Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2280/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissəsi: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, analoji vəzifəyə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(102)-702/2024 saylı 14 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, analoji vəzifəyə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü il tarixdən 2011-ci il tarixədək Avtonəqliyyat Servis Departamentində çalışmış, 2011-ci ildən Fərman əsasında Dövlət Avtomobil Nəqliyyat Xidməti yaradılmış, 25 oktyabr 2022-ci il tarixədək həmin Xidmətdə işləmişdir. Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən Xidmətin və tabeliyində olan bir sıra qurumların əsasında cavabdeh inzibati orqan yaradılmış, qurumların əmlakının Agentliyin balansına keçirilməsi qərara alınmışdır. Göründüyü kimi Agentlik publik hüquqi şəxs formasında Xidmətin hüquqi varisi qismində çıxış edir. Hüquqi varis isə qanunsuz əmr qəbul edərək onun işdən azad edilməsini həyata keçirmişdir. Belə ki, Agentlik 25 oktyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu tərtib etmiş, həmin tarixli əmrlə də dövlət orqanının ləğvi əsası ilə onu işdən azad etmişdir. Halbuki, dövlət orqanın ləğvi həyata keçirilməmiş, Agentlik Xidmətin hüquqi varisi qismində çıxış etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Agentlik publik hüquqi şəxsdir və dövlət orqanı olan Xidmətin hüquqi varisi hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin digər bir Fərmanında “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi qismində tanınmamışdır. Agentliyin mülkiyyətində hər hansı əmlak olmamış, balansda olan əmlak dövlət mülkiyyətində olan əmlakdır. Bundan əlavə, iddia müddəti də iddiaçı tərəfindən ötürülməklə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 25 oktyabr 2022-ci il tarixli əmək müqavilələrinin ləğv edilməsi barədə əmrinin ləğv edilməsi, Xidmətin əsasında yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsində analoji vəzifəyə təyin olunması, 25 oktyabr 2022-ci il tarixdən analoji vəzifəyə təyin olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və 2500 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 25 oktyabr 2022-ci il tarixli 97 k nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsini, cavabdehdə iddiaçının analoji vəzifəyə bərpa edilməsi və 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunanadək ödənilməmiş orta aylıq əmək haqqının ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(102)-702/2024 saylı 14 fevral 2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilmiş və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97k nömrəli əmək müqavilələrinin ləğv edilməsi barədə əmri İddiaçı aid hissədə ləğv edilməsi, iddiaçının analoji vəzifəyə bərpa edilməsi və 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunanadək məcburi işburaxmaya görə ödənilməmiş orta aylıq əmək haqqının ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(102)-702/2024 saylı 14 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş Publik Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən Agentlik ancaq həmin çıxarışda adları sadalanan müəssisələrin hüquqi varisi olaraq tanınmışdır. Qeyd edilən siyahıda X2 Nəqliyyatı Xidmətinin hüquqi varisi olması göstərilməmişdir. Bu da bir daha onu sübut edir ki, Agentlik Xidmətin hüquqi varisi deyil. Lakin, hakim qeyd edilən sənədləri nəzərə almamış, onlara dair öz hüquqi mövgeyini qərarında göstərməmişdir. Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki fərman 1462 və 1463 imzalanılaraq hüquqi forması publik hüququ şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri yəni Cavabdeh isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. İddiaçının mübahisələndirdiyi 25 oktyabr 2022-ci il tarixli 97/k nömrəli əmr qanuni və əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5.2-ci maddəsinə əsasən Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən bu qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Sözügedən qanunun 9-cu maddəsinə əsasən Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. İddiaçının şəxsi işindən göründüyü kimi onun hal- hazırda ləğv edilmiş qurumda işlədiyi vəzifə “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş İnzibati və yardımçı vəzifələrin Təsnifat toplusunun İnzibati vəzifələrinin altıncı təsnifatında qeyd edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.2-ci maddəsinə əsasən dövlət orqanı ləğv edildikdə Dövlət qulluğuna xitam verilə bilər. Həmin Qanunun 21.1.6-ci maddəsinə əsasən dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük hüququna malikdilər. “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Qanunun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyün həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanına əsasən Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər öz razılığı əsasında ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməli, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilməlidirlər. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Göründüyü kimi ləğv edilmiş dövlət orqanı olan qurumun yerində yaradılan publik hüquqi şəxs olan Agentlik dövlət orqanı deyil və məhz bu səbəbdən iddiaçının dövlət qulluqçusu olmasına istinad etməklə onun Agentlikdə vəzifəyə təyin edilməsi qanunsuzdur. İddiaçı dövlət qulluqçusu olduğundan onunla əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.2-ci maddəsinə əsasən 25 oktyabr 2022-ci il tarixdə xitam verilmişdir. Bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsi və 84-cü maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanın 1-ci və 8-ci hissələri, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin xx.xx.2022-ci il tarixli Ə-90/22 nömrəli və xx.xx.2022-ci il tarixli Ə- 122/22 nömrəli əmrləri rəhbər tutulmuşdur. Həmçinin, tərəflərindən “Elektron Məhkəmə sistemi” vasitəsi ilə məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin xx.xx.2022-ci il tarixli 1R- 179 nömrəli əmrindən göründüyü kimi X8 2022-ci il 19 oktyabr tarixdən 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlamaqla Xidmətin rəisi vəzifəsinə əvəzçilik üzrə təyin edilmişdir. İş materiallarında olan əmrdən də göründüyü kimi, ləğv edilmiş dövlət orqanı iddiaçıya dövlət orqanının ləğv edilməsi və bunun nəticəsində onun dövlət qulluğuna xitam verilməsi barədə xəbərdarlıq ünvanlamış, daha sonra isə onun dövlət orqanında dövlət qulluğuna xitam verilərək ona münasibətdə “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” AR Qanunun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyün həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanın 5-ci bəndinə əsasən 2 il müddətində ehtiyat kadr kimi saxlanılacaq şəxslərin siyahısında olması ilə bağlı məlumat təqdim edilmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(102)-702/2024 saylı 14 fevral 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında qeyd edilmişdir: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.(bənd 1.) İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (bənd 1.4) İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.(bənd 3.2) İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.(bənd 11) İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. (bənd12). İşin göstərilən faktiki hallarından da göründüyü kimi iddiaçı Xidmətin dövlət qulluqçusu statusunda olan əməkdaşı kimi 25 oktyabr 2022-ci il tarixə qədər əmək fəaliyyətini icra etmiş, həmin tarixli əmrlə dövlət orqanı kimi Xidmətin ləğvi ilə əlaqədar yeni yaradılmış Agentliyin onun hüquqi varisi hesab edilməməsi cavabdeh tərəfindən əsas götürülməklə onun dövlət qulluğuna xitam verməklə Agentlikdə analoji vəzifəyə bərpası həyata keçirilməmişdir. İddia tələbindən, iddiaçının müxtəlif inzibati orqanlara, eləcə də məhkəməyə ünvanlanmış müraciətlərindən göründüyü kimi iddiaçı yeni yaranmış hüquqi şəxsin Xidmətin əsasında yaranmasına istinad edərək faktiki eyni fəaliyyət istiqamətlərinə uyğun vəzifə və səlahiyyətlərə malik Agentlikdə analoji vəzifəyə bərpa edilməli olmasında iddialıdır. Cavabdeh isə qeyd edir ki, Agentlik publik hüquqi şəxs olmaqla Xidmətin əsasında yaranmış dövlət orqanı hesab edilmədiyindən və Xidmətin dövlət orqanı kimi ləğvi də həyata keçirildiyindən həmin publik hüquqi şəxsdə analoji vəzifəyə iddiaçının bərpa edilməsi kimi hər hansı öhdəlik müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh ləğv edilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olmasını qeyd etmişdir. Halbuki, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı ilə hüquqi varislik müəyyən edilməmiş və ləğv edilmiş dövlət orqanın bazasında dövlət orqanının yaradılmasına dair hər hansı bənd qeyd edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanın imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021-ci il tarixində “Dəniz nəqliyyat sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərman da imzalamışdır. Həmin Fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 tabeliyində X1 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat idarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-cı bəndinə əsasən, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki Fərman -1462 və 1463 nömrəli imzalanaraq hüquqi forması publik hüququ şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri, yəni Cavabdeh isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi varislik Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü fəslində qeyd edilən maddələrlə tənzimlənir. Qanunverici hüquqi şəxsin yenidən təşkili formalarını həmin Məcəllənin 55-ci maddəsində qeyd etmişdir. Həmin maddəyə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəlləyə əsasən hüquqi şəxsin hüquq varisliyi qeyd edilən Məcəllənin 56-cı maddəsində göstərilən hallarda və şərtlər daxilində mövcuddur. Qeyd edilən şərtlərə Təhvil aktı və bölünmə balansı daxildir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Göründüyü kimi hüquqi varislik, ancaq bir hüquqi şəxsin hüquq və vəzifələrinin digər hüquqi şəxsə keçməsi üçün onların təhvil aktı və bölünmə balansında göstərilməsindən sonra keçir. Həmçinin, Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Göründüyü kimi, qanunverici hüquqi şəxsin öhdəlikləri üzrə cavab verməsini məhz onun öhdəlikləri üçün mülkiyyətində olan əmlakla cavabdeh olmasını göstərmişdir. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş və halhazırda qüvvədən düşən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnaməsinin 5-ci bəndinə əsasən Xidmətin sərəncamında ancaq dövlət əmlakı olmuşdur. Göründüyü kimi, keçmiş Xidmətin mülkiyyətində hər hansı bir əmlak olmamışdır. Həmin əmlak dövlət mülkiyyətində olmaqla Xidmətin sərəncamında olmuşdur. Həmçinin, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1463 nömrəli Fərmanı (bundan sonra-Fərman) ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim- Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılmışdır. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığından Fərmanın 8-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində göstərilən qurumlar öz fəaliyyətlərini dayandırmışlar. Eyni zamanda, Fərmanın 3.2-ci bəndinə əsasən Agentliyin balansına Cəmiyyətin yalnız əmlakı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 08 sentyabr 2022-ci il tarixli 1842 nömrəli fərmanı ilə “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilmiş, həmçinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul 472 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Nizamnamənin 5.3-cü bəndinə əsasən, Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir. Göründüyü kimi, Agentliyin mülkiyyətində hər hansı bir əmlak yoxdur, balansda olan əmlak dövlət mülkiyyətində olan əmlakdır. Məhz yuxarıda qeyd edilən normalara əsasən hal-hazırda yaranmış Agentlik Xidmətin hüquqi varisi kimi hesab edilə bilməz Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən əmrin ləğv edilməsi iddiaçının işlədiyi dövlət orqanına bərpa edilməsini nəzərdə tutur ki, həmin dövlət orqanı ləğv edildiyindən və hazırda onun bazasında yeni dövlət orqanı yaradılmadığından, bu mümkün deyildir. Belə ki, həmin əmrin ləğvi ilə iddiaçı əvvəlki hüquqi vəziyyətə qayıdır. Belə olan halda isə iddiaçının qulluq keçdiyi dövlət orqanı olmadığından onun fəaliyyətinə xitam verən əmr ləğv olunsa belə, faktiki səbəblərdən qərarın icrası mümkünsüz olaraq qalacaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericiliyə əsasən dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər yalnız ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilə bilərlər. Hazırkı halda isə iddiaçının işlədiyi dövlət orqanı ləğv edilsə də, onun bazasında yeni dövlət orqanı deyil, publik hüquqi şəxs yaradılmışdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 2-ci bəndinə əsasən dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X7 məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi X9 adı göstərilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçının dövlət qulluqçusu kimi işlədiyi dövlət orqanı ləğv edildiyindən və onun bazasında yeni dövlət orqanı yaradılmadığından, iddiaçının işə bərpa edilməsi ilə bağlı tələbi mümkün sayıla bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(102)-702/2024 saylı 14 fevral 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır.
Nəticə hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(102)-702/2024 saylı 14 fevral 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “25 oktyabr 2022-ci il tarixli 97 k nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının analoji vəzifəyə bərpa edilməsi və 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunanadək ödənilməmiş orta aylıq əmək haqqının ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Elvin Əliyev Xəyalə Cəmilova