Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2281/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi və analoji vəzifəyə təyint olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1101/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97k nömrəli əmək müqavilələrinin ləğv edilməsi barədə əmrin ona aid hissədə ləğv edilməsi və onun analoji vəzifəyə bərpa edilməsi və 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunanadək məcburi işburaxmaya görə ödənilməmiş aylıq əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişşdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…2009-cu ildən 2011-ci il tarixədək Avtonəqliyyat Servis departamentdə çalışmış, 2011ci ildən Fərman əsasında Dövlət Avtomobil Nəqliyyat Xidməti yaradılmış, 18 yanvar 2012ci il tarixdən 25 oktyabr 2022-ci il tarixədək həmin Xidmətdə işləmişdir. Daha sonra, Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən Xidmətin və onun tabeliyində olan bir-sıra qurumların əsasında Cavabdeh yaradılmış və həmin qurumların əmlakının Agentliyin balansına keçirilməsi qərara alınmışdır. Göründüyü kimi, Agentlik publik hüquqi şəxs formasında Xidmətin hüquqi varisi qismində çıxış edir. Hüquqi varis isə qanunsuz əmr qəbul edərək onun işdən azad edilməsini həyata keçirmişdir. Belə ki, Agentlik 25 oktyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu tərtib etmiş, həmin tarixli əmrlə də dövlət orqanının ləğvi əsası ilə onu işdən azad etmişdir. Halbuki, dövlət orqanın ləğvi həyata keçirilməmiş, Agentlik Xidmətin hüquqi varisi qismində çıxış etmişdir. Bundan əlavə, iddiaçı qeyd etmişdir ki, A.Rzayev 2022-ci ilin sentyabr ayından əmr qəbul etmək səlahiyyəti olmadığı halda 2022-ci ilin oktyabr ayından işdən azad edilmə barədə qanunsuz əmr qəbul etmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın mümkün sayılmamasını məhkəmədən xahiş edərək və bunu aşağıdakılarla əsaslandırmışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, imtina məktubunda göstərilənlərə uyğun iddianın rədd olunmasını məhəmədən xahiş etmişdir. “...Agentlik publik hüquqi şəxsdir və dövlət orqanı olan Xidmətin hüquqi varisi hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin digər bir Fərmanında “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi qismində tanınmamışdır. Agentliyin mülkiyyətində hər hansı əmlak olmamış, balansda olan əmlak dövlət mülkiyyətində olan əmlakdır. Bundan əlavə, iddia müddəti də iddiaçı tərəfindən ötürülməklə məhkəməyə müraciət etmişdir...” Bakı İnzibati Məhkəməsi tərəfindən aşağıdakılar barədə 2-1(112)-1101/2024 saylı xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir: “ İddia tələbi təmin edilsin. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97k nömrəli əmək müqavilələrinin ləğv edilməsi barədə əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçının analoji vəzifəyə bərpa edilməsi və 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunanadək məcburi işburaxmaya görə ödənilməmiş aylıq əmək haqqının ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin…” Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam olaraq rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərar aşağıdakılara görə qanunsuz və əsassızdır. Dövlət orqanı olmuş Dövlət Avtomobil Nəqliyyat Xidməti ləğv edilmiş, Publik hüquqi şəxs olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə onun hüquqi varisi deyil və qeyd edilən dövlət orqanı tərəfindən verilmiş inzibati akt hesab edilən mübahisələndirilən əmrin hüquqi nəticələri üzrə cavabdeh qismində çıxış edə bilməz. Publik hüquqi şəxs ləğv edilmiş dövlət orqanın hüquqi varisi deyil. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndində göstərilmişdir Azərbaycan Respublikası Prezidenti bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir. Dövlət orqanının ləğv edilməsi və yerində publik hüquqi şəxs yaradılmasına barədə İddiaçının iddia tələbi ilə eyni məzmunlu iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası məhkəmə praktikası mövcuddur. Belə ki, Ali Məhkəmənin İnzibati kolleqiyası qeyd edilən xx.xx.2020-ci il tarixli 2-1(102)-231/2020 qərarında haqlı olaraq göstərmişdir: Mülki Məcəllənin 56.5-ci maddəsinə əsasən, bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Normanın məzmunundan göründüyü kimi, burada, söhbət hüquqi şəxslərin (mülki hüququn subyekti qismində çıxış edən dövlət orqanının deyil) növünün dəyişməsindən gedir. Eyni ilə, MM-in 59-cu maddəsi də, məhz faktiki mövcud olan hüquqi şəxsin ləğvini nəzərdə tutur. Dövlət orqanın ləğvi və ya digəri ilə əvəz olunması (bu mülki hüquqi nəticələrə səbəb olsa belə)mülki qanunvericiliyin nizamasalma predmeti deyil”. Həmçinin, məhkəmə haqlı olaraq qərarında “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə istinad etməklə qeyd etmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin əsasında yeni dövlət orqanı ilə əvəz edilməmiş, dövlət orqanı olaraq fəaliyyətinə xitam verilmişdir”. Odur ki, qeyd edilən məhkəmə qərarından da göründüyü kimi, Ali Məhkəmənin mövgeyidə məhz ondan ibarətdir ki, dövlət orqanın yerindən yaradılmış publik hüquqi şəxs onun hüquqi varisi ola bilməz. Həmçinin hər-hansi bir instansiya məhkəməsi Ali Məhkəmənin yiuxarıda gəldiyi nəticəni görməməzlikdən gələrək mülki qanunvericiliyi tətiq etmək istəsə belə görərik ki,bu halda da AYNA ya münasibətdə verilmiş fərmanla da o əsasında yaradılmış dövlət orqanlnın hüquqi varisi kimi çıxış edə bilməz. Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanın imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021-ci il tarixində həmçinin “Dəniz nəqliyyatı sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərman imzalamışdır. Həmin fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X3, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X3 tabeliyində X1 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-ci bəndinə əsasən, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki fərman 1462 və 1463 imzalanılaraq hüquqi forması publik hüququ şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, digəri yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamışdır...» İddiaçı cavabdeh məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə etirazında iddia ərizəsinə uyğun ifadə tərzində şikayətin əsassız olduğunu qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasınıməhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, cavabdehin hüquqi varis olmasına dair sübutların məhkəməyə təqdim edildiyini vurğulayaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edlməli, iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi qərarında iddianın mümkünlüyünə qiymət verərkən qeyd etmişdir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.» Məhkəmə kollegiyası, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. İş materiallarına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1463 nömrəli, 11 oktyabr 2021-ci il tarixli Fərmanının 1-ci hissəsinə əsasən:
1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra– Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra Agentlik) publik hüquqi şəxs yaradılsın. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidentinin 8 sentyabr 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Cavabdehnin Nizamnaməinə əsasən: “1.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra– Nazirlik) tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra– Agentlik) avtomobil nəqliyyatı sahəsində (bundan sonra– müvafiq sahə) tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir.” Göründüyü kimi, Azərbaycan Respubliksı Prezidentinin qeyd olunan Fərmana uyğun olaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsasında həmin nazirliyin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi («AYNA») publik hüquqi şəxs yaradılmış və onun Nizamnaməsi təsdiq olunmuşdur. Başqa sözlə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti yenidən təşkil nəticəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞnə çevrilmişdir. Belə olanAzərbaycan Respublikasının Mülki Məcəlləsinin 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur. Məcəllənin qeyd olunan normalarının mənasından göründüyü kimi, hüquqi şəxs dövlət qeydiyyatına alınmış nizamnamsəi əsasında fəaliyyət göstərir. Çevrilmə yolu ilə yenidən təşkil olunduqda, yenidən təşkil olunmuş hüquq şəxsin nizamnaməsində onun öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəalar olmalıdır.Beləmüddəaların olmaması yeni qurumun dövlət qeydiyyatından imtina üçün əsasdır. Konkret halda isə yeni yardılmış Cavabdeh PHŞ-ın dövlət qeydiyyatına alınmış Nizamnaməsində həmin Agentliyin, əvvəlki qürumu, “Dövlət Avtomobil Nəqliyyatı Xidməti”nin hüquqi varisi olması barədə müddəa mövcud deyildir. Eyni zamanda, işə əlavə olunmuş, “Publik hüquqi şəxslərin dövlət reyestri”ndən xx.xx.2022-ci il tarixli çıxarışdan da görünür ki, Cavabdeh PHŞ əvvəlki Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin varisi olması barədə reyestrdə də qeyd aparılmamışdır. Odur ki, qeyd olunanlar baxımından, hazırkı halda, Cavabdeh PHŞ-nin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olan qürum kimi qiymətləndirilməsi istisna olunur. Bundan başqa, qeyd olunmalıdır ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Eyni hallar üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin yekun məhkəmə aktı ilə müəyyən olunan təcrübəsi aşağıdakılardan ibarətdir. Ali Məhkəmənin İnzibati Kollegiyası eyni hallar üzrə iddiaçı “M.A.H” tərəfindən eyni cavabdehə qarşı qaldırılan iddia ərizəsi üzrə qəbul etdiyi qərarında (b.28) hesab etmişdir ki, - «... Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquqi varisi olmadığından, iddiaçının dövlət qulluqçusu kimi işlədyi dövlət orqanı ləğv edildiyindənən, və onun bazasında yeni dövlət orqanı yaradılmadığından, ləğv edilən dövlət orqanında qulluq keçən digər dövlət qulluqçularına münasibətdə də qəbul edildiyindən, həmçinin iddiaçının Azərbaycan Yerüsü Nəqliyyat Agentliyi publtk hüquqi şəxsi ilə ilə arasına işə götürülmə ilə bağlı yaranmış mübahisə də mülki hüquqi xarakterli olduğundan apellyasiya məhkəməsinin iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur (Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərar işə əlavə olunur) ...” Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, eyni cavabdehə, yəni, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ-ə qarşı hazırkı mübahisənin də, həmçinin, mülki xarakter daşıdığını nəzərə alaraq belə hesab edir ki, konkret halda, iddiaçı tərəfindən həmin publik hüquqi şəxsə qarşı qaldırılan “əmrin ləğv olunması və işə bərpa olunması tələbinə dair” iddia, İPM-in 2.2.1-ci maddəsinə uyğun olan, inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün sayıla bilən və mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilə bilməz. Bu baxımdan da, həmin Məcəllənin 35.1-ci maddəsinin nəzərdə tutduğu əsaslandırılmış iddia kimi qəbul edil edilməsi də istisna olunur. Belə olan halda isə bu Məcəllənin 35.3-cü maddəsi nəzərdə tutur ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Birinci instansiya məhkəməsi tərəfindən isə işin qeyd olunan hallarına və iddianın mümkünlük məsələsinə düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla işə mahiyyəti üzrə baxılmış və iddia təmin olunması barədə əsassız qərar qəbul olunmuşdur. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1101/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1101/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.