Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2280/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2280/2023 (Açar sözlər: “hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı şəhəri 06 iyun 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4462/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət edərək, hakim kimi pensiya almaq huququna dair mülki münasibətlər xx.xx.2013-cü ildə yarandığına görə xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1- 20.7.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, o cümlədən ödənilmiş məzuniyyət haqqı və əmək haqqıma ödənilmiş digər əlavələr nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********9 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi yaşa görə əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının hakim kimi iş stajı 15 ildən az (14 il 2 ay 15 gün (xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
3. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 30 faiz) həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər - 55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı, yəni 21 oktyabr 2020-21 oktyabr 2022-ci illər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 75 faizi miqdarında əlavənin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16-8/2-41/2023 nömrəli arayışından görünür ki, İddiaçı 2020-2022-ci illər üzrə aldığı əmək haqqının məbləği vəzifə maaşı, əmək stajına görə əlavə, vəzifə maaşına əlavə, təmsilçilik, müalicə üçün müavinət, müavinət, məzuniyyət haqqı, kompensasiya da daxil olmaqla cəmi 175582,11 manat təşkil etmişdir. Ödəmələrdən məcburi sosial sığorta haqqı tutulmuşdur.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, 1983-cü ildən 1988-ci ilə qədər Azərbaycan SSR Dövlət Maddi-Texniki-Təchizat Komitəsinin “Azərmaştəchizatsatış” idarəsində baş hüquq məsləhətçisi, 1988-ci ildən 2001-ci ilə qədər həmin Komitənin “Azərmaşavadanlıq" idarəsində hüquq-müqavilə şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2001-ci ildən 2003-cü ilə qədər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti hüquq şöbəsinin rəisi vəzifəsində işləmiş, 2003-cü ildən 2008-ci ilə qədər "xxxx" X5 Cəmiyyətinin nəzarət-təşkilat şöbəsinin rəisi - hüquqşünası və kadrlar və xüsusi işlər şöbələrinin rəisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və 07 avqust 2013-cü il tarixədək həmin Məhkəmədə hakim işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 avqust 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və 21 oktyabr 2022ci il tarixədək həmin Məhkəmədə hakim işləmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının 21 oktyabr 2022-ci il tarixli Qərarı ilə hakim vəzifəsində olmanın son yaş həddinə çatdığına görə hakimlik fəaliyyətinə xitam verilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 109-cu maddəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Cavabdeh ona hakim kimi pensiya təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır, cavabdehin imtinası onun Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinin tələbləri ilə qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Onun 01 iyul 2017-ci il tarixədək artıq 9 il hakim kimi iş stajı mövcud olmuşdur və bu hal da onu təsdiq edir ki, onun hakim kimi pensiya almaq hüququna dair mülki münasibətlər 06 avqust 2013-cü ildə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixədək qüvvədə olduğu dövrdə yaranmışdır. Digər tərəfdən o, hakim vəzifəsinə təyin olunan zaman yuxarıda qeyd olunan Qanun qüvvədə olmuş və onunla dövlət arasında əmək pensiyalarına dair münasibətlər həmin vaxt yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixdən qüvvədə olan 20.7-ci maddəsinə əsasən yalnız 15 il və daha çox hakim vəzifəsində işləmiş sabiq hakimlərin əmək pensiyasına qulluq stajına görə əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunda edilmiş bu dəyişikliklər iddiaçının vəziyyətini ağırlaşdırmış, onunla eyni vaxtda hakim işləmiş, eyni hüquqlara malik olmuş və 01 iyul 2017-ci il tarixədək hakim kimi əmək pensiyası təyin edilmiş şəxslərlə qeyri-bərabər vəziyyətə salınmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər qəbul olunan zaman onun artıq 9 illik hakimlik stajı var idi və 5 il hakimlik stajı olduğuna görə artıq onun 2013-cü ildə hakim kimi əmək pensiyası almağa dair hüquqları (hakim kimi əmək pensiya münasibətləri) yaranmışdır ki, bu əsas da ona hakim vəzifəsində olmanın son yaş həddinə çatdıqda və pensiyaya çıxdıqda əmək pensiyasına sabiq hakim kimi qulluq stajına görə əlavə ödənilməsi hüququ verirdi.
6. Cavabdeh məhkəməyə təqdim etdiyi 317-1/2-14814/2023 nömrəli, xx.xx.2023-cü il tarixli iddiaya etirazında iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) xx.xx.2022-ci il tarixdə çatmışdır. Qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və işin faktiki hallarından məlum olur ki, iddiaçı artıq 2013-cü ildə hakim kimi yaşa görə pensiya hüququnun yarandığını iddia etsə də, 2013-cü ildə hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmadığına görə ona “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1- dək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamaqla yanaşı qanunsuz hesab edilməlidir. Beləliklə, İddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 1 iyul tarixli dəyişiklik edilənədək 9 il hakimlik stajı olsa da, hakim vəzifəsində olmanın son yaş həddinə, yəni 65 yaşa çatmadığına görə Qanunun 20.1.4-cü maddəsinin tələbləri yerinə yetirilmədiyindən əvvəlki redaksiyaya əsasən hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi iddiası əsassızdır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan redaksiyasına əsasən ona pensiya təyin edilməsi üçün azı 15 il hakim işləməsi tələb olunsa da, iddiaçının hakim kimi stajı 15 ildən az (14 il 2 ay 15 gün (xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil etdiyindən cavabdeh tərəfindən verilmiş imtina qanuni və əsaslıdır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4462/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, belə ki, işdən görünür ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, onun 65 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur.
11. İşdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildə əmək fəaliyyətinə başlamış, xx.xx.2008-ci il tarixədək müxtəlif təşkilatlarda işləmişdir.İddiaçı Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamına əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixdədək Binəqədi Rayon Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Prezidentinin 07 avqust 2013-cü il tarixli Sərəncamına əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının 21 oktyabr 2022-ci il tarixli Qərarı ilə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq səlahiyyətlərinə həmin tarixdən xitam verilmişdir.
12. Göründüyü kimi, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə 14 il 2 ay 15 gün hakim kimi iş stajı olmuşdur.
13. İşdən görünür ki, iddiaçının hakim kimi stajının 15 ildən az olmasına istinad edən cavabdeh iddiaçıya hakim kimi pensiya təyin etməkdən imtina etmişdir. Bu imtina ilə razılaşmayan iddiaçı hazırkı iddianı qaldırmışdır.
14. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
15. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərinə cavab verməsini yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır.
16. Birinci instansiya məhkəməsi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 20.1-ci, 20.1.4., 20.1.4-1., 20.7-ci, 20.1.4-cü, 20.7.1., 20.7.2., 20.7.3. maddələrinə, xx.xx.2017-ci il tarixdən qüvvəyə minən həmin dəyişiklərə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasının 20.1., 20.1.4., 20.1.4-1., 20.7., 20.1.4-cü, 20.7.1., 20.7.2. maddələrinə, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 5-ci hissəsinin xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyasına, «Hakimlərin Statusuna dair Avropa Xartiyasının» 6.1-ci, 6.4-cü maddələrinə, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin xx.xx.2022-ci il tarixədək (iddiaçının işlədiyi dövrdə) qüvvədə olan redaksiyasına, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin xx.xx.2015-ci il tarixədək qüvvədə olan redaksiyasına, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci, 32.1-ci maddələrinə əsasən istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
17. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4462/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və işin faktiki hallarından məlum olur ki, iddiaçı artıq 2013-cü ildə hakim kimi yaşa görə pensiya hüququnun yarandığını iddia etsə də, 2013-cü ildə hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmadığına görə ona “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımınıdan mümkün olmamaqla yanaşı qanunsuz hesab edilməlidir. Beləliklə, İddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 1 iyul tarixli dəyişiklik edilənədək 9 il hakimlik stajı olsa da, hakim vəzifəsində olmanın son yaş həddinə yəni 65 yaşa çatmadığına görə Qanunun 20.1.4-cü maddəsinin tələbləri yerinə yetirilmədiyindən əvvəlki redaksiyaya əsasən hakim kimi yaşa görə əmək pensiyasıyasının təyin edilməsi iddiası əsassızdır. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan redaksiyasına əsasən ona pensiya təyin edilməsi üçün azı 15 il hakim işləməsi tələb olunsa da, iddiaçının hakim kimi stajı 15 ildən az (14 il 2 ay 15 gün (xx.xx.2008-xx.xx.2022-cİ il tarixlər arasındakı dövr)) təşkil etdiyindən cavabdeh tərəfindən verilmiş imtina qanuni və əsaslıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
c) Prosses iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun:
- maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: - 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; - 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; - maddə 20.7. - Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: - 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; - 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
23. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 5-ci hissəsinin xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyasına: - 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
24. «Hakimlərin Statusuna dair Avropa Xartiyasının»: - 6.1-ci maddəsində göstərilir: «Hakimlər öz funksiyalarını həyata keçirərkən onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər». - 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir.
25. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106cı maddəsinin xx.xx.2022-ci il tarixədək (iddiaçının işlədiyi dövrdə) qüvvədə olan redaksiyasına əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.
26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
31. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildə əmək fəaliyyətinə başlamış, xx.xx.2008-ci il tariədək müxtəlif təşkilatlarda işləmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamına əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixdədək Binəqədi Rayon Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Prezidentinin 07 avqust 2013-cü il tarixli Sərəncamına əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Məhkəmə- Hüquq Şurasının 21 oktyabr 2022-ci il tarixli Qərarı ilə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq səlahiyyətlərinə həmin tarixdən xitam verilmişdir.
32. Göründüyü kimi, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə 14 il 2 ay 15 gün hakim kimi iş stajı olmuşdur.
33. İşdən görünür ki, iddiaçının hakim kimi stajının 15 ildən az olmasına istinad edən cavabdeh iddiaçıya hakim kimi pensiya təyin etməkdən imtina etmişdir. Bu imtina ilə razılaşmayan iddiaçı hazırkı iddianı qaldırmışdır.
34. Məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, iddia əsaslıdır, odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir.
35. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 5-ci hissəsinin xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
36. Həmin maddəyə 6 mart 2018-ci il tarixdə edilmiş və 28 mart 2019-cu il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” sözləri “Hakimlərin,” sözü ilə əvəz edilmiş, və 109-cu maddənin 5-ci hissəsi aşağıdakı kimi müəyyən olunmuşdur:
37. “Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”
38. Göründüyü kimi, qanunvericiliyə əsasən əgər ilk əvvəl 5 il hakim işləmiş sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ var idisə, sonradan (2017 və 2018-ci illərdə edilmiş dəyişikliklərə əsasən) bu staj 15 ilə qaldırılmışdır.
39. Məhkəmə Kollegiyası qeyd edir ki, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir.
40. Məhz qanunvericiliyə edilmiş dəyişikliyi bu konteksdə qiymətləndirən məhkəmə qeyd edir ki, Konstitusiyanın və beynəlxalq-hüquqi aktların müddəalarına əsasən hakimlərin pensiya təminatının maddi-sosial imtiyaz kimi deyil, müstəqilliklərinin təminatının əhəmiyyətli bir vasitəsi kimi qəbul edilməsi onu deməyə əsas verir ki, sonradan qanunvericiliyi dəyişdirməklə fəaliyyətdə olan hakimlərin malik olduqları pensiya təminatlarının səviyyəsi azaldıla bilməz. Əks halda, yeni qanunvericilik Konstitusiyanın 25ci maddəsində təsbit olunmuş bərabərlik prinsipi ilə, 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatı ilə, habelə 149-cu maddəsinin İ hissəsində müəyyən olunmuş normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanılması prinsipi ilə, eləcə də 149-cu maddəsinin Vİİ hissəsində təsbit edilmiş yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil ediləcəyi müddəası ilə ziddiyyət təşkil edə bilər.
41. Odur ki, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır.
42. Məhkəmə qeyd edir ki, məsələyə bu cür yanaşma öz əksini “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarında da tapmışdır.
43. Həmin qərarda Konstitusiya Məhkəməsi qərara almışdır ki:
1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109 cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.
2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.
44. Oxşar stiuasiyanın hazırkı iş üzrə yarandığını nəzərə alan məhkəmə hesab edir ki, hazırkı işdə də oxşar mövqe nümayiş etdirilməklə, iddiaçıya pensiya təyin olunarkən hazırda qüvvədə olan pensiya qanunvericiliyi yox, onun vəzifəyə təyin olunduğu dövrdə qüvvədə olan normalar tətbiq edilməli və ona 5 ildən artıq hakim stajı olan sabiq hakim kimi pensiya təyin edilməklə qulluq illərinə görə əlavə hesablanmalıdır.
45. İddia ərizəsindən görünür ki, iddiaçı hakim kimi işlədiyi dövrün son 24 ayının, yəni xx.xx.2020-xx.xx.2022-ci illərdəki dövr üzrə əmək haqqına əsasən pensiya təyin edilməsini, bu zaman həmin dövrdə aldığı hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinat, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmasını xahiş edir.
46. Bununla bağlı məhkəmə qeyd edir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin xx.xx.2022-ci il tarixədək (iddiaçının işlədiyi dövrdə) qüvvədə olan redaksiyasına əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir.
47. Həmin Qanunun 107-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir.
48. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
49. Həmin Qanunun 109-cu maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir.
50. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarında Məhkəmə qərara almışdır ki:
1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
51. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13 yanvar 2023-cü il tarixli 3- 16-8/2-41/2023 nömrəli arayışından görünür ki, iddiaçının işlədiyi son 2 ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxması və müalicə olunması üçün müavinətlər daxil olmuş və həmin ödənişlərdən məcburi sosial sığorta haqları tutulmuşdur.
52. Belə olan halda məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı ərizəsində göstərdiyi əlavələri işlədiyi dövrdə aldığından və həmin ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan iddiaçının ona pensiya hesablanarkən həmin məbləğlərin nəzərə alınmasını tələb etmək hüququ da mövcuddur.
53. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4462/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4462/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.