Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2279/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2788/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin ona əmək pensiyasının təyin edilməsindən imtina edilməsinin qeyri qanuni hesab edilərək, onun xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixinə kimi Lenin adına üzümçülük sovxozunda fəhlə işlədiyi müddəti əmək stajına daxil edilməklə ona 08 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona yəni xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 57 yaşdan yəni, xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 avqust 1963-cü ildə doğulmuş, 57 yaşı 01 avqust 2020-ci il tarixində tamam olmuşdur. O, 57 yaşdan yaşa görə ağır sənaye ilə pensiyaya çıxmaq üçün tələb olunan sənədləri 24 may 2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına göndərmiş, sonuncunun ona ünvanladığı xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktubu ilə imtina cavabı verilmiş, məktubda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlərdə ümumi stajı 25 ildən az təşkil edir. Onun Lenin adına üzümçülük sovxozunda xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixədək fəhlə işlədiyi dövrü onun iş stajına daxil etmədən ona imtina cavabı verilmişdir. Halbuki, onun xx.xx.1980- xx.xx.1981-ci illərdə Lenin adına sovxozda fəhlə işlədiyi dövr Siyəzən rayon Dövlət Arxivi tərəfindən möhürlə təsdiq edilmiş arayışda öz əksini tapır. Əmək fəaliyyətini xx.xx.1980-ci il tarixdən Lenin adına üzümçülük sovxozunda başlamışdır və xx.xx.1980-ci il tarixdən xx.xx.1981-cı il tarixə kimi həmin sovxozda fəhlə işləmişdir. Bu barədə ona Siyəzən rayon Dövlət Arxivi tərəfindən xx.xx.2021-ci il tarixli 47 nömrəli arayış verilmişdir. Ondan sonra xx.xx.1981-xx.xx.1983-ci illərdə hərbi xidmətdə olmuşdur, hərbi xidmətdən gəldikdən sonra xx.xx.1984-cü il tarixindən hal - hazıra kimi “Siyəzənneft” NQÇİ -də işləyir. Bütün qeyd olunan iş stajlarını topladıqda xx.xx.2006-cı il tarixə kimi 25 il 04 ay 02 gün və xx.xx.2006-cı il tarixinə kimi 12 il 06 ay güzəştli iş stajı vardır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi 1 yanvar 2006-cı ilədək ümumi iş stajı 25 ildən az (23 il 9 ay 3 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2788/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyə ziddir. İddiaçının Mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az 23 il 9 ay 3 gündür. Hazırki iş üzrə iddiaçının mübahisələndirilən sığorta stajını xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək Lenin adına üzümçülük sovxozunda işlədiyi dövr təşkil edir. Həmin dövr əmək kitabçasında öz əksini tapmamışdır. Həmçinin, X3 filialından daxil olan arxiv arayışına əsasən, iddiaçının işdən azad olunması barədə əmr aşkar edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraza edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçının tələbi 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İnzibati orqanın apellyasiya şikayətindəki dəlillərin əsasını iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az (23 il 9 ay 3 gündür) təşkil etməsi ilə bağlıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi təşkil edir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir; 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı və bu müddətin azı 12 il 6 ay xüsusi iş stajı mövcud olmalıdır. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2020-ci ildə tamamlanmışdır. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması işin mübahisəsiz halıdır. Belə ki, SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 21 №li arayışda qeyd olunmuşdur ki, İddiaçı əmək kitabçasına uyğun güzəştli pensiya hüququ verən aşağıdakı iş stajına malikdir: Qeyd 01-
05. (10.2. bənd. səh. 84) 350 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən xx.xx.1984-cü il tarixdən hal-hazıradək “Siyəzənneft” NQÇİ-nin 2№-li neft və qazçıxarma sahəsində elektrik avadanlıqlarının xidməti və təmiri üzrə elektrik montyoru peşəsində işləməklə iş stajı 37 il, 15 gün (otuz yeddi il, on beş gün) təşkil edir. Qeyd olunanlara əsasən İddiaçı güzəştli şərtlərlə ümumi əmək stajı 37 il, 15 gün (otuz yeddi il, on beş gün) təşkil edir. Qeyd olunanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarının ’’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın X bölməsinə əsasən, güzəştli şərtlərlə, güzəştli ölçüdə dövlət təqaüdü almaq hüququ verir. Həmçinin, Məhkəmənin müvafiq sorğusuna cavab olaraq SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” NQÇİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********31620604X00001 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Azneft” İB “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin sabiq işçisi İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2021-ci il tarixədək İdarənin 2№-li neft və qazçıxarma sahəsində elektrik avadanlıqlarının xidməti və təmiri üzrə elektrik montyoru peşəsində işləmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən idarədə gedən optimallaşma prosesi ilə əlaqədar öz təşəbbüsü ilə işdən azad edilmişdir. Çalışdığı sahə və peşə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin (1100000a: kod-19861-neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları), vəzifələrin və göstəricilərin Siyahısının X bölməsinə (X-
2. Neft-qaz və qaz kondensatının hasilatı: kod- ********) əsasən, güzəştli şərtlərlə, güzəştli ölçüdə dövlət təqaüdü almaq hüququ verir. Qeyd olunanlara əsasən İddiaçı güzəştli şərtlərlə ümumi əmək stajı 37 il, 01 ay, 16 gün (otuz yeddi il, bir ay, on altı gün) təşkil edir. Göründüyü kimi, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2021-ci il tarixədək İdarənin 2№-li neft və qazçıxarma sahəsində elektrik avadanlıqlarının xidməti və təmiri üzrə elektrik montyoru peşəsində işləməklə xx.xx.2006-cı ilədək tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı toplamışdır. Güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “ Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” Xİİ fəsil (kod 21300000, fəsil); Neft-qaz və qaz kondensatının hasilatı - bölmə 2 (kod ********); neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları (kod 2130200a-19861). Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İşin mübahisəli halı iddiaçının ümumi iş stajının 01 yanvar 2006-cı il tarixədək 25 ildən az (23 il 9 ay 3 gündür) təşkil etməsi ilə bağlıdır. Cavabdeh iddiaçının xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək Lenin adına üzümçülük sovxozunda işlədiyi dövr mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ümumi stajının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, iddiaçıya məxsus ИТ-İ ******* №li xx.xx.1984-cu il tarixli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən, İddiaçı xx.xx.1984-cü il tarixdə “Siyəzənneft” neft və qaz çıxarma idarəsinə 2 saylı neft və qaz hasilatı (çıxarma) sexinə 2-ci dərəcə ilə elektrik montyoru vəzifəsinə qəbul edilmişdir (xx.xx.1984-cü il tarixli 350 №l əmr); xx.xx.1991-ci il tarixdə ixtisasartırma kurslarını bitirdiyinə görə həmin sexdə 3-cü dərəcə ilə elektrik montyoru keçirilmişdir (xx.xx.1991-ci il tarixli 212 №li əmr); xx.xx.1994-cü ildə həmin sexdə 4-cü dərəcəli elektrik montyoru keçirilmişdir (xx.xx.1994-cü il tarixli 355 №l əmr); xx.xx.2008-ci ildə həmin sexdə 5-ci dərəcəli elektrik montyoru keçirilmişdir (xx.xx.2008-ci il tarixli №l 145 əmr); xx.xx.2017ci ildə 4-cü dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə keçirilmişdir (xx.xx.2017-ci il tarixli 961 №li əmr); xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (xx.xx.2021-ci il tarixli, 177 №li əmr). НЗ seriyalı ******* № li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 12 noyabr 1981-ci il tarixdən 14 dekabr 1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Siyəzən rayon Dövlət Arxivinin 12 yanvar 2022-ci il tarixli 01 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş 12 yanvar 2022ci il tarixli arxiv çıxarışında qeyd olunmuş aşağıdakı məlumatlardan: - Lenin adına üzümçülük sovxozu üzrə 15 mart 1980-cı il tarixli 28 №-li əmrdən müəyyən olunur ki, İddiaçı 6 №-li üzümçülük briqadasına fəhlə vəzifəsinə qəbul edilmişdir. - Lenin adına üzümçülük sovxozu üzrə 09 avqust 1981-ci il 107 №-li əmrlə İddiaçı 6№-li briqadada fəhlə işləmiş, bağlarda üzüm məhsulunun yetişdirilməsi ilə əlaqədar olaraq o, məhsul yığımı başa çatana kimi fəhləlikdən həmin briqadaya məhsul göstəçisi köçürülmüşdür. - Lenin adına üzümçülük sovxozu üzrə 04 oktyabr 1981-ci il tarixli 131 №-li əmrlə İddiaçı 6 №-li briqadada məhsul göstərçisi, Biriqadada üzüm yığımı başa çatdığı üçün o, həmin briqadaya fəhlə köçürülmüşdür. Göründüyü kimi, iddiaçının ümumi iş stajı ilə bağlı cavabdeh inzibati orqan, arxiv arayışları ilə müəyyən edilmiş dövrü nəzərə almadığı üçün, onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajının tamamlanmadığına istinad etmişdir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. - 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 87-ci maddəsinin 1-ci bəndinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin maddənin 2-ci bəndinə əsasən işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlərdən görünür ki, həmin qeydlər qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə tam uyğundur (İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın günü, ayı və ili barədə qeydlər göstərilmiş, həmin qeydlər müvafiq əmrlərlə rəsmiləşdirilərək, müəssisənin rəhbəri tərəfindən imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür): 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi, istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər, arxiv arayışları və hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2788/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2788/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə