Məhkəmə qərarları › İş №2-1(103)-2280/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2280/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2280/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Həmid Üzeyir oğlu Həmidovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-103/2022 saylı 02 fevral 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi və bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2015-ci il tarixli **********897380 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2015-ci il tarixli **********897380 №li qərardan iddia verilmə müddətinin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərar onlara təqdim olunmamışdır. Vergi orqanı tərəfindən qərarın elektron qaydada göndərilməsi bildirilsə də, hər hansı bir sənədin elektron göndərilməsi üçün ilk növbədə sənədin elektron olmalı olduğu, sənədin elektron olması üçün isə sənədin elektron imza ilə təsdiq edilməsinin tələb olunduğu nəzərə alınmamışdır. Vergi orqanı tərəfindən göndərilən sənədlər elektron sənəd hesab edilə bilmir. Çünki heç bir sənəd elektron imza ilə təsdiq edilmir. Elektron qutuya gəldikdə isə vergi orqanı istənilən formada elektron qutuya müdaxilə edə bilir. Çünki bütün informasiya və sistemə giriş birbaşa vergi orqanları tərəfindən həyata keçirilir. Başqa sözlə vergi orqanı istəsə hər hansı bir sənədi 3 və ya 4 ay, il sonra elektron qutuya göndərə bilər və elə şəkildə göstərə bilər ki, onu 3 və ya 4 ay, il əvvəl göndərib və həmin vaxtda oxunub. Hər hansı bir sənədin oxunması onun təqdim edilməsi demək deyildir. Sonradan İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati şikayətin baxılmamış saxlanılması haqqında **********186600 saylı xx.xx.2018-ci il tarixli qərarın ləğv olunmasını və vergi orqanına şikayətin mahiyyəti üzrə baxılmasının təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin iddia tələbinin həcminin artırılması barədə ərizəsi icraata qəbul edilmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyi işə cavabdeh qismində cəlb olunmuşdur. Həmçinin Bakı İnzibati Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa olunmasına dair verilmiş ərizə təmin olunmamışdır. Bununla yanaşı, Bakı İnzibati Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qərardadı digər ilə İddiaçı MMC-nin cavabdehlər Bakı şəhər LGBİ-yə və DVX-yə qarşı qərarların ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin İddiaçı MMC-nin cavabdehlər Bakı şəhər LGBİ-yə və DVX-yə qarşı qərarların ləğv edilməsi barədə iddiasının mümkün sayılmamasına dair 07 fevral 2020-ci il tarixli qərardadından narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)-1036/2020 saylı qərardadı ilə İddiaçı MMC-nin şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin iş üzrə qəbul etdiyi 2-1(112)-187/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının (iddianın mümkün sayılmamasına dair) ləğv edilməsi, işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(103)-1036/2020 saylı qərardadında göstərilmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.2015-ci il tarixli **********897380 №li qərarın sifarişli poçt vasitəsilə göndərilməsi və iddiaçının nümayəndəsi tərəfindən xx.xx.2015-ci il tarixdə qəbzə imza edilməklə qəbul edilməsinə istinad edilsə də, qəbzə imza edən şəxsin şəxsiyyəti, İddiaçı MMC-nin nümayəndəsi və səlahiyyətli şəxsi olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sifarişli poçt qəbzinə əsasən Bakı Vergilər Departamenti tərəfindən İddiaçı MMC-yə göndərilən “Məsuliyyət qərarı və tələbnamə”nin imza edilərək, qəbul edildiyi görünsə də, kim tərəfindən qəbul edilməsi, qəbul edən şəxsin adı və soyadının müəyyən edilməsi mümkün deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(103)-1036/2020 saylı qərardadından narazı qalan cavabdeh Bakı şəhər LGBİ-nin kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-1795/2020 saylı qərardadı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2020-ci il tarixli 2-1(103)-1036/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-103/2022 saylı 02 fevral 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi, ərizənin təmin edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizənin təmin edilməməsini iddia müddətinin üzrlü səbəbdən buraxılmaması və mübahisələndirilən qərarın vaxtında alınması ilə əsaslandırmışdır. Belə ki, məhkəmə tərəfindən 2015-ci ilin qərarının poçtla göndərildiyini və həmin qərarın oxunduğunu bildirsə də, bunu təsdiq edən sübutların olub-olmamasını yalnız vergi ödəyicisi tərəfindən təqdim edilmiş oxunmanı təsdiq edən hesabatdan çıxarışa və hansısa poçt bildirişinə istinad etmişdir. Halbuki Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan müddəalarına əsasən, yəni 70.1-ci maddəsinə uyğun olaraq vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və va elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Göründüyü kimi, qanunvericiliyin həmin dövrdə qüvvədə olan müddəalarına əsasən məsuliyyət qərarı MMC-yə təqdim edilməli idi. Lakin mübahisələndirilən qərardan da göründüyü kimi, vergi orqanı yalnız həmin qərarın sifarişli poçt vasitəsi ilə göndərildiyini və elektron qutuya göndərildiyini bildirmişdir. Lakin onun vergi ödəyicisinə təqdim edilməsini heç bir yerdə göstərməmişdir. Halbuki vergi orqanının bildirdiyi sifarişli poçtla göndərilən konvertin içində həqiqətən də akt və qərarın olması və ya onun boş kağız göndərilmədiyini təsdiq edən hər hansı sənəd yoxdur. Bundan əlavə elektron sənədin göndərilməsinə gəldikdə isə vergi orqanı hələ də bilmək istəmir ki, elektron sənəd dedikdə, elektron qaydada sənədin göndərilməsi dedikdə mütləq şəkildə elektron imza və elektron sənəd haqqında qanuna baxmaq lazımdır. Belə ki, həmin Qanunun 1.1.15-ci maddəsinə əsasən Elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən sə elektron imza ilə təsdiq olunmuş sənəddir. Həmin qanunun 1.1.16-cı maddəsinə əsasən isə Elektron sənəd dövriyyəsi - informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləridir. Bundan başqa Qanunun 1.1.4-cü maddəsinə əsasən Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməs ə imkan verən verilənlərdir. Göründüyü kimi, hər hansı bir sənədin elektron göndərilməsi üçün ilk növbədə sənəd elektron olmalıdır, sənədin elektron olması üçün isə sənədin elektron imza ilə təsdiq edilməsi lazımdır. Lakin vergi orqanı tərəfindən göndərilən sənədlər elektron sənəd hesab edilə bilmir. Çünki heç bir sənəd elektron imza ilə təsdiq edilmir. Elektron qutuya gəldikdə isə vergi orqanı istənilən formada elektron qutuya müdaxilə edə bilir. Çünki bütün informasiya və sistemə giriş birbaşa vergi orqanları tərəfindən həyata keçirilir. Başqa sözlə vergi orqanı istəsə hər hansı bir sənədi 3 və ya 4 ay, il sonra elektron qutuya göndərə bilər və elə şəkildə göstərə bilər ki, onu 3 və ya 4 ay, il əvvəl göndərib və həmin vaxtda oxunub. Oxunma ilə bağlı onu da əlavə elmək lazımdır ki, hər hansı bir sənədin oxunması onun təqdim edilməsi demək deyildir. Oxunma vergi orqanı tərəfindən sübüt kimi təqdim edilə bilməz. Çünki belə olan halda maraqlı tərəf istədiyi kimi oxunmanı göstərə bilər. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X7 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçıları hazırki işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə digər cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarından görünür ki, İddiaçı MMC barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Vergilər Departamenti tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********897380 saylı xx.xx.2015-ci il tarixli qərar qəbul edilmişdir. “Mail Express” sürətli poçt daşınma xidmətinə aid qəbzin surətindən görünür ki, Departament tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli qərar və həmin qərar üzrə verilmiş tələbnamə sifarişli poçtla iddiaçıya xx.xx.2015-ci il tarixdə göndərilmişdir. “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan görünür ki, mübahisələndirilən xx.xx.2015-ci il tarixli qərar elektron şəkildə xx.xx.2015-ci il tarixdə iddiaçıya göndərilmişdir. İddiaçı MMC tərəfindən qeyd olunan qərardan xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinə inzibati şikayət verilmiş, Vergilər Nazirliyinin **********186600 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının inzibati şikayəti qanunla müəyyən edilmiş şikayət vermə müddətinin ötürülməsi əsası ilə baxılmamış saxlanılmışdır. “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan görünür ki, xx.xx.2018-ci il tarixli qərar vergi orqanı tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixdə **********869000 saylı məktubla göndərilmiş və vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə oxunmuşdur. Hazırda iddiaçı Qarant-Ko” MMC vergi orqanının xx.xx.2015-ci il tarixli qərarı ilə yanaşı, “inzibati şikayətin baxılmamış saxlanılması haqqında qəbul edilmiş **********186600 saylı xx.xx.2018-ci il tarixli qərarının da ləğv olunmasını tələb edir. Məhkəmə araşdırmalarından görünür ki, cavabdeh inzibati orqan iddiaçı barəsində qəbul edilmiş xx.xx.2015-ci il tarixli qərarın iddiaçıya xx.xx.2015-ci il tarixdə verildiyini, əlavə olaraq həmin qərarın elektron qaydada göndərilib, iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdə oxunduğunu, inzibati şikayətin təmin olunmaması ilə bağlı qəbul edilmiş **********186600 saylı xx.xx.2018-ci il tarixli qərarın isə iddiaçıya xx.xx.2018-ci il tarixdə göndərildiyini və sonuncu tərəfindən xx.xx.2018-ci il tarixdə oxunduğunu bildirir. Lakin iddiaçı cavabdehin bu dəlillərini qəbul etmir və hesab edir ki, vergi orqanının müəssisə barəsində qəbul etdiyi xx.xx.2015-ci il tarixli qərar ona təqdim olunmamış, onun mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti bərpa olunmalı, buna görə də iddiası mümkün sayılmalı, xx.xx.2018-ci il tarixli qərar ilə bağlı isə iddia müddəti tərəfindən ötürülməmişdir. Beləliklə, işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 7 il və 4 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). İddiaçının inzibati şikayət verdiyi vergi orqanının xx.xx.2015-ci il tarixli qərarının qəbul edildiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 70.2-ci maddəsinin xx.xx.2018-ci il tarixli redaksiyasının məzmunu belə olmuşdur: - Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır. Göründüyü kimi, vergi qanunvericiliyi xx.xx.2015-ci il tarixli qərar qəbul edilərkən onun vergi ödəyicisinə hüquqi ünvanına sifarişli məktubla çatdırılmasını və ya şəxsən təqdim olunmasını nəzərdə tuturdu. Hazırki işdə xx.xx.2015-ci il tarixli qərarın vergi ödəyicisinə çatdırılmasının sübutu kimi cavabdeh tərəfin təqdim etdiyi “Mail Express” sürətli poçt daşınma xidmətinə aid qəbzin surətindən görünür ki, həmin qəbzin üzərində müəssisənin nümayəndələri ola biləcək şəxslərin ad və soyadları qeyd olunsa da, vergi orqanının qərarının qəbzə imza edilməklə kim tərəfindən qəbul edilməsini, qəbul edən şəxsin adı və soyadını müəyyən etmək mümkün deyil. Lakin iş materiallarından görünür ki, İddiaçı MMC xx.xx.2018-ci il tarixdə vergi orqanına elektron qaydada müraciət edərək (cild İİ, i.v. 30) 2014-cü ildə şirkətdə keçirilmiş səyyar vergi yoxlaması ilə bağlı tərtib olunmuş yoxlama aktının müəssisə tərəfindən itirildiyini bildirmiş və bununla bağlı həmin aktın surətinin onlayn göndərilməsini xahiş etmişdir. Həmçinin İddiaçı MMC xx.xx.2018-ci il tarixdə vergi orqanına elektron qaydada ikinci məktubu ünvanlayaraq (cild İİ, i.v. 31) 2014-cü ildə aparılan səyyar yoxlamanın nəticələrinin ləğv olunmasını və 10.000.000 manat artıq ödəmənin bərpa olunmasını xahiş etmişdir. Vergi ödəyicisinin müraciətinə cavab olaraq (cild İİ, i.v. 32) vergi orqanı Şirkət barəsində aparılmış səyyar vergi yoxlaması zamanı tərtib olunmuş aktı, aktın nəticəsi üzrə qəbul edilmiş qərarı və tələbnamənin bir nüsxəsini sifarişli poçt vasitəsilə müəssisənin hüquqi ünvanına göndərildiyini bildirmiş, bununla yanaşı həmin sənədləri təkrar vergi ödəyicisinə (qoşma 1 fayl (34 vərəq)) göndərmişdir. Bundan sonra İddiaçı MMC xx.xx.2018-ci il tarixdə vergi orqanına inzibati şikayət vermişdir. Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli qərarı ilə səyyar vergi yoxlamasının nəticəsi olaraq qəbul edilmiş xx.xx.2015-ci il tarixli qərarın elə həmin tarixdə sifarişli poçt vasitəsilə Cəmiyyətin hüquqi ünvanına, eyni zamanda xx.xx.2015-ci il tarixli məktubla elektron qutusuna göndərildiyi və sənədin xx.xx.2015-ci il tarixdə saat 20:08:20-də vergi ödəyicisi tərəfindən oxunduğu halda, şikayət ərizəsinin xx.xx.2018-ci il tarixdə daxil olması ilə qanunla müəyyən olunmuş müddətin buraxılmasına istinad olunaraq iddiaçının inzibati şikayəti baxılmamış saxlanılmışdır. Həmin qərar iddiaçıya xx.xx.2018-ci il tarixdə məktubla göndərilmiş və vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə oxunmuşdur. Məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, iddiaçının nümayəndəsi xx.xx.2020-ci il tarixdə təqdim etdiyi iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında vergi orqanı tərəfindən Cəmiyyətə ilkin qərarın xx.xx.2015-ci il tarixdə sifarişli poçt vasitəsilə göndərilməsini deyil, göndərilən zərfdə mübahisələndirilən qərarın olubolmamasını mübahisələndirmişdir. Halbuki vergi orqanının təqdim etdiyi “Mail Ekspress” sürətli poçt daşınma xidmətinin qəbzində vergi orqanı tərəfindən iddiaçı müəssisəyə “məsuliyyət qərarı və tələbnamə”nin göndərildiyi göstərilmişdir. Həmin qəbzlə göndərişin müəssisəyə çatdırılması halı iddiaçı tərəfindən sonradan mübahisələndirilmişdir. Bununla yanaşı, işə birinci instansiya qaydasında baxılarkən iddiaçı müddətin bərpası barədə ərizə verərək vergi orqanının qəbul etdiyi xx.xx.2015-ci il tarixli qərarından iddia vermə müddətinin bərpa edilməsini xahiş etmiş, sonradan xx.xx.2020-ci il tarixdə iddia ərizəsi verərək inzibati şikayətinin baxılmamış saxlanılması barədə xx.xx.2018-ci il tarixli qərarı da mübahisələndirmiş və hesab etmişdir ki, həmin qərar üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Bu barədə qeyd olunmalıdır ki, işə birinci instansiya qaydasında baxılarkən cavabdeh tərəf xx.xx.2019-cu il tarixdə vəsatət verərək xx.xx.2015-ci il tarixli qərar üzrə iddia müddətinin ötürülməsi səbəbindən iddianın mümkünsüz sayılmasını və ötürülmüş prosessual müddətin bərpasına dair iddiaçının ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Həmin vəsatətə iddiaçının inzibati şikayətinin baxılmamış saxlanılması barədə xx.xx.2018-ci il tarixli qərarı da əlavə olunmuşdur. Bundan sonra xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi Fərhad Səlimov şifahi vəsatət verərək vəkil tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi üçün məhkəmə iclasının təxirə salınması xahiş edilmiş, xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflər iştirak etməmiş, xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında isə cavabdehin nümayəndəsi inzibati şikayətin baxılmamış saxlanılması barədə qərarın olduğunu bildirmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 isə iddia müddətinin tərəflərindən ötürülmədiyini bildirmiş, bundan sonra xx.xx.2020-ci il tarixdə iddiaçı “inzibati şikayətin baxılmamış saxlanılması” barədə olan xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi barədə iddia ərizəsi vermişdir. Qeyd olunmalıdır ki, iddiaçının verdiyi inzibati şikayətin baxılmamış saxlanılması barədə vergi orqanı xx.xx.2018-ci il tarixli qərarını vergi ödəyicisinə elektron formada da göndərmişdir. Yuxarıda da göstərildiyi kimi, Vergi Məcəlləsinin 70.2-ci maddəsinə xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə görə, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli qərarın vergi orqanı tərəfindən iddiaçıya elektron qaydada göndərildiyi və sonuncu tərəfindən xx.xx.2018-ci il tarixdə oxunduğu təsdiq olunur. xx.xx.2018-ci il tarixdə qüvvədə olan vergi qanunvericiliyinin tələbinə görə elektron göndərilmiş sənədlər vergi ödəyicisinə çatdırılmış sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş üzrə iddiaçı tərəfindən mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli qərarın onun tərəfindən xx.xx.2018-ci il tarixdə oxunması onu deməyə əsas verir ki, iddiaçının həmin qərarı 30 gün müddətində mübahisələndirmək hüququ olmuşdur. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı hazırki iddia ilə ən tez məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Beləliklə, iddiaçının mübahisələndirdiyi xx.xx.2015-ci il tarixli qərar üzrə iddia müddətinin bərpası ilə bağlı ərizəsi olsa da, həmin ərizədə (İ cild, i.v. 3-4) müddətin buraxılmasına səbəb olmuş hallar əsaslandırılmamış, müddətin bərpası üçün üzrlü səbəblər göstərilməmişdir. Digər qərar- xx.xx.2018-ci il tarixli qərar üzrə isə iddiaçı iddia müddətini ötürmədiyini bildirir, buna görə həmin qərar üzrə müddətin bərpasına dair ərizəni də təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2015-ci il tarixli qərar üzrə müddətin bərpası ilə bağlı verilmiş ərizə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin olunmamış və həmin qərardaddan iddiaçı tərəf apellyasiya şikayəti verməmişdir. Həmin qərardad qanuni qüvvəsini almışdır. Apellyasiya şikayəti məhkəmənin “iddianın mümkün sayılmaması” barədə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardaddan verilmişdir ki, həmin qərardad da bundan əvvəlki apellyasiya baxışı zamanı ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kollegiya hesab edir ki, nə qədər ki, hazırki işdə iddiaçının xx.xx.2015-ci il tarixli qərar üzrə buraxılmış iddia müddətinin bərpası ilə bağlı ərizəsi mövcuddur, demək ki, tərəf iddia müddətinin onun tərəfindən ötürülməsini inkar etmir və onun bərpa olunmasını tələb edir. Lakin nəzərə almaq lazımdır ki, həmin ərizə birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamış, bu barədə qərardaddan da apellyasiya şikayəti verilməmiş, nəticədə qərardad qüvvəyə minmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilmiş olsaydı belə, Kollegiya hesab edir ki, xx.xx.2015-ci il tarixli qərar üzrə iddia müddətinin ötürülməsi iddiaçının özü tərəfindən bu müddətin bərpası barədə ərizənin verilməsi ilə inkar olunmadığına görə onun ərizəsində bunun üçün əsasların üzürlü hesab olunub-olunmamasına qiymət verilməlidir. Lakin iddiaçının xx.xx.2015-ci il tarixli qərar üzrə iddia müddətinin bərpası ilə bağlı verdiyi ərizəsində iddia müddətinin onun tərəfindən üzrlü səbəblərdən buraxılması əsaslandırılmamışdır. Halbuki inzibati prosessual qanunvericiliyinin tələbinə görə belə ərizə verən şəxslər onun əsaslandırmaq vəzifəsi daşıyır. Belə əsaslandırma olmadığı halda Kollegiya hesab edir ki, müddətin bərpası ilə bağlı verilmiş ərizənin təmin olunma imkanı mümkünsüz olur. Odur ki, qeyd olunan hallar onu deməyə əsas verir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2015-ci il tarixli qərar üzrə iddia müddəti üzrsüz səbəblərdən ötürüldüyü üçün onun bərpa olunması barədə ərizə təmin oluna bilməz və buna görə də xx.xx.2015-ci il tarixli qərarın ləğvi ilə bağlı iddia qeyri-mümkün sayılmalıdır. xx.xx.2018-ci il tarixli qərarın mübahisələndirilməsinə gəldikdə isə, yuxarıda da qeyd olunduğu kimi, həmin qərar iddiaçı tərəfindən VM-nin 70.2-ci maddəsinin qüvvədə olduğu dövrdə, yəni xx.xx.2018-ci il tarixdə alınmış (oxunmuş), buna görə də iddiaçının həmin qərardan qanunla 30 gün müddətində şikayət vermək hüququ olduğu halda, iddiaçı hazırki iş üzrə iddia ilə ən tez xx.xx.2019-cu il tarixdə müraciət etmişdir ki, bununla da onun tərfindən iddia müddəti ötürülmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Avropa İnsan Hüquqları Məhkəməsi “Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında müddət məhdudiyyətlərinin əhəmiyyəti barədə qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Hazırki işdə iddiaçı xx.xx.2018-ci il tarixli qərar üzrə iddia müddətini ötürmədiyini bildirdiyindən və iş materiallarında bu müddətin ötürülmə səbəblərinin üzrlü hallarla bağlı olduğuna dair hər hansı sübutun olmadığını nəzərə alaraq məhkəmə kollegiyası həmin qərarla bağlı iddia müddətinin bərpası barədə ərizə verilməsi üçün iddiaçıya hüquqi yardım etməyə zərurət görməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin nəticə etibarilə “iddianın qeyri-mümkün sayılması” barədə gəldiyi qənaəti bu qərardadda qeyd olunan əsaslarla bağlı düzgün olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlilləri məhkəmə kollegiyası qeyri-səmimi qəbul edir və hesab edir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsi üçün də heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-103/2022 saylı 02 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-103/2022 saylı 02 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər: Həmid Həmidov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar