Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2279/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11495/2022 nömrəli 20 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və X2 Departamenti X4 və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35010 saylı müqavilə əsasında iddiaçının mərhum anasına verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 1102L nömrəli bağ sahəsinin İddiaçı mərhum anası X10 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-11495/2022 nömrəli 20 dekabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və X2 Departamenti X4 və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35010 saylı müqavilə əsasında iddiaçının mərhum anasına verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 1102L nömrəli bağ sahəsinin İddiaçı mərhum anası X10 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Əlavə olaraq, göstərilən torpaq sahəsinin bir hissəsi Novxanı-Pirşağı yolunun mühafizə zolağında yerləşir. İddiada göstərilən torpaq sahəsi ilə bağlı idarəyə Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsindən sorğu daxil olmuşdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X4 və İstismarı Birliyi ilə X13 arasında bağlanılmış “Novxanı ərazisindəki 1102 L nömrəli bağın istifadəyə verilməsi haqqında 35010 saylı, 01 iyun 2005-ci il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 31 may 2005-ci il tarixli 139 saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində 0,12 ha torpaq sahəsi olan 1102 L nömrəli bağ sahəsi X7 istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş S-142-112 nömrəli, xx.xx.2018-ci il tarixli arxiv arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 2005-ci ilə dair sərəncamlar kitabında xx.xx.2005-ci il tarixli 139 nömrəli sərəncamı ilə “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadəsindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X4 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli 96 nömrəli protokolu təsdiq edilmişdir. Sərəncama əlavə olunmuş xx.xx.2005-ci il tarixli 96 nömrəli protokoldan müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 nömrəli sərəncamına əsasən Novxanıdakı 1102 L nömrəli bağ X7 adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestru 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvalanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Bundan başqa, göstərilən torpaq sahəsinə digər şəxslərin müraciətləri mövcuddur. Əlavə olaraq, göstərilən torpaq sahəsinin bir hissəsi Novxanı-Pirşağı yolunun mühafizə zolağında yerləşir. İş materiallarında olan Bakı şəhər 6 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli X-963 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ərazi İdarəsinə ünvanladığı məktuba əsasən bildirilmişdir ki, xx.xx.2018ci ildə X7 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2020-ci ildə vərəsəlik işi açılıb, qanunvericiliyin tələbinə əsasən X5 və İddiaçı miras qoyanın vərəsələri olması barədə məlumat verərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə çıxarış verilməsi xahiş olunmuşdur. İş materiallarında olan X8, X14, X15 və İddiaçı tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, adları çəkilən şəxslər Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisi 1102 L nömrəli bağ ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin X7 adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər (xx.xx.2005-ci il tarixli 35010 saylı müqavilə). İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsinin (1102L nömrəli bağ sahəsi) Novxanı-Pirşağı avtomobil yolunun qorunma (mühafizə) zolağına düşüb-düşməməsi barədə məlumatın verilməsi ilə bağlı məhkəmənin müraciəti araşdırılmış, sözügedən torpaq sahəsinin (0,12 ha torpaq sahəsi) yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağının istisna olunması bildirilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. İşin faktiki hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 139 nömrəli sərəncamına və Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X4 və İstismarı Birliyi ilə X13 arasında bağlanılmış 35010 saylı, 01 iyun 2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində 0,12 ha torpaq sahəsi olan 1102L nömrəli bağ sahəsi X7 istifadəsinə verilmişdir. Bakı şəhər 6 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli X-963 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ərazi İdarəsinə ünvanladığı məktuba əsasən bildirilmişdir ki, xx.xx.2018-ci ildə X7 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2020-ci ildə vərəsəlik işi açılıb, qanunvericiliyin tələbinə əsasən X5 və İddiaçı miras qoyanın vərəsələri olması barədə məlumat verərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə çıxarış verilməsi xahiş olunmuşdur. Göründüyü kimi, iddiaçının mərhum anası qeyd olunan bağ sahəsinin qanuni istifadəçisi olmuşdur. Hazırda həmin bağ sahəsi iddiaçının istifadəsindədir. İddiaçının anası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinin anasına məxsus olması barədə arayış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi, həmçinin torpaq sahəsinin yerləşməsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi imtina üçün əsas hesab edilə bilməz. Qeyd edilən hallar iddiaçının iradəsindən asılı olan hal deyil, iddiaçı buna görə cavabdehlik daşımır və qeyd olunan uyğunsuzluqların aradan qaldırılması cavabdehin vəzifələrinə daxildir. Cavabdeh tərəfindən qeyd olunan sənədlərin (müqavilə, sərəncam) həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir, həmin sənədlər ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Eyni zamanda cavabdeh həmin bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini təsdiq edən sübutları da məhkəməyə təqdim edilə bilmədi. Cavabdeh iddia tələbinə dair etirazda həmin torpaq sahəsinə digər şəxslərin - X8, X14, X11 müraciətlərinin mövcud olduğunu bildirsə də, iş materiallarında olan həmin şəxslər tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, adları çəkilən şəxslər Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisi 1102 L nömrəli bağ ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin X7 adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər (xx.xx.2005-ci il tarixli 35010 saylı müqavilə). Həmçinin göstərilən torpaq sahəsinin bir hissəsinin Novxanı-Pirşağı yolunun mühafizə zolağında yerləşməsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bununla əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məhkəmə sorğusu verilmiş, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, həmin torpaq sahəsinin (0,12 ha torpaq sahəsi) yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı istisna olunur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11495/2022 nömrəli 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2279/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2279/2023
04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver