Məhkəmə qərarları › İş №2-1(103)-2281/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2281/2021

22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2281/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı “təqdimatların aidiyyəti üzrə göndərilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3814/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 19-22 oktyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi məqsədilə tərtib olunmuş təqdimatların aidiyyəti üzrə Daxili İşlər Nazirliyi vasitəsilə Prezident Aparatına göndərilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda olan zabitidir. 1992-ci ilin sentyabr ayından Daxili Qoşunların N saylı hərbi hissəsində istehkam bölüyünün komandiri kimi hərbi xidmətə başlamış, sonradan hərbi hissənin istehkam xidmət rəisi kimi xidmət keçmişdir. 1-ci Qarabağ Müharibəsi zamanı döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlıqları nəzərə alaraq Daxili Qoşunların o vaxtkı rəhbərliyi tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməyi məqsədilə bir neçə təqdimat yazılmış, lakin həmin təqdimatlar naməlum səbəblər üzündən aidiyyəti üzrə göndərilməmişdir. Sadalanan igidlik və qəhrəmanlıqlar hazırki iddia ərizəsinə əlavə olunmuş sənədlərdə əks olunur, hərbi hissənin vəzifəli şəxslərinin imzaları və möhürləri ilə təsdiqlənmişdir: 9 (doqquz) ədəd düşmən tankını partlatmış, bu faktlar hərbi hissə komandirinin, qərargah rəisinin və digər zabitlərin gözü qarşısında baş vermişdir və müvafiq sənədlərdə əks olunmuşdur; Düşmənin şəxsi heyətini daşıyan 2 (iki) ədəd “Kamaz” markalı hərbi avtomobilini partlatmışdır; Düşmənin 2 (iki) ədəd yanacaqdaşıyan “URAL” markalı hərbi avtomobilini partlatmışdır; 20 yanvar faciəsinin törədilməsində iştirak etmiş, Xocalı faciəsini törətmiş 366-cı alayın qərargah rəisini diri tutub tankı ilə birlikdə Qarabağ Hərbi Prokuroruna təhvil vermişdir. Həmin zaman hücuma keçmiş 3 (üç) erməni tankının birini pusquya salaraq körpünü altında batırmış, qalan 2 (iki) tankdan birini partlatmış, 3-cü tankı geri dönməyə məcbur etmiş və həmin tank da döyüş meydanından uzaqlaşmışdır. Partladılmış düşmən tankının içərisindən 366-cı alayın kontuziya vəziyyətdə olan qərargah rəisi çıxmış, onun üzərində isə məxfi sənədlər, o cümlədən düşmənin Böyük Ermənistan xülyalarına əsasən işğal etmək istədiyi Azərbaycan ərazilərinin xəritəsi olmuşdur; Ermənistan Ordusunun 97-ci X8 mühəndis xidmətinin rəisi mayor X4 əsir götürərək Daxili Qoşunların o vaxtki komandanı Ramiz Məmmədova, Baş prokuror Əli Ömərova və Daxili İşlər naziri Ramil Usubova təhvil vermişdir. Mayor Luqovoyu əsir götürərkən onun yanında olmuş 6 (altı) erməni zabitini, o cümlədən Ermənistan Ordusunun kəşfiyyat rəisi Aşotu və daha 5 zabitini məhv etmişdir. X11 ümummilli lider Heydər Əliyevin göstərişinə əsasən Azərbaycan televiziyasında çıxış edərək “Ey nayomniklər, təslim olub Azərbaycan tərəfə keçin və buradan təyyarə ilə hər kəsi öz vətəninə göndərəcəklər" çağırışını etmişdir; 1994-1996-cı illərdə Bakı şəhərində qiyamçılar və terrorçular tərəfindən institutlara, univermaqlara, metrolara, “H.Əliyev sarayı”na (o vaxtki Respublika Sarayına) quraşdırılmış partladıcı maddələrin zərərsizləşdirilməsini təşkil edib həyata keçirmişdir; Ümummilli lider Heydər Əliyevin Respublika Sarayında çıxışı zamanı vedrələrin içinə qoyulmuş 16 (on altı) ədəd əl qumbarasını zərərsizlşdirmişdir; 1995-ci ilin aprel ayında Türkiyə Cümhuriyyətinin Baş X12 Azərbaycana səfəri zamanı Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin açılışı mərasimində qırmızı lentin kəsilməsi zamanı 13 yaşlı uşağın verdiyi gül dəstəsində quraşdırılmış 3 (üç) ədəd mexanizm tipli minanı zərərsizləşdirmişdir. Bu zaman onun yanında DİN-nin müavini Z.Dünyamalıyev, Nəsimi RPİ-nin rəisi və MTN əməkdaşları olmuşdur və s. Bir daha qeyd etmişdir ki, bütün bu sadalanan igidlik və qəhrəmanlıqların canlı şahidləri var, bunlar hərbi hissənin sənədlərində əks olunmuşdur. Artıq bir neçə ildir ki, X2 həmin təqdimatların əslinin tapılaraq aidiyyəti üzrə Prezident Aparatına göndərilməsini xahiş etməyinə baxmayaraq cavabdeh orqan bundan israrla imtina edir. Sonuncu dəfə həmin qurumdan aldığı 26.12.2020-ci il tarixli, 13-15/3871-150/30 saylı cavab məktubunda qeyd olunmuşdur ki, "Daxili Qoşunların sabiq hərbi qulluqçusu İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarındakı fəaliyyəti nəzərə alınmış və o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında, hərbi borcunu, xidməti vəzifələrini və xüsusi tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və cəsarət göstərdiyinə görə Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab ilham Əliyevin 6 may 2005-ci il tarixli, 803 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. Cavabdehin bu mövqeyini əsassız hesab edərək onu qane etmədiyindən pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3814/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: Ş.Həsənova) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddianın mümkünsüzlüyü barədə qərardad qəbul edərkən iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunu tam şəkildə yoxlamalı, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, həmin hüququn pozulub-pozulmamasını yoxlamalı idi. Hazırki işdə isə məhkəmə iddiaçının iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, həmin hüququn pozulub-pozulmamasını yoxlamamışdır. Məhkəmə Daxili Qoşunlardan daxil olmuş məktuba istinad edərək qeyd edir ki, iddiaçı göstərdiyi qəhrəmanlıqlara görə “İgidliyə görə” medalı ilə təltif edilmişdir. Bunu heç kim mübahisələndirmir. Sual başqadır? İddiaçı “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsinə dair imzalanmış təqdimatlar haradadır və həmin təqdimatlar hansı səbəblərdən bu günədək gizlədilir, aidiyyəti üzrə göndərilmir? Məhkəmə özünün qəbul etdiyi qanunsuz qərardadında bu suala cavab verə bilməmişdir. İkincisi, məhkəmə öz qanunsuz qərardadında gəldiyi qənaəti belə əsaslandırmağa çalışır ki, ”İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi baxımından iddiaçının qaldırdığı məsələ müstəqil icraatın predmeti ola bilməz. Məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa istinad etsə də həmin müddəanın adı çəkilən qanunun hansı maddəsində yazıldığını qeyd etməmişdir. Deməli, məhkəmə öz qənaətini hüquqi əsaslandıra bilməmişdir. Üçüncüsü və ən əsası, hesab edir ki, məhkəmə maddi hüquq normalarına düzgün istinad edə bilmədiyindən səhv qənaətə gələrək işin mahiyyətinə vara bilməmiş və nəticədə qanunsuz qərardad qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 51-ci maddəsinə əsasən, komandir (rəis) ona verilən hüquqlar dairəsində müstəqil hərəkət etməli, tabeliyində olan hərbi qulluqçulardan Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına həvəsləndirmək barədə vəsatət qaldırmışdı və Daxili Qoşunların o vaxtkı rəhbərliyinin razılığı ilə onun “Milli Qəhrəman” adının layiq görülməyi üçün təqdimat yazılmışdı. Ədalət naminə qeyd edir ki, Daxili Qoşunların o vaxtkı Komandanlığı da öz növbəsində onun “Milli Qəhrəman” adına layiq görülməyi üçün yuxarı komandanlığa rəsmi təqdimat yazmışdı. Lakin, həmin təqdimatlar naməlum səbəblərdən it-bata düşmüşdür və indi o, həqiqətin üzə çıxarılmasını, ədalətin bərpa olunmasını xahiş etdikdə X1 absurd cavablar yazır ki, siz “igidliyə görə” medalı ilə təltif olunmusunuz. Məhkəmə isə hərbi qanunvericiliyin yuxarıda sadalanan incəliklərini bilmədiyindən səhv qənaətə gələrək qanunsuz, əsassız və ədalətsiz qərardad qəbul etmişdir. “Vəsatəti (təqdimatı) göndərib-göndərməmək inzibati orqanın hüququdur “qənaətinə gələn məhkəmə isə “İnzibati icraat haqqında qanunun” 31.3-cü maddəsini nədənsə unutmuşdur. Çünki, həmin maddənin tələblərinə əsasən, inzibati orqan vəsatəti qəbul etməyə və icraat materiallarına əlavə etməyə borcludur. Deməli, iddiaçı olaraq onun barəsində tərtib olunmuş təqdimatları qəbul edərək, qeydə alaraq aidiyyəti üzrə göndərmək məhz inzibati orqanın birbaşa vəzifəsidir. Lakin, göründüyü kimi cavabdeh bunu etməmişdir, təqdimatlar bu günədək gizlədilir, məhkəmə isə özünün qanunsuz qərardadı ilə buna hüquqi don geyindirməyə çalışmışdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X6 apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı onun “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməsi məqsədilə tərtib olunmuş təqdimatların aidiyyəti üzrə Daxili İşlər Nazirliyi vasitəsilə Prezident Aparatına göndərilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və müəyyən edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi baxımından iddiaçının qaldırdığı məsələ müstəqil inzibati icraatın predmeti ola bilməz. Çünki aidiyyəti hərbi qulluqçuların təltif edilməsi ilə bağlı təşəbbüs göstərilməsi, vəsatət irəli sürülməsi cavabdeh inzibati orqanın hüququdur və bununla bağlı onun üzərində öhdəlik qoyula bilməz. Məhkəmə hesab etmişdir ki, hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, aidiyyəti hərbi qulluqçuların təltif edilməsi ilə bağlı təşəbbüs göstərilməsi, vəsatət irəli sürülməsi cavabdeh inzibati orqanın hüququ olduğundan hazırki tələblə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyula bilməz. Məhkəmə kollegiyası iddiaçının “məhkəmə tərəfindən iddiaçının iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, həmin hüququn pozulub-pozulmamasını yoxlamamışdır” barədə dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının özünə münasibətdə subyektiv hüququnun pozulması hazırki iş üzrə müəyyən olunmur. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3814/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar