamlarına müvafiq olaraq kommersiya köşkünün fəaliyyətinə icazə verilmişdir. 6 noyabr 2009-cu il tarixdə Bakı – Astara yolunun genişləndirilməsi ilə əlaqədar Bakı – Salyan yolunun 14-cü km-də yerləşən 2 ədəd kommersiya köşkü götürülmüşdür. Köşk daşınar əmlak olduğundan və torpaqla bağlı olmadığından, İddiaçı KM-ə rayonun Lökbatan qəsəbəsi daxilində yer təklif olunmuş, lakin müəssisə bu təkliflə razılaşmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı KM-in iddiasının əsassız olduğundan rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-867/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün hesab edilməmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək köşklərin daşınmasının onların səlahiyyətlərinə aid olmadığını, yalnız mülkiyyət olaraq onların balansında olduğunu göstərdi və iddianın məhkəmənin mülahizəsinə əsasən həll edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı İddiaçı KM-ə Bakı şəhəri Qaradağ RİH başçısının 154 nömrəli 7 fevral 1994-cü il tarixli və 619 nömrəli 9 avqust 1995-ci il tarixli sərəncamları ilə Bakı-Salyan yolunun 14-cü km-də kommersiya köşkünün quraşdılıb fəaliyyət göstərməsinə icazə verilmişdir. Lakin sonradan 2009-cu ildə həmin ərazidə yolun genişləndirilməsi ilə əlaqədar köşklər götürülmüş və digər orqan Bakı ŞİH Ticarət və Xidmət Departamenti tərəfindən başqa şəxslərə köşk quraşdırlmasına icazə verilmişdir. İddiaçı sonradan əvvəllər özünə məxsus olmuş köşklərin öz yerlərində bərpa olunması xahişi ilə hazırkı cavabdeh Bakı şəhəri Qaradağ RİH-ə müraciət etmişdir. Lakin cavabdeh həmin yerdə köşkün bərpa olunmasının mümkünsüz olduğunu bildirmiş və digər ərazidə ticarət köşkünün quraşdırılmasını təklif etmişdir. İddiaçı bununla razılaşmamış və hazırda ticarət köşkünün əvvəlki yerdə quraşdırılıb bərpa olunmasının cavabdehə həvalə olunmasını tələb etmişdir. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə cavabdeh Bakı şəhəri Qaradağ RİH tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyinin öz təsdiqini tapmadığı qənaətinə gələrək iddianı qeyri-mümkün hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 10 aprel tarixli "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (qərarın 1.1, 1.3, 2.1, 2.3-cü bəndləri). Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmə kollegiyasının qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1 və 33.2-ci maddələri tətbiq oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qeyrimümkün hesab edərkən hazırki cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüququnun pozulmadığını göstərsə də, işin araşdırılan hallarından görünür ki, cavabdeh inzibati orqanın müvafiq sərəncamları ilə iddiaçıya köşklərin quraşdırılmasına icazə verilmiş, iddiaçının müraciətinə cavabında qeyd olunan mübahisənin onun səlahiyyətlərinə aid olmadığını deyil, iddiaçıya köşk torpaqla əlaqədar olmayan ona təhkim olunmayan daşınar əmlak olduğundan ona rayonun Lökbatan qəsəbəsi daxilində yer təklif olunduğu, lakin onun razılaşmadığı bildirilmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan bu hal araşdırılmamış, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması məsələsi müzakirə edilməmiş, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın qeyrimümkün hesab edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 10 aprel tarixli "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 35-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;
2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-867/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ləğv olunaraq iş müvafiq prosessual hərəkətlərin aparılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-867/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.