Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2279/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9387/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsinin 10 aprel 2023-cü il tarixli **********156067 saylı səyyar vergi yoxlaması aktına əsasən inzibati aktın qəbul edilməsindən imtina olunması və qəbul ediləcək hər hansı inzibati aktın qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1155978 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X3 tərəfindən İddiaçı MMC-yə (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.6 maddəsinə əsasən vergi qanunvericiliyi üzrə oktyabr 2017-dekabr 2020-ci il üzrə səyyar vergi yoxlaması keçirilmiş və xx.xx.2023-cü il tarixli **********156067 saylı akt tərtib edilmişdir. Müəssisədə növbədənkənar səyyar vergi yoxlaması ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin edilmiş, müvafiq dövr üzrə qərarın ləğvi barədə Bakı İnzibati Məhkəməsində iddia qaldırılmış və Məhkəmənin qərarına əsasən müvafiq dövr üzrə hesablanmış kameral hesablama qərarının ləğvi barədə qərar çıxarılmışdır. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində dəqiqləşdirilmiş 2017-ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən qeyd edilən bəyannamə üzrə kameral vergi yoxlaması keçirilmiş və vergi yoxlamasının nəticəsi üzrə 16 iyun 2020-ci il tarixli **********342900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar çıxarılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 iyun 2020-ci il tarixli **********342900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı hazırda mübahisələndirilir. Müvafiq qərarın ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-286/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir . Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********172544 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarın (vergi hesabatının və arayışın vaxtında verilməməsi ilə əlaqədar ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla) digər hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı MMC-yə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən Baş İdarənin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155978 nömrəli qərarı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2023-cü il tarixli **********156067 nömrəli aktla rəsmiləşdirilmişdir. İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Baş İdarənin İstintaq və təhqiqat idarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin edilmişdir. Səyyar vergi yoxlaması cinayət işinə əlavə edilmiş materiallara, müəssisə tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə və vergi orqanına təqdim edilmiş bəyannamələrə, müəssisənin bank hesabı olan bank idarələrindən alınmış bank əməliyyatlarına dair məlumatlara, Dövlət Vergi Xidmətinin AVİS və Hesabat/Axtarış informasiya sistemində olan məlumatlara, yoxlamanın gedişində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən alınmış mütəxəssis rəyinə əsasən aparılmışdır. Yoxlanılan dövrdə müəssisənin fəaliyyəti yalnız mənzil tikintisindən ibarət olmuşdur. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin 385.091,67 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 192.545,84 manat məbləğində, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 2018 və 2019-cu illərin əmlak vergisi bəyannamələri, 2019-cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə isə 120,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bütün bunlara baxmayaraq, iddiaçı heç bir hüquqi əsası olmayan dəlillərlə xx.xx.2023-cü il tarixli **********172544 nömrəli “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qanunsuz hesab edir. İddiaçı iddia ərizəsində müxtəlif normativ hüquqi aktların müvafiq müddəalarını sadəcə sadalamaqla kifayətlənmiş, mübahisələndirdiyi məsuliyyət qərarına əsasən hesablanan vergi və maliyyə sanksiyasının əsassız hesab etməsini konkret dəlil və normalarla əsaslandıra bilməmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi yeganə dəlil İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********080100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 286/2022 saylı qərarı və həmin qərarın qəbulu üçün əsas olan məhkəmə tərəfindən təyin edilən ekspertiza tədqiqatının nəticəsində verilən xx.xx.2021-ci il tarixli ekspert rəyidir. Həmin dəlillə bağlı bildirilir ki, Bakı İnzibati Məhkəməsinin qərarı qanuni qüvvəsini almamışdır. Odur ki, hal-hazırda iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcud olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9387/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarı - vergi hesabatının və arayışın vaxtında verilməməsi ilə əlaqədar ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla digər hissədə ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia ərizəsinə verilmiş etiraza uyğun olaraq əsaslandırmışdır. Eyni zamanda, işin apellyasiya icraatı zamanı iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarın ləğv edilməsi barədə iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtaranadək, xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarın icrasının dayandırılması, o cümlədən müəssisənin ƏDV depozit hesabına məhdudiyyətlərin qoyulması və bank hesablarına sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2279/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarının icrası dayandırılmış və ərizə qalan hissədə təmin edilməmişdir. Qərardaddan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2382/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(103)-2279/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, **********155978 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərardan görünür ki, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2017 – dekabr 2020 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli, **********156067 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi tərəfindən İddiaçı MMC-nin müxtəlif dövrlərdə tədiyyələr (4-cü rüb 2017-4-cü rüb 2019 üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə və s.) üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari tibbi ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar vergi yoxlaması aparılmışdır. - Səyyar vergi yoxlamasının aktından görünür ki, səyyar vergi yoxlaması ilə bina tikintisi fəaliyyəti üzrə kameral hesablanmış 718.165,32 manat sadələşdirilmiş vergi məbləği təsdiq edilir və əlavə olaraq büdcəyə 385.091,67 manat vergi hesablanır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən büdcəyə çatası bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin 385.091,67 manat azaldılmasına görə 192.545,84 manat maliyyə sanksiyasının; Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 2018-ci və 2019-cu illərin əmlak vergisi bəyannamələri, 2019-cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarı ilə 2017-ci il üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləği ümumilikdə 385.091,67 manat əsas və ona tətbiq olunmuş 192.665,84 manat maliyyə sanksiyasına; Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 14 №-li “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 №-li Qərarını təhbər tutaraq və İddiaçınə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış xx.xx.2016-cı il tarixli, xx/xx-1936 №-li Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC-lə bağlanmış 24 yanvar 2017-ci il tarixli müqavilənin 2.4-cü bəndinə dəyişikliy”in lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarının icrası və məqsədinə nail olunması üçün Şirkətin təklifini qəbul etməsini nəzərə alaraq 24 yanvar 2017-ci il tarixdə aralarında bağlanmış müqavilədə 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin: “2.4. Binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini tikilən binalarda sökülən mənzilin sahəsindən minimum 15% əlavə sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin etmək”. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, İddiaçındə 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 1.640.673,54 manat bəyan edilmiş, kameral yoxlama nəticəsində 2.407.277,58 manat müəyyən edilmiş və ona görə də 766.604,04 manat əlavə vergi hesablanmışdır. Səbəb Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində binanın tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 31147,7 kv.m olan binanın tikintisinə 2017-ci ilin 4-cü rübündə başlanmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-286/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı barəsində Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli qərar 57.840,75 manat məbləğində hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; aparılmış tədqiqatın dəyəri 500 (beş yüz) manatın 350 (üç yüz əlli) manatı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən, 150 (yüz əlli) manatı isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/8391-9/9185 nömrəli ekspert rəyindən görünür ki, Kollegiyanın yuxarda qeyd edilən 1-ci sualı üzrə - Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində İddiaçı MMC tərəfindən tikintisi başa çatdırılmış binanın ümumi sahəsi 30298.02 kv.metr, o cümlədən qeyri-yaşayış sahəsi 5751.1 kv.metr, yaşayış sahəsi 21850.2 kv.metr, pilləkən, dəhliz və lift şaxtası sahəsi 2696.72 kv.metr müəyyən edilmişdir. İş materiallarında olan layihə sənədləri tam olmadığından və aydın oxunmadığından İddiaçı MMC tərəfindən inşa edilmiş yaşayış binasında zirzəmi üzrə: avtomobil yolu, (obyekt) 1-ci mərtəbə üzrə: dəhliz, lociya sahələrini və s. ayrı-ayrılıqda dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Kollegiyanın qərardadda göstərilən 2-ci sualı ilə bağlı isə qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən 2017-ci ilin 4-cü rübü üzrə cəmi ödənilməli olan BTFSV 57.840,75 manat məbləğində müəyyən olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-421/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi; Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 286/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırkı işin hallarından görünür ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərar əsasında iddiaçıya əlavə vergi məbləği hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin səbəbləri – yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığıdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən iddiaçıya münasibətdə vergilərin hesablanması sonuncunun vergi qanunvericiliyin tələblərinə əməl edib-etməməsi ilə bağlı aparılmış səyyar vergi yoxlaması nəticəsində həyata keçirilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Qeyd edilməlidir ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddənin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Həmçinin qeyd edilməlidir ki, yoxlama 04 aprel 2022-ci il tarixində başlasa da, yoxlama müddəti (təxminən 1 il) keçdikdən sonra 07 aprel 2023-cü il tarixində başa çatmışdır. Göründüyü kimi göstərilən halların hər biri mübahisələndirilən inzibati aktın prosessual baxımından əsassız olduğunun göstəricisidir. Eyni zamanda qeyd edilməlidir ki, mübahisələndirilən qərardan da göründüyü kimi vergi orqanı iddiaçının oktyabr 2017 – dekabr 2020 vergi dövrləri üzrə yoxlama aparmış və nəticədə 2017-ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 385.091,67 manat əlavə vergi hesablamış və 192.545,84 manat maliyyə sanksiyası tətbiq etmiş, eyni zamanda 2018-ci və 2019-cu illərin əmlak vergisi bəyannamələri, 2019- cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə 120 manat maliyyə sanksiyası tətbiq etmişdir. Göründüyü kimi mübahisələndirilən qərarın qəbul edilməsinin əsasında iki hal dayanır: - 2017-ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin azaldılması; - 2018-ci və 2019-cu illərin əmlak vergisi bəyannamələri, 2019-cu ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin müəyyən edilən müddətdə təqdim edilməməsidir Birinci halla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53-cü maddəsində qeyd olunmuşdur ki: - 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. - 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Eyni zamanda, həmin Məcəllənin 3.5-ci maddəsində qeyd olunmuşdur ki, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “VM-in 53-cü maddəsinin tələbinə görə vergi hüquqpozmalarına görə məsuliyyəti hüquqi və fiziki şəxslər olan vergi ödəyicisi daşıyır. Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, onları vergi öhdəliklərinin və vergi orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməsindən azad etmir (VMnin 53.7-ci maddəsi). Eyni zamanda, vergi ödəməkdən qəsdən yayınma halında vergi ödəyicisi vergi məsuliyyətinə, müvafiq səlahiyyətli şəxs isə CM-in 213-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb oluna bilər. Göstərilən hər bir halda sahəvi təbiətinə görə bir-birindən fərqlənən müstəqil hüquq pozuntuları yer alır, həmçinin belə hallarda hüquqpozmaların subyektləri də fərqlidir. Buna görə də bir tərəfdən bu hərəkətlərin tövsifində mübahisə istisna olunur, digər tərəfdən isə bu və ya digər şəxsin məsuliyyətin hər hansı növünə (cinayət, inzibati, vergi) təkrar cəlb olunmasına və borc məbləğinin eyni vaxtda həm təşkilatdan, həm də onun rəhbərindən tutulmasına imkan vermir. Bu nəticə VM-in 53.1-ci maddəsinin tələblərindən irəli gəlir.” Vergi qanunvericiliyin pozulmasına görə məsuliyyət dedikdə hüquq pozuntusu subyektinin Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələblərini pozmasına görə qanunvericiliklə nəzərdə tutlmuş əlverişsiz tədbir ölçülərinə məruz qalması başa düşülür. Bu cür pozuntulara görə vergi hüquq münasibətlərinin iştirakçıları cinayət, mülki, inzibati məsuliyyətə, habelə intizam məsuliyyətinə cəlb edilə bilər. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən norma heç bir kəsin vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb edilməsini imperativ qaydada qadağa etmişdir. Başqa sözlə desək, vergi ödəyicisi eyni hərəkətə görə cəlb edilmiş məsuliyyətə görə təkrar cəlb edilə bilməz. İş materiallarından görünür ki, İddiaçı MMC-nin 2017-ci ilin 4-cü rübü üzrə cavabdehin üst qurumu olan Azəraycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tabeliyində olan digər İdarə (Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən eyni dövr yoxlanıldığından və həmin dövr üzrə o, artıq əlavə məsuliyyətə cəlb edildiyindən, hazırki cavabdehin iddiaçıya münasibətdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinn tələb etməsi və eyni hərəkətə görə onu yenidən vergi məsuliyyətinə cəlb etməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.2-ci maddəsinin müddəalarının pozulmasına səbəb olur. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş sənədlərin müqayisəli təhlilindən də aydın olur ki, İddiaçı MMC tərəfindən tikintisi başa çatdırılmış binanın (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən) ümumi sahəsi, o cümlədən 2017-ci ilin 4-cü rübü üzrə cəmi ödənilməli olan BTFSV məbləği müəyyən edilmişdir. Bu hallar digər inzibati iş üzrə müvafiq məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri əsasında müəyyən olunmuşdur ki, məhkəmələr də məhz bu halı nəzərə alaraq iddiaçıya münasibətdə qəbul edilmiş həmin qərarı qismən, yəni 2017-ci ilin 4-cü rübü üzrə cəmi ödənilməli olan BTFSV 57.840,75 manat istisna olmaqla ləğv etmişdir. Göründüyü kimi İddiaçı MMC vergi ödəyicisi kimi 2017-ci ilin 4-cü rübü üzrə BTFSV tədiyyəsi üzrə artıq vergi məsuliyyətinə cəlb olunmuşdur ki, bu halın mövcudluğu bilavasitə hazırki qərarın mövcudluğuna təsir edir. Başqa sözlə desək, iddiaçının eyni dövr üzrə eyni məsuliyyətə cəlb olunması nəinki Vergi Məcəlləsinin 53.2-ci maddəsinin, ümumiyyətlə Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin: İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı eyni dövr üzrə əldə etdiyi gəlirdən eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Xüsusilə, ondan əlavə verginin ödənilməsinin tələb edilməsi də, onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Əlavə olaraq qeyd edilməlidir ki, səyyar vergi yoxlaması aktında iddiaçı barəsində yoxlanılan dövrün oktyabr 2017 - dekabr 2020 əhatə etdiyi göstərilsə də, iddiaçı barəsində vergi məsuliyyətinə cəlb olunan dövr məhz 2017-ci ilin 4-cü rübüdür ki, bu hal mübahisələndirilən qərarından da aydın görünür. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı həmin dövr üzrə artıq vergi məsuliyyətinə cəlb olunduğundan və o dövr ilə bağlı vergi orqanı tərəfindən qəbul edilmiş qərar inzibati icraat çərçivəsində mübahisələndirildiyindən, həmin inzibati iş üzrə təyin olunmuş ekspertiza tədqiqatının nəticəsi olan ekspert rəyləri hazırki iddianın həllində də sübut qismində dəyərləndirilir. Nəzərə alsaq ki, ekspert rəylərində iddiaçının həmin dövr üzrə ödənilməli olan vergi məbləği (57.840,75 manat) müəyyən olunduğundan və həmin hissə ilə bağlı iddiaçının özü də artıq razılaşdığından, iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş həmin qərar BTFSV vergi hissəsində əsassızdır. Əsas borca münasibətdə hesablanmış maliyyə sanksiyasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmadığı halda, o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz Göründüyü kimi vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası vergi ödəyiciləri barəsində tətbiq edilən məsuliyyət tədbirlərindən biri kimi çıxış edir. Vergi hüquq pozuntusuna yol verildiyi müəyyən edildikdə tətbiq edilən bu tədbir öz mahiyyətinə görə vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən digər məsuliyyət tədbirləri ilə eyni hüquqi təbiətə malikdir. Vergi Məcəlləsində qəbul edilmiş hüquqi dövlət prinsipinin tələblərindən irəli gələn əsas yanaşma isə ondan ibarətdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi vergi qanunvericiliyinin pozuntusunda şəxsin təqsirli hesab edə bilmək üçün iki haldan biri mövcud olmalıdır – 1) şəxs Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmiş olmalıdır və ya 2) şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vergi pozuntusu törətməkdə təqsirli bilinməlidir. Bu hallardan hər hansı birinin olmaması isə vergi ödəyiciyisinin təqsirziliyi prezumpsiyası üçün əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərarın 192.545,84 manat maliyyə sanksiyası iddiaçının bina tikintisi fəaliyyəti ilə əlaqədar 2017-ci il dövr üzrə müəyyən edilmiş 385.091,67 manata münasibətdə tətbiq edildiyindən və həmin məbləğin əsassız olduğu müəyyən edildiyindən, 192.545,84 manat maliyyə sanksiyasının tətbiqindən də söhbət gedə bilməz. Belə olan halda, qərar 192.545,84 manat maliyyə sanksiyası hissəsində də ləğv edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, göstərilənlər məhkəmə qərarının ləğvi üçün əsas təşkil etməməklə, bu qərarın əsaslandırıcı hissəsində qeyd edilənlərlə təkzib olunur. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********172544 saylı qərarının vergi hesabatının və arayışın vaxtında verilməməsi ilə əlaqədar ümumilikdə 120 manat maliyyə sanksiyasının tətbiqi hissəsi istisna olmaqla ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdeh inzibati orqanın veriyi apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9387/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2279/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2279/2024
29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver