Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2281/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının qaraja mülkiyyət hüququ qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4075/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai RİH başçısının 9 avqust 1999-cu il tarixli 254 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 77, mənzil 8 yaxınlığında yerləşən sahədə qaraja dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində mövcud vəziyyətdə qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki posportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 9 avqust 1999-cu il tarixli 254 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 77, mənzil 8 yaxınlığında yerləşən sahədə qaraj quraşdırılması üçün icazə verilmişdir. 1999-cu ildən həmin ərazidə qaraj tikilmiş və fasiləsiz olaraq iddiaçının istifadəsindədir. Sözügedən qaraja dair texniki pasport tərtib edilmiş, həmin texniki pasportda qarajın sahəsi 18 kv.m göstərilmişdir. İddiaçı 20 oktyabr 2021-ci il tarixdə həmin qarajın özəlləşdirilməsi ilə bağlı müvafiq sənədləri toplayıb cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin 20 oktyabr 2021-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, Sənəd üzrə sahənin və ölçüləri ilə faktiki vəziyyətdə uyğunsuzluq mövcuddur. Lakin cavabdeh tərəfindən verilən 20 oktyabr 2021-ci il tarixli imtina məktubu onun hüquq və azadlıqlarını pozur. Bundan başqa, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsindən bir neçə ildir ki, mübahisəsiz, açıq-aydın istifadə nümayiş etdirir. Bununla belə, mübahisəli qeyri-yaşayış sahəsinə verilən sənədlər qanunidir və bu sənədlər səlahiyyətli orqan tərəfindən verilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etirazında onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış binasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, göstərilən qeyriyaşayış binasının (qaraj) sənəd üzrə sahə və ölçüləri ilə faktiki vəziyyətdə uyğunsuzluq mövcuddur. Belə ki, qarajın sahəsi sənədə əsasən 18 kv.m (6.0 m x 3.0 m) göstərilsə də, faktiki olaraq 24.4 kv.m (5.95 m x 4.1 m) təşkil edir. Sözügedən əlavə sahəyə dair iddiaçı tərəfindən hüquq müəyyənedici sənədlər İdarəyə təqdim edilməmişdir. Müvafiq qaraja dair Bakı şəhəri Xətai RİH başçısının 15 noyabr 1999-cu il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 5 mart 2006-cı il tarixli “Qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid Texniki Pasport” verilmişdir. Bu səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa 12 noyabr 2021-ci il tarixli **********43 saylı cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4075/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 77, mənzil 8 yaxınlığında yerləşən sahədə tikilmiş qaraja İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki posportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4075/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərardadı ilə qərarda buraxılmış yalnışlıq düzəldilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4075/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərarının əsaslandırma və nəticəvi hissələrində “sahədə tikilmiş qaraja İddiaçı mülkiyyət hüququnun” sözləri “sahədə tikilmiş 18 kv.m ölçüdə qaraja İddiaçı mülkiyyət hüququnun” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalıdır. Belə ki, qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, göstərilən qeyri-yaşayış binasının (qaraj) sənəd üzrə sahə və ölçüləri ilə faktiki vəziyyətdə uyğunsuzluq mövcuddur. Belə ki, qarajın sahəsi sənədə əsasən 18.0m2 (6.0x3.0) göstərilsə də, faktiki olaraq 24.4m2 (5.95x4.1) təşkil edir. Sözügedən əlavə sahəyə dair iddiaçı tərəfindən hüquq müəyyənedici sənədlər İdarəyə təqdim edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianıN təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin etirazının əsası və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur – (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (8.0.9.2). - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin ilk dəlili “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə bağlıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Xətai RİH başçısının 444 nömrəli 15 noyabr 1999-cu il tarixli sərəncamın təsdiq edilmiş surətindən görünür ki, həmin sərəncamla Xətai rayonu, M.Hadi küçəsi, ev 77, mənzil 8-də yaşayan şəhid ailəsi vətəndaş İddiaçı yaşadığı evin yaxınlığında cizgidə göstərilən sahədə (3x6) m ölçüdə qaraj tikintisinə icazə verilmişdir. Həmçinin, Xətai rayonu İcra hakimiyyəti təsərrüfat hesablı Layihə-smeta bürosu tərəfindən qarajın yerləşmə cizgisi təsdiq edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 15 mart 2006-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 77 saylı binanın qarşısında yerləşən və İddiaçı məxsus olan (Bakı şəhəri Xətai RİH başçısının 444 nömrəli 15 noyabr 1999-cu il tarixli sərəncamına əsasən) sənəd üzrə 18 kv.m, faktiki 24,36 kv.m ölçüdə qaraj sahəsinə texniki pasport verilmişdir. Göründüyü kimi, İddiaçı şəhid ailəsi kimi mənzili yerləşən binanın qarşısında qaraj tikintisinə icazə verilməsi barədə Bakı şəhəri Xətai RİH başçısının 444 nömrəli 15 noyabr 1999-cu il tarixli sərəncamı ləğv edilmədiyindən, geri çağırılmadığından, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından, eləcə də başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən mötəbər sayılır. Eyni zamanda, nəzərə alınmalıdır ki, müvafiq dövrdə qeydiyyatı orqanı tərəfindən sözügedən tikiliyə dair iddiaçının adına (lakin 18 kv,m ölçü üzrə) texniki pasport tərtib edilmişdir və həmin sənəd də ləğv olunmamışdır, hazırda qüvvədədir. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialının BA- 03837-2022 nömrəli 28 iyun 2022-ci il tarixli məktubunda, İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Xətai rayon İH-nİn arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli,254 saylı və xx.xx.1999-cu il tarixli, 444 saylı sərəncamlarının olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən sərəncam və texniki pasport ididaçının adına Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 77, mənzil 8 yaxınlığında yerləşən qarajın qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənəddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsində qeyd edilmiş hüquqmüəyyənedici sənədlərin mövcud olmaması ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən qanun 29 iyun 2004-cü il tarixdə qəbul edilmişdir. İddiaçıya məxsus sərəncam isə 15 noyabr 1999-cu il tarixdə verilmişdir. Bu səbəbdən qeyd edilən maddi hüquq normasının hazırki halda tətbiqi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe belə əsaslandırılmışdır (2-1(102)-181/2022 saylı xx.xx.2022-ci il tarixli qərar). Apellyasiya şikayətinin digər dəlili olan göstərilən qeyri-yaşayış binasının (qaraj) sənəd üzrə sahə və ölçüləri ilə faktiki vəziyyətdə uyğunsuzluq olması ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, sözegedən qaraj faktiki 24,36 kv.metr olsa da, Bakı şəhəri Xətai RİH başçısının 444 nömrəli 15 noyabr 1999-cu il tarixli sərəncamına əsasən sənəd üzrə 18 kv.metr olduğundan, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 77, mənzil 8 yaxınlığında yerləşən sahədə tikilmiş 18 kv.m ölçüdə (sərəncamda qeyd edilmiş) qaraja mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərlə bağlı mövqeyini ümumiləşdirərək diqqətə çatdırır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4075/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2281/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2281/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver