Məhkəmə qərarları › İş №2-1(103)-2278/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2278/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2278/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2899/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra mətndə DSMF) 15 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin sosial yardımın dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2021-ci il tarixdən dayandırılmış sosial yardımın bərpa edilərək həmin tarixdən ödənilməsinə davam etdirilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, xx.xx.2016-cı il tarixli **********1002 saylı müraciətinə əsasən təyin olunmuş ünvanlı sosial yardımın xx.xx.2017-ci il tarixdən bərpa edilərək, həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra mətndə ƏƏSMN) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2899/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2899/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində torpağ payının olması ünvanlı dövlət sosial yardım məbləğinin dəyişməsinə səbəb olan hal hesab olunduğundan iddiaçı tərəfindən doldurulan ərizə-bəyannamədə həmin halın qeyd edilməməsi onun ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardımının qanunvericiliyə müvafiq qaydada dayandırılması ilə nəticələnmişdir. Yəni, iddiaçıya təyin edilmiş sosial ödənişin dayandırılmasında inzibati orqan haqlı olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Hüseynova şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməməsin və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1970-ci ildə doğulmuş İddiaçı Şəki rayonu, Cumakənd ərazi dairəsi, Cumakənd kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı ********* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1981-ci ildə Şəki rayonu, Cumay kəndində doğulmuş X2 rayonu, Cumakənd kəndində qeydiyyatdadır. Şəki şəhər İHB-nin Cumay kəndindəki nümayəndəliyi tərəfindən verilmiş 26 fevral 2003-cü il tarixli İİ-AZ seriyalı 040581 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X10 xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2003-cü ilin fevral ayının 26-cı günündə 03 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. AZE ******* seriyalı, AA ******* seriyalı, AA ******* seriyalı, AZE 12872750 seriyalı, AZE 12872289 seriyalı şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, X17, X11, X15, X18, X8 ataları qismində İddiaçı qeyd olunmuşdur. Torpağa mülkiyyət hüququna dair JN 219, kod 40413018 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Şəki rayonu aqrar İslahat Komissiyasının 1998-ci il 07 may tarixli 49 nömrəli qərarı ilə X12, X3, X13, X9, X5 1,83 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli bildirişdə qeyd olunmuşdur ki, xx.xx.2016-cı il tarixli **********65901 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəblərə görə imtina edilmişdir: - məşğulluq alt sistemindən əldə edilən məlumata əsasən ailə üzvü İddiaçı oğunun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz olması barədə məlumatın öz təsdiqni tapmaması. -DSMF-nin informasiya sistemindən əldə edilən məlumata əsasən kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs barədə məlumatlarda uyğunsuzluğun müəyyən edilməsi. İşdə olan xx.xx.2016-cı il tarixli bildirişdə qeyd olunmuşdur ki, xx.xx.2016-cı il tarixli, **********65902 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəblərə görə imtina edilir: - DSMF-nin informasiya sistemindən əldə edilən məlumata əsasən kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs barədə məlumatlarda uyğunsuzluğun müəyyən edilməsi. Torpaq pay mülkiyyəti sənədinin Reyestr kodu və ya nömrəsi düzgün qeyd edilməmişdir. - DSMF-nin informasiya sistemindən əldə edilən məlumata əsasən kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs barədə məlumatlarda uyğunsuzluğun müəyyən edilməsi. Torpaq pay mülkiyyətinin sahəsi düzgün qeyd edilməmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli bildirişin surətindən müəyyən olunur ki,xx.xx.2016-cı il tarixli, **********81001 nömrəli müraciətinə görə sosia yardımın təyin olunmasından aşağıdakı səbəbə imtina edilir: - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən müəyyən edilmiş ********* telefon nömrəsi üzrə əvvəlki 12 ay ərzində xərclərin bəyan edilməməsi. İşdə olan xx.xx.2016-cı il tarixli bildirişin surətindən müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli **********81002 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəblərə görə imtina edilir: - DSMF-nin informasiya sistemində kənd təsərrüfatına yararlı JN 40413018-219 torpaq sahəsi olan şəxs barədə məlumatın təqdim edilməməsiDSMF-nin informasiya sistemində kənd təsərrüfatına yararlı JN 40413018-0004 torpaq sahəsi olan şəxs barədə məlumatın təqdim edilməməsi. İşdə olan DSMF-nin Sosial Ödənişlər departamentinin Dövlət Sosial Müdafiə X21 uçota nəzarət və sosial sığorta departamentinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Şəki rayon sakini İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş xx.xx.2021-ci il tarixli **********8 nömrəli və xx.xx.2021ci il tarixli **********6 nömrəli müraciətlərinə Fondun Aparatının Sosial ödənişlər departamentində baxılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı ailəsini təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olara, “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2016-cı il tarixli **********81002 nömrəli rəsmi müraciəti əsasında xx.xx.2016-cı il tarixindən ailəsinə təyin olunmuş aylıq 272,86 manat məbləğində sosial yardımın verilməsi “Ərizə bəyannamə”də kənd təsərrüfatına yararlı JN 40413018-219 və JN 40413018-004 torpaq sahəsi olan şəxs barədə məlumatların təqdim edilmədiyinə görə xx.xx.2017-ci il tarixdən dayandırılmışdır. Bundan sonra, İddiaçı ailəsinin ünvanlı dövlət sosial yardımını almaq hüququnun müəyyən olunması ilə bağlı rəsmi qaydada VEMTAS-a müraciət etməmişdir. İddiaçı müvafiq məlumatları VEMTAS-a daxil etməklə elektron qaydada müraciət etməsi tövsiyyə olunur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli 1514 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı Şəki rayonu inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və ləğv edilmiş DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. Sığortaedənin əsas məlumatlarından müəyyən olunur ki, X4 adına torpaq sahəsi qeyd olunmuşdur (SUN **********4). Sığortaedənin əsas məlumatlarından müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə İddiaçı vergi ödəyicisi kimi qeydə alınmışdır (VÖEN **********). İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********3 saylı məktubunda qeyd olunmuşdur ki, müraciətlə bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, xx.xx.2010-cu il tarixdə JN 40413018-219 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun adına sığortaedənin uçot nömrəsi (SUN-**********9) rəsmiləşdirilməlidir. Hal-hazırda mülkiyyətində pay torpaq sahəsi yoxdursa və həmin sığortaedənin uçot nömrəsini (SUN) ləğv etdirmək istəyirsə, ərizəsilə təsdiqedici sənədlər (əvvəllər mülkiyyətində torpağa mülkiyyət hüququna dair dövlət aktı olubsa və həmin sahə satılıbdırsa alqı-satqı müqaviləsinin surəti, bağşlanmışdırsa bağışlama müqaviləsinin surəti, pay torpaq mülkiyyətçisinin və payçıların şəxsiyyət vəsiqələrinin surəti və Daşınmaz Əmlakın Dövlət reyestridən arayışın surəti) əsasənda DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə müraciət etməsi tövsiyyə olunmuşdur. - DSMF-nin 19 mart 2021-ci il tarixli **********9 nömrəli məktubunda qeyd olunmuşdur ki, DSMF-nin 15 saylı Regional ərazi filialı (Şəki şəhəri) üzrə xx.xx.2010-cu il tarixində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmış İddiaçı məxsus **********9 nömrəli sığortaedənin uçot nömrəsinin statusu təqdim edilən təsdiqedici sənədlər əsasında ƏƏSMN-nin “X1 Sistemi”nin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestr” bölməsində xx.xx.2021-ci il tarixində ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********20 saylı məktubda qeyd olunmuşdur ki, mövcud arxiv materiallarına əsasən İddiaçı adına Lənkəran şəhəri ərazisində yerləşən 0,01 ha həyətyanı torpaq sahəsi aşkar edilmiş, lakin arxiv əsaslarında vətəndaşın təvəllüdü barədə məlumat aşkar edilməmişdir. xx.xx.1970-ci il təvəllüdlü İddiaçı adına qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilmişdir. "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdir. "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdir. "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilmişdir. "Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının; -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1.) ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2.) əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; 1.2.3.) ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4.) ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5.) ailə üzvünün vəfat etməsi; 1.2.6.) ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7.) ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8.) ailə üzvünün olduğu yerin məlum olmaması. -1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və qurumlarının (bundan sonra - qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur: 1.3.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 1.3.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi; 1.3.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi; 1.3.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; 1.3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 1.3.6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi; 1.3.7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi; 1.3.8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; 1.3.9. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi; 1.3.10. Azərbaycan Respublikasının Qaçqınların və X16 üzrə Dövlət Komitəsi; 1.3.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi; 1.3.13. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti; 1.3.14. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti; 1.3.15. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti; 1.3.18. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi; 1.3.19. "xxxx" Açıq Səhmdar Cəmiyyəti; 1.3.20. "xxxx" Açıq Səhmdar Cəmiyyəti; 1.3.21. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi; 1.3.22. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri. -3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. -3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. -3.3-cü bəndinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. -3.4-cü bəndinə əsasən, mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Qaydaların 3.7-ci bəndinə görə aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: -“Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda (3.7.1) -sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda (3.7.2) -sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə (3.7.3); -ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) (3.7.4) -ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır) (3.7.5) -ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda (3.7.6); -ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda (3.7.7). Mövcud qanunvericiliyin sadalanan normalarına görə ünvanlı sosial yardımların təyin edilməsi və ödənilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aiddir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir:5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Kollegiya hesab edir ki, iddiaçının mülkiyyət hüququ ilə torpaq sahəsinə malik olması ünvanlı sosial yardımın təyin edilməsindən imtina üçün əsas deyildir, belə ki, şəxsin torpaq sahəsinə malik olması hələ onun torpaq sahəsindən ailənin maddi rifahının lazımi səviyyədə təmin edilməsi qədər gəlir əldə etməsi anlamına gəlmir. Cavabdeh iddiaçının həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun olmasını məhkəmədə sübuta yetirməmişdir. “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.7-ci maddəsində ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda sosial yardımın təyin olunmasından imtina edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “iddiaçının mülkiyyətində torpağ payının olması ünvanlı dövlət sosial yardım məbləğinin dəyişməsinə səbəb olan hal hesab olunduğundan iddiaçı tərəfindən doldurulan ərizə-bəyannamədə həmin halın qeyd edilməməsi onun ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardımının qanunvericiliyə müvafiq qaydada dayandırılması ilə nəticələnmişdir.” dəlilinə münasibətdə bildirir ki, iş materiallarına əlavə olunmuş, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin olunmuş ünvanlı sosial yardımın dayandırılmasına əsas kimi istinad olunan “Torpağa mülkiyyət hüququna dair” JN 219, kod 40413018 saylı dövlət aktının surətindən müəyyən olunur ki, qeyd olunan Akta əsasən Şəki rayonu aqrar İslahat Komissiyasının 1998-ci il 07 may tarixli 49 nömrəli qərarı ilə X12, X3, X13, X9, X5 1.83 hektar torpaq sahəsi ayrılmış və göstərilən torpaq sahəsinin İddiaçı heç bir aidiyyəti yoxdur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2899/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar