Məhkəmə qərarları › İş №2-1(103)-2279/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2279/2021

13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2279/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiаçı X4 cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4527/2021 saylı, 08 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X6 cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (hazırki Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşdan, yəni 28.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ermənistan, Razadan rayonunda anadan olmuşdur. 19.08.1976-cı il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur və halhazıradək 40 ildən çox ümumi və 13 ildən çox xüsusi stajı vardır. 01.07.2003-cü il tarixdən 29.09.2016-cı il tarixədək işlədiyi Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda iş icraçısı və usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştıi şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarn, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinə əsasən (b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar; iş icraçıları) güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr hesab olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh cavab məktubu ilə güzəştli iş stajının 12 il 06 aydan az olduğu əsas gətirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtina məktubunun əsassız hesab edir və bildirir ki, onun 28.12.2020-ci il tarixədək 40 ildən çox ümumi və 13 ildən çox güzəştli iş stajı vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçının verdiyi əmək kitabçası və SOCAR tərəfindən tərtib edilmiş 15 yanvar 2021-ci il tarixli arayışdan göründüyü kimi, iddiaçı 01.07.2003-cü il tarixdən 29.09.2016-cı il tarixədək müxtəlif dövrlər ərzində Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun Təmir Tikinti Sexinin 1 saylı sahəsində iş icraçısı, böyük iş icraçısı və usta vəzifələrində işləmişdir. Qeyd edilən arayışda göstərilmişdir ki, iddiaçının işlədiyi peşələr AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarn, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində göstərilən tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları vəzifəsinə uyğundur. İşə götürən özünün də qeyd etdiyi kimi, iddiaçının işlədiyi ancaq iki peşə yəni, usta və iş icraçısı qeyd edilən qərarda göstərildiyindən həmin peşələrdə işlədiyi müddət güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bilər, lakin iddiaçının işlədiyi böyük iş icraçısı peşəsi həmin qərarda olan peşələr arasında qeyd edilmədiyindən həmin peşə güzəştli peşə kimi qəbul edilə bilməz.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4527/2021 saylı, 08 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 60 yaşdan, yəni pensiya hüququnun yarandığı 28.12.2020ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırıb məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1960-ci il tarixdə anadan olmuşdur. -19.08.1976-cı il tarixdə Vano Sturua adına Gəmi Təmiri Zavoduna mexaniki sexinin xarrat sahəsinə xarratın tələbəsi kimi qəbul edilmiş, 01.12.1976-cı il tarixdə 2-ci dərəcə verilmiş və 25.04.1977-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 03.05.1979-cu il tarixdən 10.05.1981-ci il tarixədək Sovet ordusunda xidmət etmiş, 10.10.1981-ci il tarixdə Abşeron Qİİ “Azneft” Şöbəsinin Neft və qaz istismar qazma quyularının 3-cü dərəcəli qazmacı köməkçi kimi qəbul edilmiş, 15.12.12.1981-ci il tarixdə ona 4-cü dərəcəli qazmacı köməkçisi kimi qəbul edilmiş və 13.09.1982-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 01.03.1983-cü il tarixdən 14.04.1983-cü il tarixədək X2 PNZ pansionatın yeməkxanasının tikintisi üzrə 4-cü dərəcəli malakeş vəzifəsində; 06.05.1983-cü il tarixdən 01.09.1983-cü il tarixədək X7 yükləmə və yükü böşaltma sexinə 4-cü dərəcəli materialların daşıyıcısı vəzifəsində;17.10.1983-cü il tarixdən 29.02.1984-cü il tarixədək MXİİN SSR Avadanlıqların hazırlanması üzrə Mexanika Emalatxanasında 4-cü dərəcəli təlimatçı vəzifəsində; 01.03.1984-cü il tarixdə Bakı stasionar dərin dəniz bazaları üçün dəstək hissələrinin istehsalı zavodunda 4-cü dərəcəli malakeş vəzifəsində, 19.05.1984-cü il tarixdə tirtilli kran üzrə 5-ci dərəcəli maşinist vəzifəsində, 01.04.1985-ci il tarixdə tırtıllı kran üzrə maşinistə 6cı dərəcə verilmiş və 30.03.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 02.04.1990-cı il tarixdən 19.10.1993-cü il tarixədək Salyan şossesi “Şelf-layihətikinti” Tikinti və X1 tırtıllı kran üzrə 6-cı dərəcəli maşinist vəzifəsində işləmiş; 21.10.1993-cü il tarixdə “Aysel” çoxsahəli istehsalat firmasına sahə rəisi vəzifəsinə qəbul edilmiş, 13.02.1994-cü il tarixdə firmanın direktor vəzifəsinə keçirilmiş və 05.08.1994-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 01.09.1994-cü il tarixdə “Şelf-layihə-tikinti” Tikinti İdarəsinə mebel sexinə iş icraçısı qəbul edilmiş, 01.03.1995-ci il tarixdə mebel sexinə köçürülmə yolu ilə iş ustası vəzifəsinə keçirilmiş və 01.02.2000-ci il tarixdə “Dülgərlik” sexinə sex rəisi vəzifəsinə keçirilmiş və 01.07.2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 01.07.2003-cü il tarixdə “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu”na iş icraçısı vəzifəsinə qəbul edilmiş, 01.05.2006-cı il tarixdə həmin zavodun İxtisaslaşdırılmış tikinti sexinə iş icraçısı vəzifəsinə keçirilmiş, 01.06.2006-cı il tarixdə iş icraçısı vəzifəsi üzrə 12-ci dərəcə verilmiş, 01.03.2008-ci il tarixdə böyük iş icraçısı vəzifəsinə keçirilmiş, 26.12.2012-ci il tarixdə 10-cu dərəcəli usta vəzifəsinə keçirilmiş, 29.09.2016-cı il tarixdə 13-cü dərəcəli sahə rəisi vəzifəsinə təyin olunmuş, 10.06.2019-cu il tarixdə 13-cü dərəcəli sahə rəisi vəzifəsinə təyin edilmiş və hal-hazıradək işləyir. -SOCAR “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu” tərəfindən verilmiş 15.01.2021-cu il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun 19 saylı Təmir tikinti sexinin 1 saylı sahəsində 01.07.2003-cü il tarixdən 30.04.2006-cı il tarixinədək iş icraçısı vəzifəsində (02 il 09 ay 29 gün); həmin zavodun İxtisaslaşdırılmış tikinti sexində 01.05.2006-cı il tarixdən 01.03.2008-ci il tarixədək iş icraçısı vəzifəsində (01 il 10 ay); həmin zavodun İxtisaslaşdırılmış tikinti sexində 01.03.2008-ci il tarixindən 25.12.2012-ci il tarixinədək böyük iş icraçısı vəzifəsində (04 il 09 ay 24 gün); həmin zavodun 3 saylı Xidmət sahəsində 26.12.2012-ci il tarixindən 29.09.2016-cı il tarixinədək usta vəzifəsində (03 il 09 ay 03 gün) işləmişdir. Texnoloji prosesə əsasən İddiaçı oğlunun işlədiyi usta və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın 29-cu bəndinə əsasən (b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar; iş icraçıları vəzifəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən stajı: 13 il 02 ay 26 gün təşkil edir. -Cavabdeh iddiaçının müraciətinə 05 fevral 2021-ci il tarixli məktubunda cavab verərək bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyindən (8 il, 5 ay, 2 gün) ona güzəştli şərtlərlə pensiya təyin etmək mümkün deyildir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbini təmin etmiş, İddiaçı 60 yaşdan, yəni pensiya hüququnun yarandığı 28.12.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini qərara almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin 2.4.1-ci maddəsindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi əsasında yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunmalıdır. Şərh olunan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d)Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Kabinetinin 23.01.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 13 il 02 ay 26 gün iş stajına malik olmuşdur. Əlavə olaraq məhkəmə bildirir ki, iddiaçının hərbi xidmət dövrü nəzərə alınmaqla onun 60 yaşı tamam olduğu, yəni 28.12.2020-ci il tarixədək ümumilikdə 25 ildən (41 il 02 ay 13 gün) çox ümumi stajı vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş imtina məktubunda və etirazda iddiaçının müraciətindən imtina olunmasının yeganə əsası kimi P.Q.X8 adına Bakı Dərin Özüllər zavodunun Təmir Tikinti Sexinin 1 saylı sahəsində işlədiyi böyük iş icraçısı peşəsinin güzəşti pensiya hüququ verən siyahıda nəzərdə tutulmadığı göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qüvvədə olan normativ hüquqi aktdan göründüyü kimi, iddiaçının işlədiyi usta və iş icraçısı vəzifələri güzəştli pensiya hüququ verən vəzifələr sırasına daxil olmuşdur. Böyük iş icraçısı vəzifəsinin konkret olaraq sözügedən siyahının 29-cu bölməsində göstərilməməsi həmin vəzifənin güzəştli pensiya hüququ verən vəzifəyə aid olmaması demək deyildir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş güzəştli arayışda iddiaçının böyük iş icraçısı kimi işlədiyi vəzifənin konkret olaraq siyahıda nəzərdə tutulmuş hər hansı bir vəzifə ilə uyğunluğu qeyd olunmasa belə, müəssisə tərəfindən iddiaçının güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd verən iş stajının 13 il 02 ay 26 gün olması qənaətinə gələrkən, iddiaçının 01.03.2008-ci il tarixdən 25.12.2012-ci il tarixədək işlədiyi “böyük iş icraçısı” vəzifəsi güzəştli iş stajı kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 iyun 1998-ci il tarixi, 13-9 №-li Qərarı ilə təsdiq olunmuş “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin vahid tarif-ixtisas sorğu kitabçasında” iş icraçısı ilə böyük iş icrasının əmək funksiyaları eyni xarakter daşıyırlar.. Belə ki, hər iki vəzifə üzrə işləyənlərin vəzifə borcları odur ki, onlar sahənin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərlik edərək, obyektlərin vaxtlı-vaxtında istismara verilməsini, tikinti istehsalatının ritmik gedişini, tikinti-quraşdırma və buraxılış-sazlama iş tapşırıqlarının bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edirlər. Böyük iş icraçıları ilə iş icraçıların vəzifələrində fərqlilik təşkil edən ən mühim funksiya odur ki, böyük iş icraçıları iş icraçılarına rəhbərlik edir, onlara, icra üçün tapşırıqları müəyyən edir, onların fəaliyyətini əlaqələndirir və nəzarət edir. Beləliklə işin xarakteri haqqında arayış (güzəştli arayış), həmçinin, Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 iyun 1998-ci il tarixli, 13-9 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tikinti, quraşdırma və təmir-tikinti” bölməsinə daxil olan qulluqçu vəzifələrin vahid tarif-ixtisas sorğu kitabçasına daxil olmuş məlumatlar ona dəlalət edir ki, iddiaçının böyük iş icraçısı kimi işlədiyi vəzifə “İş icraçıları” vəzifənin tərkib hissəsi olmaqla yanaşı güzəştli pensiya hüququ verən vəzifəyə aiddir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir. Həmin inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmadığından məhkəmə haqlı olaraq İddiaçı iddiasını təmin etmiş, iddiaçıya 60 yaşdan, yəni pensiya hüququ yarandığı 28.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4527/2021 saylı, 08 iyun 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar