Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-228/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1962-ci il tarixdə Ağdam rayonu Əfətli kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1007/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 18.12.2019-cu il tarixdə cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 08.06.1992-ci il tarixindən 20.09.1992-ci il tarixinə kimi Qarabağda, Ağdam və Ağdərə rayonları ərazisində N saylı hərbi hissənin Vİ batalyonunun tərkibində erməni işğalçılarına qarşı vuruşmuşdur. İlk əvvəl hərbi hissə komandiri polkovnik-leytenant milli qəhrəman mərhum Şirin Mirzəyev, batalyon komandiri isə X1 olub. Bu ərazidə hərbi əməliyyatlarda iştirak etmişdir. Hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan da əsassız olaraq onun xahişini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1007/2020 saylı, 23.01.2020-ci il tarixli qərardadı ilə (hakim N.Abıyev) inzibati işin baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 30.01.2020-ci il tarixdə cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 19.02.2020-ci il tarixdə iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1007/2020 saylı, 23.01.2020-ci il tarixli qərardadından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-983/2020 saylı, 18 mart 2020-ci il tarixli qərardadı ilə (hakimlər H.Həmidov, E.Nağıyeva, V.Məmmədov) apellyasiya şikayəti təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1007/2020 saylı, 23.01.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1007/2020 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı 13.10.2020-ci il tarixdə şikayət ərizəsi (mətnə əsasən) təqdim edərək, onun müraciətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 08.06.1992-ci il tarixindən 20.09.1992-ci il tarixinə kimi Qarabağda, Ağdam və Ağdərə rayonları ərazisində N saylı hərbi hissənin Vİ batalyonu tərkibində erməni işğalçılarına qarşı vuruşmuşdur, Mərkəzi Arxivin verdiyi arayışın doğru olmadığını, arayışda göstərilən tarixin uyğunsuzluq yaratdığını göstərdiyinə baxmayaraq obyektiv qərar qəbul edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə nümayəndəsi gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin “şikayət ərizəsi” kimi göstərilməsini texniki xəta kimi qəbul edir. Eyni zamanda hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməməsinə və iddiaçının izahatlarına əsasən apellyasiya şikayətinin xahiş hissəsini qərarın ləğv edilməsi kimi qəbul edir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan - İddiaçıya məxsus Sumqayıt şəhər Hərbi komissarlığı tərəfindən 23.10.1981-ci il tarixdə verilmiş NZ seriyalı, ******* №li hərbi biletdə aparılmış qeydlərə əsasən iddiaçı 23.10.1981-ci il tarixdən, 17.10.1983-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş, 08.06.1992-ci il tarixdən, 20.09.1992-ci il tarixədək Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. - Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 30.05.2019-cu il tarixli, 9/2-7295 №li arxiv arayışında göstərilmişdir ki, N №-li hərbi hissə üzrə N nömrəli hərbi hissə komandirinin 04.06.1992-ci il tarixli 31 №li əmrində şəxsi heyətin siyahısında 1-ci tağımın 3-cü manqasında manqa komandiri çavuş İddiaçı adı qeyd olunmuşdur. 836 nömrəli hərbi-hissə komandirinin sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən 25.07.2016-cı il tarixli, 9/2- 7118 №li, 06.10.2016-cı il tarixli, 9/2-10340 №li, 28.10.2016-cı il tarixli, 9/2-12027 №li məktublarla müraciətçinin ünvanına, 08.11.2016-cı il tarixli, 9/2-12851 №li məktubla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin ünvanına, 30.11.2016-cı il tarixli, 9/2-14566 №li məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya cavab göndərilmişdir. - Ağdam rayon Hərbi Komissarlığının çağırış vərəqəsinə (Ağdam rayon hərbi komissarı İ.M.Əkbərov tərəfindən imzalanmışdır) əsasən İddiaçı 08.06.1992-ci il (yaxşı görsənmir) tarixə səfərbərlik əsasında xidmətə çağrılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 30.05.2019-cu il tarixli arxiv arayışına əsasən 04.06.1992-ci il tarixli, 31 №-li əmrində manqa komandiri çavuş İddiaçı adının qeyd edildiyi göstərilsə də, iddiaçının NZ seriyalı, ******* №li hərbi biletində, Ağdam rayon Hərbi Komissarlığının çağırış vərəqəsində, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində isə onun 08 iyun 1992-ci il tarixdən hərbi xidmətdə olması qeyd edilmişdir. Bu səbəbdən qeyd edilən zidiyyətli məqam birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır, eyni zamanda 31 və 33 nömrəli əmrlərin həqiqətən kimə münasibətdə verilməsi də məhkəmə tərəfindən araşdırılmamışdır, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin dairəsi də dəqiqləşdirilməmiş, iddiaçıya hüquqi yardım göstərilməmişdir. Göründüyü kimi , Müdafiə Nazirliyinin arxiv arayışı ilə iddiaçının hərbi bileti və çağırış vərəqəsi arasında ziddiyyətlər mövcuddur. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə və işin obyektiv həlli məqsədilə müvafiq sorğular ünvanlanmaqla, yuxarıda qeyd edilən ziddiyyətli məqam araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2- 1(112)-1007/2020 nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1007/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-228/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-228/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver