Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2278/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (xx.xx.1965-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2-1(112)-2526/2021 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 06.11.2020-ci il tarixdə cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 50 yaşdan, yəni 16.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun hal-hazıra kimi 58 il 05 ay ümumi və 54 il 07 ay güzəştli iş stajı vardır. Ümumi iş stajının 49 il 10 ayı, güzəştli iş stajı isə 46 ili (09.01.1982-07.01.1986-cı illərdə 03 il 10 ay ümumi, 02.07.1986-31.12.2005-ci illərdə Azərbaycan Hava Yolları QSC-nin Azal Aviasiya şirkətində bələdçi kimi 9934 uçuş saatı olmaqla 46 il) 01 yanvar 2006-cı ilə kimi qüvvədə olan Vətəndaşların pensiya təminatı haqqında qanunun 13-cü maddəsinin “d” bəndinə müvafiq olaraq hava gəmilərində bələdçi kimi işlədiyi illər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajıdır. 2017-ci ilin fevral ayında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçı aidiyyəti üzrə inzibati orqana müraciət etmiş və ona 16 yanvar 2015-ci ildən 50 yaşından pensiya təyin edilməsi əvəzinə 16 yanvar 2017-ci ildən 52 yaşından pensiya təyin edilmişdir. İddiaçı bildirir ki, “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” haqqında Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il 231 nömrəli qərarı əsasında onun 01 yanvar 1997-ci ilə kimi ümumilikdə 27 il 08 ay güzəştli (5992 saat :18(ay) :12(il) = 27.74 il= 27 il 08 ay), 31 il 06 ay ümumi iş stajı olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. 04.06.2021-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək,iş üzrə cavabdehdən vəkil xidmətindən istifadəyə görə ödədiyi 210 manat,nəqliyyat xərclərinə görə 15 manat və mənəvi zərər görə 10000 manat, ümumilikdə 10225 manat pulun xeyrinə tutulmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək,iddia ərizəsinə əlavə olaraq verilmiş əlavəni və ona aid sənədləri geri götürmüşdür. Bakı İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2-1(112)-2526/2021 nömrəli qərarı ilə (hakim F.Mədətli) İddiaçı Ramilovnanın (mətnə uyğun) iddiası qismən təmin edilmiş,İddiaçı Ramilovnaya 50 yaşdan, yəni 16.01.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 05 oktyabr 2017-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 03.08.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2-1(112)-2526/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 50 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2-1(112)-2526/2021 nömrəli qərarının “05.07.2017ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi” hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, inzibati orqana 2017-ci ilin fevral ayında müraciət etdiyinə görə qanunda edilmiş dəyişikliyin ona heç bir aidiyyəti olmamalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi və vəkili sonuncu məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X1 izahat verərək, iddia tələbini və apellyasiya şikayətini müdafiə etdiyini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətlərinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2-1(112)-2526/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE ******** saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1965-ci il təvəllüdlüdür, ünvan 2 ünvanında qeydiyyatdadır. - İddiaçının İT-İ ******* seriya və nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 01.09.1982-ci il tarixdən 01.07.1986-cı il tarixədək operator vəzifəsində, 02.07.1986-cı il tarixdən 02.11.2009-cu il tarixədək Azərbaycan Hava Yolları QSC-nin Azal Aviasiya şirkətində bort bələdçisi vəzifəsində işləmişdir. - Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla iddiaçıya 16 yanvar 2017-ci il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajının ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Müəyyən edilmiş 50 yaş pensiya yaş həddi 1997-ci ilin avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 01 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li siyahı üzrə qadınlar üçün 52 yaş müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 50 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Pensiya işindən görünür ki, iddiaçıya 25.01.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, ilkin pensiya məbləği 162,94 manat müəyyən edilmiş, 01.01.2020-ci il tarixə pensiya məbləği artırılaq 302,71 manat hesablanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «d» bəndinə əsasən hava gəmilərində bələdçi işləyən şəxslər – qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. Göründüyü kimi hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üçün aşağıdakı əsaslar birgə mövcud olmalıdır: 1) iddiaçı pensiya almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmalı; 2) qanunvericiliklə nəzərdə tutulmuş ümumi sığorta stajına, yəni 01.08.1997-ci il tarixədək 20 il stajına malik olmalı; 3) işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş siyahısında təsbit olunmalı 4) həmin peşə üzrə qanunvericiliklə nəzərdə tutulmuş xüsusi sığorta stajına, yəni 01.08.1997-ci il tarixədək 10 il sığorta stajına malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi bort bələdçisi vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.3-cü maddəsinə əsasən peşə hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi peşələrinə uyğun gəlir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 59-cu maddəsinə görə kişilər azı 25 il, qadınlar azı 20 il uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışdıqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilər azı 20 il, qadınlar "azı 15 il bu vəzifələrdə çalışdıqda xidmət illərinə görə pensiya hüququna malikdirlər. Uçuş və uçuş-sınaq həyətində işləyənlərin iş stajlarının hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2.1-ci maddəsinə əsasən hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağdaki qaydada müəyyən edilir: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. İş materiallarında olan pensiya işində olan Azərbaycan Hava Yolları QSC-nin Azal Aviasiya şirkətinin 19.10.2017-ci il tarixli 07 nömrəli arayışın surətindən görünür ki, İddiaçı 02.07.1986-cı il tarixdən 01.01.2009-cu il tarixədək faktiki uçuş saatı ümumilikdə 11.802, 02.07.1986-01.01.1997-ci il tarixədək olan uçuş saatları isə 5.992 təşkil edir. Həmin faktiki uçuş saatları əsasında iddiaçının 01.08.1997-ci il tarixədək olan güzəştli sığorta stajı 27 il 08 ay təşkil edir. (5992 saat :18(ay) :12(il) = 27.74 il= 27 il 08 ay(12x0,74=08ay) İddiaçının 01.09.1982-ci il tarixdən 01.07.1986-cı il tarixədək operator vəzifəsində işlədiyi müddət ilə faktiki uçuş saatı əsasında müəyyən edilmiş sığorta stajı nəzərə alındıqda, onun 31 il 06 ay 01 gün (3 il 10 ay 01 gün + 27 il 08 ay) ümumi sığorta stajı vardır. Göründüyü kimi iddiaçının ona 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün şərtlər ödənildiyindən, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan 2017-ci ilin fevral ayında müraciət etdiyinə görə qanunda edilmiş dəyişikliyin ona tətbiq edilməməli olması və fərq məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana 25.09.2020-ci il tarixdə müraciət etdiyindən, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1- 1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 05.10.2017-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir Həmçinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinin müddəalarından görünür ki, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Belə olan halda, hazırkı qanunvericiliyin müddəaları əsasında 05.10.2017-ci il tarixdən ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi mümkün deyildir Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki Bakı İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2-1(112)-2526/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının və cavabdehin apellyasiya şikayətləri əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2-1(112)-2526/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2278/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2278/2021
02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver