Məhkəmə qərarları › İş №2-1(103)-2277/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2277/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2277/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv olunması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-304/2023 saylı, 28 mart 2023-cü il tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156 “e” bəndinə əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli “022 əç” nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1989-cu ildə doğulmuşdur. xx.xx.2007-ci il tarixdə Qazax SHXÇDX tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2007-ci ilin aprel ayından 2008-ci ilin oktyabr ayına qədər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə baş atıcı vəzifəsində xidmət etmişdir. 2009-cu ilin oktyabr ayında Silahlı Qüvvələrin təlim tədris mərkəzinə motoatıcı manqa kursuna daxil olmuşdur. 2010-cu ilin yanvar ayında həmin kursu fərqlənmə ilə 419/3 kurs üçüncüsü olaraq bitirmişdir. 2010-cu ilin yanvar ayından etibarən Tovuz rayonunda yerləşən “N” saylı h/h Əlibəyli və Ağdam kəndlərində yerləşən döyüş postlarında xidmət etmişdir. xx.xx.2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin Göytəpə şəhərində yerləşən “N” saylı h/h mühəndis kəşfiyyatçı qrupunun komandiri vəzifəsində xidmət etmişdir. Orada xidmət etdiyi dövr ərzində şanlı aprel döyüşlərində iştirak etmişdir. 2020-ci ilin iyun ayının 20-də smartfon telefona görə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156 “e” bəndinə əsasən xidmətə uyğunsuzluqla ordudan tərxis olunmuşdur. Ordudan tərxis olunduqdan sonra hüquqlarının bərpa edilməsi üçün iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və qeyd olunan iş üzrə məhkəmə prosesi 2020-ci ilin oktyabr ayının 19-na təyin edilmişdir. Lakin 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başladığı üçün, o, xx.xx.2020-ci il tarixdə Qazax SHXÇDX tərəfindən hərbi xidmətə (döyüşə) çağırılmışdır. Döyüş vaxtı ikinci ordu korpusunun tərkibində “N” saylı əlahiddə kəşfiyyat taborunun qrupunun baş kəşfiyatçısı vəzifəsində xidmət etmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək torpaqların azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156 “e” bəndinə əsasən tərxis edilmiş hərbi qulluqçu təkrar ordudan tərxis edilmişdir. Döyüşlərə qatıldığı zaman özünün iddia ərizəsinə əsasən təyin edilmiş məhkəmə prosesinə xitam verilməsi barədə müraciət etmiş və müraciəti təmin olunmuşdur. Belə ki, döyüşlərə qatılqıqda komandanlıq tərəfindən onlara xidmətə qaytarıldıqları bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7661/2021 №li iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mübahisələndirilən inzibati akt üzrə qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə mümkün sayılmamışdır. İddiaçı şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7661/2021 №li iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qərardadının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1422/2022 №li iş üzrə çıxartdığı xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunaraq, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7661/2021 №li iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qərardadının ləğv olunması və işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-304/2023 saylı, 28 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv olunması tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-304/2023 saylı, 28 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv olunması barədə iddia tələbi üzrə buraxılmış prosessual müddətin bərpa olunmasına dair İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş ərizə təmin olunmamışdır. İddiaçı qərardadlardan apellyasiya şikayəti verərək qərardadların ləğv edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin təkrar birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən apellyasiya məhkəməsinin hüquqi göstərişlərinə uyğun olaraq müvafiq araşdırma aparılmışdır. Belə ki: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.2022-ci il tarixli sorğu məktubu ilə müraciət olunaraq, İddiaçı tərxis olunması ilə bağlı xx.xx.2020-ci il tarixli, 022 “əç” №li əmrin, həmin əmrin verilməsinə əsas olmuş sənədlərin və qeyd olunan əmrin rəsmi qaydada İddiaçı təqdim edilməsi ilə bağlı müvafiq təsdiqedici sənədlərin qanunamüvafiq qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı Hərbi hissənin xx.xx.2022- ci il tarixli 2511 №li cavab məktubunda göstərilmişdir ki, “N” saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqda “N” saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 022 “əç” nömrəli əmri İddiaçı imzalandığı gün şifahi olaraq elan edilmişdir, əmrin surəti onun şəxsi işinə tikilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu rayon şöbəsinə göndərilmişdir. Məktuba İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqda “N” nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 022 “əç” nömrəli əmrinin (məxfi) və həmin əmrin verilməsinə əsas olan sənədlərin təsdiq olumuş surəti əlavə olunmuşdur. - Məktuba əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 022 “əç” nömrəli əmrin surətindən müəyyən olunur ki, qeyd olunan əmrlə kiçik çavuş İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr olunmuşdur. Bundan əlavə məhkəmənin müvafiq sorğularına əsasən cavabdeh inzibati orqan tərəfindən məhkəməyə göndərilmiş əmrlərin surətlərindən müəyyən olunur ki; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissə komandirinin N №li xx.xx.2020-ci il tarixli əmri ilə səfərbərlik təyinatına müvafiq olaraq ehtiyatdan çağırılmış həbi vəzifəli - İddiaçı hərbi hisədə 2-ci tamamlama bölüyünün baş kəşfiyyatçısı vəzifəsinə təyin olunduğuna görə, 17 oktyabr 2020-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissə komandirinin N №li xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı 12 fevral 2021-ci il tarixdən hərbi heyətin siyahısından, ərzaq və əşya təminatından, xx.xx.2021-ci il tarixdən isə pul təminatından çıxarılması əmr edilmiş və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N” saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 022 “əç” nömrəli əmrinin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-6269/20N №li işin materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı qeyd olunan iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə (iddia ərizəsinin üzərinə vurulmuş məhkəmənin daxil olma ştampı) məhkəməyə müraciət etmiş, iddia ərizəsi icraata qəbul edilmiş, iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq işə bərpa olunduğu üçün işinə xitam verilməsini xahiş etmiş və məhkəmənin həmin iş üzrə çıxartdığı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçıya İPM-nin 55.4-cü maddəsinin tələbləri izah olunmaqla 55.5-ci maddəsinin tələblərinə əsasən inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda iddiaçı yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N” saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 022 “əç” nömrəli əmrinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman xx.xx.2020-ci il tarixli, 022 “əç” nömrəli əmr ona imzalandığı gün (xx.xx.2020-ci il) şifahi olaraq elan edilmişdir. Bundan əlavə iş materiallarından da göründüyü kimi iddiaçı qeyd olunan əmrdən ilk dəfə xx.xx.2020-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixli əmrlə səfərbərlik təyinatına müvafiq olaraq ehtiyatdan çağırılmış və həmin tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, bununla bağlı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddia üzrə icraata xitam verilməsini xahiş etmiş, daha sonra 12 fevral 2021-ci il tarixdən o, hərbi heyətin siyahısından, ərzaq və əşya təminatından, xx.xx.2021-ci il tarixdən isə pul təminatından çıxarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisələndirilən əmrin ona rəmi qaydada elan olunmasından (xx.xx.2020-ci il) 11 ay 30 gün, özünün üzrlü səbəb kimi göstərdiyi yenidən hərbi xidmətə çağırıldığı və tərxis olunduğu tarixdən (xx.xx.2020 - xx.xx.2021-) isə 4 (dörd) aydan artıq bir müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddia müddətinin bərpası ilə bağlı birinci instansiya məhkəməsinin qərardadından verilmiş apellyasiya şikayətinə münasibətdə isə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən, iddiaçının prosessual müddətin bərpası barədə ərizəsi də təmin edilməməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadları maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadların ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-569/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar